Erməni ssenaristi Bakıdan qovdu, mükafatdan imtina etdi - Gizlincə dəfn edilən Xalq artisti

Erməni ssenaristi Bakıdan qovdu, mükafatdan imtina etdi - Gizlincə dəfn edilən Xalq artisti
5 iyul 2023
# 21:00

Bu gün Xalq artisti Adil İsgəndərov anım günüdür.
Kulis.az bu münasibətli onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Adil Rza oğlu İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Ailədə 4 qardaş, bir bacı olublar. Soyadları İsgəndərov yox, İsgəndərbəyli olub. Sovet hökumətinin təzyiqləri ilə qarşılaşmamaq üçün Rza bəy soyadını dəyişib. Adilin 6 yaşı olanda atası rəhmətə gedib. O, ailə düşmənçiliyinin qurbanı olub. Gəncə İcra Hakimiyyətinin binasının yerində əvvəllər karvansara olub, onun bir hissəsi Adil İsgəndərovun ana babası Möhsün bəyə aid olub.

Gallery

10 yaşından Gəncədəki pioner evində özfəaliyyət dərnəyinə qoşulub. Əvvəldən teatra meylli olub. Hətta 13 yaşında "Qaçaq Kərəm" tamaşasını qurub. Kərəm obrazını özü oynayıb. Yaradıcı adamlar baxıblar ki, bu, böyük bir teatrın tamaşasıdır. Elə buna görə də onu Bakıya gətiriblər. Bakı Teatr Texnikumunda aldığı təhsildən sonra Adil İsgəndərov A. Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunda oxuyub. Moskva Bədaye və Vaxtanqov teatrlarında təcrübə keçib. Bir il sonra onu Akademik Milli Teatrın baş rejissoru təyin ediblər. Uzun müddət teatrda fəaliyyət göstərib, səhnəyə yeni tamaşalar qoyub. Onun dövründə "Azdrama"ya hamı "İsgəndərovun teatrı" deyib.

***

Həyat yoldaşı Zina xanımın da aktrisalıq qabiliyyəti olub. Onlar dram dərnəyində tanış olublar. Adil müəllim ondan 7-8 yaş böyük olub. Həyat yoldaşının işləməyinə razı olmayıb. Zina xanım onun xasiyyətini bildiyindən bu məsələdə israr etməyib.
Adil İsgəndərovun qızı Dilarə xanım Bakıda yaşasa da, bacısı Nigar ailəsi ilə birlikdə Almaniyada yaşayır.

1966-cı ilə qədər Adil İsgəndərov kinoda aktyor kimi iştirak edib. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova "O olmasın, bu olsun" filmində qoçu rolunu verir. O, bazarda Qoçu Əsgərlə atışan qoçu obrazını canlandırır. Həmin səhnədən Adil isgəndərovun məşhur “On sozdal menya” replikası yadda qalıb. 1958-ci ildə isə "Uzaq sahillərdə" filmində sahibkar Rosselininin rolunu ifa edir. Bundan sonra isə "Qara daşlar", "Məhəbbət dastanı", "26 Bakı komissarı", “Qanun naminə” və "Axırıncı aşırım" filmlərinə çəkilir. 1966-cı ildən başlayaraq “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etməyə başlayır. Yalnız “Əhməd haradadır?” filminin quruluşçu rejissoru olur. 1937-ci ildən ömrünün sonuna qədər İncəsənət İnstitutunda dərs deyib.

Gallery

“Axırıncı aşırım” filminin Tbilisidə nümayişdən sonra baş rolun – Kərbəlayi İsmayıl obrazının ifaçısı mükafata layiq görülür. Adil İsgəndərov mükafatdan imtina edir, böyük ürəklə həmin mükafatı Qəmloya - Məlik Dadaşova verməyi məsləhət görür.

Gallery

Tələbəsi Əbdül Mahmudbəyov xatırlayır:

“Moskvada mənimlə birgə bir erməni təhsil alırdı. Azərbaycan dilini də gözəl bilirdi və təhsilimizin sonunda bu erməninin ssenarisi ilə bir film çəkmək qərarına gəldim. O vaxtlar “Azərbaycanfilm”ə Adil müəllim rəhbərlik edirdi. Gəldim yanına, çox sevindi, çünki onun yetirməsi idim. Görüşdük, söhbət etdik, vaxt yetişdi, Adil müəllim ssenarini açdı ki, baxsın. Bir də gördüm kişinin rəngi ağardı, oxuyub ki, rejissor Əbdül, ssenari Akopyan. Akopyan da yanımızdadır, qayıtdı ki, qada, bu ermənidir? Dedim, bəli, amma Bakıda doğulub. Qada, cəhənnəmə doğulub, bəs sən bu gədəni bura gətirəndə görmədin ki, girişdə “Azərbaycanfilm” yazılıb? Üzünü tutub Akopyana, qayıtdı ki, dur tərpən Sabunçu vağzalına, min qatara birbaşa “Ermənifilmə” get. Sonra da mənə xəbərdarlıq etdi ki, bir daha belə qələt etməyim”.

***

Adil İsgəndərovun teatrdan getməsinə səbəb Xruşovun çıxardığı qərar olur. Xruşov qərar çıxarır ki, bir adam iki vəzifə daşıya bilməz. İsgəndərov ya baş rejissor olmalı idi, ya da teatrın direktoru. Bu qərar onu sevməyənlərin əlinə böyük fürsət verir.

Adil bəy də belə şeyləri qəbul edə bilmir. Buna görə də teardan uzaqlaşır.

Gallery

Adil İsgəndərov sadə olduğu qədər də zabitəli insan olub. Moskvanın kinostudiyalarında hamı qırağa çəkilib, ona yol verirmiş. Bəy balası olması onun şəxsiyyətində də özünü göstərib. Şahidlərin dediyinə görə o, "Azdrama"ya girəndə həyətdə, dəhlizdə bir adam qalmırmış.

***

Adil İsgəndərovun qardaşı oğlu müsahibələrinin birində deyir:

“Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Kozlov bir dəfə əmimə zəng edib ki, filankəsi bu rola çək, bir yəhudi var, onu da rejissor köməkçisi qoy. Əmim bunu qəbul etməyib. Deyib, yoldaş Kazlov, siz bilirsinizmi ki, mikrorayonda su gəlmir? Siz yaxşı olar ki, su ilə məşğul olun, mən kino ilə məşğul olaram. Bunu deyib telefonun dəstəyini asıb. Bəs bunu ona bağışlayardılarmı?"

Gallery

"Axrıncı aşırım" çəkiləndə filmlə bağlı Fərman Kərimzadə ilə tez-tez güclü mübahisələr edirmişlər. Moskva filmi ssenaridə olduğu kimi çəkməyə qoymurmuş. Ssenaridə edilən dəyişiklik də Fərman müəllimin xoşuna gəlmir. Bir gün Adil İsgəndərov ona deyir ki, Fərman, sən başa düşmürsən, bu gələcəkdə bizə lazım olacaq. Nə cür çəkilir, qoy çəkilsin. Tarixi film olacaq.

***

Səməd Vurğun “Vaqif” pyesini yazandan sonra bir qrup adamlar Mircəfər Bağırova donos yazırlar ki, pyesdəki Ağa Məhəmməd Şah Qacar obrazı onun prototipidir. Səməd Vurğun onu baş kəsən, qan içən kimi göstərmək istəyir. Həmin vaxtlar Adil İsgəndərov "Vaqif" pyesini səhnələşdirir. Xəbər gəlir ki, Mircəfər Bağırov gəlib tamaşaya baxacaq və zalda ondan başqa heç kim olmayacaq. Səməd Vurğun da, Adil İsgəndərov da çox həyacan keçiriblər. Tamaşanın yaxşı alınması üçün əllərindən gələni ediblər. Həmin gün evdəkilərlə sağollaşıblar ki, birdən qayıtmazlar.

Gallery

Mircəfər Bağırova donos yazanlar gözləyiblər ki, tamaşadan sonra Adil İsgəndərovu da, Səməd Vurğunu da maşına qoyub aparacaqlar. Ancaq əksinə olub. Bağırov tamaşanı çox bəyənib. Buna görə onlara təşəkkür edib. Səhəri gün Adil İsgəndərova xidməti maşın hədiyyə olunub.

***

Xalq artisti Ələsgər Ələkbərovla möhkəm dost olsalar da onların bu dostluğu sonradan düşmənçiliyə çevrilib. 1959-cu ildə Moskvada keçirilən ongünlükdə Azərbaycandan gəlmiş incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilir. Akademik Dram Teatrının payına düşən fəxri ada isə Ələsgər Ələkbərov layiq görülməli olsa da, həmin ad ona deyil, dostu və rejissoru Adil İsgəndərova verilir. Bu hadisə Ələsgər Ələkbərova bərk toxunur və o, qəlbindəki incikliyi dəf edə bilmir. Bakıya qayıdandan sonra teatrdan ərizə yazaraq işdən çıxır. Sonralar hər ikisi etiraf edirlər ki, onların küskünlüyü Azərbaycan teatrı üçün baha başa gəlir.

Gallery

Bu küskünlük barədə digər bir versiya isə ondan ibarətdir ki, deyilənlər görə, Vəli Axundov Ələsgər Ələkbərovun yaxın qohumu olub. O, Mərkəzi Komitənin Birinci Katibi seçiləndən sonra Ələsgər Ələkbərov çox dəyişir. Hər gün bir bəhanə ilə Adil bəyə zəng vurub tamaşalarda çıxış etməkdən boyun qaçırır. Bir gün zəng edir ki, səhhətim pisdir, gələ bilmirəm, başqa gün deyir, tamaşanın vaxtın dəyişin. Belə özbaşınalıqları Adil İsgəndərov qəbul etmir. Bir gün isə Moskvada "Vaqif"i səhnəyə qoyarkən Ələsgər Ələkbərov xəbər göndərir ki, asmam tutub, gələ bilmirəm, mehmanxanaya təcili yardım çağırmışam. Adil müəllim bildirib ki, ağılsızlq etmə, səhnəyə çıxmalısan, bizi pis vəziyyətdə qoyma. Ancaq o səhnəyə çıxmayıb. Adil bəy də səhnəyə Ağadadaş Qurbanovu çıxarıb. Bundan sonra doğurdan da Ələsgər Ələkbərovun asması tutub, təcili yardım çağırıblar.

***

“Nəsimi" filmində Teymurləng obrazına çəkilməkdən imtina edir. Münasibətləri yaxşı olmasa da deyir ki, Yusif Vəliyevin Teymurləngi daha mükəmməldir. Məndən Teymur olmaz, Yusifi çağırın, o, gəlib çəkilsin. Eləcə də “Dəli Kür” filmində Rejissor Hüseyn Seyidzadə Adil İsgəndərovu Cahandar ağa obrazına çəkir. Hətta filmin 240 metr lentə alınır. Adil müəllim isə roldan imtina edib rejissora məsləhət görür ki, bu rola daha çox Ələddin Abbasov uyğun gələr, onu çəksinlər.

Gallery

Məlik Dadaşovla Adil İsgəndərovun gənclik illərindən münasibətləri yaxşı olsa da, sonralar bilinməyən səbəblərdən onlar iki düşmənə çevrilirlər. Hətta onun oğlu Rafael Dadaşov filmlərə çəkilməməsində Adil İsgəndərovun böyük rol oynadığını dilə gətirir: "Bu, Adil İskəndərovla Məlik Dadaşovun arasında yaranan çox ciddi mübahisə ilə bağlı idi. Zamanında Məlik Dadaşov Adil İskəndərovun yarasına duz səpmişdi. Görünür Adil müəllim də bunu yaddan çıxarmamış, yeri gəldikcə onun oğluna müəyyən sərhədlər qoyurdu. Hətta Məlik Dadaşov özü o zaman Moskvaya gedib oranın vasitəsi ilə teatra bərpa olunmuşdu."

Gallery

Kamal Xudaverdiyevin xatirələrindən: “Adil müəllim kurs rəhbərim olub. Biz sənətin əlifbasını Adil İsgəndərovdan öyrəndik. Mənim ilk filmə çəkilməyimin də səbəbkarı o oldu. “İstintaq” filmində kənardan aktyor dəvət olunmuş bir obraza məni məsləhət görmüşdü. Bunu yalnız mənim üçün etməmişdi, Rasim, Şahmar, ümumiyyətlə o dövrdə üzə çıxan bütün aktyorlar onun tapıntısı idi. Filmlərə kənardan aktyor dəvət olunmasının qarşısını alıb, öz aktyorlarımızı tanıtdı. Sübut etdi ki, bizdə də bacarıqlı gənclər var. Bir rejissor onu eşitmək istəmirdi, Adil müəllim ondan soruşdu ki, niyə özümüzünkülərlə işləmirsən? Cavab verdi ki, mən özümüzünkülərlə işləyə bilmirəm. Dedi, qada, onda mən kənardan rejissor çağıraram bizim aktyorlarla işləyər. 15 aktyor dəvət etməkdənsə, bir rejissor dəvət etmək daha sərfəlidir..."

Gallery

Adil müəllimin yaxşı biş-düş qabiliyyəti olub. Bir gün piti bişirib qardaşı oğlunu da ailəsi ilə qonaq çağırıb. Qonaqlar pitidən dadıb Nizami kinoteatrına kinoya gedirlər. Adil müəllimə təklif etsələr də, imtina edib deyir: "Qadam, siz gedin, kinodan gələndən sonra çay dəmləyərəm içərik". Həmin gecə Adil isgəndərovun ürəyi tutur. Təcili yarım çağrılsa da, onun həyatını xilas etmək mümkün olmur.

Və beləcə Adil İsgəndərov 1978-ci il sentyabrın 15-də vəfat edir...

Gallery

Həmin gün L.İ.Brejnev Bakıya növbəti rəsmi səfərə gəlibmiş. Rəhbərin gəlişindən yaranan bayram əhval-ruhiyyəsi pozulmasın deyə, onun tabutunu gizlincə indiki İkinci Fəxri Xiyabana aparırlar və səssiz-səmirsiz torpağa tapşırıblar.
Lakin, Adil İsgəndərovun qardaşı oğlu bu iddiaların doğru olmadığını aktyorun Aktyorlar evindən götürüldüyünü, ölümündən bir gün sonra günorta saatlarında dəfn olunuduğunu bildirib.

# 46805 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #