Allahın Cənubi Amerikadakı elçisi – Yüz illik tənhalıq, yaxud mövcudluğun ağrısı

Allahın Cənubi Amerikadakı elçisi – Yüz illik tənhalıq, yaxud mövcudluğun ağrısı
6 yanvar 2025
# 09:00

Kulis.az Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanı əsasında çəkilmiş “Yüz ilin tənhalığı” serialı haqqında Ömər Xəyyamın təəssüratını təqdim edir.


Allahın Cənubi Amerikadakı elçisi – Yüz illik tənhalıq, yaxud mövcudluğun ağrısı



Proloq əvəzi


“Uzun illər ötəcək... polkovnik Aureliano Buendia divara söykənib güllələnməyini gözləyəndə atasının onu buzla tanış etdiyi o uzaq axşamı xatırlayacaqdı.
Makondo o zamanlar dumduru suları əjdaha yumurtası boyda hamar daşların arasıyla şütüyən çayın qırağında gildən-bambukdan yapılmış iyirmicə daxmalıq balaca bir kənd idi. Dünyanın erkən çağıydı, hələ çox şeyin adı üstünə oturmamışdı, çox şeyi hələ barmaqla göstərirdilər…”


Olsun ki, ibtidai/şablon qənaətdir, fəqət həqiqətdir ki, hamımız öləcəyik və bizim növün ən xas xüsusiyyəti məhz bu həqiqətə vaqif olub da özümüzünkülərə qənim kəsilməyimizdir.

Əlbəttə, başlanğıc haqqında birxətli/çərçivəli düşünmürəm, üstəlik, məhz inancımın yedəyində yerin üstündən, göyün altından çəkilib intəhasız xəyal aləminə, əngin məchulluğun sehrli qatlarına səyahət etmişəm və biləsiniz, gözümüzlə gördüyümüz, əlimizlə tuta biləcəyimiz, qoxulaya, dada biləcəyimiz mövcudiyyətin arxasından, yəni, irrasional/magik müstəvidən dünyamız,
insani ölçülər daxilində etdiyimiz, etmədiyimiz, elə hər şey apaydın görünür, özü də, görünən həm də odur ki, biz missiyamızın Burakını ya vəlvələdən ya zəlzələdən elə özümüz yoxuşa çapırıq, bir növ, özümüzü, mahiyyətimizi təhrif edirik; özümüzü başqa cür mənalandırmağa cəhd edirik.
Gəl ki, yaşamağın sirri sadədir, üzdədir və xeyli bəsitdir.

İlk kütləvi qətliam hələ əvvəldə
Qabilin Habili öldürdüyü gün baş vermişdi və onda dünya əhalisinin dörddə biri qırılmışdı.
Sonra qovulduq, qovulub göyün altına, yerin üstünə düşdük.
Yəni, sevgisizlik, tənhalıq ta əzəl gündən başladı, - kobud desək, xəmirimizin mayasından...

Biz yerin üstünə, göyün altına gəldik, ölçüsüz, metafizik, irrasional müstəvidən ölçülü müstəviyə endik və elə o gündən ölçü/biçinin qurbanına çevrildik.

Fitrətən, ruhən buralara, yəni, yerin üstünə, göyün altına yadlığımızın nəticəsi əbədi tənhalıq...


Əbədi tənhalığın yüz ili ekranda



Sevimli yazıçım Qabriel Qarsia Markesin (bundan sonra “Qabo”) eyniadlı əsərinin motivləri əsasında çəkilmiş 8 saat 50 dəqiqəlik “Yüz ilin tənhalığı” mini/serialının birinci mövsümünü izlədim.

Necə ki qələmlə klaviaturanın fərqi var, eləcə də qələmlə kameranın fərqi var və bu iki köçürmə aləti yaradıcılığın ilhamını tamamilə fərqli mənbələrdən alır.

Klaviatura hərflərin şəkillərindən ibarətdirsə... bir növ, klaviaturayla yazmaq düşüncəmizi hərfin özüylə yox, onun şəkliylə köçürməkdirsə... qələmlə yazmaq birbaşa düşüncənin özüylə təmasda olmaqdır.

Eyni cür müqayisəni həm də qələmlə kamera arasında aparmaq olar.
Əsər yazılır, – təbii, klaviatura ilə yazılan əsərlərlə qələmlə yazılan əsərlərin intonasiyası, stixiyası, mahiyyəti fərqlidir və bunu ancaq təcrübəli oxucu duyur, – yəni, düşüncə, təxəyyül kağıza köçürülür, özü də, olduğu kimi yox, əlbəttə, yolda, - düşüncədən ələcənki məsafədə bir neçə söz, bir neçə hərf itir, yoxalır.
Üstəgəl, sən kağıza köçürülmüşü təsvir etməyə, vizuallaşdırmağa cəhd edirsən.
Belə demək olar: kameranı yazının mənbəyinə tuşlayırsan, sözün rəsmini çəkməyə çalışırsan.

Proses o vaxt uğurla nəticələnir ki, kameran yolda düşmüş, itirilmiş haman hərfləri, sözləri görə... Yaxud müəllifin ruhunu duyasan, azı, onun köçürdüklərini olduğu kimi vizuallaşdıra biləsən. Yaxud da... İndinin, bu saatın tamaşaçısını elə indinin texnikasıyla əsrlər əvvəl baş vermiş hadisənin içində elə gəzdirəsən, elə fırladasan ki...

Borxesin “Pyer Menar” hekayəsini xatırlayıram...
Hekayənin qəhrəmanı Sevantesin “Don Kixot” əsərini yenidən yazmaq istəyir və yazmağa da başlayır.
Obraz nə etməlidir? Dörd əsr ərzində baş verən hər şeyi unutmalıdır. Paravozu, gəmiləri, təyyarələri, elektron məhsulları, inqilabları... Olan, ölən hər şeyi unudub 16-cı əsrə daxil olmalıdır, daha doğrusu, adlamalıdır.
Hekayədə Borxes həm Pyer Menarın, həm də Servantesin “Don Kixot”undan misallar gətirir. Mən o misalları, bəlkə də, 50 dəfə oxumuşam ki, görüm, nə fərqi var. Ancaq nöqtə boyda da fərq yox idi.
Zamandan tamamilə təcrid olunmaqla əsərin uğurlu olmasına nail olmaq olar. Hər şeydən təcrid olunmaq və ideyanı sözə çevirmək…
Yaxud hər şeydən təcrid olunmaq və ideyanı vizual həll etmək…
Elə mən özüm də indi nəsə qeyri-adi bir şey yazmıram, yaxud nəsə icad eləmirəm… Əvvəllər yazılmış mətnləri, deyilmiş sözləri, bir növ, redaktə edirəm.
Günəşin altında yeni heç nə yoxdur!

Hər şey mahiyyətcə eyni, formaca fərqlidir...
Deməli, hər şey təkrarlanır...
Bir il, beş il, on il, yüz il...

Kədərlənmək lazım deyil. Xeyli uğurlu nəticələr var, əlbət, – məsələn,
Günter Qrassın romanı əsasında Şlöndorfun çəkdiyi “Tənəkə təbil” filmi. di gəl, uğursuz nəticələr daha çoxdur. Elə təzəlikcə Xuan Rulfonun eyniadlı əsəri əsasında çəkilmiş “Pedro Paramo” filmi...

Qəribədir. Nədən ki, Markes özü əsərlərinin ekranizasiyasına qarşı idi və təxminən, “əsərlərim ölümümdən 70 il sonra ekranlaşdırıla bilər” demişdi.

Görünür, Netfliks onun oğullarının saqqızını oğurlamağı bacarıb.

Taleyindən qaçmaq istəyən Xose Arkadio Buendianın timsalında lənətlənmiş ailənin hər şeydən, hər kəsdən uzaqda, fəqət qaçmaq istədikləri talenin hüdudları daxilində sirli/sehrli gərdişə qarşı qanlı/mifik mübarizəsi; ötəri qələbə və müqəddəs yazıdan qaçışın məhvedici mümkünsüzlüyü: süqut!

Sözsüz/şübhəsiz əsərin vizual həlli uğurludur, demək olar, yaradıcı heyət Qabonun qələminə sadiq qalıb.
Düzdür, bəzi əlavələr də var, bəzi detallar ötəri işlənilib, yaxud, ümumiyyətlə, ötüşdürülüb, ancaq məlum, mətn ekrana köçürsə, yəni növbəti müstəvidə yaşamağa başlayırsa, o müstəvinin, o mühitin ab/havasına uyğunlaşır, uyğunlaşmalıdır da.



Əbədi tənhalığın yüz ili kitabda


“Yüz ilin tənhalığı” dərc olunanda Qabonun qırx yaşı vardı.
Düşünürəm ki, əsərin uğurunda Qabo qədər onun sevimli həyat yoldaşı Mersedesin də rolu var.
Belə ki, yazıçı otağında – xatirələrin ağuşunda, cümlədən/cümləyə, nəsildən/nəslə keçəndə onun ömür rəfiqi Mersedes xanım satıcıları, qəssabı, ev yiyəsini inandırmağa çalışırdı ki, hələlik pulumuz yoxdur, bizə vaxt verin, Qabriel yazıb qurtarsın, hamınızın borcunu artıqlaması ilə qaytaracağıq.
O, Qaboya inanırdı, borc yiyələri də ona... müəllif isə xatirələrinə...

İş elə gətirir ki, əsəri naşirə göndərmək üçün Mersedesin şəxsi əşayalarını da girov qoyurlar...
Nəhayət, kitab səkkiz min tirajla dərc edilir və elə həmin həftə hamısı satılır.
Beləcə, “Yüz ilin tənhalığı” dünya turuna çıxır...

Xəyalla gerçəkliyin, reallıqla fantastikanın qovuşağında yazılmış əsərdəki hadisələr Makondoda baş versə də, Qabonun bu qəhvəyi/sarımtraq kommunasını təkcə Kolumbiyanın, Cənubi Amerikanın yox, elə dünyanın simvolu – modeli hesab etmək olar.

Filmdə də bu görünməz sərhəd, daha doğrusu, xəyalla gerçəkliyin, reallıqla fantastikanın sərhədsizliyi, bir-birindəki estetik həlli ustalıqla işlənib.

Ümumiyyətlə, öyrənək görək, bu əsər niyə magik/realist əsər hesab edilir?

Bir fikrə görə, magik realizm reallığın magik/real tərəflərinin iç-içə olmasıdır, bir başqa fikrə görə isə təzadların cəmi.

Məsələn, metafizikaya inam, qohum/əqrəba, nəsil/şəcərə əlaqələri, insest, batil inanclara, şəhər əfsanələrinə, sehrə/caduya inam, folklora söykənmək və sair.

Magik realizmdə ən gözə batan məsələ qohum/əqrəba əlaqələridir.
Bu əsərlərdə bütöv mətn bir soy ağacı, şəcərə ağacı üstündə qurulur və əsərdəki hadisələrə bu soydan gələn qohumlar istiqamət verir.
Siyasət fantaziya ilə toqquşur.

Məsələn, Latın Amerikasında insanlar miflərlə, əfsanələrlə, batil inanclarla iç/içə yaşayırlar. Onlar üçün qeyri/adilik həyatın ən adi həqiqətidir.
Magik realizmdə sehr/cadu adiləşir, tarix xronoloji ardıcıllıqla təsvir edilmir; yazıçı xarici reallığı, gördüklərini olduğu kimi yazmır; qarmaqarışıq hala salır, şişirdir...

Əsərdəki hadisələrin çoxu Qabonun uşaqlığı ilə bağlıdır. Bu və ya digər formada – ya eşitdikləri, ya da yaşadıqlarıdır.

Məlum, Qabriel Qarsia Markesin uşaqlığı Kolumbiyanın Arakataka qəsəbəsində keçib.

Və elə həmin vaxt o, nənəsinin qeyri/adi nəqletmə üslubuyla tanış olur. Yazıçı sonralar qeyd edir ki, nənəsi mifoloji qəhrəmanlar haqqında hekayələr uydururdu, qorxulu nağıllar danışırdı, ancaq mimikaları dəyişmirdi, qətiyyən həyəcanlanmırdı, təəccüblənmirdi.
Çünki o inanırdı...



Tənhalığın növbəti dayanacağı - Makondo

Xose Arkadio ilə onun arvadı Ursula İquara qohumdur və Ursulanın anasının dediyinə görə, əgər onlar sevişsələr, dünyaya ebəcər, donuz quyruqlu bir uşaq gələcək. Odur ki, Ursula Arkadionu uzun müddət yatağına yaxın buraxmır, fəqət, bir gün xoruz döyüşçüsü Prudensio Arkadionun kişiliyinə lağ eləyir, hamının yanında ona söz atır... Buendiaları qısırlıqda ittiham etmək... əlbəttə, ölümlə nəticələnməli idi... Bəli, Xose Arkadio Buendia onu öldürür, Ursulanı isə sözün əsl mənasında arvadı olmağa məcbur edir...

İş elə gətirir ki, Ursula nur topu kimi bir oğlan uşağı doğur...

Günlər, beləcə, qığıltıyla ötüb keçir, ancaq Arkadionun öldürdüyü Prudensionun ruhu onlardan əl çəkmir.
Tez/tez ər/arvadın qabağına çıxan qanlı ruh onları əməlli/başlı narahat etməyə başlayır.

Nəhayət, Arkadio həyat yoldaşı Ursulanı da, dostlarını da xeyli uzağa – dəniz sahilinə getməyə, hamıdan, hər şeydən uzaqda yeni yurd salmağa, çoxalmağa, inkişaf etməyə razı salır. Üstəlik, onlarla ailə də ümid yolçularına qoşulur...
Yolçular az gedir, çox gedir, dərə/təpə düz gedir, gəlib Xose Arkadionun yuxuda gördüyü əraziyə çatırlar.
Və beləliklə, Makondo qəsəbəsi salınır...
Makondo – Buendiaların tənhalığının növbəti dayanacağı...

“Makondo” Markesin uşaqlığının keçdiyi qəsəbədəki banan plantasiyalarından birinin adı idi.
2006-cı
ildə mer təklif etmişdi ki, Arakataka “Makondo” adlandırılsın, ancaq təklif qəbul olunmamışdı.

Buzla tanışlıq məsələsi də realdır. Qabo xatırlayır ki, babamın məni ilk dəfə buzla tanış etdiyi gün bananların qablandığı/çeşidləndiyi sexsayaq yerə getmişdik. Babam mənə dedi ki, əlimi qutunun içindəki ağ duzaoxşar maddənin üstünə qoyum... Beləcə, mən buzla tanış olmuşdum...




Xatirədən kitaba, kitabdan Netfliksə




Əsərdə (elə fimdə də) Qabo babasını Xose Arkadio Buendio ilə əvəzləyib, öz yerinə isə Arkadionun uşaqları Xose Arkadio və Aurelianonu qoyub.

Elə Rebeka da Şimali Amerikanın kəşfindən sonra torpaqları alınmış yerlilərin ümumiləşdirilmiş obrazıdır.
O, torpaq yeyir... Torpağından didərgin düşmüş adamların simvolu kimi onun torpaq yeməyi özlüyündə magik akt olsa da, həm də torpaq üstdə gedən dava/dalaşların mənasızlığına, insanın taleyindəki, insanlığın tarixindəki fəsadlarına işarədir.

Başının üstündə sarı kəpənəklər dolaşan Maurisiyo Babilyona isə Markez uşaq olanda tez/tez onların evlərinə gələn elektrikdir. Müəllif qeyd edir ki, usta hər dəfə özüylə çoxlu sarı kəpənək gətirirdi.
Nənəsi də deyinərmiş.

Qabo Lyosa ilə söhbətində əsərlərindəki qadın probleminə tez/tez toxunur, bəzi məsələlərin vacibliyini vurğulayır:
“Kolumbiyada bir tənqidçi var, mənim yazdıqlarımı həddindən artıq diqqətlə oxuyur. Onun müşahidəsinə görə, mənim təsvir etdiyim qadınlar çox etibarlıdır, müdrikdirlər; ailənin dayağı olmaqla yanaşı, həm də hər şeyi nəzarətdə saxlayırlar.
Kişilərsə əksinə, ağıllarına gələni edirlər, gah müharibələr edib, evləri dağıdır, gah kənd salırlar, min həngamədən çıxırlar, bütün səyləri də puça çıxır. Evdə oturub, adətlərin, ilkin dəyərlərin keşiyində dayanan qadının sayəsində, kişilər arxayın olub müharibədə vuruşur, yer/yurd seçirlər, Amerikanı məskunlaşdırırlar.
Tənqidçinin bu fikirlərini oxuyandan sonra mən öz yazılarıma bir də nəzər yetirdim və gördüm ki, həqiqətən, elədir...
Onda mən “Yüz ilin tənhalığını” yazırdım, romanda əsas qadın qəhrəman Ursula idi. Roman “onun üstündə” qurulub...”

Makondoda dünya dəyişir, pul/para, var/dövlət hökmranlıq etməyə başlayır. Buendialar ailəsinin rifahı məhz Ursulanın işgüzarlığı, tədarük və tədbirləri sayəsində get/gedə yaxşılaşır.
Heç təsadüfi deyil ki, Q. Markes yaradıcılığını tədqiq edən bir çox ədəbiyyatşünaslar Ursulanın timsalında, adətən, Latın Amerikasında kişilərə aid olunan “maço-qadın” obrazını görürlər.

Həqiqətən də, Buendialar nəslində yaxşı nə varsa, Ursula İquaranın adı ilə bağlıdır.

Makondonun tərəqqiyə aparan yoluna ilk həqiqi qiymət verən də elə Ursuladır.
O, deyir ki, zaman elə bil müəyyən dairə ətrafında fırlanır. Doğrudan da, hər şey Ursulanın söylədiyini təsdiq edir. Buendialar nəslində dünyaya gələn kişilərin, qadınların adət/ənənələri, bir/birini əvəz edən nəsillərin, insanların taleyi də oxşardır.
Həm situasiyalar, həm də sözlər demək olar, təkrarlanır.

Markes bəzi qəhrəmanların ömrünü qəsdən uzadır, onların yaşı çoxdur. Özü də, bizi inandırmağa çalışır ki, məsələn, Ursulanın yaşı 170-dən yuxarıdır, Pilar Temeirin də həmçinin...
Ursula axıra qədər də başqaları kimi, necə deyərlər, öz ağlını itirmir. Zindana düşən oğlunu yoluxmağa gəlir, onun barəsində fikirləşdiklərini, utanıb çəkinmədən oğlunun üzünə deyir.
Vaxtilə, onu güclə, nizəylə, hədələyib yatağa sürükləyən ərinə — Xose Arkadionun üzünə belə demişdi ki, sən bu izdivacla böyük bir bəlanın özül daşını qoydun...


Ancaq bəzən Ursula da insanın dərdinə kor baxan insana çevrilir, hətta ana kimi bir varlığın şəfqət işığı da öz bətnindən uzağa düşmür. O eşidəndə ki, oğlu gəmi qəzasına uğrayıb bir adanın sahilinə atılanda adam əti yeməyə məcbur olub, övladının yediyi adamın da hansısa bədbəxt ananın övladı olduğunu düşünmür, yalnızca buna təəssüflənir ki, onun əziz/xələf balası haram tikəylə qidalanmağa məcbur olub: “Zavallı oğlum, biz də burada qabağımızdan qalan nə qədər yeməyi donuzlara atmışıq”.

Yaxud, gözəl Remediosu qətiyyən anlamır. Mələk kimi qızın dərdindən ölənlər, divar dibində can verənlər onun qəlbinə yol tapmağın çəmini bilmirlər. Roman boyu baş verənləri flobersayağı laqeyd bir tövrlə kənardan, daha doğrusu, yuxarıdan izləyən, hadisələri nəhəng kamerasıyla tələsmədən seyr eləyən, dünya dağılsa belə, halını dəyişməyən müəllif yalnız bu məqamda əsərin içinə girməyə, personajların qəlbinə dürtülməyə balaca, çox balaca bir ayaqyeri qoyur: Remediosun mükəmməl bədəninə aşiq olmuş bütpərəstlər anlamırlar ki, bu qızı ələ almaqdan ötrü onu, sadəcə, sevmək lazımdır. Sadəcə, sevmək, vəssalam!


Məhəbbətin simvolu.... gözəl Remedios... onun gözəlliyindən ətrafa soyuqluq, ölüm nəfəsi saçılır...

Remedios da, Amaranta da bakirədir, ancaq Amarantanın bakirəliyi qorxaqlıqdan, təkəbbür və eqoizmdən irəli gəlirsə, Remediosdakı təmizlik humanizmdən, bəşər övladının tam azadlığı duyğusundan doğur. Remediosun gözəlliyi aldadıcı olsa da, hər halda ideal məhəbbət arzusuna yaxındır. Bəlkə, elə ona görə də yazıçı onun taleyini çox sadə yolla axıra çatdırır. Külək əlindəki mələfə ilə birgə Remediosu göylərə qaldırır və beləcə, Remedios ülviliyə qovuşur...

Buendia nəslinin içində təkcə onu qiyamət əzabından qurtulmuş saymaq olar.

Elə bil Ursula İquaranın bəxtidir ki, Buendia nəsli üçün məhəbbət deyilən şey — yalnız və yalnız şəhvəti zor gücü ilə söndürməkdən ibarətdir. Öz-özünü didib/dağıdan ehtiras — Aureliano adını daşıyanlara xasdır. Soyuqluq, qorxu, hər şeydən çəkinmək isə Amaranta və Fernandanın payına düşüb. Onsuz da nəticə eynidir — belə məhəbbətə bənzər hisslər insanları birləşdirməyib, bir-birindən ayırmağa aparıb çıxarır. Aurelianonun belə “məhəbbət”lərə qiyməti dəqiqdir: “Ömür qısadır, doğub/törəyin, ay inəklər...”

...bir çox sirlər/sehrlər sözsüz ki, vaxtaşırı Makondoya baş çəkən və hər gələndə də təzə bir möcüzə gətirən qaraçılarla bağlıdır.

Bəli, dünyadan tamamilə təcrid olunmuş Makondo və makondalılar hardan gəlib və hara getdikləri məlum olmayan qaraçıların gəlişiylə dəyişir...

Qaraçılar Makondo əhlini “son kəşflər”lə tanış edir və bu görüşlərdən gecə/gündüzünü, yuxusunu, rahatlığını büsbütün itirənsə, əlbəttə, Xose Arkadio Buendiadır.

Onu da deyim ki, qaraçılar Makondoya bizim təsəvvürə gətirdiyimiz real dünyadan deyil, elə bil Amerika kəşf olunan bir əyyamdan, bəlkə də, gələcəkdən gəlirlər. Hər halda bunu dəqiqləşdirmək mümkün deyil və buna cəhd göstərmək də əbəsdir.

Xose Arkadio Buendianın xəmiri, macəra, səyahət, narahatlıq, çətinlik, məşəqqət və eyni zamanda bütün bunlardan alınan ləzzətdən yoğrulub.

Düzdür, müəllif orta əsrlərin İntibah dövrünün ruhunu yaşadır. Ancaq hər şey markessayağıdır, belə ki, İntibah ruhu “Yüz ilin tənhalığı”nda həm öyülür, həm də Markesə xas şəkildə kinayə obyektinə çevrilir.
Yəni, ciddi münasibətlə, istehzanın arasında möhkəm bir sədd yoxdur və ümumiyyətlə, belə bir sərhəddən danışmaq lüzumsuzdur. Q. Markes bütün sədlərə, sərhədlərə, ölçülərə sarkazmla yanaşır.

Müəllifin qrotesk dünyasına müasir cəhətdən yanaşsaq, Avropa sivilizasiyasının daşıyıcısı, həm də sehrin, möcüzənin qoruyucusu məhz bu kinopritçada qaraçılardır, ovsunçulardır.

Qaraçılar/ovsunçular Xose Arkadionu da elmi axtarışlara sövq edir, ancaq bunlar heç biri nəticə vermir. O, maqnitin köməyilə Yerin təkindən qızıl çıxarmaq istəyir. Fəlsəfi daşın, əbədi mühərrikin axtarışı da səmərəsiz qalır.
Və get/gedə özünə qapanır, sayıqlayır, az qala, ağlını itirsin...
Bu mərəzdan xilas yolusa... yoxdur...

Qaraçılarla görüşdən sonra Makondonun banisi, öz yurdunu sivilizasiya yoluna çıxarmaq, ətraf dünyaya calamaq arzusuna düşür. Amma ürəyinin dərinliyində hiss edir ki, Makondodan heç bir tərəfə çıxış yolu yoxdur.

Təsadüfi deyil ki, camaatı gəldikləri səmtə aparmağı lazım bilmir, deməli, keçmişlə əlaqə tamamilə qırılır...

Makondo əhlinin köməyinə qaraçıların başçısı Melkiades çatır.
O, sehrli məcunun yardımı ilə Makondo camaatının yaddaşını özünə qaytarır və özü də həmişəlik Makondoda qalır.

Çox çəkmir ki, Melkiades özünü bircə işə - Makondonun və Buendialar nəslinin gələcək taleyinə həsr edir. Ölümünə bir az qalmışa qədər, Melkiades, baxıcılıq işini başa çatdırır, ancaq özünün öncəgörməsini çox diqqətlə kodlaşdırır. Sehrli cızmaqarayla yazılmış perqamentlər hələ uzun müddət Buendiaların mülkündə qalasıdır və o perqamentlərin sirri açılanda, Melkiadesin xətti oxunanda artıq iş/işdən keçəcək.
Makondo əhlinin dadına heç kim çatmayacaq...

Q. Markes öz müsahibələrinin birində etiraf edir ki, romanın axırına qədər bilmirdim, əsəri necə qurtarım. Axıra qədər Melkiadesin perqamentlərə nə yazdığı mənə də məlum deyildi...
Finala çatanda romanı bir də əvvəldən oxuyub başa çıxdım... Və bir gecə elə bil məni dümsükləyib yuxudan durğuzdular.
Bəli! Melkiades elə mənim yazıb başa vurduğum romanı yazırmış!
Ona əyan idi ki, Makondonu tufan/qasırğa Yer üzündən süpürüb aparacaq. Ancaq Melkiadesin hansı dildə yazdığı da mənim üçün naməlum idi. Sonradan aydınlaşdı ki, Melkiades qaraçı olduğu üçün onun yazısı yalnız sanskritdə ola bilər... Final mənim özümün də xoşuma gəlir. Yəni elə bil ki, roman qıfıllanıb...

O əsərdə sirk ilə bağlı maraqlı bir fraqment - sanki yazıçının əsas qayəsi kimi səslənir. Melkiades çadır/sirkin yanında deyir ki, əşyaların da öz ömrü var. Məsələ onların qəlbini oyatmaqdadır.

Sirk roman qəhrəmanlarının yatmış duyğularını, xatirələrini oyatmaq üçün də yazıçının dadına çatır.
Polkovnik Aureliano Buendia qocalığında həyətə çıxır, qulağına Makondoya gələn sirk arabasının zınqırov səsləri gəlir; qaranlıqda gözünə fil, həm də rəqqasə görünür, ancaq nə qədər arayırsa, öz qəlbində heç bir xatirə tapa bilmir, güllələnməzdən əvvəl atasının onu sirkə aparıb buzu göstərməyi yadına düşür, ölüm ayağında yenə sirki xatırlayır...

Qabo “güzgü” motivindən də Buendialar nəslinin bir komponenti kimi istifadə edir. Təzə yurd yeri axtaran Xose Arkadio yuxuda dolaşıq da olsa, Makondonun adını eşidir, daha sonra isə divarları güzgülü, qələbəlik bir şəhər görür.
Güzgü - təkrarın, qayıdışın, nəhayət, bütün Buendialar nəslinin rəmzi sayılır.

Elə qaraçıların başçısı Melkiades də Xose Arkadioya təlqin etməyə çalışır ki, Makondo yer üzündən silinib gedəcək və onun yerində evləri güzgüdən tikilən bir şəhər ucalacaq. Xose Arkadio isə onunla razılaşmır və deyir ki, o şəhərin divarları buzdan tikiləcək, özü də o şəhərdə Buendialar nəslindən mütləq kimsə bir nəfər yaşayacaq.

Xose Arkadionun təsəvvüründə dünyanın ən böyük möcüzəsi buzdur.

Təsadüfi deyil ki, Xose Arkadionun xələflərindən kimsə, öz əcdadının arzusunu yerinə yetirərək, Makondoda “buz fabriki” açmaq istəyir.

Əlbəttə, bu layihə də Buendiaların bir çox arzusu kimi puça çıxır.
Şübhəsiz, belə də olmalıdır.

O şeyin ki özülündə buz var... o şey mütləq əriyəcək...

Dünyanın heçliyi/puçluğu və eyni zamanda, həyatın spiralvari, əslində, qızmar günəş altında buzdan tikilən şəhər kimi mənasız bir şey olduğu - amansız qənaətdir.

“Buz” motivi ideala yetmək üçün bir vasitə kimi də görünə bilər. O ideala ki, nə Buendialar, nə də ümumi bəşər cinsindən hələ ki yetişən olmayıb. Əksinə, istər Makondoda, istərsə Yer üzündə bəşər övladının başına gələn dərd və bəlalar güzgü prinsipi ilə durmadan təkrarlanır.

Baxmayaraq ki, hər şey Makondoda dünyanın yaranışındakı kimi təzə/təzə başlamışdı... dünya tər/təzəydi, ona görə də çox şeyin adı yoxuydu, onları ancaq barmaqla göstərirdilər... Sanki bəşər övladının çoxdankı arzusu yerinə yetmişdi... hamı zəhmət çəkirdi, feyzini də hamı eyni dərəcədə görürdü, hamı eyni hüquqa malik idi, evlər elə tikilmişdi ki, hamının payına eyni dərəcədə gün işığı düşürdü.

Ancaq bir gün bir nəfər gəlir və məlum olur ki, dövlət Makondodakı evlərin maviyə boyanması haqqında qərar çıxarıb.

Yəni, beləcə, Makondoya siyasət ayaq açır və təkcə ayaq açmır, həm də bu mistik/işıqlı kommunanı uçuruma sürükləyir...

Kolumbiyadakı vətəndaş müharibəsi, Amerikanın kəşfi, yaranmaqda olan milli burjuaziyanın görməmişliyi, ABŞ-nin hiyləgər təzyiqi, xarici kapitalın təzyiqinə qarşı ilk kütləvi etirazlar, eləcə də ilk qurbanlar...

Bu kinopritçanı arxeoloji baxımdan analiz etsək, həm Kolumbiya, həm də bütövlükdə Latın/amerikan tarixinin bir neçə dövrü ilə rastlaşmış olarıq. Xüsusilə, Kolumbiyanın ən ağır dövrlərindən biri olan “violensiya”, yəni, vətəndaş müharibəsi...

Qabo deyirdi ki, mənim uydurduğum Makondo - Latın Amerikasının bu günüdür, indisidir, bu qitənin müasir problemləridir, çünki keçmişdə və hazırda Makondoya bənzər minlərlə qəsəbə ABŞ monopoliyalarının əsarəti altında inləyir, məhv olur.

Hadisələr, təqribən, yüz illik bir dövrü əhatə eləyir. Bu zaman müddətində Buendia ailəsinin altı nəsli dünyaya gəlir, Makondo iyirmi daxmalıq bir kənddən böyük qəsəbəyə, şəhərciyə çevrilir, fəqət sonda insest/siyasət bəlasına düçar olan nəsil də kəsilir, sivilizasiyadan aralanıb tarixin tozuna bürünən qəsəbə də dağılır.
Qiyamət küləyi, Nuh tufanı hər şeyə son qoyur.

Düzdür, sonluğu
filmin ikinci səkkizliyində izləyəcəyik, yaradıcı heyətin əsərə sadiqliyi imkan verir ki, sonluğu aşağı/yuxarı təxmin edim: Nəslin sonu da insestlə bitir, bilmədən bibisi ilə evlənən Aureliano Babilonyanın arvadı ondan donuz quyruqlu uşaq dünyaya gətirir. Qadın qanaxmadan ölür, uşağı qarışqalar yeyir. Aureliano özü isə qaraçı Melkiadesin otağına çəkilib perqamentlərin sirrini çözməkdəykən anlayır ki, bu otaqdan daha çıxa bilməyəcək, Makondoya fələyin elçisi kimi gəlib/gedən qaraçının yazdıqları çin olub: Nuh tufanı qopub, Buendianın da, Makondonun da axırı çatıb.

Təklik, yalqızlıq onların nəsil xəstəliyidir, tək yaşamaq, yalqız ölmək onların qismətidir...
Elə bizim də...


İSTİFADƏ EDİLMİŞ MƏNBƏLƏR:

Yazıda Fəxri Uğurlunun "
Təkliyinə çarmıxlanmış nəsil: “Yüz ilin tənhalığı” romanı haqqında" essesindən istifadə edilib.

# 1714 dəfə oxunub

Oxşar xəbərlər

Əkiztay - Həmid Piriyevin yeni hekayəsi

Əkiztay - Həmid Piriyevin yeni hekayəsi

12:00 5 yanvar 2025
Stalinlə məzələnən, divar saatından başqa heç nəyi olmayan dahi - O niyə özünə qəsd etmişdi?

Stalinlə məzələnən, divar saatından başqa heç nəyi olmayan dahi - O niyə özünə qəsd etmişdi?

16:00 4 yanvar 2025
Sənin hər şeyin olmağa hazıram - Aysel Əlizadədən şeirlər

Sənin hər şeyin olmağa hazıram - Aysel Əlizadədən şeirlər

15:00 3 yanvar 2025
“İdeal” əsərindəki “ölümsüzlük” fəlsəfəsi və Robert lanza fizikası - İradə Musayeva

“İdeal” əsərindəki “ölümsüzlük” fəlsəfəsi və Robert lanza fizikası - İradə Musayeva

13:06 3 yanvar 2025
Yaz intizarı - Şərif Ağayarın hekayəsi

Yaz intizarı - Şərif Ağayarın hekayəsi

17:17 1 yanvar 2025
Ən yaxşı 10 Yeni il kitabı -  Siyahı

Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

15:00 1 yanvar 2025
# # #