"Naxışların, ilmələrin arasından səsimi apaydın görürəm..." - İmarət Cəlilqızı

"Naxışların, ilmələrin arasından səsimi apaydın görürəm..." - İmarət Cəlilqızı
30 avqust 2026
# 14:30

Kulis.az İmarət Cəlilqızının "Sehirli xalça" şeirini təqdim edir.

Haçandır, rəng yığıram gözlərimə
bənzərsiz çiçəklərdən,
bənzərsiz otlardan,
səs yığıram köksümə
qulağıma sanki
qeybdən gəlirmiş kimi
səslənən notlardan.
Bir xalça toxumaq keçir könlümdən,
Bir nəğmə oxumaq keçir könlümdən.

Saplarım narıncı, qızılı,
gümüşü rəngdə,
bir qaraşın gözəlin
sevda dolu təbəssümü,
gülüşü rəngdə.

İpək sapı o əsmər gözəl
yatarkən gecə
bağlı pəncərəsindən sıyrılıb
bərq vuran saçlarından
qopartdım gizlicə.

Qızılı rəngi mənə
günəş göndərdi
günəbaxanların tacında,
narıncını qürub çağı
mavi dalğaların ovcunda.
İlıq yağışlı bir gündə
buludun arxasından boylandı,
baxdı bir qəfil baxışla,
bu qövsi-qüzeh baxışı da yolladı,
hər rəngin
necə çalarını aradım,
ağaclar, çiçəklər,buludlar
ətəyini salladı.

Tək bircə rəngi
Ay göndərdi,
gümüşü saçlarını
darayıb tökərək
pay göndərdi.
Məxmər bir gecənin
içində dolaşıb
yığdım bircə-bircə bu telləri,
doladım barmağıma,
baxan heyran qaldı
gümüşü-parlaq yumağıma.

Könlümün telləri
çalın-çarpaz--əriş-arğac,
xanam hazır,
Hər yumaqdan bir sap-
naxış vurur barmaqlarım
vərəqlərə,
ilmə düzür.

Ürəyimdən barmağıma,
barmağımdan dodağıma
adladıqca
duyğularım ilmə olur,
ilmə dönür kəlmə olur,
qovuşur kəlmə kəlməyə,
dönüb qəmli nəğmə olur.

Saplarıma hopur nəğmə,
səsimi xalçaya hörürəm,
naxışlarin, ilmələrin arasından
səsimi apaydın görürəm...

Bu da son ilmə!
Xalçanı kəsə bilərsən,
aparıb hardan istəsən,
asa bilərsən.

İstəsən, könlünün
divarından as,
üşüyürsə ümidlərin,
sevda çiçəklərin,
bük ona -
heç soyuq olmaz!

İstəsən, həmişə
saxla yanında,
getdiyin hər yerə
apar özünlə,
bir dəniz sahilində,
bir qaya kölgəsində
başının altına qoy, yat,
dalğaların səsini dinlə,
bəlkə, bir sevimli yavru,
bəlkə, bir saçları
ipək qaragilə
çıxıb dənizin içindən
yuxuna gələ.

İstəsən apar,
gizlət sandığında,
hərdən qəriblik çəkəndə,
tənha qaldığında
çıxart, dindir,
danışacaq dindirə bilsən,
ovudacaq, ağrılarına
sığal cəkəcək,
hərgah qəlbini
açmaq istəsən,
dərdını bildirə bilsən.

Sehirlidirmi?
Hə, sehirlidir!
Amma danışandır,
oxuyandır,
uçan deyil,
hər yetən anlamaz sirrini,
hər kəsə sirr açan deyil...

Təkcə soruşma gəl
kim istədi,
kimdən ötrüdür-
onsuz da bilmirəm,
bu xalçanı mən
niyə toxudum,
kiminsə ona
çox ehtiyacı var kimi
gəldi mənə deyə toxudum.

Bilmədim, nə idi,
iltiması oldu,
keçə bilmədim,
sanki Allahın bir əmri,
ruhun bir ricası oldu,
keçə bilmədim...

# 63 dəfə oxunub

Oxşar xəbərlər

"Gəlsən, hənirtindən duyaram səni..." - Şahmar Əkbərzadənin şeirləri

"Gəlsən, hənirtindən duyaram səni..." - Şahmar Əkbərzadənin şeirləri

14:00 30 avqust 2026
"Zamanı kuryer çantasında daşıyan adam..." - Əli Şirin Şükürlünün şeirləri

"Zamanı kuryer çantasında daşıyan adam..." - Əli Şirin Şükürlünün şeirləri

14:00 29 avqust 2026
"Təkcə sənə tamarzıyam..." - Rəbiqə Nazimqızından  "İbrahim peyğəmbərə"

"Təkcə sənə tamarzıyam..." - Rəbiqə Nazimqızından "İbrahim peyğəmbərə"

11:40 29 avqust 2026
"Sən heç kəsə qoşulma..." - Azərbaycanlı müəlliflərin tərcüməsində "Gözlə məni"

"Sən heç kəsə qoşulma..." - Azərbaycanlı müəlliflərin tərcüməsində "Gözlə məni"

11:45 28 avqust 2026
"İlıq bir su kimidir içimdə yalnızlığım..." - Fazil Hüsnü Dağlarca

"İlıq bir su kimidir içimdə yalnızlığım..." - Fazil Hüsnü Dağlarca

16:00 26 avqust 2026
"Gəlib mən alardım sənin könlünü..." - Davud Nəsib

"Gəlib mən alardım sənin könlünü..." - Davud Nəsib

14:50 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər