İçindən Ay doğan dərviş...

İçindən Ay doğan dərviş...
10 noyabr 2012
# 08:15
Ayın üzünün qanı çəkilmişdi, göyün ortasında soyuq-soyuq ağarırdı, yan-yörəsindən əskik olmayan ulduzlar nəsə gözə dəymirdi. Aya yazığı gəldi, fikirləşdi ki, görən Ayın o biri üzü nə rəngdədi, ya bəlkə heç Ayın o biri üzü yoxdu? Ona elə gəldi ki, üzünün rəngi sozaldıqca Ay aşağıya doğru diyirlənir. Axı bu ulduzlar harada itib-batıb görəsən?

Ayın üzündəki qaraltı tənhalığın kölgəsi idi. Ay da insan kimi dərdini suya danışırdı və danışdıqca da yüngülləşirdi. Ay yüngülləşdikcə küləyin yükü azalırdı və külək Ayı itələyə-itələyə üfüqdən o yana qovmaq istəyirdi. Heydən düşmüş Ay heç cür təslim olmaq istəmirdi və gecəyə sonadək sahiblik etməyə çalışırdı.

Külək gördü ki, Ayı təkbaşına aşırda bilməyəcək. Onda qara buludları başına yığıb Ayı göy üzündən devirməyin planını cızdı. Buludlar küləyin küyünə gedən olur; o saatca onun qabağına düşüb Ayın üstünə şığıdılar. Ayın bənizi ağardı, ətrafına göz gəzdirdi-ulduzlar yox idi.

Yox. Ay təslim olmayacaqdı. Gecəni səhərə çıxarıb yerini Günəşə verdikdən sonra çəkilib gedəcəkdi. Qoy heç ulduzlar olmasın, öz işığı özünə də, gecəyə də, hələ desən, dənizə də yetirdi.

Qara bulud Ayın qabağını kəsdi və dərhal bədəni qarsalandı. Beləcə, yarımcan olub öz yatağına çəkildi, daha sonra bir qara bulud da bu oddan keçdi, sonra biri də, biri də... Ay elə əvvəlki yerindəydi-yupyumru,- dövrəsini bəzəyən halədən süst-məst düşmüşdü. Bulud girən kol deyildi. Gündüz, hə, nəsə eləyə bilərdi; göydə guruldayıb leysan yağışlar tökə bilərdi. Gecə isə buludun yemi deyildi. İncəvara, külək bunu tezcə anlayıb boş xülyadan əl götürdü və axır ki, buludları dinc buraxdı.

...Bir dərviş gümüşü yolun ağına düşüb getdikcə gedirdi. Ay işığını ovuclayıb üz-gözünə çəkdikcə yuxusu dağılırdı. Sanki gümüş yolun məsafəsini ölçürdü.

Ay o dərvişi mənzil başına yetirməliydi... O dərvişin içində bir külək əsirdi və o küləyin içində bir bulud süzürdü-Aya doğru...


Dərviş qəfildən səhranın ortasında yerə çöküb bardaş qurdu və dodaqucu nəsə vird eləməyə başladı. Ayın işıq əli dərvişə doğru uzandı.

Dərvişin içində nə külək vardı, nə də bulud...

Dərvişin içində yupyumru bir Ay doğmuşdu!..

Kənan Hacı
# 3400 dəfə oxunub

Oxşar xəbərlər

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

12:00 6 mart 2026
"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..."  - Hekayə müzakirəsi

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..." - Hekayə müzakirəsi

12:00 4 mart 2026
"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

14:09 3 mart 2026
Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

16:00 2 mart 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər