Batan gəmiyə bilet satmaq olarmı?

Batan gəmiyə bilet satmaq olarmı?
13 fevral 2026
# 14:08

Kulis.az İbrahim Azizin yeni yazısını təqdim edir.


Dövrümüzün müasir dünyasında Qərb cəmiyyətlərində çağdaş düşüncə adamları (buna filosof, fəlsəfəçi ya da qısa şəkildə intellektual da demək olar) ümumbəşəri problemlərə həll yolları axtarırlar. Böyük auditoriyalara mühazirələr oxuyur, seminarlar verirlər. Radikal çıxışlar edir, müxtəlif məqalə və kitablarla müasir dünya problemlərinə özünəxas şəkildə cavab yolları tapırlar. Bu da inkişafa aparan yolun ən təməl addımıdır.

Bunu nəyin hesabına edirlər? Təbii ki, düşüncənin. Düşüncənin birinci və təməl sahəsi isə fəlsəfədir. Fəlsəfə nədir? Fəlsəfə insana aid problemləri ağlın və məntiqin köməyi (bəziləri buna fəlsəfə tarixində intuisiyanı da əlavə edir) ilə rasional şəkildə həll etməyə çalışan məşğuliyyətə qoyduğumuz addır.

Təəssüf ki, görünür, bu sahə bizim cəmiyyətimizdə inkişafdan qalıb. Digər inkişaf etmiş və ya inkişafda olan ölkələrə baxsaq, onlar artıq fərdi fəlsəfə ilə məktəb dövründən tanış edirlər. Bu çox vacibdir, ən azından uşaq fəlsəfənin nə işə yaradığını, filosofların kim olduğunu və nədən bəhs etdiyi ilə az-çox tanış olurlar. Olmayanda isə bizim cəmiyyətdə olduğu kimi, bu sahə ilə tanınmış insanların hər bir fikri qabardılır, böyük kütlələr tərəfindən rasionallıqdan kənar şəkildə, sadəcə subyektiv hisslərə söykənərək fanatik dəstək görür.

Bu cür çox ciddi problemlər yaradacaq fikirlər isə son illərdə sosial mediada qarşıma saysız-hesabsız çıxır. Bunlardan biri də bu gün qarşıma çıxan sosioloq (nəzərə alaq ki, filosof/fəlsəfəçi olduğunu deyənlər də az deyil) Mail Yaqubun boşanma haqqında fikirləri oldu. Mail müəllim deyir ki, “Boşanmaların qarşısını almaq üçün cərimə tətbiq edilsin”.

Burada özümdən asılı olmadan soruşmaq istəyirəm: həqiqətənmi? Bu, insanları çəkindirmə üsulundan çox, onları bir problemdən qurtulmaq üçün başqa bir problemlə üz-üzə qoymaqdır.

Gəlin bu fikrin nə qədər absurd olduğunu fəlsəfi baxımdan aydınlaşdıraq. Bu təklif səbəb və nəticənin ontoloji xətasını bizə aydın şəkildə göstərir. Problemin kökünü yox, onun təzahürünü (simptomu) cəzalandırmaq, mahiyyəti formal görüntüyə qurban verməkdir.

Təsəvvür edin ki, böyük bir sərnişin gəmisi (Ailə İnstitutu) okeanın ortasında hərəkət edir. Lakin gəminin gövdəsində ciddi çatlaqlar yaranıb, mühərrik partlayıb və içəriyə sürətlə su dolur (xəyanət, şiddət, psixoloji uyğunsuzluq, dözülməz maddi-mənəvi böhran). Gəmi artıq sərnişinlər üçün təhlükəsiz sığınacaq deyil, onları dibə çəkən bir tələdir.

Sərnişinlər canlarını qurtarmaq üçün xilasetmə qayıqlarına (Boşanma prosesi) doğru qaçırlar. Bu zaman gəminin kapitanı (Dövlət və ya Sosioloq) gəminin “bütövlüyünü” və sərnişin sayını statistik olaraq qorumaq üçün belə bir əmr verir:

“Xilasetmə qayığına minən hər kəsə böyük məbləğdə cərimə kəsiləcək! Bizim məqsədimiz gəminin sərnişin siyahısını sabit saxlamaqdır!”.

İnsanlar cərimə ödəyə bilmədikləri üçün o batan gəmidə qalmağa məcbur olurlar. Kənardan baxanda gəmi “dolu” görünür, ailə institutu “qorunur”. Lakin daxildə insanlar boğulur, bir-birini didir və mənəvi olaraq ölürlər.

Yaxşı olardı ki, onsuz da yola gedə bilməyən, yükün altında olan insanları daha da yükləmək yerinə, insanların yola gedə bilməmə səbəblərinin kökünü analiz edib, onların həll yoluna fokuslanardıq. Bu tip fikirlər ölümü qadağan etməklə həyatı xilas edə biləcəyimizi düşünmək qədər absurddur. Bu fikri cəmiyyətin ziyalı olaraq qəbul etdiyi bir insanın səsləndirməsi isə ikiqat absurddur.

Deyə bilərsiniz ki, tam olaraq bu şəkildə olmasa da, müəyyən tənzimləmələrlə, düşüncə adamlarının ortaq konsensusa gəlməsi ilə filan... Xeyr, əzizim. Bir ailəni bu cür “ayaqda saxlamaq” olmaz. Bu, sadəcə problemi daha ağırı ilə əvəzləməsinlər deyə, “buna da dözməlisən”ə səsləyir. Müasir dünya isə Şərq zehniyyətindən fərqli olaraq, bu cür hökmlərlə mübarizə aparır.

# 2893 dəfə oxunub

Oxşar xəbərlər

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

15:30 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər