Paqonlu maarifçinin hüzurunda

Paqonlu maarifçinin hüzurunda
24 iyul 2012
# 11:00
Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 yaşına ithaf olunur

Təklif Seymur Baycandan gəlmişdi. Bu ayın 12-də 200 yaşı tamam olan görkəmli fikir adamı, dramaturq, ictimai xadim Mirzə Fətəli Axundovun məzarını ziyarət eləmək.

Seymur bilirdi ki, bu təklifə çox adam həvəslə səs verəcək. Babalarımız Mirzə Fətəlini dəfn etməyə belə qorxsalar da, bu gün çox sayda gənc onun məzarından yayılan işığı görməyəcək qədər kor deyil. Amma təklifə qoşulanlar çoxaldıqca əmələ gələn tək narahatlıq bundan ibarət idi – normal maddi gəliri olmayan, bu iki-üç günlük səfərin xərcini çəkmək iqtidarında olmayan adamların ora gedib-gəlmək məsələsi.

Bu məsələ də öz həllini tapdı. Müasir gəncliyi diqqətlə izləyən, yazılarımızı oxuyan, içində elmə, ədəbiyyata, işığa sevgi olan bir iş adamı bütün səfər xərcini öz üzərinə götürdü. Sakitcə və təvazökarcasına.

Yola düşdük. Bəstəkar Firudin Allahverdi, aktyor İlqar Cahangirov, dizayner Hacı Hacıyev, Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli, Ann.az portalının redaktoru Cavid Ramazanov, gənc publisistlər Zaur Qurbanlı və Dilqəm Əhməd, NİDA-çılar, AGT-çilər...

Yolboyu ürəyimdə hər şey vardı – ölkəmizin ziyalısının məzarının o şərtlər altında Tiflisdə dəfn olunmasıyla bağlı utanc, ölümündün yüz ildən artıq vaxt keçsə də içində bir damcı işıq olan insanların onun xidmətlərinə dəyər verməsinə bağlanan ümid, bu səfəri təşkil eləyən Seymur Baycana ilk dəfə bir dost kimi deyil, məhz bir gənc zyalı kimi hörmət və ehtiram, səfər ərəfəsində tanış olduğum gənclərin məlumatlılıq və ünsiyyətcillik dərəcəsindən heyranlıq və sevinc...

Səfərə avtomobillərlə çıxmışdıq. Sərhəd məntəqəsində Azərbaycan tərəfi keçəndə bizi maşından düşüb, piyada keçməyə məcbur elədilər. Maşını bir ayrı, piyada keçənləri bir ayrı yarım saat ləngitdilər. Hava dəhşətli dərəcədə isti idi. Baş soxmağa bir yer olmadığından maşınlarımızı adamın beynini deşən günün altında gözləməli olduq. Əsgərlərdən birinin dayandığı yer kölgəlik idi. Ondan xahiş elədim ki, maşın gələnə qədər onun yaxınlığında dayanaq. Dedi ki, mümkün deyil. Harda dayanmısınızsa, orda da gözləyin.

Dedik, bir halda ki, belə oldu, onda vaxtı boşa verməyək, gedib, Gürcüstan tərəfin də sərhədini keçək. Getdik. Hərəmizin sərhədi keçməyi bircə dəqiqə çəkdi. Əşyaları yoxlayan qadın yanındakı boş kürsünü mənə təklif elədi ki, otur. Oturub, yoldaşlarımızı gözlədim. Onlar gələndə isə qadın bizə haradan su ala biləcəyimizi, harada rahat oturub, gözləyə biləcəyimizi başa saldı. Amma gözləməyə ehtiyac qalmadı. Gürcü sərhədçilər maşınları ikicə dəqiqə ərzində yoxlayıb, buraxmışdılar.

Tarix boyu bizim ziyalıların sığınacaq yeri, ocağı olan, adətən adamı yağışla qarşılayan Tiflis bu dəfə sakit idi. İlk dəfə idi ki, Tiflisə girəndə yağış yağmırdı. Çatdığımız oteldə heç pasportlarımızı da istəmədilər. Otaqlarımzın açarlarını verib, rahatlıq arzuladılar.

Gürcülər nə qədər anlayışlı, şən, süfrə adamı olsalar da, qulluqpərgar xalq deyillər. Xidmət məsələsində nəinki türklərə, bizə də uduzurlar. Odur ki, hətta bahalı otellərində, restoranlarında belə nə qədər istəsən, qüsura rast gələ bilərsən. Təbii ki, komfort adamısansa. Bizsə bura əylənməyə, komforta gəlməmişdik. Tiflisdə, Botanika bağında uyuyan ziyalılarımızın – Mirzə Fətəli Axundovun, gəncəli müdrik, böyük şair Mirzə Şəfi Vazehin, Fətəli Xan Xoyskinin, Həsən bəy Ağayevin məzarlarına ehtiramımızı göstərməyə gəlmişdik.

Səhər erkəndən köhnə Tiflisi gəzdik. Tiflisdəki ilk kilsəyə baş çəkdik. Başqa dindən olduğumuzu üzümüzə deyib, kilsədə nə işimzin olduğunu heç kim soruşmadı. Heç kim başımızı örtməyimizi tələb eləmədi.

Təyin olunmuş saatda Botanika bağının qarşısında idik. Bizə qoşulacaq başqa yoldaşları gözlədik. Botanika bağının qarşısında oturub, pivə içən gürcülər bizi də aralarına dəvət elədilər. Deyə-gülə bizi pivəyə qonaq elədilər.

Azərbaycanlı ziyalıların məzarı Botanika bağının ən hündür yerlərindən birindədir. Hava bu gün də dəhşətli dərəcədə isti idi. Üstəlik, üzüyoxuşa qalxdığımızdan, gənclərin nəfəsi kəsildi. Səfər boyu maşınlardan birini idarə eləməyi öz üzərinə götürmüş Mövlud müəllim də bizimlə Axundovun məzarını ziyarət eləmək fikrinə düşmüşdü. Dolu adam olduğundan yol və isti ən çox ona əziyyət verirdi. Nəfəsimizi dərmək üçün dayananda Mövlud müəllim güclə nəfəs ala-ala tarixi bir sual verdi:

- Bu yazıq neyləyib ki, onu gətirib burada dəfn eləyiblər?

Nə deyəcəyimizi bilmədik. Seymur başını buladı. Firudin çiynini çəkdi. Doğrudan da, o, neyləmişdi ki?! Rüşvət almamışdı, adam öldürməmişdi, yetim haqqı yeməmişdi, heç kimin evini sökdürməmişdi, efirdə meyxana yarışması keçirməmişdi, xalqdan aldığı rüşvəti müğənnilərə xərcləməmişdi...

Axır ki, çatdıq. Mən ilk dəfə idi ki, bura gəlirdim. Xüsusilə iki tarixi şəxsiyyətin – Axundovun və Mirzə Şəfinin məzarlarını gördüyümə görə özümü çox xoşbəxt hiss elədim və bu səfəri təşkil elədiyinə görə təşəkkür əlaməti olaraq, Seymur Baycanı öpdüm.

Məzarlar olduqca baxımsız idi. Daşlar köhnəlib parçalanmış, kənarlarını dizə qədər ot-alaq basmışdı. Məzarların üstünə axırıncı dəfə qoyulmuş bir neçə gül qupquru qurumuşdu. Fətəli Xan Xoyskinin məzarı üstündə qurumuş çələngin üstündəki lentdə Müsavat Partiyasının adı yazılmışdı.

Heç bir təntənə olmadı. Gətirdiyimiz gülləri məzarların üstünə düzdük. Mirzə Fətəli, Vazeh, Xoyski barədə danışdıq. Bir neçə şəkil çəkdirib, geri qayıtdıq.

Bilmirəm, Mirzə Fətəlinin ruhu bizim orda olmağımızdan nə hiss elədi. Öz xalqının gözünü açmağa çalışanda, onu elmə, kitaba, mədəniyyətə dəvət eləyəndə, dövrünün qaramatı, qaragürühu, riyakarlığı ilə mübarizə aparanda, o gələcək nəsilləri belə təsəvvür edirdimi? O, ölümündən yüz ildən çox vaxt keçəndən sonra yetişən gəncliyi belə görürdümü? Bilmirəm.
Təkcə bunu bilirəm ki, biz bu gün Mirzə Fətəli üçün heç nə edə bilmərik. Biz ancaq onun arzuları üçün nəsə edə bilərik. Oxumaqla, oxutdurmaqla. Ondan əvvəlkilərin başladığı, onun davam etdirdiyi təfəkkür müharibəsində uduzmamaqla. Ruhdan düşməməklə.

Bizim işimiz bəlkə də daha çətindir. Bizim vaxtımızda Axundov zəmanəsində hələ mövcud olmayan min cür maneə var. Şou var, meyxana var, ulduz yarışmaları var, sms-lə sənətçi seçmək var... Amma bizim köməyimiz də daha çoxdur. İndi ictimai sektor var, minbir əziyyətlə, məhrumiyyətlə oxumağa çalışan gənclər var, internet var, etiraz aksiyasına çıxa bilən qızlar var... Və ən əsası, bizim kürəyimizi söykəyə biləcəyimiz keçmiş, tarixi şəxsiyyətlər, onların təcrübələri var.

Bəli, Axundov öləndə azərbaycanlılar onu dəfn eləmədi. Amma bu, Axundovun qələbəsi idi. Onun öz təfəkkür düşmənlərinə, dinə, cəhalətə, korazehinliyə vurduğu zərbənin gücünün, yarasının ağır, dərin olmasının göstəricisi idi.

Biz o gün sənin məzarın önündə ehtiramla dayandıq. Bizdən sonra gələnlər də bunu eləyəcək. Bütün dövrlərin işıqlı, oxumuş, mədəni, mübariz gəncliyi sənin qarşında bu ehtiram duruşunu özü üçün fəxr biləcək.

Qəbrin isə onsuz da nurla doludur, rahat yat, «paqonlu maarifçi»!
# 1674 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #