Maraqlı deyil, eqosu gözə batır – Yazarlar Fəridəni tənqid etdilər

Maraqlı deyil, eqosu gözə batır – Yazarlar Fəridəni tənqid etdilər
2 noyabr 2021
# 17:07

Kulis.az “Hekayə müzakirəsi” adlı yeni layihəyə başlayır. Bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

İlk müzakirə Fəridənin “Billür at” hekayəsi haqqındadır.

Rasim Qaraca

Rasim Qaraca: “Müasir ədəbiyyatımız başdan-ayağa təqliddir” - Müsahibə

Hekayə texniki baxımdan ustalıqla işlənib. Lakin təsvir olunan hadisə inandırıcı, eyni zamanda maraqlı deyil. Hansısa oxucuda kiçik bir təəssürat və ya emosional təsir doğursa belə mətnin həcmi bu təsirlə müqayisədə çox uzundur. Şüşə atı uzadan, onu xilas edin deyən insanın heç bir xarakter cizgiləri verilməyib, nəticə oxucu əsas personajın taleyinə təmas edə bilmir. Əvəzində yazıçı eqosu gözə batır, sanki, baxın mən necə incə duyğular barındırıram öz içimdə deyib hava atarcasına bir alt mesajı ilə oxucunun qarşısına çıxır.

Mübariz Örən

Mübariz Örən: “Elə bilirdim Bayram Bayramovdan böyük yazıçı yoxdur” –  Epiloq.az

Bu aralar “Rossiya 24” kanalında təzə “Medium” serialına baxıram. (Medium ruhlar aləmi ilə canlı insanlar arasında əlaqə yaradan şəxs mənasında). Çox maraqlı, sirayətedici filmdir. Fəridənin “Billür at” hekayəsi (yeri gəlmişkən, bu söz yaddaşımda “billur” kimi qalıb) məni niyəsə o filmə, bir də, çağdaş Azərbaycan nəsrindən çox sevdiyim “Kölgə” hekayəsinə çəkdi. Xüsusən “...döngəni burulub küçənin tinində itirsən”, deyəndə.

Halbuki başlanğıc çox sakit, bir az da romantik ab-hava vəd edirdi: bayırda yağan narın yağış, parıldayan, islaq küçələr, tələsən insanlar...

Bir də menyunu nəzərdən keçirəndən sonra, kafedəki qısa ətəkli, kepkalı qızın səssiz, təbəssümlü sualı: “Qərara gələ bildiniz?”

“Niyə burda hamı ağ geyinib?” – suala sualla verilən şübhə dolu cavab.

Və “Gumppp!..” – vahimə, təlaş, qaçaqaç, itələşmə!...

Hamı qapıya sarı qaçır, – nicat qapıdadı! – oxucu isə bu “soxasoxda” öz başının hayındadı; labirintdən çıxış yolu axtarır. Belə mətnlərdə çıxışı müəllif tərəfindən “basdırılmış” örtülü şifrələrdə axtarmaq lazımdı: “Qapıdan çıxhaçıxda ayağından kimsə yapışır. Daha doğrusu, bir əl... Qanlı bir əl qapının kandarından uzanıb şalvarından yapışır... sənə nəsə uzadır...”. Buyur, bu da sənə canlı-qanlı şifrə: Burnunun ucunda qan ləkəsi olan “Billur at”.

Lakin bu at “Troya atı” deyil – Ariadna ipi heç deyil – o sənə yox, sən ona kömək eləməlisən: “Onu həyata qaytarın” – ona uzanan əl belə səslənib, ya qəhrəman özü elə xatırlayır?!

Ardınca dağıntı, qusuntu, xaos!..

“Belə əsəri ya ruhi xəstə yaza bilər, ya da “hallı” adam”, – məşhur İran yazıçısı Sadiq Hidayətin “Kor bayquş”nu oxuyanda bu qənaətə gəlmişdim.

“Həkim da yaza bilərmiş” – “Billur at”ı oxuyanda fikirləşdim və yadıma düşdü ki, Fəridə, deyəsən, tibbi bitirib.

Əslində hekayə quruluşca elə də dağınıq deyil (hər halda “Pedro Paramo” deyil) və hətta dağınıqlıq, rabitəsizlik varsa belə, bu, janrın diktəsi, yaxud müəllifin “improvizə şıltaqlığı” deyil.

“Somnambiliya” – dağınıqlığa, xaosa əsas səbəb qəhrəmanın düçar olduğu, əziyyət çəkdiyi “lunatik”likdir ki, əsərin bütün strukturunu müəyyənləşdirib.

Bu isə çox gözəldir, – obrazın, yaxud hansısa xarakterin, səbəbin, cəhətin... mətnin təhkiyəsini, ritmini, ovqatını... müəyyənləşdirməsi.

Bu, əlbəttə, ilkin, atüstü təəssüratlarımdır. Qalanı qalsın arxayın vaxta...

Cəlil Cavanşir

Cəlil Cavanşir — Vikipediya

Fəridənin “Billür at” hekayəsi, mənə sürreal kino ssenarisini xatırlatdı. Yuxu və reallıq arasındakı reallıqda başını itirən somnambulizmdən əziyyət çəkən qəhrəmanın (təhkiyəçinin) qorxulu yuxuları, daha doğrusu, yuxuda gördüyü hallüsinasiyalar oxucunun zehnində canlanır. Fəridə sanki hekayənin içində ən qarışıq montaj effektlərindən, gərginliyi artırmaq üçün səsini çox çətinliklə eşitdiyimiz musiqi effektindən istifadə edib. Ümumiyyətlə, bu hekayədən oxucu kimi fərqli dad aldım, həm vizual olaraq hekayəni xəyalımda canlandım, həm də qorxu filmlərinin musiqisinə bənzər səslər duydum. Ola bilsin, hekayənin ötürdüyü enerjidir. Hər halda maraqlı hekayədir.

İlham Əzizov

XƏSİL ADAM (İlham Əziz) – PROZA.az

İkinci şəxsin təkində nadir hallarda yaxşı əsər yazılır. Çətinlikləri bəllidir. O adamın içindəkilərini, duyduqlarını öz fikirlərinlə ifadə etmək olmaz. Fəridə elə bilirəm bunun öhdəsindən gəlib. Hekayə yuxu üstündə qurulub. Gözəl detallarla süstlənib. Amma, Fəridə mətndə yuxunu açıb ağartmayıb. Çünki ədəbiyyatın özü yuxudur. Bu yuxunu elə danışmalısan ki, oxucu yuxuda olduğunu unutsun. Fəridə hekayəsində buna nail olub. Bu əsər metafizik qatı olan, irrasional çalarları özündə ehtiva edir. Ən əsası əhvalatçılıq yoxdur. Təbrik edirəm.

Sevinc Elsevər

Sevinc Elsevər: “Özümü həyat yoldaşımın qarşısında günahkar bilirdim” –  Müsahibə

Maraqlı hekayədir. Sona qədər maraqla oxudum.

Orxan Həsəni

Uçan avtobus - Orxan Həsənidən hekayə

Çaparaq təhkiyə, solğun bədii rənglər hekayə ilə oxucu arasında uzun Çin səddi çəkir. Mənalar və iki əlin barmaqları kimi bir-birinə girən süjet bu səddin pilləkənlərinə düzülüb. Fəridə xanımın hekayəsi diqqət tələb edir. Yuxu və gerçəyi, keçmiş və indini, anidən girdabında itdiyimiz anları hekayənin uyuşdurucusu hesab etmək olar. Bu texnikada yazılan mətnləri sevirəm. İkinci şəxsin təkində yazmaq istedadla bərabər, ustalıq da tələb edir. Görünür, Fəridə xanım bu hekayəsi ilə yeni üfüqlərin axtarışına çıxıb.

Nadir Yalçın

Hüznün, depressiyanın Saffari rəngləri - Nadir Yalçın yazır

Mətndə maraqlı detallar var. Mövzu da maraqlıdır, fərqlidir. Amma təhkiyə forması ürəkaçan deyil. Hekayə, demək olar ki, baş obraza xitabən II şəxsin təkində nəql olunur və bu da xoş təsir bağışlamır. Bədii həllini tapmayan nüanslar var. Amma hər halda, düşündürür. Növbəti mətnlərdə müəllifə ifadə və məzmun vəhdəti arzulayıram. Uğurlar!

# 5820 dəfə oxunub

Oxşar xəbərlər

# # #