100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

Nəcəf bəy Vəzirov, dramaturq

Nəcəf bəy Vəzirov, dramaturq

9 iyul 2026
# 10:00

Bu gün görkəmli yazıçı, dramaturq Nəcəf bəy Vəzirovun anım günüdür.

Kulis.az Əzizə Ələkbərovanın "Nəcəf bəy Vəzirov əsərlərində milli özünüdərk" məqaləsini təqdim edir.

Giriş

XIX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatı xalqı dini kabusundan uzaqlaşdırmaq, ona maarifi, elni, vətəni, zəhməti, quruculuğu, başqa sözlə həqiqi insan və həqiqi vətəndaş kimi yaşamağı sevdirmək məqsədi ilə yeni bir mərhələyə daxil olmuşdur. Bu ideyanın əsasını Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundov qoymuşdur. M.F.Axundovun ideyalarını Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi və Əbdürəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər davam etdirmiş, məzmun miskinliyinə qarşı mübarizə apararaq, xalqın tərəqqisi və fikri inkişafı üçün çalışmışdılar.

XIX əsrin 70-ci illərində yaradıcılığa başlayan Vəzirovun bu qayə uğrunda aparıdığı mübarizə çox ağır, daha doğrusu feodal-patriarxal bir şəraitdə cərəyan etmişdi. XIX əsrin sonu XX əsrin əvvəlləri xalqının inkişafına müxtəlif istiqamətdə xidmətləri olmuş Nəcəf bəy uşaqlıqdan atasının əmək qabiliyyətini itirməsinə, ailə vəziyyətinin ağır olmasına baxmayaraq elmə və biliyə böyük həvəs göstərmişdir. Vəzirov hər nəyin bahasına olursa-olsun təhsilini davam etdirməyə çalışmış, buna görə 1868-cı ildə Şuşanı tərk edərək Bakıya gəlmişdir. O, həmin il bir çox əziyyətlərdən sonra Bakı gimnaziyasına qəbul edilmişdir. Bakı realnı məktəbində rus dilində təhsil alan Vəzirov hələ ilk günlərdən ədəbiyyata böyük maraq göstərmişdir. O, ilk dəfə realnı məktəbinin altıncı sinfində oxduğu zaman teatr tamaşasına getmiş və bu tamaşa onun yaradıcılığında çox mühüm rol oynamışdır. Vəzirov bu tamaşadan sonra o zaman realnı məktəbdə dərs deyən Azərbaycanın görkəmli maarifpərvər ziyalısı Həsən bəy Zərdabiyə azərbaycan dilində teatr əsərlərinin olub-olmaması sualı ilə müraciət etmişdir. Bu zaman Həsən bəy Zərdabi Mirzə Fətəli Axundovun əsərlər külliyyatını ona vermişdir. Vəzirov M.F.Axundovun pyeslərini böyük bir həvəslə oxuyub azərbaycan dilində teatr tamaşası təşkil etmək həvəsinə düşmüşdür. Həsən bəy Zərdabinin rəhbərliyi və yaxından köməkliyi, Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə M.F.Axundovun “Hacı Qara” məzhəkəsi realnı məktəb tələbələrinin də iştirakı ilə ilk dəfə tamaşaya qoyulmuşdur.

M.F.Axundovun dramaturgiyanın, H.Zərdabinin “Əkinçi” qəzetinin və N.Vəzirovla birlikdə teatrın əsasını qoymaları XIX əsrdə xalqın milli özünüdərkinin ilk rüşeyimlərini yaranmasına səbəb olmuşdur.

Məlumdur ki, Vəzirovun uşaqlıq dövründə Azərbaycanda iqtisadi, siyasi və mədəni həyatda durğunluq idi. Təhkimçi-feodal münasibətləri, ənənəvi düşüncələr, keçmiş həyat tərzi, ənənəvi təhsil qaydaları dəyişməmişdir. Vəzirovun həyatı ilə tanış olduqda onun da ilk təhsilini dini məktəbdə aldığını görürük. XIX əsrdə Şuşada, Bakıda, Şamaxıda, Naxçıvanda və başqa şəhərlərdə çoxlu mədrəsələr mövcud idi. Təhsil isə ərəb-fars dilində keçirilirdi, dərsdə isə quran oxudulur, şəriət, fiqh kimi dini dərslər tədris olunurdu. Elm, incəsənət, ədəbiyyat islam dinin təsiri altında idi. Bunun nəticəsində cəhalət və fanatizm dərin kök salmışdır. Nizami, Füzuli yaşadıqları zəmanənin mütərəqqi ideyalarını öz qəzəllərində əks etdirirdilər. XIX əsrdə Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani kimi qəzəl yazanlar istisna olmaqla qəzəl yazanların böyük əksəriyyəti dahi şairləri yalnız forma cəhətindən təqlid edirdilər, yazdıqları şeirlərin ideya və məzmununa fikir vermirdilər. Axundovla başlayan mütərrəqqi fikirlərin inkişafı Zərdabi və onun tələbəsi Vəzirovla davam etdirildi. Nəcəf bəy Vəzirov qırx ildən artıq dövrü əhatə edən yaradıcılığında yazdığı dramlarda, fleytonlarda həyatı dərindən müşahidə etməklə xəlqilik prinsiplərinə əsaslanmış, xalqın həyatını yaxşı bildiyi üçün həyat həqiqətlərini olduğu kimi əks etdirmiş, canlı danışıq dilindən istifadə etmiş, müxtəlif xarakterlər yaratmış, ifşa, tənqid üsullarından istifadə etmişdir. Öz yaradıcılığında məhz bu ideya və düşüncələri əks etdirmişdir. Axundovdan sonra Vəzirov da əsərlərində dini mövzular deyil, ictimai və məişət mövzularını əks etdirirdi. O, sələfi Axundov kimi dramaturgiya janrına müraciət edərək həyatın geniş lövhələrin yaratmaq istəyirdi. Məqsədi insanlara təsir etmək, onların idrakını, şüurunu formalaşdırmaq, mövcud həyat şərtlərini dəyişdirmək və yenidən qurmaq idi. O, müəllimi Həsən bəy kimi publisistik əsər yazmaqla yaradıcılığa başlamamış, ilk qələm təcrübəsinə pyeslə, dramla başlaması isə yəqin ki, baxdığı tamaşa və 1873-cü ildə müəllimi ilə əsasını qoyduğu teatrın nəticəsidir. Gənc ədib bu əsərlər vasitəsilə köhnə təhkimçi feodal qurluşunu, bu quruluşun ictimai eyblərini təsvir edirdi. İlk əsərlərini tələbəlik dövründə qələmə alan Vəzirov artıq bilirdi ki, təkcə Mirzə Fətəli, Həsən bəy kimi ziyalılar deyil, xalqının, millətinin, vətəninin təssübünü çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır.

Tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayev “Nəcəf bəy Vəzirov. Əsərlər” adlı kitabının müqəddimə hissəsində dramaturq haqqında fikirlərini belə ifadə etmişdir:

“Axundzadənin ən yaxın mənəvi irsi-Nəcəf bəy Vəzirov (1854-1926) artıq onun həm maarifçilik proqramına, həm də dram poetikasına yeni bədii notlar və sosial-fəlsəfi çalar gətirir. O, həyatın, məişətin və əxlaqın realist səhnədəki əhatə çərçivəsini daha da genişləndirir, ona yeni janrlar, üslub, dil fərdiliyi artırır. Nəcəf bəyin sıravi, sadə qəhrəmanları özləri ilə səhnəyə gerçəkliyin daha yekrəng adiliyini, ənənəvi bədii diqqətdən kənarda qalan “prozasını” daxil edirlər. Vəzirov maarifçi didaktikanı son hüduda gətirib çatdırır, səhnədə birbaşa təlim-monoloq söyləyən rezoner surətlərin bütöv bir silsiləsini yaradır (Əşrəf bəy, Fəxrəddin bəy). “Təmsilat”dakı satirik başlanğıcın yeni bədii mənzilə çatdırılması ilk xalis satirik komediyanın (“Pəhləvanani-zəmanə”, 1906), maarifçi dramatizmin və konfliktin fəci hüdudlara qalxması isə dramaturgiya tariximizdə ilk milli faciənin (“Müsibəti Fəxrəddin”, 1896) yaranmasına səbəb olur”

Bəli, dramaturq əsərlərində ənənəvi həyatı, cahilliyi, qəddarlığı təmsil edən “qəhrəman”ları tənqid edirdi. Anadan olduğu Şuşada, sonra Bakıda şahid olduğu özbaşınalıq, mövhumat, avamlıq, xalqın dözülməz həyat tərzi, qadınlara qarşı olan haqsızlıqlar, təhsilin, elmin, mədəniyyətin inkişaf etməməsi onu narahat etmişdir. Gimnaziyada oxuduğu zaman yazdığı “Əti sənin, sümüyü mənim”, bir il sonra isə “Qara günlü” və “Ev tərbiyəsinin bir şəkli” pyeslərində cəmiyyəti təşkil edən fərdlərin qüsurunu göstərərək istər milli şüurun, istərsə də ictimai inkişafın ailələrdə böyüyən fərdlərdən asılı olduğunu vurğulayıb. İlk iki əsərin mətni dövrümüzə gəlib çatmasa da “Ev tərbiyəsinin bir şəkli” pyesini oxuduqda əsərin qəhrəmanı Bayraməli bəyin dialoqunda:

“Hələ belə işlər dursun kənara... Dərsə niyə getmirsən, bişüur oğlu bişüur? Mən axır hər bir saata iki manat pul verirəm..”

Cümləsindən aydın olur ki, o, “avropalaşmaq” xatirinə də olsa mülkədarların öz övladlarını oxutmaq istəyi müsbət addımdır. Çünki elm şüuru artıran, həyatda çətinlikləri aradan qaldırmağa kömək etidyi üçün vacibdir.

Müəllifin “Daldan atılan daş topuğa dəyər” əsərində Xırda xanımın qızı Səkinəni həkim İskəndər bəyə ərə vermək üçün çalışması artıq insanların şüurundakı oyanışa, elmə önəm verdiyinə işarədir. Və yaxud “Yağışdan çıxdıq, yağmura düşdük” əsərində oxumuş Əşrəf bəy deyir:

“Adın müsəlman qoyan üçün dünyada hər bir dərdlərdən acı odur ki, hansı din qardaşımıza rast gəlirsən, onda mürüvvət, rəhm, məhəbbət nişanələri bilmərrə görünmür və halonki Həzrət Rəsul əleyhüssəlam buyurubdur ki, Məğribdəki müsəlmana iynə batsa, Məşriqdəki gərək onun ağrısını bilsin... Bu saat yer üzündə nə qədər müsəlman var, cəmən zəlalətdədirlər... Səbəb? Ehkamişəriət bilmərrə yaddan çıxıb... Elm yox, tərbiyə yox, ədəb yox... Hər bir qədəmdə vəhşi nadanlıq, adam öldürmək, qan tökmək, yalan demək... Sübut? Tamaşa edin, divanxanalar qapısında qoyun sürüsü kimi boyun-boyuna büzülüb yığılan kimdir? Müsəlman! Bir-birinin canına-malına düşmən kimdir? Müsəlman! Bu çolaq, çiyni düşük, dilənçi kimdir? Sərgərdan, əli qoynunda neyləyim deyən kimdir? Ah? Yazıq, bədbəxt, biçarə müsəlman!..”

Yuxarıdakı monoloq vasitəsi ilə Vəzirov xalqın özünədərk, özünəqaydış hisslərini formalaşdırmaq üçün müsəlman olan xalqı təsvir edərək, hər bir əlacın onların şüurundan, hərəkətlərindən, səylərindən asılı olduğunu vurğulayır. Nə qədər ki, onlar elm öyrənmirlər, ədalətdən, insafdan uzaqdırlarsa rahatlıq olmayacaqlar. Bu “müsəlmanlar” özlərini müsəlman adlandırsa da heç bir dini özəlliklərə əməl etmirlər. Çünki dini də kortəbii şəkildə öyrənirlər. Təhsilsizlik, tərbiyəsizlik nəticəsində müsəlmanlar bir-birinin canına, malına qəsd edir, öz hüuqlarını, özlərini müdafiə etməyin yollarını bilmirlər.

Görkəmli sənətkar özünədərk haqqında öz ideya və fikirlərində millətin qarşılaşdığı problemlərə, dərdlərə daha həssas yanaşmış, bu aktual məsələləri digər əsərlərində də əks etdirmişdir. Dünyada ictimai, siyasi, elmi inkişaf baş verdiyi dövrdə xalqın şüurunda heç bir dəyişiklik olmamasını cəmiyyətin faciəsi kimi düşünmüş və Vəzirov özünün ən mükəmməl əsəri “Müsibəti Fəxrəddin” faciəsində təsvir etmişdir:

“Xudaya! Gör biz müsəlman necə bədbəxt, vəhşi, nadan tayfayıq ki, bir nahaq, biməna işdən ötrü bu mərtəbədə müsibətlər, düşmənçilik bəhəm eləmişik. (Səktə.s.120-121) Vallahı, deyirəm belə hərəkətlərə dürüst fikir verəndə, belə görünür ki, guya biz müsəlman tayfaların üstə göydən lənətnamə yenib ki, işığa çıxa bilməyəcəksiniz, həmişə zülmətdə qalıb, vəhşi nadanlıq gücü ilə bir-birinizi tələf edəcəksiniz... Aşkar görürəm sübut uzaqda deyil... Mən buraya gələn üç ay deyil, bu üç ayın ərzində iki yüz adam, dəxi də artıq, elə bizim ətrafda bir-birini tələf ediblər. Məgər bu vəhşi nadanlıqdan deyil? İnsaf yox, mürüvvət, qanacaq, tərbiyət yox, məgər şəriət bizə göstərən yol budur? İnsaf məqamında durun. Anacan, qardaşım, axır mənim atam Rüstəm bəyin cavan oğlunu tikə-tikə eləmişdi! Necə ki, atamın müsibəti bizi yandırır, elə də Rəşid bəyin ölümü atasını, qardaşını yandırır... Siz nə insaflan işə bir göz ilə baxırsınız?!”

Ədib oxucuya çatdırmaq istəyir ki, təhsilin, tərbiyənin, mürüvvətin olmadığı cəmiyyətdə bədbəxtlik, nadanlıq, nahaq iş, vəhşilik həmişə olacaq. Əgər cəhalətdən, zülmətdən, kiminsə köləliyindən azad olmaq istəyirsinizsə bunu işıq yolu elmdir.

Millətin dərdini, narahatlıqlarını, zərərli adət-ənənələri, özünədərk hisslərinin aşılanmasını öz felytonlarında və publisist məqalələrində də toxunmuşdur. Məlumdur ki, dil hər bir xalqın milli özünədərk prosesinin ilk göstəricilərindən biridir. Vəzirovun ana dili məsələsinə toxunması milli özünədərk prosesinin gücləndirməsi və təbliği üçün çox doğrudur. “Dərviş” imzası ilə “Həyat” qəzetinin 12 iyun 1905-ci il, №6-da “Balaca mütəfərriqələr” başlığı altında çıxan felytonunda yazır:

- Nə üçün, oldu. İnşallah, “Həyat”ın müştərisi çox olacaq. Amma Allah elə edəydi ki, bir nömrəsin otuz adam oxumayaydı.
- O zavisit eləyir qəzetin tsenasından, nə qədər az olsa, bir elə müştəri çox olar.
- Qiyməti çox deyil ki. İldə altı manat. Yəqin ki, siz də götürəcəksiniz.
- Mən çox jalet eləyirəm ki, müsəlmanca bilmirəm.
- Müsəlmanca bilmirsiniz? Nə söyləyirsiniz, qardaşım... Ana dilini bilməmək?.. Vay, vay, bu olmadı ki!..
- Mən binavat deyiləm, atam-anam binavatdır.
- Ana dilini öyrənmək bir çətin şey deyil, əzizim. Əlifba öyrəndin “Həyat”ı al əlinə, günbəgün oxu, bir ilin ərzində ol zəmanə mollası... ”

Və yaxud “Yeni İrşad” 18 sentyabr 1911-ci il, №15-də yazır:

“İran dursun kənara. Götürək bizim öz şəhərimizi. Təftiş ediniz, onda bilərsiniz ki, iki yüz adamdan bəlkə bircəsi ana dilində oxuyub yazmaq bilir... Məgər bu halət huşyar olan qardaşlar üçün müsibət deyil!
- Ağa Dərviş! Sözlərin haqdır, amma işə bir tərəfdən baxırsan, atam! Elm lazımdır. Elmi peyğəmbərimiz vacib edib. Ancaq çifayda, bizim darülfünun qurtarıb gələn bəzi cavanlarımız camaatı elmdən ikrah ediblər. Bu həzərat bizlərə etina etmirlər. Cəmi sülük-rəftarımızı tənqid edirlər. Bu sifətlər kimi elmdən ikrah etməz, əfəndim?
- Ağacan! Bisəbəb iş olmaz, çox da müqəssir etmirik bu cənabları; tərbiyəli anaları olmayıb.
- Ha, ha, ha... Bağışla məni, ağa Dərviş, tamaşa et ürəfaların işlərinə... Aralarında ana dili məhv, dillərini də... Hərəmləri: biri firəng, bir alman, biri yəhudi, biri kim... Balalarının ismi-şərifləridir: Nisə olub Dusya, Züleyxa-Zulya, İskəndər-Saşa, Midhət-Mitya, Mərziyə-Marusya, Ayna-Anyuta, İzzət-Aza... Hakəzə... Belə evlərdə verilən tərbiyədən nə hasil olacaq, atam? Bizləri tanımayacaqlar, bizlərə yaxın durmayacaqlar.
- Ağacan! Dübarə ərz edirəm ana olmayıb... Tərbiyəli ana gərək tərbiyəli bala yetirsin... Bundan sonra ümidimi hər tərəfdən kəsib, atam, dəxil düşəcəyəm analar qapısına: analar, sizi and verirəm o məhəbbətə, hansı ki övladınıza var, bizi bu təhlükədən qurtarmaq adilə ömrünüzü sərf edin elmə və elm gücilə tərbiyə verin balalarınıza. Hansılar ki bir tək sizin təhti-nəzarətinizdədirlər və möhtacdırlar ana tərbiyəsinə! Xudaya, Dərvişin bu naləsini icabətə yetir”

Hər bir xalqın mənəvi dirliyi, mənəviyyatının aynası həmin xalqın dilidir. Dilin inkişaf etdirən xalq heç vaxt məhv olmayacaq, dil yaşadıqca, inkişaf etdikcə xalqın gələcəyi də tərəqqi edəcək. Yaşadığı dövrdə böyüməkdə olan nəslin milli ruhda tərbiyə olması ədibi narahat etdiyindən ana dili məsələsinə düzgün yanaşma etmişdir. Dramaturq dilimizə laqeydliyin səbəbi kimi kişilərin alman, fransız, yəhudi və başqa millətlərdən qız almasını göstərir. Bunun nəticəsində onlar həm övladların başqa adlar qoyurlar, həm də övladları ilə ünsiyyəti öz dilləri ilə qururlar. Məlumdur ki, uşağın tərbiyəsi əsasən anaya bağlıdır. Xarici qızlarla evlənmək isə bizim dilimizin, dəyərlərimizin unudulmasına və inkişafdan qalmasına təsir edib. Vətəninə bacardığı bütün xidmətləri edən Vəzirov “Əkinçi” (1875-1877) qəzetinə olan ümidləri ilə möhkəm bağlayırdı: “Əkinçi” mənim ana dili müəllimimdir... Mənə nə yazmağın proqramını göndəriniz” (3, s. 6). Burdan da aydın olur ki, Vəzirov üçün “Əkinçi” qəzeti təkcə əxlaq və ideoloji tənqid, köhnə ənənə, savadsızlığa, dini cəhalətə qarşı mübarizə aparamaq vasitəsi ilə yanaşı öz doğma dilinin geniş kütləyə qavradılması baxımından çox qiymətlidir.

Nəticə

XIX əsrin sonu XX əsrin əvvəllərində N.Vəzirov Azərbaycan xalqının mənəvi dirliyini, ölməzliyini, böyük gələcəyini, milli özünədərkini müəllim kimi onların oxumağında, məktəbə sövq edilməyində görmüş və öz tələbələrinə öyrətmiş, daha geniş kütləyə isə bunları əsərləri və teatr vasitəsi ilə xitab etmişdir. Öz dövründə yeniliyi, tərəqqini alqışlayan, savadsızlığı tənqid edən Vəzirovun fəaliyyəti həmişə xatırlanmalı və qeyd edilməlidir.

# 105 dəfə oxunub

Oxşar xəbərlər

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər