Yük

Yük
7 noyabr 2012
# 08:00
Köç zamanı sahildə toplaşdıq. Biz son gələnlərdən idik, hardasa axşam olardı, sahil göz seçə bildiyi qədər qələbəlik idi. Bizdən başqa qaranquşlar da vardı. Mənə elə gəlirdi ki, havaya qalxma işarəsi sabah verilər (Bu əslində işarə-filan deyil. Özümü dərk edəndən bəri ildə iki dəfə bu böyük dənizi cənubdan şimala, şimaldan cənuba keçirik. Səfərlərdən heç birində qalxma əmrini eşitmədim, növbə çatanda havaya qalxırıq. Bu necə olur bilmirəm, hər halda heç kəsin bilmədiyi o keçmiş zamanlardan belədir yəqin).

Yeni yoldaşımla yan-yana yüksək bir qayaya qonduq. Elə də yorğun deyildim; bir neçə yerdə, su kənarlarında dincəlmişdik. Şimaldakı kənddən səhər tezdən gün doğanda çıxmışdıq; sağlam və sevincli idim. Bu yaşımacan yaşamadığım hisslər vardı içimdə, yeni bir yaşam hissi, bir qığılcım. Dörd günlük yoldaşımla cənuba gedirdik. Yolda ona qarşı laqeydcəsinə bir hərəkət etdim. Çox yüksəklərə, üzü günəşə tərəf, başım fırlanana kimi qalxdım.

Başım gicəllənsə də bir müddət o yüksəklikdə uçdum, sanki tüklərim bədənimdən ayrılırdı. Sonra qanadlarımı, ayaqlarımı enmək üçün düzəltdim, öz yelimin uğultusuyla düşürdüm, yoldaşım bir nöqtə kimi görünürdü, yaxınlaşdı, böyüdü, sürətli şəkildə yanından keçdim, yer üzünə doğru geri qayıtdım. “Nə gözəl!”,- dedi. Ürəyim sürətlə döyünürdü.

Qayanın üstündə yan-yanaydıq. Sol ayağımı aşağı salıb sağı qaldırdım. Ehtiyat yeməyimi çıxarıb yavaş-yavaş yeməyə başladım. O da yeyirdi. Səyahətə boş qursaqla çıxmaq lazımdır. Yarım gün uçandan sonra kiçik bir böcək belə daş kimi ağırlaşardı. Dimdiyimin ucuna bir qurbağa budu aldım, ona uzatdım; nazlanmadan götürdü. Gözləri qara idi. Yavaşca başını sağa çevirdi. Günəş batmaq üzrəydi.

- Birdən günəş batdı?

- Batmaz.

Soruşmağından xoşum gəlirdi. O biri heç soruşmazdı. Bacarıqlı bir dişiydi. Fürsət düşən kimi yaxınlıqdakı yuvalardan kol-kos, çınqıl yığardı. Yaxalandığı zaman sona kimi döyüşərdi. Şimaldakı kənddə bir məscid üstündə səkkiz yuva idik və hər yerdə olduğu kimi qonşular arasında bir didişmə var idi. Buna görə bir-birimizə bağlıydıq? Bu qədər vaxt dağılan yuvaları birlikdə düzəltdik, yavrular böyütdük, birlikdə uçurtduq. Sevişərdik.

Zamanı gələndə hər gün, hər gecə sevişərdik. Ayaqlarını çox möhkəm basardı yerə, quyruğunu qaldırar, özünü buraxar, boynunu öpər, dişləyərdim, uzun-uzun, qışqıra-qışqıra edərdik bu işi.

Səkkiz gün əvvəl yoxa çıxdı. Axşamüstü yuvaya qayıdanda yox idi; durğun bir gecədə elə hey qanad səsi eşitmək üçün gözlədim, ara-sıra çağırırdım. Qonşulardan biri “Yetər!”,-deyə qışqırdı. Doğruydu. Ertəsi gün ovalıqda axtardım, amma üzgün deyildim, bir rahatlıq hiss edirdim; yorğunluğun, məsuliyyətsizliyin rahatlığı. Bir də ara-sıra gələn bir qorxu... Qonşular “niyə özünə bir yoldaş axtarmır bu?” soruşurmuş kimi baxırdılar. Adətlərimiz möhkəmdir. Bir gün kəndin o biri başında yalnız qalmış bir dişi olduğunu söylədilər. Birmərtəbəli bir evin damında, yuvadaydı. Bir az uzağa qondum. Baxışdıq.

- Necə də cavansan- dedim.

- Bəli.

- Bir tayını tapmalısan!

- Xeyr. Burada qalacağıq?

- Olmaz.

Uçub yuvama gəldim, bir az sonra o gəlib məscidin üstünə qondu. İncə, gözəl, yavaş-yavaş mənə tərəf gəlirdi.

- Dayan! Cənubda bir tayını taparsan. Mən artıq yaşlanıram.

Yanıma gəldi:

- Burada qalacağıq?

Axşamüstü onun yuvasına getdik. Qələbəlik istəmirdim.

Sabah günəş doğanda ordan çıxdıq. Sabah...

*****

Oyananda hava işıqlanırdı. Yaxından, uzaqdan o birilərin səsləri gəlirdi. Qanadlarımı açıb gərnəşdim. O da oyandı.

- Yaxşısan?

- Hə, bəs sən?

Yaxşı idim. Bir az sonra hava yaxşıca işıqlandı. Birdən səssizlik oldu. Başımızı yuxarı qaldırdıq, gözlədik. Qalxma əmri verildi (mi?). Uzaqdan o bildiyimiz səs eşidildi: qanad səsləriydi. Havaya qalxdıq və dəniz üzərində axşamadək davam edəcək uzun səyahət başladı. Xeyli yüksəldikdən sonra cənuba yönəldik.

Adətən təlaşsız, mübarizəsiz, bir istiqamətdə uçulardı. Dənizə baxmamaq, xüsusilə də, dənizə düşməmək lazım olduğunu bilirdik, amma dənizə düşmək məcburiyyətində qalsaq, nə olacağını bilməzdik. Bunu bilirdik.

İsti idi. Nahara az qalmışdı. Belimə ağır bir şey qondu. Gözümün ucuyla baxdım; bir qaranquş idi.

- Xeyir ola?-dedim.

- Xeyirdir. Qarşı tərəfə birlikdə keçəcəyik.

- Olar, üzsüzlük deyil-deyə istehzayla bildirdim. İndiyə kimi belə bir şey görülməyib, bu səyahət təkbaşına olur.

- Elədir. Hər il minlərlə qaranquş güc-bəla ilə bu dənizi aşır, amma heç kəsin ağlına belə bir şey gəlmir. Bunu ilk dəfə mən düşündüm. Yəqin ki, istinin təsirindəndir, bir az əvvəl ağlıma gəldi.

Hirslənmədən bir çıxış yolu tapmalıydım. Yoldaşımdan belə bir kömək gözləyə bilməzdim. Uzun müddət beləcə uçdum. Yorulurdum. Qəfildən çevrilib silkələndim. Dırnaqlarını ətimə keçirtdi.

- Mənə bax, yekəbaş! Məni düşürtsən belə gəlib yenə sənin belinə qonacağam. Boş yerə özünü yorma-dedi.

Doğru idi. Günəş qərbə tərəf keçmişdi, amma mən sevinmirdim.

Bir daha sınadım:

- Çox ağırdır. Sahilə qədər səni apara bilmərəm, birlikdə dənizə düşəcəyik.

- Mənim heç vecimə də deyil, sən düşsən, gedib bir başqasının belinə qonacağam. Bax, sizinkilərdən biri yenə düşdü.

Qurtuluş yoxdu. Minlərlə soydaşım arasından niyə məni seçmişdi bilmirəm, amma seçildiyim bəlli idi, bu yükü mən daşıyacaqdım. Danışdıqca daha da ağırlaşırdı elə bil. Yuvalarından, yoldaşlarından danışırdı.

- Sizinkilər ard-arda düşür.

Pis olduğumu bilə-bilə ağzımı açdım. Güclə dayanmışdım ( Qurtuluş düşməkdəmi? Xeyir, əgər düşsəm də qoy bilmədən olsun). Yoldaşım sağ tərəfimdəydi; getdikcə yadlaşırdı. Öz qanadlarım belə. Günəşin batmasına az qalmışdı.

- Dalbadal düşürlər.

Birdən torpağı gördüm. Bağırdım. Başqaları da bağırırdı. Həyəcanla uçurdum. Torpaq yaxınlaşırdı. Yaxınlaşdı...
Qumsala məndən əvvəl düşənlər var idi. Minlərlə. Artıq belimdəki varlığı hiss etmirdim.

Qanadlarımı, qollarımı salladım; aralarındakı bir boşluğa düşdüm, səndələdim. Dik durdum, ağzımdan qum tökülürdü. Ayaqlarım yorğun idi. Ayağa dura bilməyəcəm? Olmaz, bu ola bilməz! Ayağa durmalıyam!

Tərcümə etdi: Elnarə Ağaoğlu
# 1604 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #