Seymur Baycanın bir mənfi cəhəti var – Vüqar Van yazır…

Seymur Baycanın bir mənfi cəhəti var – Vüqar Van yazır…
8 iyun 2023
# 15:47

Kulis.az Vüqar Vanın “Seymur Baycanın fabulası ətrafında – 2” adlı yeni yazısını təqdim edir.

Fikirləşirəm...

Mənə nə üçün “gənc Seymurçu” deyirlər? Bəlkə, onun romanımdan yazdığı yazısına görə? Bəlkə, onun haqqında yazdığım cəmi bir yazıma görə? Bəlkə, orda-burda sadəlövhcə ona olan sevgimi hər kəsə bəyan etdiyimə görə?
Axı mənim heç bir bədii mətnimdə onun təsiri yoxdur. Niyə elə fikirləşirsiniz ki, köşə yazılarında kimisə tənqid edəndə, AYB ilə dalaşanda, boyundan bir az böyük danışanda çevrilib Seymur Baycan olursan? Bəyəm bunları təkcə Seymur edib? Şəxsiyyətinə, mübarizəsinə və yaradıcılığına görə bir yazıçını sevmək nə vaxtdan qəbahət hesab olunur?

Mənə “gənc Seymurçu” deyənlərin yaxşı və ya pis niyyətindən zərrə qədər də narahat deyiləm. Elə hesab edirlərsə, özləri bilər. Ədəbiyyat tanrısına böyük qurbanlar verən və mənə az da olsa etimad göstərən bir yazıçıya oxşadılmağım xoşdur.

Bu giriş bəzi dairələr üçün idi. İndi isə Seymur müəllimin “Mənasız hekayələr” kitabı haqqında...

***
Seymurun “Mənasız hekayələr” kitabının redaktoru mənəm. Yazıda bəhs edəcəyim bu kitabın ilk oxucusu da mən olmuşam. Kitabdakı hekayələr yığcam, üç-beş dəqiqəyə oxunulan, gülməli, sadə və mənasız hekayələrdir.

Kitabın, ümumiyyətlə isə Seymurun bir əsas xüsusiyyəti var. Niyəsə bunu heç kim görmür. Seymurun hekayələri bir metafora üstündə getmir. O, daha çox detalların gözlə görülməyən cəhətlərini qabardır və aralarında körpü, bağlantı yaradır. Hekayənin daxili intonasiyası oynayır, söz sözə calanır, cümlələr bir-birini daban-dabana izləyir. Sözlər mətnin içində əriyir. Nə qədər istəyirsən ki, hansısa cümləni çıxardıb yerinə başqa şey yazasan, alınmır. Cümlələrin arasına heç nə girə bilmir.

Onun hekayələrində bizim bildiyimiz dünya yoxdur. Xatirələr var. Onlar da damcı-damcı yığılıb gölməçə olur və Seymurun yaradıcılığına bələd olan bir oxucu əyilib həmin gölməçədə rahatlıqla öz simasının əksinə baxa bilir. Özünü Seymurun xatirələrində tapanda isə başa düşürsən ki, bildiyin heç nə əsas deyil. Seymurun gücü burdadır. Adama elə gəlir, bu yalnızca sənin həyatında olub və Seymur onu sənin həyatının fraqmenti kimi xatırlayır.

Onun üsyankar ruhu da öz sözünü deyir. Bütün detallar aydındır. İşarə vurduğu, demədən göstərdiyi, mesajı olan detallar da, sadə, heç bir alt qatı olmayanlar da... Təbii ki, bir daha qeyd edək. Onun yaradıcılığına bələd olan oxucu üçün. Söhbət heç olmasa 50 köşə yazısını, 3 müsahibəsini, 20 hekayəsini oxuyanlardan gedir.

Mən Seymuru səliqəsiz yazıçı hesab etmirəm. Ümumiyyətlə, qoca tənqidçilərin və başı ştamp-qəlib olan adamların gözündən iraq, “səliqəli mətn” nədir? Bağışlayın, o necə olur? O xatirədən bu xatirəyə hoppanmaq, A-dan Z-ə gedən yolda C-dən yox, D-dən keçmək və ya Z-ə getməmək “səliqəsizlik” hesab olunurmu? Bu qaydanı kim qoyub?

O ürəyinin dərinliyindəki əlçatmaz xatirələri canlandırmaq, danışdırmaq və göstərmək istəyir. Adama elə gəlir ki, min illərdir torpağa basdırılan bədheybət bir canlı ayağa durdu, özünü silkələdi, əsnədi, üstündəki qumları çırpdı və harasa getməyə başladı.

Seymurun bir mənfi cəhəti var. O daima eyni şeyi eləməyə çalışır. Daima eyni şeyi eləməyə cəhd isə yarıbayarı uğursuzluq gətirir.

***
“Mənasız hekayələr” kitabından “Qızıl suyuna çəkilmiş gonbul mələk heykəlciyi” hekayəsi haqqında...

Solmazla Nəsimi evlidir. Solmaz son aylarda qəribə davranır, evə həftənin tək günləri boğazında göy ləkələrlə gecələr gəlir. Ancaq Nəsimi qara-qura fikirləri başından qovmağa çalışır. Arvadının ona xəyanət etməsinin mümkünlüyünü təsəvvürünə belə gətirmək istəmir. Səbəb isə çox sadədir. Nəsiminin boşanmağa, həyata təzədən başlamağa zərrə qədər də gücü və həvəsi qalmayıb. Özünü elə aparır ki, guya heç bir şey baş verməyib. O dözür.

Günlərin bir günü Solmaz gəlib Nəsimiyə deyir ki, “incimə, mənim həyatımda başqa adam var”. Nəsimi bu etirafı soyuqqanlılıqla qarşılayır. Cavabı isə belə olur:
“Qəhbə”

Hekayə dayanır və Nəsimi xatırlamağa başlayır. Onların bir problemi var.
Uşaqları olmur. Üstəlik, problem Solmazdadır. Buna baxmayaraq Nəsimi həyat yoldaşını çox istəyir, həmişə uşaq kimi əzizləyir, nazını çəkir. Qa deyəndə ət, qu deyəndə su verir. Ona görə bacıları ilə, doğma anasıyla üz-göz olur. Onu heç kimin ayağına vermir.

Birdən-birə həyatı mənasızlaşan Nəsiminin gözü otaqda qızıl suyuna çəkilmiş gonbul mələk heykəlciyində sataşır. Gonbul mələk heykəlciyinin üzü tərləyib. Vəziyyət kulminasiya nöqtəsinə çatır. Amansız qisas qapının ağzındadır. Heykəlciyi əlinə götürüb mətbəxə – Solmazın yanına gedir. Gördüyü mənzərə isə hadisələrin pik nöqtəsi olur. Solmaz heç nə olmamış kimi sakitcə özünə Yunan salatı hazırlayır. Artıq dözə bilməyən Nəsimi əlindəki üzü tərləmiş gonbul mələk heykəlciyini Solmazın başına vurur.

Kim haqlıdır?

Üç-dörd uşaq sahibi tay-tuşlarına həsəd aparan, sonsuzluq dərdi günü-gündən artan, insafən, yaxşı, qanacaqlı, mərifətli gəlin olan, heç kimə pisliyi dəyməyən, hamıyla dinc, mehriban dolanıb ərinin yaxın qohum-əqrəbalarının tikanlı atmacalarından, ürək qanadan sözlərindən dəhşət inciyən, ərinin qulağını dolduran, ondan doğmayan arvadını boşamağı tələb edən baldızlarından bezən Solmaz?

Yoxsa hər kəsi – bacılarını, qohum-əqrəbasını, dost-tanışını, anasını həyat yoldaşı üçün qarşısına alan, hamıyla üz-göz olan, Solmazı, həqiqətən, sevən, onsuz həyatını təsəvvür edə bilməyən, hətta xəyanətini belə bağışlamağa hazır olan Nəsimi?

Kim haqsızdır?

Həyat yoldaşının sevgisindən, etibarından və sədaqətindən sui-istifadə edib ona xəyanət edən, bunu heç nə olmamış kimi ərinə açıqlayan, üstəlik, bu hadisədən sonra sakitcə mətbəxə gedib özünə Yunan salatı hazırlayan Solmaz?

Yoxsa ən başdan arvadının xəyanətinə göz yuman, boşanmağa, həyatını yenidən qurmağa ərinən, həyat yoldaşını ailəsinin tikanlı sözlərindən qorumağı bacarmayan, ailə-məişət dəyərləri altında qalıb çapalayan, mədəni formada ayrıla bilməyib arvadını gonbul mələk heykəlciyi ilə vuran Nəsimi?

Xarakteri ziddiyyətlərlə dolu, dünyanın hər üzünü görmüş insan təsiri bağışlayan Nəsiminin anası isə hekayənin, məncə, əsas qəhrəmanlarından biridir. Bəs o haqlıdırmı?

Cavab yoxdur.

Cavablar vacib deyil. Hər şey suallarda, doğula bilməyən uşaqda və Yunan salatındadır.

PS: Pası verirəm dostumuz Rəqsanə Süleymana. Bəs, səncə?


# 2092 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #