Birlikdə üşüyənlər və ya yatdığım 12 qadın

Birlikdə üşüyənlər və ya yatdığım 12 qadın
1 noyabr 2012
# 13:28
Hamı baxışları ilə məni nankorluqda ittiham edirdi. Xüsusilə də xanımım. Rəfiqəsi fotoşəkillərlə ona sübut etmişdi ki, mən başqa qadınlarla görüşürəm. Keçib oturdum. Bircə dəfə qızıma baxıb-mən nə sənə, nə də anana xəyanət etməmişəm,-dedim və susdum...

... İkimiz otaqda tək qalanda xanımıma anlatmağa çalışdım ki, ona xəyanət etməmişəm. Amma o, dinləmək istəmədi. Əslində dinləsəydi, bir az rahat olardı... Olmadı. Pencəyimi götürüb evdən çıxanda qarderobdakı paltarlarımı həyətin mühafizəçisinə verməyi tapşırdım. Yenicə nişanlanmışdı. Bu aralar ona fərqli görünmək lazım idi. İndiyə qədər aldığım maaşımın hamısının dolabdakı kitabların arxasında olduğunu dedim. Maşını heç vaxt sürmürdüm deyə açarları məndə deyildi. Fikrimi dəyişsəm, kompüteri kreditlə də götürmək olardı. Kafedə yazdığım iki cümlədən ibarət məktubu qızımın dərs kitabının arasına qoyub evdən çıxdım...

Beləcə, mənim on beş illik evlilik həyatım başa çatdı. Həyatın hər mərhələsinin bir sonu olur əslində. Amma mənim hadisəmin sonu, elə başlanğıcından bəlli idi...
Qaranlıqda dənizin sürahısına söykənib hər şeyi yenidən xatırladım və gördüm ki, mən doğrudan da həyat yoldaşıma xəyanət etməmişəm…

Evlənməyimizin səbəbi çox sadə olmuşdu. O, çox kübar, varlı bir ailədən idi. Elitar məclislərin birində məni rəqsə dəvət elədi. Çox gözəl idi. Düşündüm yəqin yazıçı kimi tanındığım üçün mənimlə rəqs edib özünü ətrafdakılara göstərmək istəyir. Söhbət arası məndən uşağı olmasını istədiyini bildirdi. Səbəbini də belə izah etdi ki, ona sağlam və istedadlı gen lazımdır. Bir neçə dəfə görüşdük. Uşaq olandan sonra bir yerdə yaşamağı təklif etdi. Razılaşdım. Uşağa görə. Amma sonralar bizim yalandan sevgi adlandıracağımız hiss əslində hörmətdən başqa bir şey olmayacaqdı. Təkidlə məni yaxşı işə düzəltdi. Maşın aldı…

Hər ay maaşımı gətirib evdəki kitab dolabına atırdım. Yazılarımdan aldığım qonorar istədiyim vaxt dostlarla şərab və ya pivə içməyə bəs edirdi... Heç kimə borcum və ehtiyacım yox idi. Dənizli, yağışlı bütöv bir şəhər ayağımın altında idi. İstədiyim qədər gəzə, düşünə bilirdim. İldə bir neçə arzumu kəsib atmağımı nəzə almasaq, həyat öz axarı ilə gedirdi. Ta ki, xanımımın rəfiqəsi işləri korlamayanadək...

Xanımımla uşaqlıq dostu idilər. O da kifayət qədər varlı qadın idi. Hətta xanımım olmayanda da evimizə gəlib gedə bilərdi. Qaldığı da olurdu. Əvvəl hər şey yaxşı idi. Həqiqətən də bir ailə kimiydik. Sonradan könlünə mənimlə yatmaq düşdü. Bilmirəm vurulmuşdu mənə ya yox, amma bilirdim ki, arxasınca hamının gözü qalan və həmişə istədiyini götürə bilən bir xanım üçün rədd cavabını həzm etmək asan olmayacaq…

Əl çəkmirdi. Bəzən evimizdə otaqdan otaga keçəndə qapının arasında araya salıb əlini sinəmə sürtdüyü, çiyinlərimi qucaqladığı, hətta yoldaşım mətbəxtdə olanda üzümdən, boynumdan öpdüyü də olurdu. Bilirdi ki, xanımımı həyacanlandırmamaq üçün səs salıb onu pis vəziyyətə qoymayacam...

Həmin gün bahalı otellərdən birinin qarşısındakı kafeyə dəvət etmişdi məni. Həvəssiz gəlmişdim görüşə. Çayın pulunu da vermək fikrim yox idi. O, artıq gözləyirdi. Siqareti külqabıda söndürüb-bir az tez gəlsən nə olardı-deyərək ehtiras dolu nəzərləri ilə üzümə gülümsündü.

-Mən qırmızı işıqlarda yolu keçmirəm-deyib stul çəkib oturdum. Heç nə soruşmadım. Məqsədi bəlli idi. Bir -iki zarafatyana söz dedi, qaş-qabağımın açılmadığını görüb susdu. Xeyli fikirləşəndən sonra söhbətə gözləmədiyim tərəfdən başladı. Məni rəfiqəsinə-yəni həyat yoldaşıma xəyanətdə günahlandırdı. Fikirli idim. Dedikləri məni bir az aralıda oynayan uşaqların xoşbəxtliyindən ayırıb kafeyə qaytardı. Üzünə baxdım. Külək gözlərimi qıyırdı deyə hiss etdim ki, sözlərinin mənə necə təsir elədiyini müəyyənləşdirə bilmir...

Halına acıyıb gülümsündüm. Çantasından bir neçə fotoşəkil çıxardıb qarşıma qoydu. Məni təhdid edirdi.

-Bağışla, amma mən rəfiqəmə qarşı edilən bu qədər xəyanətə laqeyd qala bilmərəm-dedi. Şəkillərə baxdım. Mənim müxtəlif vaxtlarda görüşdüyüm qadınlarla olan fotolarım idi. Demək xeyli vaxtdır məni kiməsə izlətdirirmiş. Bunu o, bacarardı. Amma nahaq. Fotoları onun qarşısına atıb –səkkizi çatmır,-dedim.

Təəccüblə üzümə baxdı:

-Anlamadım.

-Burada cəmi dörd qadının şəkli var. Mənsə orta məktəbdə oxuyanda yatdığım fahişə qadını və ilk məhəbbətimi nəzərə almasaq, evlənəndən sonra ümumilikdə on iki qadınla görüşmüşəm...

Başını yırğalayıb qəzəblə gülümsündü, dənizə baxdı, sonra əsəbi halda-əclafsan-dedi.
-Niyə, səni on üçüncü etmədiyimə görəmi?

-Yox, əlbəttə. Mən belə əclaf olduğunu bilsəydim, heç vaxt səni istəməzdim.

-Onda nədən fotolar əlində olduğu halda mənimlə otelin qarşısında görüşürsən? Əminəm ki, otaq da sifariş etmisən.

Sus-deyə üstümə çəmkirib şəkilləri çantasına qoydu. Masanın üzərində mənə doğru əyildi:

-Düzünü de, niyə mənimlə olmaq istəmədin? Bu şəkildəki qancıqlardan pisəm?

-Mən xanımımı sənin ayağına verməzdim heç vaxt.

-Bəs bu qədər qancığın ayağına niyə verdin o zaman?

-Onlar ləyaqətli insanlardılar. Bizim evə də gəlmirdilər. Heç xanımım olan yerlərə də getmirdilər ki, birdən rastlaşıb öz içlərində rəzil olarlar. Ondan utanırlar o şəkillərini çəkdirdiyin qadınlar. Sənsə bunca dostluqdan, yaxınlıqdan sonra rəfiqənin bəxtinə əl uzadırsan...

-Yəni sən belə şeylərin fərqindəsən?

-Görürsən, əclaf da rəfiqəsinin əri ilə yatmaq istəyən qadına yaxın durmur...

-Lənətə gələsən, axşam görüşərik-deyib ayağa qalxdı. Masanın üzərinə əlli manatlıq ataraq maşınına oturub getdi. Kənardan keçən süpürgəçi qadını çağırıb masadakı şirniyyat, badam, püstə, bir sözlə mürəbbədən başqa nə vardısa, hamısını torbasına yığdırdım. Zarafat edirmiş kimi-gecə evdə uşaqlarınla çay içib məni xatırlayarsınız- dedim. Çayçını çağırıb 50 manatın qalığını süpürgəçi qadına verməyi tapşırdım və getdim dənizə baxmağa. Hava qaralanda xəyanətdə suçlanmaq üçün evə qayıtdım...

Təxminən iki saatdan sonra yenə dənizin sürahisinə dirsəklənib düşünürəm...

...Orta məktəbdə oxuyanda görüşdüyüm fahişəni saymasaq, mən yalnız bir qadını sevmişəm. O da mənim ilk məhəbbətim olub. Universitetdə tanış olmuşduq. Görüşürdük. Artıq hamilə idi. Tezliklə evlənəcəyimizi düşünürdük. Amma alınmadı. Varlı adamın qızı idi. Uşağını abort elətdirdilər. Özünü də mənə vermədilər. O da getdi mənə qıyılmayan özünü dənizə atdı. Bax mən indi dayandığım yerdən. Mən də ondan sonra heç kimi sevmədim. Əslində orta məktəbdə görüşdüyüm fahişəni nəzərə almasaq, mən həyat yoldaşım və həmin on iki qadınla nə vaxtsa məndən ötrü özünü bax bu dayandığım yerdən dənizə atan qıza, ilk və son məhəbbətimə xəyanət etmişəm... Düzü buna heç xəyanət də demək olmaz. Çünki həyat yoldaşımla dünyaya yeni bir insan gətirmək üçün izdivac bağlamışdım. Sevgisiz, filansız. Həmin on iki qadınsa nə vaxtsa sevdiklərinə verilməyən və buna görə sevgililəri intihar etmiş məsum insanlar idi.

Biz onlarla müxtəlif illərdə müxtəlif otellərin ucuz nömrələrinin eyvanında gecələr uzanıb dərdləşir, bir- birimizə dəstək olmağa çalışır, sonra ulduzları sayır, sonra da bir birimizə sığınıb sadəcə, səhərədək birlikdə üşüyürdük...

Artıq o qadınların heç biri həyatda yox idi. Hərəsi bir halında bəxtinə dözməyib intihar etmişdi. Hamısı da Cəhənnəmə dənizdən keçmişdilər. On ikinci xanım ötən həftə batmışdı dünyanın ən böyük günahına. Mən indi dayandığım bu yerdən atmışdı özünü dənizə...

On ikisinin də son məktubu məndə idi. İntihara nifrət etdiklərini yazmışdılar. Mənim qızıma yazdığımsa, bu məktubların on üçüncüsü idi. Yazmışdım ki, “sevdiyinə görə intihar etmə. Yazıq olacaq...”

Eh..... Amma hər şey başqa cür ola bilərdi....

Dənizin sürahisinə qalxıb irəliyə gedirəm. Qaranlıq sular indi çox cəlbedici görünür və mən daha qorxmuram...
# 3119 dəfə oxunub

Oxşar xəbərlər

"Gələcək onu ölümə tərk edəcək" - Aqşin Yenisey

"Gələcək onu ölümə tərk edəcək" - Aqşin Yenisey

11:18 24 iyul 2024
Qadınlar cəmiyyətin diktələrinə məğlub olan insanlardır - İlahə Səfərzadə

Qadınlar cəmiyyətin diktələrinə məğlub olan insanlardır - İlahə Səfərzadə

14:41 23 iyul 2024
"Dəyişən reallıqlar: Haruki Murakaminin "1Q84"ü - Adam Kirş

"Dəyişən reallıqlar: Haruki Murakaminin "1Q84"ü - Adam Kirş

13:13 23 iyul 2024
Nəriman Nərimanov Tağıyevin pul yardımından niyə imtina etmişdi?

Nəriman Nərimanov Tağıyevin pul yardımından niyə imtina etmişdi?

09:00 23 iyul 2024
Musiqiçilərin, ədəbiyyatçıların biabırçı vəziyyəti... - 2006-cı ildən bəri qiymətlər niyə qalxmır?

Musiqiçilərin, ədəbiyyatçıların biabırçı vəziyyəti... - 2006-cı ildən bəri qiymətlər niyə qalxmır?

17:27 22 iyul 2024
Qoyuna yas saxlayan çoban - İnsanlıq necə məhv oldu?

Qoyuna yas saxlayan çoban - İnsanlıq necə məhv oldu?

16:20 22 iyul 2024
# # #