Oktyabrın əvvəlində bənzərsiz gürcü yazıçısı Qoderzi Çoxelinin 60 yaşı tamam oldu. Yeddi il əvvəl dünyadan köçmüş yazıçının yaradıcılığı hələ də oxucuların diqqətini çəkir.
Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində müəllifin “Qarğa” hekayəsini təqdim edir.
Quşlardan qudamakarililərə sərçələr və qarğalar daha sadiqdilər. Şübhəsiz, burda xüsusilə yay vaxtı başqa qanadlılar da az deyil, amma payız gələndə bu yerlərin uzun qışından qorxan digər quşlar Qudamakaridən uçub gedirlər, vadidə təkcə sərçələr və qarğalar qalırlar. Amma burda başqa quşlar – soykalar, sığırçınlar, qartallar və hətta, bayquşlar da qışlayırlar, çünki gecə düşən kimi onların bu dağdan o dağa bir-birini necə səslədikləri eşidilir:
- Abramoo!
- Ooo! Ooo!
- Nədi, tapdın?
- Yox, yox! – Bayquş ağlaya-ağlaya deyir, onun səsindəki əlacsızlıq onsuz da donub buza dönmüş Qudamakari dağlarının qəlbini və dizlərini üşüdür. Zığ-zığlar qudamakarililərdən qaçır, başlarının üzərində hərlənir, nəyəsə gülür, hardasa itburnunun budağına qonurlar.
Qartallarsa artıq çoxdan qayaları tərk eləmirlər. Dolaşalar dəstə-dəstə uca dağların yarıqlarında dolaşır, qudamakarililərin həyatına qarşımır, elə hey günlərlə dağ zirvələrini öz qışqırtılarına bürüyürlər: “Çka-çka!”
Burda təkcə sərçələr və qarğalar özlərini sərbəst aparırlar. Sərçələr samanlıqda cikkildəşir, qarğalarsa evin yanındakı ağacların başından qudamakarililərə göz qoyurlar görsünlər kim nəylə məşğuldu, kim kimə qonaq gedir, belə çıxır, hamının adını da bilirlər. Ümumiyyətləsə, qarğalar səhərdən-axşamacan yalnız qarıldayırlar ki, bizdən başqa bir şey tələb eləməyin, onsuz da heç nə bilmirik. Bir dəfə qışda Pxukia sezdi ki, bir qağa kölgə kimi arxasınca gəzir, o hara gedir, quş da ora uçur, ağacın budağına qonub qarıldayır:
- Qarrr!
Pxukia əvvəlcə ona fikir vermirdi, amma bir az sonra quşa elə alışdı ki, qarğa yaxınlığında olmayanda anlaşılmaz narahatlıq duyurdu.
Yaz gəldi.
Pxukia evinin yastı damına bir qabda pendir, arpa çörəyi və sarımsaq turşusu qoydu. Kimi yazın gəlişinə sevinirdi.
- Ay baba, bura qalx, - qocanı səslədi, - adama bir stəkan içək!
- İnəyə su verib gəlirəm, - qoca onun səsinə səs verdi.
Pxukia oturub qocanı gözləyir. Onun qabağında qab, yanında cecə arağıyla dolu bardaq var.
Qəfildən qarğa ağacdan şığıyıb Pxukianın qabağındakı qabdan pendiri qapdı.
- Sən bir buna bax! – Pxukia acıqlandı.
Qarğasa budağa qayıdıb pendiri uddu, Pxukiaya sarı qarıldadı:
- Qarrr!
- Qarrr! – Pxukia onun ağzını əydi.
- Qarr! – Qarğa yenə qarıldayıb nəzərlərini Pxukiaya dikdi.
Sonra ağacdan uçub düz onun qabağına qondu. Pxukia stəkanı araqla doldurub içdi. Kişi stəkanı ikinci dəfə dolduranda qarğa ona göz açmağa imkan vermədən içindəkini boşaltdı, üstəlik, dedi ki, Pxukiya bunu adətən başqa cür eləyirdi:
- O, gözəl!
Pxukia az qaldı dəli olsun.
- Nədi, sən danışırsan? – Kişi qeyri-ixtiyari dilləndi. olsun.
- Nədi, sən danışırsan? – Qarğa təkrar elədi.
- Deyəsən, bunun başı xarabdı axı, lənətəgəlmiş! – Pxukia acıqla dilləndi.
- Deyəsən, bunun başı xarabdı axı! – Qarğa onun dediyini təkrar elədi.
Pxukiyanın arvadı yaxınlıqda dayanmışdı, dillənmirdi.
- Valiko! Valiko! Bir dəqiqəliyə bura qalx!
- Sənə nə olub? Orda nə baş verir? – Valiko cavabında qışqırdı.
- Bura gəl! Sənə maraqlı bir şey göstərəcəyəm!
Valiko dama qalxdı.
- Sənə nə olub axı?
- Bura bax, mənə belə gəlir, yoxsa...
- Nə olub, izah elə görək!
- Bax bu qarğa bayaq danışırdı.
Valiko qonşusuna şübhəylə nəzər saldı.
- Qarğa? Sən də söz danışdın!
- Söz danışdın! – Qarğa təkrar elədi.
- Daha sözüm yoxdu!
- O doğrudan danışır?!
- Bəs mən nə deyirəm! Mənə elə gəlir, yoxsa...
- Qarğa ilk dəfə nə dedi ki?
- Pxukia!
- İlahi, sən özün kömək ol!
- Özün kömək ol, - Qarğa təkrar eləyib arağı içdi.
- Hələ bir içir də, bunun...
- Bunun... – qarğa dilləndi, sonra uçub ağaca qondu, ordan qışqırdı. – Pxukia! Pxukia! Pxukia!
***
Valiko çıxıb getdi, bir saatdan sonra da heyrətamiz xəbər bütün kəndi dolaşdı. Camaat Pxukianın evinə axışıb gəldi.
- Yox, deyəsən, müharibə başlayır! – Efros bu qənaətə gədi.
- Yox, deyəsən, müharibə başlayır! – Qarğa onun ağzını əyib əlavə elədi, - qarğaların şıltaqlıq eləməsinin axırı xeyir olmaz!
Pxukianı suala tutdular: qarğanı hardan tapıb, necə öyrədib, necə böyüdüb. Pxukia da danışdı. Qonşusu Valiko elə həmin gün on qarğa balası gətirib cücələrin arasına atdı.
- O qarğanı öldürün, yoxsa müharibə başlayacaq, - Efros tələb eləyirdi.
Amma camaat qarğanı yox, efrosu öldürərdilər.
Valiko səhərdən-axşamacan qarğa balalarına danışmaq öyrədirdi, amma onlar qanadları bir az bərkiyən kimi cücələrə hücum eləyib yeməyə başladılar. Valiko xeyli dözdü, sonra qarğa balalarını hindən götürüb bayıra atdı.
Pxukia tək qalanda qabını dama çıxarır, özü və qarğa üçün stəkan qoyur, tost deyirdi:
- Gəl sülhün sağlığına içək!
- Yox, yox! Mütləq müharibə başlayacaq! Qarğaların danışmağa başlaması müharibə əlamətidi, - qarğa Efrosun səsilə deyirdi.
- Başa düşmürəm, niyə ona qulaq asırsan, nəyə deyirəm, onun sağlığına iç!
- Yaşasın sülh! - Qarğa Cğunanın səsilə dillənib stəkanı başına çəkirdi.
Sonra onlar gələcək vəziyyətin, ardınca müharibədə həlak olanların, növbəti dəfə ölənlərin, daha sonra sağ qalanların sağlığına içirdilər.
- Ömrümüz bir göz qırpımı qədərdi! Gəlib-gedirik, bəs özümüzdən sonra nə qoyuruq?..
- Həyatımız bir göz qırpımıdı, - qarğa razılaşırdı.
- Bəzən yer üzündən uçub getmək istəyirəm, qorxuram, bilirəm ki, torpaq məni yeyəcək, ondan qorxuram.
- Torpaq məni yeyəcək, ondan qorxuram, qarğa razılaşırdı.
Pxukia papiros yandırır, tüstünü burnunun deşiklərindən buraxırdı. Qarğa da papiros götürüb yandırdı.
- Amma, hər halda, həqiqəti deməliyəm, torpağı sevirəm, nə olur-olsun sevirəm.
- Nə olur-olsun, sevirəm, - qarğa dillənirdi.
- Bilirəm ki, torpaq məni yeyəcək, bununla belə sevirəm.
- Nə olur-olsun, sevirəm, - qarğa cavab verirdi.
- Sənin nə vecinə, qarğasan, amma danışa bilirsən. Bax, əgər mən uça bilsəydim, bəlkə də onda Yer üzündən uçub gedərdim.
Qarğa havaya qalxıb Efrosun ağzını əyə-əyə qışqırdı:
- Yox!Yox! – Mütləq müharibə başlayacaq!
- En, hərəmizə birini də içək! – Pxukia onu çağırır.
Hərəsi bir stəkan da içdilər.
Pxukia ağacda qarğa üçün rahat yer düzəltmişdi. Qarğa ora qonub Efrosun ağzını əyirdi:
- Yox! Yox! Əgər bu qarğanı öldürsək, müharibə başlayacaq!
***
Qarğa Valikonun onu nişan aldığını da görmədi.
Atəş səsi bütün kəndi başına götürdü.
Qarğa daş kimi düşüb tappıltıyla yerə dəydi.
- Afərin! – Efros razı qalıb Valikoya qışqırdı. – Düz eləyib onu öldürdün, yoxsa müharibə başlayacaqdı!
Kənd camaatı Pxukianın evinə doğru cumdu.
Həmin müddətdə qarğa özünə gəldi. Güllə onun pəncəsini qoparmışdı, əbəs yerə qalxmaq istəyirdi. Amma qanadlarını çırpıb havaya qalxdı.
Camaat onun ardınca qaçır, qarğa isə get-gedə yuxarı qalxırdı. Axır ki, gözdən itib səmanın maviliyinə qarışdı.
- O hara yox oldu?
- Hara yox ola bilərdi?
Niyə geri qayıtmır? Bu vaxtacan hardadı? – Qonşuları Pxukiadan soruşurdular.
Onları nəsə narahat eləyir, ənəmiyyətli bir şey itirdiklərini duyurlar.
- O hara yox ola bilərdi, hara?
- Yəqin, yer üzündən uçub gedib, - Pxukia bir dəfə dedi.
Qonşular bir şey anlamadılar. Onlar Yer üzündə möhkəm və etibarlı tərzdə durmuşdular, Yer kürəsi də öz növbəsində kainatın sonsuzluğunda etibarlı şəkildə fırlanırdı.