Fərid Hüseyn: "Kömək etdiklərimizin içində öz aləmində AYB-ni lağa qoyan adamlar var" - Müsahibə

Fərid Hüseyn:  "Kömək etdiklərimizin içində öz aləmində AYB-ni lağa qoyan adamlar var" - Müsahibə
16 avqust 2024
# 12:00

Kulis.az Orxan Saffarinin Fərid Hüseynlə müsahibəsini təqdim edir.

– Fərid, illər əvvəl İranda şair dostunuz Şəhriyar Del Gerani ilə həbs olunmusunuz, amma sanki bu həbs Şəhriyara məşhurluq gətirdi, sizə yox. Səbəbi nədə görürsünüz?

– Məşhurluq tale məsələsidir, istəklə bağlı məsələdir. Şəhriyarın həbsdən sonradan atdığı bəzi əyləncəvi, ironik addımlar onun məşhurlaşmağına daha çox kömək etdi, eyni zamanda, şeirləri də xeyli populyarlıq qazandı. Mənim tutduğum yaradıcı yol əvvəldən fərqli idi, bu gün də həmin yolumu davam etdirirəm.

– Belə çıxır, Şəhriyar Del Gerani ucuz məşhurlaşmaq yolu keçib, siz ancaq ciddi ədəbiyyatla məşğul olmusunuz?

– Cəmiyyətimizdə bu gün klassik musiqi nə qədər populyardır? Bu gün internet bazasında Füzulinin adını axtarışa ver, bir də bir cığal, qalmaqallı bir şairin adını, görün hansı barədə daha çox məlumat tapılacaq?

– Onda bu misala əsasən, qalmaqallı şair Şəhriyar Del Geranidirmi?

– Şəhriyarın təbiəti, xarakteri ayrıdır, mənimki ayrı. 10-12 il öncə o tipli davranışlar Şəhriyarı cavan bir şair kimi daha artıq məmnun edirdi, insanların onun qəribə düşüncələrinə kütləvi reaksiyaları onun xoşuna gəlirdi. İnsafən deyək ki, Şəhriyar o sayaq söhbətlərin içində həm də yaradıcılığını önə çəkə bildi və ona görə də daha çox məşhurlaşdı.

– Bəs az tanınmaq sizi narahat eləmir?

– Qətiyyən. Zamanla qalmaqallı ədəbi söhbətlərin haləsi çəkilib gedir, geridə bədii mətn, görülən işlər qalır. Mən öz taleyimə həmişə bir barmaq izi kimi baxmışam, yəni düşünmüşəm ki, bu, yalnız mənə aid bir nəsnədir. Ona görə ədəbiyyata cıdır nəzəri ilə göz qoymamışam – yəni məndən arxadakılara da qanrılıb heyrətlə baxmamışam, öndəkilərin də ardıyca özümü həlak eləməmişəm.

– Dünyada həbs həyatı yaşayan bir çox şair-yazıçılar məhbəs günlərində də, sonra məşhur əsərlər yazıblar. Sizdə niyə belə olmadı?

– Mənim o mövzuda yazdığım “Qandalı görməsin” kitabım 2012-ci ildə iki min tirajla çap olundu və nəşrlər üç aya satılıb qurtardı. Həmin kitab haqqında yazılan təqdir dolu məqalələrin həcmi isə kitabdan iki-üç dəfə çox oldu. O əsərin üzərində təzədən işləmək istəyirəm, amma hələlik bunun üçün kifayət qədər asudə vaxtım yoxdur. Artıq əlimdə həmin hadisə ilə bağlı Azərbaycan və dünya mətbuatında yazılanlardan ibarət böyük bir arxivim var. Onlardan da istifadə edib, inşallah qismət olsa, daha əhatəli yeni bir kitab yazacağam.

– Fərid, siz ədəbi mühitdə bir qədər sakit insan təəssüratı bağışlayırsınız, çox zaman ədəbi mühitdə görünmürsünüz?

– Özümü ədəbi mühitin tam mərkəzində sayıram. Siz ədəbi mühit nəyə deyirsiniz? Ölkənin aparıcı mətbuat orqanlarında hər ay yazılarım çıxır, hər il hazırladığım onlarla kitab çap olunur, müxtəlif ölkələrdə əsərlərim yayımlanır, beynəlxalq ədəbi festivallarda iştirak edirəm, ədəbi radio və televiziyalara proqramlarında mütəmadi çıxışlarım olur. Əgər mühitdə olmaq hansısa məclislərdə yeyib-içməkdirsə, bəli, o cür yerlərdə az-az gözə dəyirəm. Ədəbi məclis mühitlərindəki insanları amal ortaqlığı yox, badə yoldaşlığı birləşdirir. O tipli məclislər yaradıcı insana çox zaman mənəvi cəhətdən mənfi xüsusiyyətlərdən başqa heç nə vəd eləmir.

– Məsələn, XX əsr rus, fransız ədəbiyyatı tarixinə baxanda görürük ki, yazıçı-şairlər məclislərdə toplanaraq ədəbi mühit yaradırdılar. Burada pis nə var ki?

– Məhz elə o dönəmdə Rusiyada yazarları o tipli məclislərdə amal, məslək birliyi birləşdirirdi. Amma sonra SSRİ-də ədəbi prosesin təyinatı dəyişdi, ədəbi-ictimai amal birliyinin yerini, daha çox illərin ifadəsi olan ədəbi nəsillər tutdu.

– Xarici ölkələrdə keçirilən ədəbiyyat tədbirlərinə də siz daha çox gedirsiniz. Adama elə gəlir ki, başqa adam yoxdur.

– Mən konkret öz adıma ünvanlanmış dəvətlər gələndə təbii ki, həmin tədbirlərə iştirak edirəm. Yaxud, xarici ölkə ədəbiyyatları ilə bağlı nəşrə hazırladığım kitabların təqdimatında iştirak edirəm. Bir sözlə, heç kəsin səfər imkanını əlindən alıb harasa getmirəm, öz işlərimin nəticələri ilə bağlı səfərlərim olur. Ədəbiyyat festivalları belədir ki, oradakı ünsiyyətlər sonra başqa səfərlərə də imkanlar açır. İndi heç kəs heç kəsin yolunu bağlamır, nə də kimsə kiminsə yerini dar eləmir. Mən heç zaman Atilla İlhanın dediyi kimi, “Ədəbi turizm”lə məşğul olmamışam, bacardığım qədər ölkəmizi təmsil etməyə çalışmışam.

– Ədəbiyyatımız niyə dünyaya çıxa bilmir?

– Bunun reallaşması üçün ciddi tərcümə proqramları lazımdır, amma bizdə bu proses hələlik zəif gedir. Peşəkar tərcüməçilərlə çalışmaq çox baha başa gəlir, ona görə də kitablar adətən, ortabab, zəif çevirilərlə yayımlanır. Bir dəfə Londonda bir professor Azərbaycan poeziyası antologiyasını əlinə götürüb dedi ki, bu kitab qrammatik səhvlər antologiyasıdır. Yəni tərcümə o dərəcədə bərbad idi. O adamların əsərləri dünya dillərinə çevrilməlidir ki, onların yazdıqlarının orijinalda böyük dəyəri var. Yəni orijinalı zəif olan əsərləri dünya dillərinə çevirməyin nə mənası var ki? Dünya ədəbiyyatına çıxmaq üçün güzəştsiz seçim meyarları, peşəkar ədəbi əlaqələr və maddi imkan yetərlidir.

– Fərid, Azərbaycan ədəbiyyatında ən uğurlu ədəbi nəsli hansı nəsil hesab edə bilərik?

– Altmışıncıların nəsri, 70-cilərin poeziyası mənim üçün çox dəyərlidir Müstəqillik dövrü ədəbiyyatı isə xüsusən poeziya nöqteyi-nəzərindən çox maraqlıdır.

– Kimlərin adını çəkə bilərsən?

– Hansı illərdən?

– 2000-cilərdən…

– Məsələn, Aqşin Yeniseyi deyə bilərik ki, 2000-cilər nəslinin ən seçkinlərindən oldu.

– Amma Aqşin Yenisey tükəndiyini elan etmişdi, daha şeir yazmır.

– Aqşin 50 yaşın astanasındadır, ola bilər ki, sonradan ömründə başqa poetik bahar başlasın. Ya da heç hesab edək ki, bundan sonra yazmayacaq. İndiyədək yazdıqları onun adının yaşamasına kifayət edir.

– Elə bil, Şəhriyar Del Gerani, Qismət Rüstəmovun adını çəkmək istəmirsiniz..

– Yox, niyə, onları da xüsusi qeyd etməliyik, onlar da öz imzalarını təsdiq etmiş, sevilən, oxunan, gözəl şairlərdir. Hər ikisinin özlərinə xas oxucu auditoriyası var

– O hansı şairdir ki, Fərid Hüseyn onun şeirlərinə baxıb deyir ki, kaş bu şeiri mən yazardım, belə şair olardım?

– Mən öz oxumaq istədiyim şeirləri elə özüm də yazıram (gülür). Ancaq istedadlı, parlaq şairlərin gözəl şeirlərini də sevərək oxuyuram.

– Fərid, AYB-nin Gənclər Şurasının sədrinisiniz, ora olan fərqli münasibəti bilirsiniz. İndi sizdən soruşuram, AYB-də nə çatışmır?

– AYB-nin maddi imkanları hazırda çox zəifdir. Lakin buna baxmayaraq, yenə də müəyyən gözəl işlər görülür. Uzun-uzadı sadalamayım, amma bir neçəsini deyə bilərəm. “Dünya ədəbiyyatı” jurnalı çap olunur, dünyanın bir çox ölkələrinin müəlliflərinin say-seçmə əsərləri yer alır o topluda. Fəqət əvəzində görürük ki, insanlar tərəfindən sükutla qarşılanır. Bu gün dünyada o cür jurnalın sayı azdır. Bir-iki nəfərin fədakarlığı ilə o jurnal çap olunur. Amma lazımınca təbliğ edilə bilmir, bununçün maddi resurslar lazımdır. Yaxud, şair Səlim Babullaoğlu hər il beynəlxalq tədbirlər həyata keçirir, dünya ədəbiyyatından çox gərəkli əsərlər, antologiyalar yayımlayır. Onun “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından, “YENİ DƏB” kitab seriyasından nəşr etdirdiyi əsərlər böyük bir tərcümə institutunun zəhmətinə bərabərdir. Sadəcə çəp nəzərlərlə baxanlar gözəl işləri AYB-nin adına yaraşdırmırlar.

– AYB-yə ayrılan imkanlar ancaq üzvlərə xərclənir, bu barədə nə deyərdiniz?

– AYB-yə üzv olmayanlar da müəyyən məsələlərlə bağlı vaxtaşırı təşkilata müraciət edirlər. Anar müəllim imkan daxilində heç kimi köməksiz qoymur. Əlbəttə, eləsi gəlib elə şey istəyir ki, onun arzusunu yerinə yetirmək AYB imkanları xaricindədir. AYB-nin Ayı göydən endirmək kimi bir gücü yoxdur, ona görə də gərək arzular imkanlara münasib ola.

İndi düz olmaz ki, durub konkret adlar çəkim. Şəxsən mənə gənclər tərəfindən müraciətlər olub, hansı ki, o müraciətləri edənlər AYB-yə üzv olmayan ədəbi cavanlardır. AYB tərəfindən birinə təhsil haqqı, birinə başqa bir ciddi məsələdə yardım edilib. Rəşad Məcid də o kömək proseslərində şəxsən yaxından iştirak edib. Kömək etdiklərimizin içində AYB-ni öz aləmində lağa qoyan adamlar da var idi. Amma AYB ayrı-seçkilik yolu tutmadı. Amma sualınıza qayıdaraq deyə bilərəm təbii ki, AYB-də hər şey indikindən daha da yaxşı ola bilər, mən göz önündə olan qüsurların ört-basdır edilməsinin tərəfdarı deyiləm, o problemli məsələlər haçansa, gec-tez həllini tapmalıdır.

– AYO və AYB davası Azərbaycan ədəbiyyatına yeni ədəbi imzalar qazandırdı. Bu gün AYB, Gənclər Şurası Azərbaycan ədəbiyyatına nə verir?

– Əgər kimsə şəxsi yaradıcı perspektivi hansısa quruma üzv olmağa bağlayırsa, bəri başdan deyim ki, onun tutduğu yol nicatsız yoldur. İndi dünyanın mənəvi təbiəti dəyişib. Bizdə adamlar elə bilir ki, bir istedad başqa istedadın gecə-gündüz xidmətində durmalıdır. O dövr keçib, indiki zamanın öz reallığı var. Mən hesab edirəm ki, AYO da yaşamalıdır, alternativ düşüncə var olmalıdır. Fəqət rəqabət etika və estetika çərçivəsində davam etdirilməlidir. Ələsalma, alçaltma, əsəbpozma vasitəsi ilə yox.

AYB-yə repressiya yuvası deyənlər bəyəm bilmirlər ki, o dövrdə bütöv Azərbaycan qan çanağı idi? Həmin illərdə repressiya olunan həkimləri, müəllimləri, başqa sahələrin adamlarını da AYB güdaza verib? Nədənsə daim bəd əməlləri AYB-nin adına yazmağa çalışırlar, əsl həqiqəti deməyə isə can çəkirlər. Bəs zamanla AYB dağılmasını istəyənlər düşünmürlər ki, AYB sıradan çıxsaydı, onda onların öz təbirincə desək, “sabiq AYO-çular” hara üz tutacaqdılar? AYB ona üz tutan insanları geri çevirmir, sənət mühitindəki davaları şəxsi müstəviyə keçirmir.

Gənclər Şurası gənclərin yaradıcılığının dünyada tanıdılması üçün, o cümlədən ölkədə təbliği üçün son 5 ildə çox iş görüb. O işlərlə bağlı Yazıçılar Birliyinin qurultayında çıxış edərək, bütün görülən işlər barədə danışmışam. Həmin yazı bir neçə yerdə çap olunub. Ona görə də əlavə olaraq təkrarlamaq istəmirəm. Sadəcə deyim ki, hazırda bir neçə kitabın çapı ilə bağlı işlər gedir…

– Sanki “sabiq AYO-çular” ifadəsini ironik dediniz…

– Yox, heç kimə ironiya, rişxənd eləmirəm. Məsələn, bəziləri qınayır ki, Həmid Herisçi niyə AYB-yə keçdi. Həmid müəllim məgər uşaqdır? O bilmir ki, hansı addımı atır?! O yaşda savadlı, istedadlı, dünyagörmüş bir insanın müstəqil qərarını necə təftiş eləmək olar?

– Həmid AYO qurucusu olub, ona inanan gənclər var idi, ona görə də haqlı olaraq qınayırlar…

– Ona inananlar da daha “sabiq inananlar” statusunda olmalıdırlar ki, baş verənləri daha rahat qəbul eləyə bilsinlər.

– Fərid, AYB-nin sədri olmaq istəyərdiniz?

– Bu məsələ heç ağlımın ucundan da keçməyib.

– Səbəb?

– O vəzifəni tutmaq üçün yaradıcılıq baxımından böyük yol keçməlisən. Təsəvvür edin, Anar müəllimin yaradıcılığı zəif olaydı? Onda ona qarşı olanların arqumentləri kəsərli görünərdi. Gərək hansı sahədə olmasından asılı olmayaraq, əsas vəzifəni daşıyan adam öz sahəsinin ən yaxşılarından biri olsun.

– Bəs yaxşı, kimin sədr olmasını istəyərdiniz?

– Qurultayda namizəd olacaq adamlardan birinin (gülür)

– Xalq şairi fəxri adını necə, onu almaq ağlınızdan keçmir?

– O ad dövlətin verdiyi yüksək fəxri addır. Düşünürəm ki, o ada da layiq olmaq lazımdı. Layiq olmadığın adı almaq insanda ancaq əlavə yükə çevrilə bilər.

– Onda belə çıxır ki, Xalq şairi olmaq istəyərsiniz, amma AYB-nin sədri yox. Deyəsən, Anar müəllimin qəzəbinə tuş gəlmək istəmirsiniz…

– Anar müəllim kifayət qədər demokratik, insanlara adekvat davranan yaradıcı adamdır. Nəsə bir məsələ olanda onunla səmimi şəkildə müzakirə edə bilirik. Anar müəllim əzazil, kinli adam deyil ki, hansısa fikrinə görə kimləsə qəzəbli, kobud davrana…

# 2280 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #