Kərpic oğrusunun kədərli və gülməli aqibəti

Kərpic oğrusunun kədərli və gülməli aqibəti
6 noyabr 2012
# 11:15
Kərpic ovçusunun qeydləri

Müasir rus satirasının görkəmli simalarından olan yazıçı Mixail Zadornov postsovet məkanında ermənilərin Qarabağ separatizminə cavab olaraq ilk felyeton yazmış satirikdir. 1988-ci ildə o, Ter-Petrosyanın rəhbərlik etdiyi “Krunk” (Durna) təşkilatını “qarğa” adlandırmışdı. Satirik yazıçının bu təşkilatın faciələrə səbəb olacağı barədə fəhmi düz çıxdı.

O, 1948-ci ildə Latviyanın Yurmala şəhərində anadan olub. 1974-cü ildə Moskva Aviasiya İnstitutunu bitirib. Həmin ildən çap olunmağa başlayıb. 1970-80-ci illərdə tələbə teatrının quruluşçu rejissoru olub. 1984-85-ci illərdə “Yunost” jurnalının satira və yumor şöbəsinin müdiri işləyib. Onun yumoristik əsərlərini Rusiyanın bir çox görkəmli artistləri səhnədə ifa ediblər. 1980-ci illərin axırlarından isə o, öz yazdıqlarını estrada səhnəsində özü söyləyir.

1990-cı ildən başlayaraq Mixail Zadornov “Dünyanın sonu”, “Anlamıram!”, “Qayıdış” kitablarını çap etdirib, bir pərdəli “Müasir insanlar” komediyasını, film üçün “Kofta” ssenarisini yazıb. O, həmçinin dördcildli “Təxminedilməz keçmişli böyük ölkə”, “Biz hamımız Çi-Çİ-Çİ-Pİ-dənik”, “Xırda ulduzlar”, “Əmmalar” kitabının müəllifidir. 1991-ci ildə “Sənin ərini istəyirəm” filmində çəkilib.

Aşağıda təqdim etdiyimiz yumoresko Mixail Zadornovun yüzlərlə gözəl hekayətlərindən biridir:

Kərpic ovçusunun qeydləri

Mən tez-tez öz oxucularımdan və televiziya tamaşaçılarından məktublar alıram. Elə ilk sətirlərdən aydın olur: bunu yazan qrafomandır, şizofrenikdir, yoxsa ağıllı, müşahidəçi, bəzən isə hətta hazırcavab adamdır. Bir dəfə çox yöndəmsiz, abzasdan abzasa dəyişən xətlə yazılmış bir məktub aldım. Onun müəllifi açıq-aşkar əsəbi, hətta daha çox özündə olmayan adam idi. Fəqət ilk sətirləri oxuduqdan sonra anladım ki, məktubu axıra qədər oxumalı olacağam. Məktub beləydi:

“Sizə reanimasiyadan yazıram. Bura necə düşdüyümü xatırlayanda gülməyə başlayıram, mənə isə bunu etmək olmaz, çünki təpədən dırnağa xəsarətlər içindəyəm”.

Razılaşın ki, reanimasiyada qəhqəhə çəkib gülən şəxs, yumşaq desək, adamda maraq əmələ gətirir. Mən məktubu oxumağa başladım və hər növbəti sətirdən sonra əmin oldum ki, qarşımdakı məktubun müəllifi orta məktəbdə dərslərini çox laqeydliklə oxuyan, nəticədə öz təhsilsizliyinin qurbanına çevrilən enerjili bir çaşqın ördəkdir.
O, öz evində artırma inşa etmək istəyirmiş. Əsaslı bir şey. Kərpicdən! Ancaq onun hətta ağlına da gəlməyib ki, pul verib kərpic alsın. Yalnız çırpışdırmaq! O, əldən-ayaqdan uzaq bir yerdə yaşayırmış. Orada cəmi bir tikinti yeri varmış. O da yaşayış massivinin kənarında. Uzun illər keçir. Bütün yaxın ətrafı ələk-vələk edəndən sonra o, yalnız həmin tikintidə yiyəsiz kərpiclər görür – uzun müddətdən bəri tikilməkdə olan binanın altıncı mərtəbəsində. Əvvəlcə o, qərar alıb ki, iki yüz dəfə oraya və geriyə çıxıb düşməyə onun gücü yetər (mən çoxdan fikir vermişəm ki, bizim insanların hardasa nəyisə müftə əldə etmək imkanı olanda onlarda cilovlanmaz enerji əmələ gəlir). Sonra, düzü, onun şərəfi və dərrakəsinə dəlalət olaraq, o, hər halda situasiyanı öyrənmək qərarına gəlib. Birdən kərpicləri aşağı endirmək üçün hansısa texniki üsul tapılar! Adam vedrə ilə altıncı mərtəbəyə və geriyə qaçacaq qədər inadkar deyilmiş. O, durumu öyrənib və bu nəticəyə gəlib ki, belə bir üsul var. Fəhlələr özləri kərpici yuxarıya kifayət qədər ixtiraçılıqla qaldırıblarmış. Çəlləklə. Çəllək trosa bağlanıb. Tros altıncı mərtəbədə bərkidilmiş blokdan keçirilib. Bu zaman aşağıda duranlar bocurqatla işləyirmişlər. Bu yerli qurğu olduğundan başqa dillərə tərcümə olunmur. Bocurqatı bu uzunömürlü tikintidən fəhlələrin özləri çoxdan oğurlamış olduqlarından iş gününün sonunda inşaatçılar çəlləyi altıncı mərtəbədə saxlayaraq, trosun ucunu aşağıda bağlayıblar ki, çəllək oğurlanmasın. Onların ağlına da gəlməzdi ki, bir gün belə bir iş ola bilər, bizim qəhrəman həmin çəlləkdən faydalanmaq qərarına gələr.

Məktubu öz sözlərimlə yenidən nəql etməyimə baxmayaraq, müəllifin bir sözünü dəyişdirmədən saxlamaqdan özümü tuta bilmirəm. O, reanimasiyaya düşməzdən qabaqkı axşamı lap əvvəldən xatırlayaraq yazırdı: “Toranlaşırdı”. Necə olsa da, rus insanında poeziyaya, yazıçılığa xiffət həmişə istidir. Belə bir girişdən məndə təəssürat yarandı ki, indicə Turgenevi oxuyacağam – təxminən belə bir şey: “Kərpic ovçusunun qeydləri”.

Beləliklə... Toranlaşırmış! Çaşqın ördək altıncı mərtəbəyə dırmaşıb. Çəlləyi kərpiclə yükləyib. Təbii ki, maksimal həddə yükləyib ki, enişlərin miqdarı minimum olsun. Və əlbəttə ki, həddən artıq yükləyib. Mədəni ölkələrin iqtisadiyyatında bunu “yanlış planlaşdırma” adlandırardılar. Aşağı düşüb. Xatırlayırsınız? Toranlaşırmış! Sığorta üçün o, (çəllək sürüşməsi deyə) trosu sağ əlinə bağlayıb və onun ucunu bağlanmış olduğu çıxıntıdan açıb.

Həddən artıq yüklənmiş çəllək onun özündən xeyli ağır olduğundan artıq havanın toranlaşması və ya toranlaşmaması heç bir əhəmiyyət kəsb etməyib. Fizikanın sadə qanununa görə aşağı enən ağırlıq qəhrəmanımızı yuxarı dartıb və o, yüksəlməyə başlayıb. Kərpic ovçusu başına nə gəldiyini dərhal anlamayıb. O, nə olduğunu yalnız küknarların təpəsinə qalxdıqdan, meşənin üstündən qürubu görəndən sonra başa düşüb. Hər halda o, qəlbən şair imiş. Ona görə də meşənin üstündəki qürubu seyr edərək, üçüncü mərtəbənin tuşunda uçarkən bədəninin üst hissəsinin çəlləklə qarşılaşmasına fikir verməyib. Zərbədən o, az qala huşunu itirəcəkmiş. Amma qıvrılıb və uçmaqda davam edib. Uça-uça bloka yaxınlaşarkən o, əmin imiş ki, həyat bitdi: bu saat bütün sümükləri xıncım-xıncım olacaq. Qorxudan sərbəst qalan sol əli ilə xaç çəkib. Ancaq onun xoşbəxtliyindən, hər halda, fizikanın qanunları mövcuddur. Bu zaman çəllək yerə çırpılıb. Zərbədən çəlləyin içindəki kərpiclərlə yerə dağılıb və bu dəfə çəllək yüngül, bizim “şair” ağır olduğundan ikinci həmin sürətlə aşağı şığıyıb...

Bizim ölkədə insanlar axşamlarını necə keçirirlər? Biri konsertə gedir, başqası teatra yollanır. Bu zaman, onun öz etirafına görə, düşünüb ki, keşkə, bu gün axşam arvadıyla birlikdə klubdakı konsertə gedəydi. Hərçənd onun konsertlərə də dözümü yox imiş. Görünür, bu düşüncələr onu elə aludə edib ki, o, aşağı uçduğu vaxt üçüncü mərtəbənin tuşunda artıq onunla doğmalaşmış çəlləklə ikinci dəfə görüşəcəyini təxmin eləməyib. Çəllək bu dəfə onun vücudunun aşağı hissəsindən tutub. Nəhayət, o, birbaşa kərpiclərin üstünə çırpılıb. “Öz kərpiclərinin” də demək olar. Özəlləşdirilmiş kərpiclərinin. Ancaq artıq nə tikmək olardı ki? Adam o halda deyil! Huşunu itirib.

Axırıncı abzasın birinci sətri məni homerik qəhqəhədən doğan göz yaşlarına boğdu: “Bilmirəm huşsuz vəziyyətdə nə qədər uzanıb qalmışam, ancaq ayılanda gördüm ki, artıq dəqiq toranlaşmır, Ay çıxıb”.

Afərin, mən düşündüm, hələ bir Aya tamaşa eləməyə də macal tapıb.
Məktubu mabədini oxuyuram: “Huşum yerinə gələndə və ağrdıcı şəkildə yuxarıya dartılmaqda olan sağ əlimə baxanda birinci düşündüyüm o oldu ki, mən bu axmaq trosu öz əlimə niyə bağlamışam? Və onu açdım. Artaraq yaxınlaşmaqda olan nəyinsə dəhşətli cığıltısının səsi eşidilirdi. Hansısa bir kölgə üstümə uçurdu. Bir neçə saniyədən sonra o mənə çırpıldı və mən yenə huşumu itirdim. Bu kölgə çəlləyin yerdə qalan hissəsi imiş”

Mən bu məktubu oxuduqca tədricən qəhrəmanımıza vuruldum və düşündüm ki, reanimasiyadan satirikə, öz başına gələnlərə gülə-gülə məktub yazmaq üçün adam hüdudsuz yumor hissinə malik olmalıdır. Hər halda, bizdə dərs çıxarmalı şeylər var.

Tərcümə etdi: Xalid Kazımlı
# 1549 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #