"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan

"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan
17 iyul 2024
# 16:00

Kulis.az Salam Sarvanın Faiq Balabəylinin 60 illik yubileyi münasibəti ilə yazdığı "Geriyə - köhnəliyə!" adlı yazsını təqdim edir.

Bu yazını yazmağa başlayan kimi canımı qəribə nostalgiya bürüdü. Səksəninci illərin Bakısı üçün qəribsədim. Faiqlə tanışlığımız həmin köhnə, həmin gözəl, həmin yaşamalı Bakıda başlayıb.

Sonra gəncliyimizdə oxuduğumuz sevgi romanlarının indi köhnə görünən dilini xatırladım – mübtədanı cümlənin sonuna keçirməklə romantika enerjisi yaradan üslub: mənim köhnə dostumdu Faiq.

Sonra ötəri olaraq beynimdən keçirdim: dost elə köhnə olar da. Sən kiminləsə indiyəcən ona görə dost qalmısan ki, münasibətləriniz illərin sınaqlarından keçə bilib. Doğmalığın sirri nədədi? Heç nə, həyat boyunca birgə xatirələriniz varsa, doğmasınız artıq.

Faiqlə birgə xatirələrimiz çoxdu: tələbə vaxtlarımızda köhnə Dərnəgülün çayxanasında Füzulinin qəzəllərini “xırdalamaqdan” tutmuş, bir həftə qabaq Balaxan Qəribin övladının toyuna gedərkən maşında qocalığa dair meyxana deməyimizəcən...

Mən onu görəndə qəlbimi sevinc bürüyür. Sanki divarlarında oxlanmış ürək təsvirləri olan köhnə Bakı liftlərini, tıxacsız yollardakı tramvayları, buynuzu tez-tez elektrik xəttindən çıxan trolleybusları görürəm. Və uşaqlaşıram. Bəlkə də, elə buna görə ən qəribə zarafatları Faiqlə eləmişəm.

Bəzən zəngləşib yarım saat danışmışıq, amma söhbətin içində bircə dənə də bitmiş fikir olmayıb – cümlə olmayıb yəni. Bu nədir, avaraçılıq? Yox, qırx illik dostluğun ünsiyyət dili belə də olur. Çəkdiyi rəsmdə cansız nəlbəkiyə göz və qulaq calayaraq ilk baxışda absurd görüntü yaradan uşaqların dəst-xətti. Ətrafındakı cansız predmetlərə öz insani cəhətlərini şamil eləyən ibtidai insanın mifoloji şüur mərhələsi. Tarixin uşaqlığı. Həə, ömür mühasibatının özünəməxsus hesab üsulu var: altımış yaş həndəvərində bizimçün uşaqlıq uşaq vaxtlarımızda keçən illərimiz deyil, cavan vaxtlarımızda keçən illərimizdi.

Mən onu daim qaçaqaçda gördüm. Qurudan dənizə, dənizdən quruya. Bu tərəfdən də şair çırpıntıları: yerdən göyə, göydən yerə. O da eyni müşahidəni mənim haqda deyir: işdən evə, evdən işə... yerdən göyə, göydən yerə. Bəzən Faiqlə bu barədə dərdləşirik də: axı niyə bircə anlıq dayanıb öz mövcudluğumuzu özümüzə sübut eləmək istəmirik? Hərəkətdə olan biz deyilik axı – havada uçan oxun getdiyi yol öz həyatı deyil, yayın verdiyi təkanın həyatıdı.

Dərdləşirik... amma dərhal da yaydan çıxıb bəlli hədəfə doğru uçmağa başlayırıq. Dəhşətdi, hətta gələcəyimizdə də mübhəm yoxdu, sirr yoxdu – hara getdiyimizi bəri başdan bilirik, çünki planlaşdırılıb, mentallaşdırılıb, sosiallaşdırılıb artıq.

Həə, cəmiyyətin şablonlarına, standartlarına qoşulub axan həyatımızda biz özümüz yoxuq, adımıza açılmış bir səhifədə profil şəkli kimi mövcuduq ancaq: cansız, ruhsuz, ekzistensiyasız. Real mövcudluğumuzu duymaq üçün Haydeggerin sərhəd vəziyyətinə yetişməyə də macal tapmırıq – bir şeirdə yazdığımız kimi, hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür...

Ömür gedir, hər altmışın tamamındakı qonaqlıqda əbədiyyətlə fanilik qum saatındakı qədəhləri toqquşdurur: Adəmin almadakı diş yerinə bənzəyən dərin yaraların sağlığına.

# 3937 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər