Kulis.az Orxan Saffarinin Orxan Həsəninin "Müharibəni gözləyərkən" romanı haqqında yazısını təqdim edir.
Bədii ədəbiyyatın elə mövzuları var ki, onlar haqqında yazmaq təkcə istedad tələb etmir. İstedadla bərabər həyat təcrübəsi də vacibdir.
Həyat təcrübəsi yaradıcılığın əsas elementlərindən biridir. İnsan həyatın müxtəlif mərhələlərindən keçdikcə, daxilində müxtəlif duyğular, müşahidələr, situasiyalar toplayır, bu təcrübələr bədii mətndə özünü emosional dərinlik, əsərdə fərqli xarakterlərin və rəngarəng real hadisələrin yaranması kimi göstərir.
Beləliklə, forma və məzmunundan asılı olmayaraq həyatdan qopub gələn süjetlərin, qəhrəmanların təsviri oxucuda tanış bir dünya təəssüratı yaradır, mətni daha canlı edir.
Bu mövzulardan biri müharibə mövzusudur. Müharibəyə ədəbiyyatın ən təsirli və mürəkkəb janrı demək olar. Burada məsələ təkcə döyüş səhnələrinin təsvirindən ibarət deyil, söhbət həm də müharibənin insan psixologiyasına, cəmiyyətə və tarixi proseslərə təsirindən gedir. Müharibə insanlıq tarixinin ən faciəvi, faciəvi olduğu qədər formalaşdırıcı hadisələrdən biridir deyə yazıçılar onu müxtəlif aspektlərdən təqdim edirlər; bəzən qəhrəmanlıq, bəzən faciə, bəzən isə absurd şəkildə.
Orxan Həsəninin “Müharibəni gözləyərkən” romanı müharibə haqqında olsa da, müharibə səhnələri yoxdur. Roman daha çox müharibəyə aparan siyasi və hərbi proseslərin fonunda ordunun daxilindəki fərdlərin taleyinə və psixologiyasına konsantrasiya olur. Orxanın həyatından, yəni müşahidələrindən və təcrübələrindən qopub gələn canlı hadisələr, canlı qəhrəmanlar bu romanda birləşmişdir.
Bizə müəllifin ilk romanı “Və dalğalandı yaddaş tarlası”ndan tanış olan Cavid obrazı “Müharibəni gözləyərkən” romanında univerisiteti bitirmiş və hərbi xidmətə yollanmışdır. Ümumiyyətlə, estetik zəmində bir-birindən kifayət qədər fərqlənən bu iki romanın süjeti bir-birinin davamıdır. Romanın giriş hissəsində Cavidin şəhid olduğu bildiririlir, sonda deyilməli olan əvvəldə deyilir, hadisələrin gedişində onun gündəliyi ortaya çıxır və romanın sonrakı üç hissəsində Cavid Qurbanlının fərdlərin timsalında ordunun panoramik mənzərəsini göstərən gündəliyini oxuyuruq.
Bu ordu bir il sonra Vətən müharibəsində iştirak edəcək və qələbə qazanacaqdır.
Vətən müharibəsindən sonra ictimai mühitdə gedən ən qızğın müzakirə bu idi: Nə üçün azərbaycanlı yazıçılar Vətən müharibəsindən yazmırlar? Nə üçün qələbəmizi tərənnüm etmirlər?
Birincisi, ədəbiyyatın qələbə tərənnüm eləmək vəzifəsi və məsuliyyəti yoxdur. Ümumiyyətlə, ədəbiyyat çox zaman udanın yox, uduzanın yanında dayanır.
İkincisi, bunun üçün Azərbaycan Yazıçılar Birliyində “saxladığınız” yazıçılar var, onlar nəyi, necə tərənnüm edəcəklərini bilirlər. Bu barədə az qala yüz ilin peşəkarlarıdırlar.
Üçüncü, anlayışları dəqiqləşdirmək lazımdır. Sizə yaxşı bədii əsər, yoxsa qələbənin tərənnümü lazımdır? Söhbət qələbənin tərənnümündən gedirsə, keçən zamanda müharibə mövzusunda yüzlərlə şeir, hekayə yazılıb, ancaq onların nə ədəbi mühitdə, nə də xalq arasında heç bir əks-sədası olmayıb, belə deyək, ədəbi hadisəyə çevrilməyib. Səbəb aydındır; bədii keyfiyyətləri zəifdir.
Onda belə çıxır, siz həm ədəbi dəyəri yüksək, həm də qələbənin tərənnümünə həsr olunmuş əsərlərin yazılmasını istəyirsiniz. Bədii keyfiyyəti yüksək əsərlər isə sizin pafosunuz ilə üst-üstə düşməyəcəyi üçün onu tezliklə daşqalaq edəcəyinizə əminəm. Orxan Həsəninin “Müharibəni gözləyərkən” romanı yuxarıda qeyd etdiyim bədii əsərlərin siyahısına daxildir. Heç bir pafos olmadan, sadə cümlələrlə unikal bir dünya yaradıb. Xülasə, müharibə haqqında roman axtaran oxucu, həm də bu romanı axtarmalı, bu romanı oxumalıdır.
Yaxşı, bəs “Müharibəni gözləyərkən”-i xüsusi edən hansı məziyyətləridir?
Roman Vətən müharibəsi, ümumiyyətlə, müharibə və onun təbiəti barəsində bir çox stereotipi dağıdır. Müharibəni görməyən, o qırğının, ümidsizliyin, hər tərəfi bürüyən ölümün nə demək olduğunu bilməyən insanlar düşünür ki, hər əsgərin daxilində yalnız bir arzu, bir işıq, bir amal var – Vətən torpaqlarının azadlığı və bütün əsgərlər qırğına, ümidsizliyə, hər tərəfi bürüyən ölümün ağuşuna bu məqsədlə gedir, halbuki hər insan fərqlidir və insanlar fərqli olduğu kimi onların arzuları da, məqsədləri də fərqlidir və hərəsi müharibəyə bir istəklə gediblər.
Bəziləri qisas, bəziləri imtina, bəziləri özünü qurban vermək məqsədi ilə, bəziləri ümumiyyətlə getmək istəməyiblər. Hamıya eyni gözlə baxmaq (Vətən, millət, Sakarya) mənzərəni bütöv görməyimizə mane olacaqdır. Hamıya eyni gözlə baxmaq unikal həyat hekayələri olan və romanın qəhrəmanı Qurbanlı Cavid kimi tamam fərqli niyyətlə müharibəyə yollananlara karikatur, birqatlı münasibət göstərməyimizə səbəb olacaqdır. Onları anlamayacağıq və insan anlamadığı şeyi heç vaxt sevə, ona ehtiram göstərə bilməz. Roman öz brutal realizmi ilə bizi pafosdan arındırır və mənzərəni aydın görməyimizə səbəb olur.
Azərbaycanlı müəlliflərin müharibə haqqında yazdıqlar bədii əsərlərdə axtardığım bir cəhət var var. Hərbi xidmətdə olmayan biri əsəri oxuyub anlaya biləcəkmi? Öz könlünə yaxın buraxacaqmı? Müəllifin ustalığı özünü burada göstərir, çünki müəllif öz hekayəsini başqalarının hekayəsinə çevirə bilməlidir. Təkcə, hərbi xidmət yox, nədən yazırsa yazsın, istər Marsdan, istər distopik bir dünyadan, fərq etmir. Əminliklə deyə bilərəm ki, hərbi xidmət barədə heç bir məlumatı olmayan oxucu bu romanı oxusa, tam təsəvvürü formalaşacaq, hətta özünü həmin yerdə, hərbi hissədə, hadisələrin mərkəzində biləcək. Daha dəqiq ifadə etsək, bu roman müharibənin kulisidir, ümumiyyətlə, Azərbaycandakı hərbi xidmətin həqiqi üzüdür.
Orxan Həsəninin iki il öncə çap olunan “Və dalğalandı yaddaş tarlası” romanından sonra “Müharibəni gözləyərkən” onun inkişafının sübutudur. Bu iki roman arasında yuxarıda qeyd etdiyim kimi kifayət qədər fərq var. Orxanın inqilabi dəyişiklik edərək əvvəlki stilindən imtina etməsini, özünü yeni stildə sınamasını cəsarətli addım hesab edirəm və sevinirəm ki, yazıçı dostum bu romanda talantını üzə çıxartmağı bacarıb və mənim “Və dalğalandı yaddaş tarlası”nı oxuyandan sonra yaranan mənfi fikirlərimi dağıdıb.
Hər bir obrazın ayrı-ayırlıqda dolğun işlənilməsi, hadisələrin fərqliliyi, yorucu olmaması və eyni zamanda inandırıcılığı, insan əzabları, bir sözlə, romanda heç bir boşluq yoxdur. Əgər müharibə haqqında yazılan romanlara medal verilsəydi, bu roman ən azından “Müharibədə iştiraka”, “Peşəkarlığa görə” kimi medallara layiq görülərdi.
Sonda yazımı “Müharibəni gözləyərkən” romanının sonuncu cümləsi ilə bitirmək istəyərdim:
“Ulduz sönüb, özü də lap çoxdan, amma işığı qalıb, qalır, qalacaq”.
İndi müharibə də bitib. Amma kədəri, əzabı, ağırısı və işığı qalıb. O işıq isə bu romandır.