"Bu məmləkətin şairləri susub..." - Günel Mehri

Günel Mehri

Günel Mehri

5 iyun 2025
# 12:00

Kulis.az Günel Mehrinin "Şairlər susmasın..." adlı yeni essesini təqdim edir.

Mənə sorsan, bu məmləkətdə ən çətin iş şair qala bilməkdir. Şair ola bilmək də yox, məhz şair qala bilmək. Bir məmləkətin şairləri sükut edərsə, orada yaşayan insanların həyat eşqi azalar, duyğuları korşalar. Bəlkə, gözlə görünməz, bilinməz, hiss olunmaz, amma günbəgün sevgisizləşər, anbaan tənhalaşar həmin məmləkət.

Təəssüf ki, bu gün mənim pəncərəmdən görünən mənzərədə bu məmləkətin şairləri susur... Mənim bu mövzuda haqlı ya haqsız olduğumu isbatlamaq üçün gəl beş il öncəyə boylanaq. Beş il öncədir və ədəbi mühitdəki şeir rəqabətinə, gənc şairlərin ard-arda nəşr etdirdikləri kitablara yetişmək üçün vaxtım çatmır. Üstəlik, feysbuk səhifəmin xəbər lentində, yalan olmasın, hər gün mürəkkəbi qurumamış yepyeni şeirlər çıxır qarşıma. Özü də orijinal dilinə, maraqlı bənzətmələrinə, fərqli mövzularına görə bəhsə girən şeirlər...

Bəs indi... indi şeirlər buz dolabındamı dondurulub, sərçələr kimi ərşəmi çəkilib?.. Hər nə baş veribsə, axırı, bu mələkətin şairləri susub deyirəm. Bir şairin sükutu əvvəlcə onun könlündə yazılmamış şeirlərin məzarlığını yaradar. Onun şair kimliyini unudub, öz ruhuna daha uzaq bir kimliyə keçdiyi zaman bu sükut bir az da dərinləşər. Və bir şairin susqunluğu həmin məmləkətə, bəlkə, yeni bir nasir, jurnalist, müasir dillə desək, bloger, ya başqa sənət sahiblərini qazandırar, düzdür, amma o millətin poeziyasını tükəndirər, cılızlaşdırar.

Şairlərin niyə susduğunu anlamaq üçün, məncə, şair olmaq lazım deyil, şeir olmaq lazımdır. Və mən indi şair qəlblərinin künc-bucağında yarı-yarımçıq qalmış şeirlərin səsiyəm. Hiss edirəm ki, şeirlər də onları sinədəki dəftərlərdən söküb çıxaracaq şairləri üçün darıxıb. Bir ədəbi mühitdəki şeir quraqlığına baxıram, bir də hər şeyə rəğmən cild-cild şeir kitabları yazmış köhnə şairlərin qalaqlanmış əsərlərinə...

Minlərlə şeir var şahın, xanın dövründə, repressiyanın qorxulu çağlarında, sövetlər ölkəsində yazılmış... Hər biri bir rəngdə, bir duyğuda, bir dadda... Əlbət ki, keçmiş şairlərin də nəsrə adladığı məqamlar olub. Amma onlar, ilk eşqinə sadiq qalan aşiqlər kimi hər dəfə şeiriyyətə geri dönüblər. Bəs indi niyə belə oldu? Hanı həqiqi şeir aşiqləri?

Bu suallarım ünvansız deyil. “Müsəlmanın o günü”ndə “Kulis”də qarşılaşdığım Ulucay Akifi sorğulayıram:

“Nəsrdə maraqlısınız. Bəs şeirləriniz niyə susub?..”

Ulucay bu sualımdan diksinən kimi olur, deyəsən. Bir anlıq fikrə gedir. Bəlkə də, qəfil gələn sualdan sonra şair olduğu dönəmləri xatırlamaq istəyir. Mən də fürsətdən istifadə fikirlərimi davam etdirirəm. Elə bilirəm, şeirlər yazda quşların cəhcəhi misalındadır. O xoş civiltilərin sədası bizə necə enerji bəxş edirsə, şeirlər də ruhumuz acanda sığındığımız doğma limandır.

Şeirlər bizi bütün problemlərin məngənəsindən bir neçə dəqiqəlik xilas edib qayğılardan azad bir planetə aparır. Çünki şeirlər çirk götürmür, riya qəbul etmir. Onlar məsumdur, hisslərin ali mərtəbəsi, duyğuların bakirə tərəfidir şeirlər. Bəlkə də, ona görə şeirdə yeni nəsil sözlər, başqa dillərin kəlimələri, jarqonlar yad görünür...

Mən danışdıqca Ulucay da fikirlərini nizama salır. Deyir ki, çağdaş ədəbiyyatda şeir tramplindir elə bil, nəsrə ya jurnalistlik peşəsinə keçmək üçün. Həm şeir kitabları da satılmır deyə əksər şairlər yaşa dolduqca ailə qayğıları artır, maddi çətinliklər şairlik eşqini basdırır. Ciblərə pul girdikcə şeirlər qeybə çəkilir... Düz deyir Ulucay. Amma bu məmləkətin bütün dövrlərdə hər şeyə rəğmən yazan şairləri olub axı. İndi köhnə şeirlərini ara-sıra paylaşan, bir-iki kitablıq şeir yazmış və dayanmış şairlərə səslənirəm:

"Şairlər gününüz mübarək! Nə edirsiniz, edin, bircə şeirlər susmasın. Dünya durduqca həmişə olacaq maddi problemlər, sıxıntılar, amma onlarla yanaşı sizinlə söhbətləşmək istəyən şeirlər də var. Arada onlara da qulaq verin..."

# 2145 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər