Qazax şairlərinin macəraları - PROJE

Qazax şairlərinin macəraları - PROJE
13 may 2011
# 11:58
“Qazax şairləri” silsiləsindən

Bəxtiyar Hidayət yazır:

Hal-hazırda Qazax el şairləri içində ən məşhuru Həvəskardır desək yanılmarıq. Bu məşhur el şairinin iki kitabı işıq üzü görüb. Bir xeyli bundan əvvəl ikinci kitabını mənə verdi ki, bu haqda yazım. Kitabı açan kimi gözüm bir misraya sataşdı: “Çıxdığı qonağı bəyənmir bağa”. Dedim şair, bu nə məsələdi. Dedi, düz oxu “qonaq” yox “çanaq” olmalıdı. Hərfləyə-hərfləyə oxudum, “qonaq ki, qonaq” şairi elə bil ildırım vurdu. Bir xeyli də düzəliş edəni yamanladı. Bəs bu şəxs kim olasıdı? Nəfəsinizi dərib titulları ilə tanış olun:

AYB-nin üzvü, Jurnalistlər Birliyinin üzvü, “Səməd Vurğun” və “Qızıl Qələm” mükafatları laureatı, “Neftçi” ədəbi birliyinin yaradıcısı və sədri, Hacı Zaməddin Ziyadoğlu Həmişəyev.
Bəs bu nə qonaq oyunudur onu izah edim. Aa, birdən elə bilərsiniz ki, biz tərəfdə tısbağa qonaqlığı zad verillər qonağa. Və əvvəlcə də tısbağanı qonağın başına çıxardıb sonra kəsirlər, heç də elə deyil.

Adam kitabın ön sözündə yazır ki, Həvəskarın Qazax dialektində yazdığı sözləri doğma dilimizə tərcümə elədim. Guya Qazax dialekti rus dilidi, erməni dilidi, nədi. Bu da tərcüməsi-adam tısbağanın həm də bağa adlandığını bilmir və “tısbağa çanağından çıxdı çanağını bəyənmədi” məsəlindən də xəbərsizdi. Və tərcümə üstündə bir xeyli fikirləşmiş ki, ayə bəs bu çanaq nəmənə şeydir ki, bağa ona dırmaşır. Deyib savadsız adamdı, yəqin qonaq demək istəyib (“qonaq” da biz tərəfdə qovaq ağacına deyilir)...

Nəticədə belə alınıb- tısbağa çıxıb qovağa. Sanki montyor-zadmış tısbağa, ayağına da koxta taxıb bu ziyaliya işıq çəkirmiş ki, qalstukunu yaxşıca ütüləyə bilsin.

Bu bizim Bakida yaşayıb da, “Həncərisən, dərdin alem, həncəri” məntiqini aşa bilməyən şairimizdi və belələri Bakıda doludu.

Elə Qazaxda da zaməddinsayaq yazarlar “N” saylı hərbi hissənin əsgərlərindən dəfələrlə çoxdu. Yəni N qədərdi.

Adicə kustar üsullarla çıxmış almanaxlara baxmaq kifayətdi. Məsələn, vaxtilə incəlilərin almanaxı çıxdı. Siyahıda 100-dən artıq şair var. Şıxlıları da o qədər. Kosalar camaatının bəxti gətirməyib, onlarda şair azlığıdı, cəmi qırx nəfər.

Bütün kəndlərin bu gündə var olduğunu nəzərə alsaq, görün nə boyda rəqəm alınır. Di gəl ki, Orxan Pamukun “Qar” romanındakı kimi hamı şeir yazır, amma mərkəzi mətbuatda çap olunan yoxdu.

Yazılan şeirlər də elə ağaca çıxan tısbağa kimidi bu sürət əsrində. Bu işə isə bir əncam çəkən yoxdu. AYB-nin Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy və Borçalını əhatə edən bir zona filialı var Qazaxda. Vaxtlə mən də ayaq döymüşəm ora. Təsəvvür edin bir dəfə Barat (sədr) dedi ki, şair çoxdu, hamını bir ilə yerləşdirib başa çatdırmaq olmur. Gəlin püşk ataq, tədbir kimə düşdü-düşdü. Eləcə də püşk atdılar, yaradıcılıq gecəsi keçirmək xoşbəxtliyinə nail olanlar az qaldı ki, ağaca çıxan tısbağaya dönsünlər. Bu mənə nəyi xatırlatsa yaxşıdı:

Uşaq vaxtı məktəbə gedəndə yolum mal fermasının yanından keçirdi. Orda sağıcılar senajı (heyvan üçün yaş qarğıdalı yemi) bölürdülər. Və hərəsi bir çöp götürüb yoldan keçən bitərəf uşaq axtarardılar. Həmin uşaq çöpü atır, kimin çöpü hansı senaj tayasının üstünə düşürdü halallıqla şələsini götürüb aparırdı. Bax, bizim şairlərin də şeirləri senaj iyi verir və onların da Barata püşk atdırmaları o sağıcıların uşağa çöp atdırmasına bənzəyir.

Vaxtlə Qazaxda bir xeyli regional idarə vardı. Sığorta idarəsi, Avtomobil müfəttişliyi, regional maliyyə idarəsi və s. Sonralar bu idarələr köçdü Tovuza. Qaldı ikicə regional idarə - dəlixana və şairxana.

Bax belədi vəziyyət. Şeirləri ağaca dırmaşan tısbağanı xatırladan bu şairciklər, əslində sözün pişiyini ağaca dırmaşdırırlar. Burda elələri var ki, qələm də acizdi onları yazmağa.

Bir dəfə Baratın otağına yığışmışdıq. Birdən Tofiq Saleh gətirib ortalığa “Ocaq” qəzetinin bir neçə nüsxəsini atdı ki, baxın poeziya necə olur! Aldım baxdım nə gördüm, heç həftəbecər, boyatı da deyil. Adam Nizami Cəfərova bir poema həsr edib ki, poemanın texniki tərəfləri də yerində deyil. “Aristotel” və “torağay”ı qafiyələndirib. Amma hələ bu harasıdı, belə bir misra var: “bir qeyri məxluqsan öz quruluşunnan”.

Sonra da gəlib soruşdu ki, həə necədir? Dedim: bu nədi yazmısan - bir qeyri məxluqsan öz quruluşunnan. Məni başa saldı ki, sən belə şeyləri qanmazsan, bala. Mən demək istəmişəm ki, hörmətli professor, sən qeyri-adi adamsan.s

Bu yaxınlarda isə Qazax şairlərinin bir almanaxı buraxılıb. Inanın, Qazax bazarında hamballıq edən şair Dilsuz Binəva öz arabası ilə çəkib apara bilməz bu kitabı. Kitab o qədər qalındı. Di gəl ki, içində heç nə yox. Yalnız bir-iki müəllifin yaxşı şeiri var ki, onu da yenə zaməddinsayaq redaktə ediblər.

Bir gün də nəyin şahidi olsam yaxşıdır. Ədəbiyyat aləminə 50 yaşında öz mübarək qədəmlərini qoymuş bir şair Baratla mübahisə edir ki, səni gəlib keçəcəm. Sən 30 ildi yazırsan, ikicə il bəs edər ki, sənə gəlib çatım. Mübahisə xeyli çəkdi və onlar söylənə-söylənə ayrıldılar. Sonra o 50 yaşlı “gənc şair” mənə deyir ki, ayə, bu Barat mənim paxıllığımı çəkir. Daha kəndin toylarında onu deyil, məni tamada dəvət edirlər deyə, yandığından bilmir neynəsin.

----

Kiçik qardaşımla zahirən bir-birimizə çox bənzəyirik. O vaxtlar ikimiz də bığ qoyardıq. Bir gün gördüm ki, ”nömrəsini” dəyişib, yəni bığını qırxıb. “A qardaş niyə elədin” dedim. Cavabı nə olsa yaxşıdı:

- Qardaş, daha lap bezmişəm ee sənin bu şair dostlarının əlindən. Adamı küçədə tutdularmı bir saat şeir guppuldadırlar. Adam işindən-gücündən olur. Qoy cəhənnəm olsunlar.

Sonralar mən də bığla vidalaşdım.

Qardaşım indi yenə bığ qoyası olacaq.
# 3024 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #