Gərəksiz detal, lazımsız təfərrüat, diqqəti yayındıran nəsnələr - Hekayə müzakirəsi

Gərəksiz detal, lazımsız təfərrüat, diqqəti yayındıran nəsnələr - Hekayə müzakirəsi
2 noyabr 2022
# 15:00

Kulis.az Hekayə müzakirəsində Orxan İsmayılın “Korona Nərgiz” hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Nərgiz Cabbarlı

Sumqayıtlı yazar Nərgiz Cabbarlının 20 kitabının təqdimatı keçirildi –  SumqayitXeber.Com
Detal da, təfərrüat da nəsrdə vacib məsələdir. Bir çox məqamlarda ona ehtiyac duyursan. Xüsusilə də romanlarda. Amma gərəksiz detal, lazımsız təfərrüat mənfi mənada “mən də varam!” – deyib səs-küy salan, bununla da əsas mahiyyətdən və gedişatdan diqqəti yayındıran, oxucunu bezdirən, mətnə və oxu prosesinə ağırlıq gətirən bir nəsnədir.

Və təəssüf ki, Orxan İsmayılın “Korona Nərgiz” hekayəsində də bu cür gərəksiz detallar, onlardan da çox lazımsız, artıq təfərrüatlar çox idi. Hekayənin qəhrəmanının geyimindən tutmuş, rəftarına qədər, məkanın təsvirində “sarımtıl binalara”, “ensiz ixrac borularından çıxan ağ-göyümsov, qara tüstü”lərə qədər ən kiçik xırdalıqların mətndə verilməsi çox yorucu görünürdü (bəzi məqamlarda qəhrəmanın ruh halı ilə üst-üstə düşsə belə!). Bəzi məqamlarda hətta heyrətləndirirdi də: “Balacaboy, yoğun kişi arxasını gurlayan kütləyə çevirib sağ əlinin baş və şəhadət barmaqları arasında tutduğu metal beşqəpikliklə sol əlindəki biletin bürünc rəngli örtüyü olan xüsusi xanasının üzərini pozaraq onu gözlərinə bir qədər də yaxınlaşdırıb qızılı sütunlardakı müxtəlif məbləğləri ifadə edən ədədlərlə tutuşdurdu”. Bu nə üçündür? Müəllif nəyə görə bu qədər xırdalıqlara ehtiyac duyub? Anlamadım.

Qaldırılan problem aktuallıq səviyyəsini qismən itirmiş olsa da, məsələ deyil. Sadəcə, bu problemin təsvirində və ifadəsində (ölüm faktı verilsə belə!) dərinlik, təsirlilik duyulmadı. Halbuki korona, pandemiya bəşəriyyətə və həyata çox ağır zərbələri ilə yadda qaldı. Amma bunun bu bədii mətndə ifadəsi sönük alındı. Böyük bir partlayışın sönük işartısı kimi...

Lakin... Müsbət anlamda yalnız Şəhriyar obrazının alındığını deyə bilərəm. Bu obraz rəftarı ilə də, görünüşü ilə də, son anda atdığı addımla da – ən son məqamda belə məqsədinə doğru gedir və öz halını belə populyarlaşdırmaq istədiyi Nərgizin xeyrinə istifadə edir – öz rolunun (obrazının) haqqını verdi. Amma ümumilikdə hekayəni alınmamış hesab edirəm.


Aqşin Yenisey

Aqşin Yenisey - İsanı kölələr şillələdilər. » Ədəbiyyat.AZ - Ədəbi yazılar,  məqalələr, son xəbərlər, kitablar, poeziya

Orxanın bu hekayəsi lazımsız bədii informasiyalarla çox yüklənib. Dilin imkanlarını, demək olar ki, təsvirə xərcləyib. Hekayənin sirri çox tez açılır və oxucunun bəri başdan təxmin etdiyi kimi başa çatır. Detalların heç birində müəllif kəşfi, müəllif yanaşması yoxdur, hamının gördüyü, bildiyi şeylərdir. Hiss olunur ki, Orxanın hekayə yazmaq üçün ədəbi potensialı var, ancaq o bu potensialı əsərə çevirən texnikanı bilmir, yəqin ki, bu da az mütaliənin nəticəsidir. Orxana tövsiyə edirəm ki, tezliklə Rafiq Tağının, Ataqamın hekayələrini tapıb oxusun.

Orxan Həsəni

Oğlum, ölmək istəmirəm! - Orxan Həsəni yazır...

Orxan İsmayılın hekayəsi sosial çarxa bənzəyir. "Nə əkərsən, onu biçərsən" yanaşmasından xilas olmaq lazımdır. Hekayə günün gerçəkliyini təntənəli dillə göstərir, lakin nə obrazlarda, nə də situasiyada can yoxdur. Təəssüf ki, dünyanı cənginə alan karantin mövzusu haqqında ədəbiyyatımıza ciddi əsərlər yazılmadı. Bundan sonra yazılacaqmı? Bilmək olmaz. Karantin mövzusunda Dainel Defonun "Vəba ili gündəliyi"dən tutmuş, Orxan Pamukun yenicə nəşr olunmuş "Vəba gecələri"inə qədər geniş ədəbiyyat mövcuddur. Bu mövzu mənim üçün də xüsusən maraqlıdır. Azərbaycan ədəbiyyatında mövzuya epizodik toxunulub. Elçinin "Ölüm hökmü" romanında Hadrut qəsəbəsində baş verən pandemiyaya estetik münasibət göstərilib. Nəhayət Orxan İsmayılın istedadına və ədəbiyyat duyumuna inanıram. Ümid edirəm, gələcək hekayələri uğurlu alınacaq.

Təvəkgül Boysunar

Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar - Hekayə - Təvəkgül BOYSUNAR |  Edebiyyatqazeti.az

Hekayə zəif təsir bağışladı. Müəllif olduqca dəbdəbəli və hay-küylü sözlərdən istifadə edərək mürəkkəb cümlələr qurur, amma o dəbdəbəli və hay-küylü sözlər əslində yerinə oturmur və mətni qətiyyən gücləndirmir, əksinə əldən salır və oxucu da mətni maraqla oxuya bilmir. Hekayənin ilk cümləsi belədir:

“Bakının ən iri konsert zalının yanıb-sönən, titrək işıqların sayrışdığı hündür səhnəsindən aşağıda qaralan insan dənizinə fərəhlə tamaşa edən Nərgizin nəm, qara gözləri sevinc işartılarıyla yanırdı.”

Müəllif bu cümləni daha sadə, daha səliqəli və daha inandırıcı yazmaq üçün əziyyətə qatlaşmayıb, çox baş sındırmayıb, nəticədə elə bir cümlə alınıb ki, o cümlədən sonra bir çox oxucular mətnin davamını oxumaqdan imtina edə bilərlər. Çünki bu cümlədə ard-arda bir neçə “an, ən” sonluğu ilə bitən feli-sifət var, üstəlik, müəllif, bəzi həddən artıq çox işlənmiş və şablonlaşdığı üçün də oxucuya təsir etməyən birləşmələrdən istifadə edib və bu birləşmələr də cümləni hiss etməyə mane olur. Məsələn, titrək işıqlar, insan dənizi, fərəhlə tamaşa etmək və s.

Yaxud aşağıdakı nümunələr... Mənə elə gəlir ki, bu cümlələr də uğurlu deyil:

“Təkərlər vəhşi səslə ciyildəyirdi. Rəhmsizcəsinə uğuldayan motorların boğuq səsi..”

“...adının belə bir dəhşətli virusla qoşa səslənməsi onun ruhunu həyəcan içində qovururdu.”

Dialoqlar isə qətiyyən təbii deyil. Məsələn:

Nərgizi klip çəkdirməyə təşviq edən rəhmətlik Şəhriyar hələ rəhmətlik olmamış, görüntülü danışıq zamanı Nərgiz xanıma belə deyir:

“Korona yalnız miskin xilqətləri məhv edə bilər, bizim üçünsə əsl xilas yoludur.”

Yaxud:

“İncə barmaqların daş-qaşlı üzüklərlə dolacaq, böyük, əzəmətli evlərdə yaşayacaqsan.”

Bu cümlələr təbii səslənmir, təbii ki, “miskin” sözünü də, “əzəmətli” sözünü də dialoqda istifadə etmək olar və yazıçı da bu dialoqu təbii əks etdirə bilər, ancaq müəllif buna nail ola bilməyib, nəticədə süni səslənən dialoqlar üzə çıxıb:

“– Şəhriyar! Yetər artıq! – Nərgiz çəmkirib onun sözünü kəsdi. – Sənə nə olub?

– Mənə nə olub? Mənə heç nə olmayıb. Başını itirən sənsən. Ürküb ehtiyat etdiyin, səni hüznə, kədərə bələyən şey sənin qurtuluş mənbəyindir. Səni bir hiss qorxudur – dəhşət hissi. Lakin həqiqətdə əsl dəhşətin nə olduğunu bilmirsən.”

Yəni ümumilikdə hekayədən zövq aldığımı deyə bilmərəm. Nəsr haqqında çox da kamilləşməmiş cahil biliyimə əsaslanaraq bunu deyə bilərəm ki, müəllif dəbdəbəli, cah-cəllallı sözlərdən, sifətlərdən mütləq və mütləq uzaq qaçmalıdır. Bu üslub qətiyyən uğurlu deyil və bu üslubun dəyişilməsi üçün bir müddət yazı prosesindən uzaq qalıb mütaliəyə vaxt sərf etmək, məncə, faydalı ola bilər. Müəllifə uğurlar arzu edirəm və ümid edirəm ki, bu zəhmetkeşliyini davam etdirsə, daha gözəl hekayələr yaza bilər.

# 1018 dəfə oxunub

Oxşar xəbərlər

# # #