İnsan əclafdır! – Dostoyevskinin “Cinayət və Cəza”sındakı sirr

İnsan əclafdır! – Dostoyevskinin “Cinayət və Cəza”sındakı sirr
9 yanvar 2022
# 16:30

Kulis.az Fərid Hüseynin “Ləkə yaddaşı” essesini təqdim edir.

(Fyodor Mixayloviç Dostoyevsknin “Cinayət və cəza” romanı barədə)

Vəziyyətin qəhrəmanı

“Cinayət və cəza”nın qəhrəmanı Raskolnikov yaşadığı hadisənin, düşdüyü vəziyyətin qəhrəmanıdır, ona görə də o, gördüyü işin – törətdiyi cinayətin axırını, nəticəsini əvvəlcədən planlaşdıra bilmir. Adətən, qənimət üçün cinayət törədən qatil, hadisədən sonra əldə etdiklərini necə xərcləyəcəyi barədə düşünür. Raskolnikov isə belə bir qəhrəman deyil. O, bir situasiyada qətl törətmək qərarına gəlir, başqa bir halda cinayətə əl atır, digər bir durumda isə oğurladıqlarını gizlədir. Yəni o kompleks bir cinayəti törətmir, sanki günahdan günah törəyir. Bu, əsl rus təfəkkürünün inikasıdır. Bu, bir növ cinayət matryoşkasıdır. O cinayət matryoşkası həm başqa cinayətlərin oxşarıdır, amma həm də onlardan fərqlidir. Necə ki, matryoşkalar bir-birinin bənzəridir, amma ölçülərinə, yerləşdikləri yerə görə bir-birlərindən seçilir.

Qərarsızlıq burulğanı...

Raskolnikov nəyisə edir, sonra dərhal fikrindən daşınır. Sanki əvvəl nəsə ona gərəkli, sonrasa lazımsız görünür. Bu nə ilə bağlıdır? Bunun səbəbi odur ki, Raskolnikov törətdiyi cinayətlə birgə nəyəsə qərar vermək imkanını itirir. Çünki günah, cinayətdən sonra daha çox səhv qərar verə bilərsən: məsələn, qatil cinayət törədir, sonra cəsədi məhv edir. Bu izi itirmək baxımından doğru qərar olsa da, əlavə cinayət törətmək sarıdan yanlış qərardır. Raskolnikovsa ona görə qərarsızdır ki, özünə münasibətdə həm müttəhimdir, həm də hakim. Onun bir gözü əməlini “etiraf edir”, o biri gözü isə “gizlədir”. Raskolnikov iki nəzərin arasında qalır: Ona görə də o cinayətdən sonra elədiyi hərəkətlərə həm bəraət qazandırır, həm də onları düzgün hesab etmir: Məsələn, əldə etdiklərini gizləmək haqqında düşünür:

“Sonra ayağa qalxdı, daha da qabarıq duran küncə ötəri bir nəzərlə baxıb, sevinə-sevinə düşündü: “Yerləşdi! Qoy hamısı gözdən uzaq olsun, lap pul kisəsi də!” Lakin birdən o, duyduğu dəhşətdən sar­sıldı, məyusluq içində pıçıldayaraq dedi: “Aman Allah! Mənə nə olub? Heç buna da gizlətmək deyərlər? Belə də əşya gizlədərlər?”

İnsanın gözləri ruhun tərəzisidir. Gərək hər iki göz – həm vicdanımızın meyarı olan, həm də əməlimizin çəki daşı sayılan – gözlərimiz gördüyümüz işlərə eyni tarazlıq nöqtəsindən baxa bilə. Əks təqdirdə iki fərqli mənəvi ölçülərə sahib gözlərimiz qərarsızlığa, tərəddüdə zillənir.

Şeytanla ittifaq

Raskolnikova cinayət törətmək üçün güc verən səbəb nə idi? Napoleonluq iddiası, gənclik ehtirası, yaxud qüvvəsimi? Qətiyyən. Bəs o, özündə necə güc tapır ki, gedib qarını öldürsün, onun sərvətini ehtiyacı olan insanlara paylasın. Raskonlnikov hesab edir ki, onun qarını öldürməyə haqqı çatır. Çünki o, qarını öldürüb küçələrə düşmüş Sonyanı xilas etmək fikrinə düşdüyünə görə özünü haqlı hesab edir. Amma nəyəsə haqqı çatmaq hələ o işi reallaşdırmağa sövq edən əsas səbəb ola bilməz. Raskolnikov şeytana güvənərək cinayət törədir. Dostoyevski bu barədə yazır: “Qəribə şəkildə gülümsəyərək düşün­dü: “Ağıl kömək eləməsə, şeytan kömək edər!” Bu hadisə onu son dərəcə ruhlandırdı”.

Nə üçün Raskolnikov hesab edir ki, ağıl ona kömək etməz? Çünki ağıl baş verəcək hadisələri əvvəlcədən hesablayır, amma naqis əmələ əl atanda fikrə gəlməyən, öncədən nəzərdə tutulmamış nələrsə də baş verə bilir axı. Biz hansısa arzuolunmaz əmələ imza atanda ağıla gəlməyən məqamları nəzərdə tutmadığımıza görə çox zaman müxtəlif səhvlərə yol açırıq. Biz günah törədərkən bəzən ona görə ilişmirik, yaxud işlərimiz rəvan gedir ki, sanki şeytan, bizimlə eyni düşüncəni bölüşən, oxşar əqidəyə sahib qüvvə, bizə kömək edir. Amma elə ki, həmin arzuolunmaz hərəkəti törədirik, hadisə başa çatan kimi şeytan, naqis işdəki əməl ortağımız dərhal bizi tərk edir. İnsan bundan sonra öz əməlinə görə, daha dərin qatda isə şüuraltı olaraq şeytana inandığına, onunla müttəfiqlik etdiyinə görə peşman olur. Şeytan aradan çəkiləndə insan Allahla, yaxud vicdanı ilə üz-üzə qalır. Bu üzləşmədən günahkar insan peşmanlıq duyur.

İnsan peşman olarkən öz əməlləri barədə özünə hansı sualları verirsə, insanı peşman edən hadisə törəməmişdən əvvəl həmin suallara şeytan onun qəlbində inandırıcı cavablar verir və insanı əmin edir ki, onun qorxduqları başına gəlməyəcək. Günahkar insan şeytana bel bağlayaraq cinayətə əl atır. Cinayət törədiləndən sonra şeytan öz əminedici vədləri ilə bərabər qeybə çəkilir.

Qərarsızlıq sindromu

Bəs bu qərarsızlıq nədən qaynaqlanır? İnsan günah edəndə təhtəlşüurda özünə inamını itirir. Qatil qorxur ki, özünü ələ verə bilər. Raskolnikov düşünür: “Gülüşü elə o saat məyusluqla əvəz olundu. Yenə düşündü: “Yox, bu mənim gücüm çatan şey deyil!..” Onun qıçları əsirdi. Mızıldayaraq öz-özünə dedi: “Qorxudandır...” Başı hərlənir, qızdırmadan ağrıyırdı. Pilləkənə çıxdı, öz-özünə danışaraq sözünə davam etdi: “Bu kələkdir! Onlar istəyirlər ki, məni kələklə ələ alsınlar, sonra da birdən dolaşdırsınlar. Burası pisdir ki, mən, az qala, huşumu itirirəm... Ağzımdan yersiz bir şey qaçıra bilərəm...”

Cinayətkar insan içərisindəki “xainlərdən” qorxur. Bəs o xainlər kimlərdir: Məsələn, onlardan biri dözümsüzlükdür, cinayət törətmiş insan düşünür ki, əgər onu tutsalar, o fiziki əzablar qarşısında tab gətirməyib əməlini etiraf edə bilər. Yaxud insan öz ağlından qorxur, düşünür ki, ağzından nəsə bir söz qaçırar və həmin söz cinayətin üzə çıxmasına səbəb olar. Necə ki, ətrafında hansısa sirrə sahib insan ətrafındakı etibarsız adamların varlığından daim səksəkədə olur, onlardan xətər gələcəyini düşünür, eləcə də insan öz mənəvi zəifliklərindən də bəla gözləyir.

Təhtəlşüurdakı şəxs

Raskolnikov qətldən sonra anlayır ki, dünyadakı haqsızlıq barədəki düşüncələri, ədaləti bərqərar etmək haqqındakı fikirləri hardasa doğrudur. Əgər belə olmasaydı, o, üzünü Tanrıya və dünyaya tutub bunca ilk baxışdan haqlı görünən suallar verə bilməzdi. Deməli, onun çoxsaylı suallarının haradasa haqlı tərəfləri də var. Bəs nə üçün həmin haqlı görünən suallar və o suallara cavab tapmaq üçün baş qəhrəmanın atdığı addımlar onun ürəyini soyutmur. Raskolnikov qarını öldürənə qədər Napaleonluq iddiasındadır, o, heç bir vəchlə ölümdən qorxmur. Ölümdən qorxmadığına görə də qətl onun üçün yekun nəticə kimi görünür. Ancaq qarını öldürəndən sonra o, ölümdən qorxur anlayır ki, insan üçün həyatdan üstün heç nə yoxdur, ölüm ən qorxulu aqibətdir. Szif xoşbəxtdir, baxmayaraq ki, əbədi cəzalandırılıb. O, cəza Szifə həm də ölümsüzlüyü qazandırıb. İnsanın həyat eşqinin mahiyyətində əbədiyyət duyğusu var, Allah eşqinin mahiyyətində isə fanilik hissi. Və Raskolnikov belə düşünür: “Mən bunu harada oxumuşam, harada oxumuşam: ölümə məhkum edilmiş bir adam edam ediləndən bir saat əvvəl deyir, ya da ki belə fikirləşir; əgər mən yüksək bir yerdə, bir qaya başında yaşasaydım, özü də elə balaca bir yerdə ki, oraya ancaq ayaqlarımı qoya biləydim; hər tərə­fim də uçurum olaydı, okean olaydı, əbədi bir zülmət olaydı, özü də tək olaydım, daim tufan olaydı, mən də o balaca yerdə bütün ömrüm boyu qalaydım, min illərlə qalaydım, əbədi qalaydım, – mən ölməkdənsə belə yaşamağa razı olardım. Ancaq yaşayaydım, yaşayaydım, yaşayaydım! Necə yaşasam da – ancaq yaşayaydım!.. Bu nə doğru sözdür! İlahi, necə doğru sözdür! İnsan əclafdır! – Bir az sonra əlavə etdi. – Əclaf o adamdır ki, buna görə insana əclaf deyir!..”

Raskolnikov “əclaf o adamdır ki, buna görə insana əclaf deyir!..” – deyərkən kimi nəzərdə tutur? O, ilk baxışda sadəcə oxuduğu mətni xatırlayır və ora insanın yaşamaq eşqinə ikrahla yanaşanları yamanlayır. Amma şüuraltında həmin əclaf dediyi adam özüdür. Çünki o qarını öldürməmişdən əvvəl düşünürdü ki, qarı bəs qədər yaşayıb, daha onun cəhənnəmə vasil olmağının vaxtı çatıb. Amma qətldən sonra başa düşür ki, hətta uçurumun üstündə, qaranlıqda, balaca bir yerdə belə insan ölümlə həyat arasındakı seçimdə həyatı seçir. Əgər belədirsə, onda Raskolnikovun qarını öldürmək üçün özünə qazandırdığı bəraət əsassızdır. Qarını öldürəndən sonra ən ali seçimin həyat olduğu qənaətinə gələn Raskolnikov sürgünə getməklə əslində həyatı seçir. Əgər o, əməlindən peşman olaraq intihar etsəydi, əslində əməli cəhətdən törətdiyi cinayətə haqq qazandırmış olardı.

# 3987 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #