Bizdən istifadə edən qəddar sənətkarlar – Mehman Qaraxanoğlu yazır...      

Bizdən istifadə edən qəddar sənətkarlar – Mehman Qaraxanoğlu yazır...      
21 yanvar 2021
# 17:19

Kulis.az tənqidçi Mehman Qaraxanoğlunun “Gərəksiz” portretlər” essesini təqdim edir.

Dilimizə orijinaldan tərcümə olunmuş hər bir ədəbi diskurs təkcə onu ərsəyə gətirən müəllif və onun təmsil etdiyi ölkə haqqında bizdə, necə deyərlər, yalnız birinci əldən “kosmetik” də olsa, təptəzə təsəvvürlər yaratmır, həm də çevirimçinin intellekti, ədəbi səviyyə və zövqünü ortaya qoyur. Elvin Abbasbəylinin monqol dilindən çevirdiyi və haqqında bugün söhbət açacağımız ikinci hekayə də (Əgər yadınıza gəlirsə, bir neçə ay bundan əvvəl o, istedadlı Monqolustan yazıçısı Davaadorj Enxboldbaatarın “Dekabr qızı” hekayəsini dilimizə çevirmiş və hekayə ədəbi rezonans doğurmuşdu. Hər iki hekayə Kulis.az-ın “Hekayə günü”ndə çap olunub. Həm də Elvin bir ilkə imza atmışdı; birbaşa orijinaldan - monqolcadan dilimizə çevirən ilk müəllif olmuşdur) bədii-sənətkarlıq baxımdan bizə yetərincə impulslar ötürə bilir.

Elvin Abbasbəylinin çağdaş Fransa-Azərbaycan ədəbi əlaqələrinin qurulmasında da hələlik “kövrək” xidmətləri vardır. Çox pozitiv enerjiyə malik olan Elvin başını aşağı salıb səbr, təmkin və layaqətlə öz işini görür. Hətta sosial şəbəkələrdəki paylaşımları da (daha çox sonsuz monqol təbiəti, çölü və məişəti ilə bağlı şəkillər) bu istedadlı gəncin nəhayətsiz Çöl fəlsəfi arxetipinə bir azərbaycanlı olaraq hansı genetik kod və işarələrlə bağlılığını sərgiləyir. Elvinin fiziksəl və ruhsal “görünüşü” də onun haradansa çox-çox uzaq və əski məmləkətlərdən gəldyini sanki fokuslandırır. Bunlar ilkin təəssüratlarımdır. Təbii ki, yanıla bilərəm. Amma yanılmamaq ümidi ilə: “- Sükanı belə saxla, Elvin!” – deyirəm.

Sözügedən hekayə - Maqvan Erdenebatın “Portret”i sadə, lakin “müəmmalı” süjet quruculuğu, lakonikliyi və alt yapısı ilə diqqəti cəlb edir. Səksən yaşına qədəm qoyan qoca Lamzav “kaprizlər”i ucbatından nəvələrini və yeznəsi Nasanbatı boğaza yığır. Əsas dava da televizor kanallarını tez-tez dəyişməsi üzündən baş verir. Məsələni “böyüdən” yeznə də bunu qızının başına qaxınc edir. Qız da atasının tərəfini saxlayır. “Hadisə”nin baş verdiyi həmin gün “gərgin” mübarizə nəticəsində pultu ələ keçirən qoca şakərinə uyğun olaraq kanalları tez-tez dəyişməyə başlayır. Dəyişilən kanalların qocaya “sürpriz”i çox möhtəşəm olur; məlum olur ki, gəncliyində onun portretini çəkən xanım rəssamın sərgisi keçirilir. Portretinin də orada sərgilənəcəyini intuitiv hiss edib qəfildən dirçələn qoca qızından və yeznəsindən sabah onunla getmələrini xahiş edir. Atasına “qarşı çıxan” da ilk qızı olur: Elə bilirsın, səninlə getməyə vaxtımız var?” - deyə qızı cavab verdi.

Yazıçı böyük ustalıqla, çox incə, zərif “işləmələr” və işarələrlə yaşlı və gənc nəsil arasındakı əbədi mənəvi-psixoloji ayrıntını, yaşlaşıb qocalandan sonra insanın tədricən hətta övladlarının yanında da əvvəlki hörmət və izzətini itirdiyini, vaxtilə çiyninə alıb gəzdirdiyi evin indi özünə, özünün də ailə-uşaq yanında artıq bir yükə çevrildiyini və bu dəhşətli prosesdə məhz övladlarının baş rolda olmasını məharətlə “ön”ə çəkir. Əslində, heç önə də çəkmir. Oxucuya elə gəlir ki, belə də olmalıdır. Çünki bu, arxetip kimi insanoğlunun şüurunda özünə çox dərin yer eləyib. Qoca adamın “dirilişi”ni heç kəs görmək istəmir. Sanki qəbul olunmuş qayda-tabuda dəyişiklik eləmək olmaz, vəssalam…

Adi məişət əhvalatına bu cür bəşəri “görkəm”in verilməsi yazıçının professionallığından xəbər verir. İstər-istəməz dahi Mirzə Cəlil və Əbdürrəhim bəy Haqverdiyev yada düşür. Amma biz yaddaşın daima “geri”yə işləməsinə qarşıyıq. Analogiyalar yenilənməlidir. Orijinaldan tərcümələr özümüzə “yad” gözlərlə baxmağa kömək edir. Davaadorj Enxboldbaatarın “Dekabr qızı” Maqvan Erdenebatın “Portret”indən çağdaş nəsrimiz necə görünür?!

