Stalinin ölümü Nazim Hikməti xilas etdi

Stalinin ölümü Nazim Hikməti xilas etdi
24 avqust 2012
# 09:00
O, məğlubiyyətini qələbəyə çevirməyi bacardı...

O, əvvəl məhbəs, sonra isə qürbət həyatı yaşadı, amma sona qədər inamlı və romantik kommunist olaraq qaldı...

İstanbulun nəfəs kəsən istisində, sərin otel odasında oturub Nazim Hikmətin bioqrafiyasını oxuyuram. Ötən axşam Gülhanə parkının səs boğan sıxlığında, möhtəşəm və qulaqbatıran sükut içində Nazimin ayaq izlərini axtarırdım. İri ölçülü ayaqqabıları ilə bu parkdan keçib gedən “mavi gözlü dev”in ayaq izləri Moskvaya, ordan yenidən İstanbula, yenə Moskvaya doğru uzanır...

Əslində bu yaza bilmədiyim yazını heç də belə başlamaq istəmirdim, ürəyimdəkiləri qabağıma çıxan ilk türkə, tanıyıb-tanımamağımdan asılı olmayaraq, hamımızın başa düşə biləcəyi ortaq bir dildə danışmağı arzulayırdım. Nazimin ağrılarından danışmaq istəyirdim... Amma bu boyda şəhərdə o arzuladığım insan qarşıma çıxmadı və mən uzanan zaman məsafəsinin getdikcə uzaqlaşan toranlığında “Kərəm kimi” şeirini xatırladım. Bu şeiri oxuyanda çox balacaydım və şeir bir dilim alov kimi içimi qarsalayıb keçdi. O vaxt heç bu şeirin mahiyyətini də anlamamışdım, amma mən o misraları anlamaya-anlamaya necə rahatlıqla həzm etdim görəsən?!

O şeir Nazim Hikmətin yaradıcı taleyini, həm də bir insan olaraq yaşamını deklarizə edirdi. Çox sonralar Nazim haqda yazılar yazdım və hər dəfə yazmağa başlayanda o şeirin uşaq yaddaşımdakı havası həzin-həzin içimi bürüyürdü. İndi də o havanın ovqatı içindəyəm...

Nazim haqda çox kitablar oxudum. Amma ən gözəli “Romantik kommunist” kitabı oldu. Bu kitab Nazimin bioqrafiyasını bütünlüklə əhatə edən ən mükəmməl kitabdır. Burda gözdən, nəzərdən qaçan bir nüans belə tapa bilməzsən. Əksinə, indiyədək Nazim haqda bilmədiyimiz, onun haqqında yazılmış kitabların heç birində rastlaşmadığımız ilkinc faktlarla rastlaşırsan və heyrətlənirsən.

Rus şairi Yevgeni Yevtuşenko kitaba yazdığı ön sözdə olduqca maraqlı bir əhvalat nəql edir. O, yazır ki, 1955-ci ildə Nazim Hikmət kinoaktyor Yuri Vasilyevlə məni bir neçə günlüyə Peredelkinoya dəvət etdi. Şair orda qeyri-adi bir hadisənin şahidi olur. Kənardan onları izləyən bir adam Nazimə yaxınlaşır və qarşısında diz çökür:

“Tanrı eşqinə, məni bağışla, Nazim, məni günahımın yükündən qurtar... Sənə deyəcək sözlərim var”. Nazim həmin adamı qollarından tutub qaldırdı. “Ayağa qalx, qardaşım. Heç nə demək lazım deyil”. “Olmaz, mütləq deməliyəm. İllərdir ki, içimdə bu sirri saxlayıram, daha dözə bilmirəm”. Dəvətsiz qonaq uzun müddət ona əzab verən gizli hadisənin üstünü dili dolaşa-dolaşa açıb-tökməyə başladı.

1951-ci ildə Nazim Moskvaya dönərkən onun üçün şəxsi maşın və sürücü ayrılmışdı. İndi qarşımızda dayanan həmin sürücü idi. Bu adam Nazimin sürücüsü olarkən bir gün onu Lubyankaya çağırırlar. Onu Beriyanın yanına aparırlar, bu adamı görcək sürücünün qorxudan dili tutulur.

-Kimə sürücülük etdiyini bilirsənmi? – deyə Beriya ondan soruşur.

“Sülh Mükafatının sahibi... bir türk kommunisti... Böyük şair... Sovetlər Birliyinin dostu...”- deyə çaşqın sürücü cavab verir.

“O, Sovetlər Birliyinin dostu deyil, düşmənidir” deyə Beriya səsini qaldırır. “Nazim inqilabçı maskası taxmış təcrübəli bir düşməndir. Yoldaş Stalini öldürmək istəyir. Amma onu həbs edə bilmərik. Onun şöhrəti buna imkan vermir. Ondan xilas olmağımız üçün bizə yardım etməlisən! Onu qəzaya salmaq lazımdır. Bu da sənin əlindədir. Beləliklə, başımızdan bir casus əskik olacaq”.

“İnana bilmirəm. Nazim mənim üçün ata əvəzidir” –deyir sürücü.

Beriya isə qaşlarını çataraq “hamımızın bir atası var” söyləyir. (Stalini nəzərdə tuturmuş)

Ertəsi gün sürücü yenidən Lubyankaya çağrılmış, ona Nazimi qəzaya salmaq tapşırılmışdır. Sürücü bu dəfə də bu dəhşətli təklifi rədd edilmiş və nəticədə vəhşicəsinə döyülmüşdür. Hətta onun arvadını da evdən gedib götürürlər, razılaşmazsa, qadını kişi məhbusların əlinə verəcəkləri ilə hədələyiblər. “Bunlar neçə ildir qadın görməyiblər” deyə mənalı-mənalı gülüşüblər. Son anda sürücü naəlac qalıb Beriyanın əmrinə boyun əyib”.

Xoşbəxtlikdən az sonra Stalin öldü, Beriya isə həbs edildi. Beləcə, Nazim ölümdən, sürücü isə qatil olmaqdan xilas olur.

Yevtuşenko yazır ki, qanımı donduran bu hadisəni dinləyərkən sürücüdən çox Nazimə baxırdım. Nazimin tükü belə tərpənmirdi. Yoxsa nəyisə təxmin etmişdi? Sürücü Nazimə yalvarırdı: “Ruhumu bu günahdan təmizlə!”

Nazim sakitcə “heç bir günahın-zadın yoxdur” dedi. “Hadi, vodka içelim! Doktorlar yasaq etdi. Amma sanıram ki, sənin kimi doğru adamla az bir şey içə bilərəm”.

Bu hadisədən 6 il əvvəl, 1946-cı ildə inqilabçı-demokrat S. C. Pişəvəri müəmmalı şəkildə avtomobil qəzasında həlak olmuşdu. Nazimi də eyni aqibət gözləyirmiş.

Stalinin ölümü Nazimin ömrünü 11 il də uzatdı və o, öz əcəliylə dünyasını dəyişdi.

# 1395 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #