Yevtuşenkonun sonuncu oğurluğu

Yevtuşenkonun sonuncu oğurluğu
27 avqust 2011
# 12:11
Dahi rus şairi Yevgeni Yevtuşenkonun çox qəribə taleyi haqqında dəfələrlə yazılıb, hətta film də çəkilib. Uşaq yaşlarından gəncliyinin müəyyən dövrünə qədər cibgirliklə məşğul olan şair öz istedadını hiss etdikdən sonra oğru dəstəsindən ayrılmaq qərarına gəlir.

Təbii ki, bu mümkün deyildi, onu ölüm gözləyirdi. Sadəcə oğrubaşının məşuqəsinin Genadan bir insan kimi çox xoşu gəldiyindən və istedadından xəbərdar olduğundan onu ölümdən xilas edir. Oğrubaşından xahiş edir ki, qoy getsin öz həyatını yaşasın. Şairin sonrakı həyatı da heç rahat keçməyib, hətta Xruşşovun vaxtında həbs də olunub. Bu başqa söhbətin mövzusudu.

Bu günlərdə Tiflisdəydim. Orda Yevgeni Yevtuşenkonun bir villası var, gürcülər tikiblər. Çünki Yevtuşenko gürcü ədəbiyyatının təbliğində çox böyük rol oynayıb və gürcü poeziyasını rus dilinə ən çox tərcümə eləyən və gürcü şairlərinin kitablarını tək Moskvada deyil, Rusiyanın bütün bölgələrində nəşr etdirən Yevtuşenko olub. Gürcülər də bunun müqabilində ona ən səfalı bir yerdə villa tikiblər və həmişə əziz tutublar.

Və Yevtuşenko sonuncu oğurluğunu 70-ci illərin sonlarında bu villada edib.

Yevtuşenko Azərbaycanın görkəmli şairi Şahmar Əkbərzadə ilə möhkəm dost olub. Və bu əhvalatı da Şahmar Əkbərzadə özü danışıb.

Bakıda Rusiya mədəniyyət günləri keçirilir. Yevtuşenko da qonağımızdı. Ütülü məclislər, boğazdan yuxarı təriflər, ütülü tostlar, ütülü süfrələr, ütülü adamlar. Yevtuşenko bu ütülərdən yorulur. Şahmara deyir ki, dostum, məni elə bir yerə apara bilərmisən ki, orda həyatın özü olsun? Elə bir yerdə gedib çörək yeyək ki, orda əsl insanları görüm, ütüsüz-filansız.

Şahmar deyir ki, səhər tezdən gəlirəm ardınca. Səhər saat 6. 7-nin yarısı Şahmar Yevtuşenkonu oyadır, deyir getdik. Gətirir Kubinkada bir xaşxanaya, bir traktirə. Xaşın iyi, sarımsağın iyi, arağın iyi, yarıqaranlıq bir zirzəmi. Yevtuşenko da dərindən bir nəfəs alır, ortaya bütün dəm-dəstgahı ilə xaş gəlir. İki şair oturub dərdləşirlər. Yevtuşenko özünün keçmiş həyatından, oğru olduğu zamanlardan danışır:

- Dostum, Moskvadan minirdim qatara, düz Stalinqrada qədər və geri qayıdırdım. Və yaxud Kiyevə qədər və yaxud Leninqrada qədər. Bəzən hətta Uzaq Sibirə də səfər edirdim. Gedib-gələrkən yolboyu qatardakıların ciblərini təmizləyirdim və gətirirdim obşaka, mənə də öz payımı verirdilər. Nə isə, bunlar qaldı keçmişdə. İndi sənə sonuncu oğurluğumu danışmaq istəyirəm. Bu, bir-iki il əvvəl olub.

Gürcülər tez-tez şairi qonaq çağırırmışlar. Özü də telefonla yox ey, arxasınca üç-dörd saytal adam göndərirmişlər ki, şairi götürün gəlin. Şair gəlirmiş Tiflisə və öz villasında məclislər qurulurmuş şairin şərəfinə.

Bir gün məclislərin birində dava düşür. Qonaqlardan üç nəfəri gürcüləri bir rus gədəsinə yaltaqlanmaqda ittiham edirlər, Yevtuşenkonu söyürlər, təhqir edirlər.

Deyirlər ki, bu, "Stalinin varisləri" şeirini yazıb, gürcü xalqının böyük oğlunu təhqir edib. Amma biz gürcülər ona villa tikmişik, şərəfinə qonaqlıqlar veririk və sair və ilaxır. Aləm bir-birinə dəyir.

- Dostum, əvvəl-əvvəl istədim qarşımdakı butulkanı onların başına vurum. Sonra dedim, yox, bunları başqa cür məhv edəcəm. Qalxdım ayağa. Gürcü dostlarım da yalvarırlar ki, fikir vermə, sərxoşdular. Dedim, narahat olmayın.

Şair qalxır ayağa. Gürcücə Gürcüstanın görkəmli şairlərindən birinin şeirini deyir və soruşur ki, bu şair necə ölüb? Məlum olur ki, 37-ci ildə güllələyiblər.

Sonra başqa bir şairin şeirlərini deyir. Məlum olur ki, bunu da 37-ci ildə güllələyiblər.

Təxminən 37-ci ildə güllələnmiş gürcü xalqının böyük oğullarından yeddi-səkkizinin şeirini deyir.

- Dostum, sonra badəmi doldurdum və dedim, gəlin içək Stalinin varislərinin sağlığına. Qoy onlar yaşasın, var olsun və Gürcüstanın nə qədər böyük şairləri, yazıçıları, sənət adamları var, hamısını güllələsinlər, sizin kimilər qalsın.

Elə bil qurbağa gölünə daş atdılar. Yaxınlaşdım onlara. Badəmi badələrinə vurdum ki, için də! İçmədilər. Dedim için, Stalinin və onun varislərinin sağlığına, niyə içmirsiz? Başlarını aşağı saldılar və üzr istəməyə başladılar. Yenidən qayıdıb oturdum öz yerimdə. Təbii ki, bu qanqaraçılıqdan sonra məclis dağıldı.

Gecə saat 3 radələrində dostlardan biri şairə telefon açır:

- Xəbərin var nə olub? Gürcü uşaqları eşidiblər ki, onlar sənin xətrinə dəyib, məclisdən çıxıb gedərkən onları soyublar. Üçünün də saatlarını alıblar. O saatların da hər birinin qiyməti 4000 manatdan bahadı.

- Dostum, mən güldüm, dedim, hə, sağ olsunlar. Onlardan biri Gürcüstanın Mərkəzi Komitəsinin ideologiya şöbəsinin müdiri, biri təşkilat şöbəsinin müdiri, biri də Gürcüstanın xarici ölkələrlə dostluq cəmiyyətinin sədri idi. Saatlarını da gürcü uşaqları soymamışdılar. Mən onlarla badəmi toqquşdurarkən özüm açmışdım. Səhərisi günü endim aşağı, Şeytanbazar tərəfdə bir körpü var, onun altında dilənçilər yaşayır. Saatın ikisini onlara bağışladım və qiymətlərini də başa saldım ki, bu saatın ən aşağı qiyməti 4000 manatdı, satın bölüşün. Biri lap bahalı idi, onu isə özümdə saxladım, bu dəqiqə də seyfimdədi və bu saatın tarixçəsini də yazıb qoymuşam seyfə. Və demişəm mən öləndən sonra bu məktubu açarsız.

Yevtuşenko Xruşşovla arasında olan gərginliklərdən və dostluqlardan da Şahmar Əkbərzadəyə xeyli xatirə danışıb.

Bunları da mənə Şahmar danışardı.

Növbəti günlərin birində Yevtuşenkonun başqa bir xatirəsini də bəlkə yazdım.


P.S. Şahmar Əkbərzadənin bu yaxınlarda 70 yaşı tamam olur. Bu yazı həm də Şahmarın xatirəsinədi.
# 1409 dəfə oxunub

Oxşar xəbərlər

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
"Rəzalətin son həddi" - Çingiz Abdullayevin romanı haqqında

"Rəzalətin son həddi" - Çingiz Abdullayevin romanı haqqında

09:27 13 sentyabr 2024
O kitabı Turan xanım mənim üçün imzalayıb... - Nadir Yalçın

O kitabı Turan xanım mənim üçün imzalayıb... - Nadir Yalçın

18:00 12 sentyabr 2024
22 il sonra alınan qonorar - Dağınıq əlyazma...

22 il sonra alınan qonorar - Dağınıq əlyazma...

09:00 11 sentyabr 2024
# # #