Qoca Lamzavın üsyanı başadüşüləndir: “Bəsdir məni ölü yerinə qoydunuz. Tək gedəcəyəm”. Bundan sonrakı cümlə lap kinodakı kadrın qəfil dəyişilməsi kimidir: “Sərgi zalı həddindən artıq sakit idi”. Nəsrimizdə neqativ sterotiplərdən birisi elə budur; keçidlər arasındakı lənglik. Və ya “izahedici” lənglik. Hələ bu harasıdır, təhkiyəçinin imkanı olsa, cırtanın nənəsi kimi oxucuya yağ yaxması da verəcək ki, onunla birgə keçidlərdən “rahat” adlaya bilsin. “Portret”dən fərqli olaraq “Dekabr qızı”ndakı gözlənilməzliklər, reallıqla irreallığın çulğalaşması və süjetdəki dramatizm bizə keçidləri də “unutdurur”.

Qoca Lamzav, nəhayət, sərgidə öz portretini tapır. Amma şəklin altında onun adının yazılmaması onu çox əndişələndirir. Kimə sübut edəsən ki, portretdən boylanan cavan, yaraşıqlı, enerji ilə dolu insan onun özüdür. Qocaya elə gəlir ki, rəssam onun adını yazmağı unudub. Ona görə də “sərgi zalının bir küncündə ayaq üstündə duran qıza yaxınlaşdı: “Qızım, de görüm, rəssamı hardan tapa bilərəm”. Qız xəstəlik üzündən rəssamın hələ ki, sərgiyə qatıla bilmədiyini deyir. Ramzav portretdə adının olmamasına çox əsəbiləşsə də, başlıcası, ən qəddar həqiqəti qəbul edir: “Həəə, demək vəziyyəti pisdir. O da artıq yaşlanıb”. Amma təslim olmaq istəmir. Cavanların onu tanımaması qəbulediləndir, bəs dostları? Heç olmasa, portretini onlara göstərə bilər?!

Mətnin “gözlənilmədən” monotonluqdan qurtulub çoxspektrli fəlsəfi məna kəsb etməsi göz qabağındadır. Lamzavın ailədən başlanan narahat yolu sənətin-portretin önündə sanki “kilidlənir”. Biz də çağdaş mətnlərimizdə bütün xırda detalları yerində olan, imitasiya və quramalıqdan uzaq çoxplanlılıq, çoxyönlülük və çoxqatlılıq görmək istəyirik.

Özü də sözə maksimal qənaət etməklə!

Lamzav dostu Javın qonşu binada yaşadığını xatırlayıb yanına getmək istəsə də, məlum olur ki, dostu dünyadan köçüb. Köhnə qadın dostu Borxuuxenin ağır xəstələnib kimsəni tanımadığını uşaqlarından öyrənir. Təhkiyəçi mətnin strukturu və iyerarxiyasına uyğun “hökm” çıxarır: “Bu gün Lamzavın təxminən qırx il öncə çəkilmiş portretini tanıya biləcək dostlarının demək olar ki, hamısı bu dünyadan köçüb gedib”.

Qoca Lamzav öz portretinə məğlub olur. Portretdə o deyil... Axı həm də odur. Yazıçı bizə demək istəyir ki, sənət ümumibəşəri bir nəsnədir və orada məhz öz adını axtarmağın əbəsdir. Və ya gəncliyini gedib hansısa donuq bir portretdə gəzməyin absurd bir çabadır.

Zaman çox qəddardır. Sənətkar sənin üzərində öz məqsədini həyata keçirir. Sonra sən ona lazım olmursan. Heç adın da lazım olmur. Lap həyatdakı kimi... Əslində, sərgidəki portret qocanın evdəki portretini tamamlayır. Və ya bu, dairəvi bir güzgüdür. Hara getsən, kədərli surətindən qaça bilməzsən...

Qoca Lamzavın şahid axtarışına çıxması çox qəmlidir. Ürəkparçalayan bir səhnədir. Şahid yoxdur! Onlar ya ölüblər, ya da ölümcül xəstədirlər. Heç sağlar da - qızın, yeznən, nəvələrin də şahidlik etməyəcək!

Hekayənin sonluğu pritçavaridir: O gün axşam qoca kişinin təzyiqi qəflətən qalxdı. Bəzən huşunu itirirdi. Huşu yerinə gələndə Lamzav niyə bu qədər xoşbəxt həyat yaşadığını heç anlamadı”.

Deyəkmi qoca Lamzav niyə bu qədər xoşbəxt həyat yaşadı? Çünki o, son anda yuxu ilə oyaqlıq arasında öz “real” portretindən biryolluq qurtulur. Bundan sonra o portret Lamzava lazım olmayacaq. Heç televizorun metafizik pultu da lazım olmayacaq...

# 3631 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #