“Səməd Vurğun xain olub!” - Niyə onu müdafiə edirsiniz?

“Səməd Vurğun xain olub!” - Niyə onu müdafiə edirsiniz?
4 fevral 2025
# 14:33

Kulis.az Eminquey Akifin "Qazaxşina" adlı yeni yazısını təqdim edir.

Açığı, mənim Səməd Vurğun haqqında nə müsbət, nə də mənfi fikrim var. Lap açığı, Səməd Vurğun mənim üçün maraqlı şair, maraqlı ictimai fiqur, maraqlı şəxsiyyət deyil.

Amma hər il kiminsə əliylə, kiminsə diliylə Səməd Vurğun gündəmə gətirilir, donos yazıb-yazmaması müzakirə olunur, dava-dalaşa çevrilir. Və mütləq bu müzakirələrdə də Qazaxşina sinəsini qabağa verir, asıb-kəsir.

Heç sevmədim mən bu yerlibazlığı. Yerlilərimdən də görmədim. İsmayıllı insanının belə yerlibazlığını görməzsiniz. Ağa ağ deyərlər, qaraya qara. Məsələn, soruşsan ki, Musa Yaqub böyükdür, yoxsa Məmməd Araz, deyəcəklər, Məmməd Araz. Heç kim də bundan inciməyəcək. Və heç vaxt Musa Yaqub haqqında “donos yazıb”, “yaltaq olub” demirlər. Desələr də, Musa Yaqubu müdafiə edən bir nəfər belə olmasa, bu ad Musa Yaquba yapışmaz.

İndi mənə maraqlıdır ki, əgər Səməd Vurğun donos yazmayıbsa, onda bu söz-söhbət, “Könlüm ilham alır Leninin bayrağından, Bu qardaş dünyasında nə ölüm var, nə də qan” misraları haradan peyda olub? Lap tutaq ki, yazmayıb, onda nə əl-ayağa düşmüsünüz? İttihamlara bir dəfə cavab verərlər, uzağı iki dəfə. Siz illərdir Səməd Vurğunu bildiniz-bilmədiniz müdafiə edirsiniz. Nə oldu? Söz-söhbətlərin ardı kəsildi? Niyə özünüzü Səməd Vurğunu müdafiə etməyə borclu bilirsiniz?

İnanıram ki, bu dəqiqə “Qazaxda otlar sarı rəngdədir” desələr, qazaxlılar tökülüşəcək ki, yox, bizdə otlar yaşıldı. Qazaxın otu sarı ola bilməz. Qazaxın otuna dil uzadanı ot kimi biçərik-zad. Əksəriyyəti də bunu deyib üstündən yüz qram vurub yaddan çıxarırlar hər şeyi. Ümumiyyətlə, mənə elə gəlir ki, bir yerə yeyib-içməyə yığılmış qazaxlıları o yeyib-içməkdən ancaq bu cümlə ilə ayırmaq olar: “Səməd Vurğun xain olub”.

Çünki Səməd Vurğun bütdür onlar üçün. Bütlər isə çətin devrilir. Peyğəmbər bütləri sındırmaq üçün neçə il gözləmişdi. İndi neçə il gözləyək, ay qazaxlılar? Neyləyək?

Xülasə, ilin-günün bu vaxtında etdiyiniz söhbətlərə baxın da. Guyammış Səməd Vurğunu donosbazlıqda, xainlikdə ittiham edən adamlar özləri repressiya qarşısında qalsalar idi, başlarını qurban verərdilər, amma şair, yazıçı yoldaşlarını satmazdılar. Elə satardılar ki... Bizim dövrün yazıçılarının, şairlərinin bəxti onda gətirdi ki, sözlərinin çəkisi, özlərinin də önəmi olmadı ictimai məsələlərdə. Səməd Vurğun və onun nəsildaşları kimi nüfuzları olmadı. Ki, repressiyaya da məruz qalalar. Məsələn, Vaqif Bayatlını, Ramiz Rövşəni, Salam Sarvanı və sair şairləri niyə repressiya etsinlər ki? Bu adamlar nə vaxt bir mövqe qoydular ortaya? Bu adamları Sovet məngənəsinə salsaydın, bilmək olmazdı ki kim o məngənədən sağ çıxacaq?!

Mənzərə çox aydındır, çox. Siz nə Səməd Vurğunun, nə də Hüseyn Cavidin yerində olacaqsınız. Olmayacağınıza görə də o situasiyada necə davranacağınızdan xəbərsizsiniz. İndi cəmiyyətin ən lazımsız sənət sahibləri kimi Səməd Vurğuna döşəyirsiniz, Hüseyn Cavidə barmaq eləyirsiniz, Mircəfər Bağırovun üstünə qışqırırsınız. Asandır da.

Xülasə, son sözüm də ildə bir dəfə çıxıb Səməd Vurğunun əleyhinə danışanlara və onlardan müsahibə götürüb məhz bu mövzuda sual verənlərədir. Siz Allah, bezmədiniz? Hər il bu qazaxlıları qəzəbləndirib cıqqılı müzakirə yaradırsınız, bunu da elə yalnız qazaxlılar və yazı-pozu adamları bilir, vəssalam! Heç Azərbaycan insanının Səməd Vurğun kimi bir probleminin olduğunu görmüsünüz? Kimin vecinədir axı Səməd Vurğun...

# 26892 dəfə oxunub

Oxşar xəbərlər

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

12:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər - Mirmehdi Ağaoğlu

Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər - Mirmehdi Ağaoğlu

17:00 14 aprel 2025
O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

12:20 14 aprel 2025
Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?

Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?

12:00 11 aprel 2025
# # #