Öz ölümünü yazan şair - Nəriman Əbdülrəhmanlı

Öz ölümünü yazan şair - Nəriman Əbdülrəhmanlı
31 avqust 2023
# 16:00

Bu gün unudulmaz şair, publisist Əhməd Oğuzun anım günüdür.
Kulis.az bu münasibətlə Nəriman Əbdülrəhmanlının "Əhməd Oğuz: Qəhr olsun ayrılıqları..." yazısını təqdim edir.

Sən saydığını say, gör fələk nə sayır...
Əslində, bu yazını yubileyi münasibətilə qələmə almalıydım. Bir neçə ay sonra, daha doğrusu, noyabrın 13-də 60 yaşı tamam olacaqdı. Nə vaxtdı, görüşəndə, yaxud zəngləşəndə mütləq bu barədə söhbət salırdıq, özünəməxsus zarafatla deyirdi, yavaş görək, hələ altmışa çataq, onda danışarıq. Öz ad gününə yazdığı şeirin son bəndi gülə-gülə, amma gülüşün belə ört-basdır eləyə bilmədiyi kədərlə söyləyirdi:

...Bu gün noyabrın on üçü...
Düzdümü, nəhsdi on üç?
Ölüm var – ömrün son ucu,
Ömür var – orda bir gün heç...


Ağrılarını üzə vurmağı sevməzdi, Ankarada əməliyyat olunduğuna da dost-tanış təəccüblənmişdi, yəqin, hamıya elə gəlirdi, həmişə nikbin, deyən-gülən Əhməd Oğuz xəstələnə, cərrah bıçağı altına düşə bilməz...
Həmişəki kimi, yaradıcılıq planlarıyla doluydu, çatdırıb yerinə yetirə bilmədiklərinin xiffətini çəkirdi, biz də bir tərəfdən, yeni şeirlər kitabı, tərcümələr, sənədli filmlər gözləyirdik. Hamısını da könül xoşluğuyla qəbul eləyir, "macal tapan kimi" üzə çıxaracağını deyirdi...

Amma namərd fələk o macalı vermədi, bürküsü bir tərəfdən, pandemiya sıxıntıları o biri tərəfdən - nəfəsimizi kəsən lənətlənmiş avqustun son günü məşum xəbər aldıq. Əlimiz üzümüzdə qaldı, dostları axtarıb içimizə çökən ağırlığa tab gətirməyə çalışdıq. Saday Budaqlının, Mahir Qarayevin, Etimad Başkeçidin, Fəxri Uğurlunun... səsindəki yanğı itkimizin böyüklüyünü dərk eləmək üçün kifayət idi...

Doğma, dəyərli insanlar dünyadan köçəndə belə olur, sanki dünyanın bir tərəfinin boşaldığını hiss eləyirsən. O avqust günü də içimdə belə bir duyğu vardı, özümü Əhməd Oğuzun yoxluğuna inandıra bilmirdim, yəqin ki, hələ uzun müddət də bununla barışa bilməyəcəyəm...

***

Əhməd Oğuzla tamamilə təsadüfən, 80-ci ilin ortalarında (deyəsən, 1985-ci il idi) "Azərbaycan" jurnalının redaksiyasında tanış olmuşuq. O, həmkəndlisi, jurnalın nəsr şöbəsinin müdiri Mövlud Süleymanlının yanına gəlmişdi, mən də həmyerlim, baş redaktor müavini İsa İsmayılzadəyə baş çəkmişdim. İmzasını artıq qəzet-jurnallarda oxuduğum şeirlərindən tanıyırdım, o şeirlərdə məni izaha ehtiyac olmayan məhrəm nəfəs, doğma hava vurmuşdu. Bəlkə, bundandı ki, elə ilk kəlmədən söhbətimiz tutdu, gülə-gülə "Qağa, biz də yerliyik, - dedi, - mən Lorudan, Dağ Borçalısındanam..."

Məlum oldu ki, pedaqoji institutun dil-ədəbiyyat fakültəsini yenicə bitirib, təyinatını Quba rayonunun Hacıqaib kəndinə veriblər, amma öz kəndlərinə qayıtmaq (onda Bakıda qeydiyyata düşmək, iş tapmaq əlçatmaz idi) üçün yollar axtarır. Sonralar bir neçə il Hacıqaibdə işləyəndən sonra öz rayonlarına qayıdıb Soyuqbulaq kəndində müəllimlik elədiyindən xəbər tutdum...

Qismətdən, Bakıya eyni vaxtda, 1989-cu ildə gəlməli olduq, amma bizi bu addımı atmağa vadar eləyən səbəblər fərqliydi: Əhməd Oğuz gündən-günə genişlənən erməni şovinizmi nəticəsində doğma yurd-yuvasından didərgin düşmüşdü, mən də işsizlik ucbatından yovuşa bilmədiyim şəhərə üz tutmalı olmuşdum, ortaq ağrılarımız da ki, istənilən qədər vardı...

Əhməd Oğuz sarsıntılara tab gətirmək, müvazinətini düzəltmək üçün həyatdan yapışdı, dayağını nikbinlikdə axtardı, amma nə qədər deyib-gülsə, özünü şax saxlasa da gözlərinin dibindəki kədəri, səsindəki titrəyişi sezməmək olmurdu. "Azərbaycan", "Oğuz eli" qəzetlərində, "Xəzər" jurnalında işlədi, Ədəbiyyat İnstitutunun aspiranturasına daxil oldu.

Onda elə bilirdik, elm yoluyla gedəcək, amma 1993-cü ildə radionun xalq yaradıcılığı redaksiyasına getdi, bütün həyatını SÖZü yaşatmağa həsr elədi, televiziyada sənədli filmlərin ssenari müəllifi və redaktoru oldu, türk ədəbiyyatından tərcümələr elədi, heç elmi karyeraya vaxtı belə qalmadı...

***

Əhməd Oğuz bütün varlığıyla xalqın ruhundan və bağrından qopmuş, görkəmində də, yerişində-duruşunda da, danışığında da minillərin havası qalmışdı. Danışığına da, şeirlərinə də, yazılarına da zamanın nəfəsi dəyməmişdi, ağır-salğarlı sözümüzün şəhdi-şəkəri özünü dərhal büruzə verirdi.

2003-cü ildə, 45 yaşım tamam olanda Fəxri Uğurlunun sifarişilə "Avropa" qəzetinə dost sözü yazmışdı, ürək genişiliyilə özünəxas olan bu xüsusiyyətləri mənə ünvanlamış, üstəlik, dostlara diqqətimi zarafatyana "ölümüzün-dirimizin yiyəsi" deyimilə dəyərləndirmişdi, həmin ifadə də o vaxtdan dostların dilinə düşmüşdü.

Bu, yazısını da elə "Ölənlərin xatirəsini, qalanların yaddaşını yaşadan qardaş" adlandırmış Əhməd Oğuzun Yaddaşa verdiyi qiymət idi. İlk və yeganə kitabına avtoqrafı da elə YADDAŞdan ibarət idi: "Həmişə Sözün qürbətdə qalanını, qəribini axtaran, yerimizin-yurdumuzun, bir də onun bir köşəsinə kül töküb binə bağlayan dədə-babalarımızın haqq-sayını Sözlə halala çıxaran Nəriman Əbdülrəhmanlıya..."

YADDAŞ barədə uzun-uzadı söhbətimiz də olmuşdu, axırda ortaq qənaətə gəlmişdik: əslində, insanın mahiyyəti YADDAŞından ibarətdi, yaddaşından məhrum eləsən, bir dəyəri qalmaz. Sonra, təbii ki, böyük Çingiz Aytmatovun qələmə aldığı manqurt əfsanəsini xatırlamışdıq.

Əhməd Oğuzun ömrü də, yaradıcılığı da YADDAŞa söykənmişdi, o YADDAŞın ucu minilliklərin obaşınacan uzanırdı. Bir də görürdün, zəng vururdu, şirin dilə tutub Borçalının, yaxud Qaraçöpün söz yatırından dərləyib "Bulağ"ın bir verilişini yazmağı boynuma qoyurdu. Əlbət ki, sifarişini yerinə yetirirdim, hətta dostlardan əlimiz çatanı tapıb "müzakirə" də eləyirdik. Məclisə saz gələndə Əhməddən xahiş-filan eləməyə ehtiyac qalmırdı, elə gözümüzün qabağındaca minillərin o üzündən gəlmiş ozana çevrilirdi.

Şeirlərindəki YADDAŞla dolu hava dərhal adamın canına hopur, qanına yerikləyir, yerindən oynadırdı. 1998-ci ildə Prezidentin sərəncamıyla təqaüdə layiq görülən, kitabları nəşr olunan on nəfər gənc yazıçı arasında Əhməd Oğuz da vardı, kitabının adını "Hara gedirsiniz, dağlar?" qoymuşdu. Bircə misradan adamın yadına Yunus İmrə, Qaracaoğlan, Tufarqanlı Abbas, Aşıq Ələsgər... düşür, dünyanın əbədiliyini, ömrün faniliyini bir daha dərk eləyir;

...Qorxuram qərib ölərəm –
bu dəvə yerişi ilnən,
bu dəvə duruşu ilnən
hara gedirsiniz, dağlar?!


Amma Əhməd Oğuz heç vaxt Allah vergisi olan poetik istedadından sui-istifadə eləmədi, ilhamını zorlamadı, ilbaşı kitab çıxarmadı, qəzet-jurnallarda, saytlarda silsileyi-sicilləmələr dərc etdirmədi, ekrandan-efirdən müdrikanə görkəmlə şeirlərini oxumadı.
O, SÖZün bakirəliyini qorudu, RUHunun zirvəsindən enmədi, dağlardan meqapolislərə üz tutmadı, bu günün yox, əbədiyyətin şeirlərini qələmə aldı. Ustadların ənənəsinə hörmətlə divaniylə başlayıb müxəmməslə bitirdiyi kitabına da ön söz kimi:

Şeirdən heç nə ummadım,
Sadəcə ona könlümü vermək istədim –
Verə bildiyim qədər.
Şeir yazmaq, şair olmaq
Allah divanında durmaq
kimidi...
...hələ divandayam,
Bu divanın
ömrüm sürəcək qədər

bir davası var başımda...
- yazanda çox səmimi idi...

***

Əhməd Oğuz dost-tanışın arxayınca qəlbini söykəyə biləcəyi adam idi. O olan məclislərdə şuxluğun, könül açan söhbətlərin, başlıcası da səmimiyyətin bolluğuna zəmanət vardı. Birgə uzaq-yaxın səfərlərimiz olub, hər biri ayrıca bir dastana sığar. Saday Budaqlı və Fəxri Uğurluyla Borçalı səfərimiz, qələm dostumuz Allahverdi Təhləlinin qonağı olmağımız ayrıca bir hekayətdi, yazıçı Əlabbasın maşınıyla Şamaxı səfərimizin... dadı-duzu hələm-hələm unudulan deyil...
Hər səfərdən qayıdanda da yarızarafat-yarıciddi deyirdi, "Ə Məhəmməd (Səməd Qaraçöpün təbirincə bir-birimizi belə çağırırdıq), birdən bunları hekayəndə-filanda yazıb bizi biyavır eləyərsən, ha!" Amma "Yelçəkən" hekayəsində otağını "mağar", özünü Qəmsiz Cavan kimi tanıyıb heç inciməmişdi, hətta xoşuna da gəlmişdi. "Adımı yazsan, o qədər də ləzzət eləməzdi, - deyirdi, - özünü bu cür tanımaq daha maraqlıdı".

Bizi birləşdirən bir nöqtə də kino idi. Bu yönümdə az-çox tərübəmə güvənib məslətləşməyi də özünə ar eləmirdi. İyirmidən çox sənədli filmin yaradılmasında bəzilərinin ssenari müəllifi, bəzilərinin də redaktoru kimi iştirak eləmiş, hətta "Bağlı qapı" lentinə görə "Humay" Milli Mükafatına layiq görülmüşdü.

Aşıq Ələsgərin, Almas İldırımın, Qənbər Hüseynlinin, Kamil Əliyevin, Zəlimxan Yaqubun... taleyi onun qələmində unudulmaz obrazlara çevrilmişdi. Xüsusilə, yeddiseriyalı "Deportasiya" televiziya filmi Əhməd Oğuzun yaradıcılıq bioqrafiyasında ayrıca yer tutur. O, taleyindən keçən köçürülmə ağrılarının ekranda canlandırılması prosesində hansı yaşantıları keçirmişdi – bunu bir özü, bir də Allah bilir...

Son illərdə"Xəzər" jurnalının köhnə əməkdaşı kimi, dostlarının təkidilə sıralarımıza qayıtmışdı, türk ədəbiyyatından tərcümələr eləyirdi, üstəlik, "Türkiyə ədəbiyyatı antologiyası"nı hazırlamışdı. O nəşri redaktor və ön sözün müəllifi kimi çapa hazırlayanda Əhməd Oğuzun SÖZə qarşı nə qədər həssas olduğunu, şeirlərinin havasının hardan gəldiyini bir daha sezdim...

***

...Şeirlərinin birində belə misraları var:

...İşdi, bir gün bu dünyanın
Köhnə hesabı sorulsa.
Bizi də sözə tapşırın,
Biz ölsək, sözümüz qalsa...


Məncə, Əhməd İlahidən, həm də anadangəlmə sözə tapşırılmışdı. Bunu işıq üzü-görən-görməyən şeirlərindən dərhal anlamaq olur...
SÖZÜnün qalacağına da şübhəm yoxdu, çünki ömrünün, az qala, qırx ilini SÖZə həsr eləmişdi...


Nəriman Əbdülrəhmanlı,
2021, sentyabr

# 1876 dəfə oxunub

Oxşar xəbərlər

"Səməd Vurğun boyda şairi qoyub başqalarının yolu ilə getdi" - Vaqif Səmədoğlunu niyə müdafiə etdim?

"Səməd Vurğun boyda şairi qoyub başqalarının yolu ilə getdi" - Vaqif Səmədoğlunu niyə müdafiə etdim?

13:40 19 iyun 2024
İnternetdə lüt qız şəkli axtaranların səviyyəsinə uyğun hekayələr - Ağalar Qut

İnternetdə lüt qız şəkli axtaranların səviyyəsinə uyğun hekayələr - Ağalar Qut

10:25 19 iyun 2024
Ölüm yox olsaydı, nə baş verərdi? - Qadın cinsli ölüm haqqında

Ölüm yox olsaydı, nə baş verərdi? - Qadın cinsli ölüm haqqında

10:00 18 iyun 2024
"Gördüklərini unut..." - Yazmağın 10 qaydası

"Gördüklərini unut..." - Yazmağın 10 qaydası

10:00 17 iyun 2024
İndi sizin atanızı yandıracağam - Yazıçılar özlərini TikTok-da necə aparmalıdır?

İndi sizin atanızı yandıracağam - Yazıçılar özlərini TikTok-da necə aparmalıdır?

12:00 14 iyun 2024
Allah dünyanı ritmlə dağıdacaq... - Xanəmir

Allah dünyanı ritmlə dağıdacaq... - Xanəmir

15:56 12 iyun 2024
#
#
# # #