Mauqlinin alkoqolikliyi

Mauqlinin alkoqolikliyi
27 avqust 2011
# 06:00
1725-ci ildə Avropada baş vermiş bir hadisədir bu. Əvvəlindən-axırına kimi həqiqətdir, amma hələ də eşidənlərə xəyal kimi gəlir. Şimali Almaniyada meşəlik vadidə ova gedən adamlar birdən-birə qəribə məxluqla üzləşirlər.

Bu, yarıinsan, yarıheyvan eybəcər bir canlı idi. Diqqətlə baxdıqdan sonra başa düşürlər ki, qarşılarında dayanan 12-13 yaşlarında bir oğlandır. Amma uşaqdan çox qurda oxşayır.

Çılpaq, kirli və təpədən dırnağa qədər tük basmış bir uşaq; davakar, əsəbi, təcavüzə hazır. Dünyaya gözünü açan anda meşəyə atılmış, qurdların arasında böyümüş bir canlı.

Torlarla, silahlarla ram edib tutarlar onu. Əynini geyindirib Hannover hersoqunun hüzuruna apararlar. Lap başda oturdurlar: nə də olsa, fəxri qonaqdır. Stolun arxasında onlarla say-seçmə qonaq vardı – hamısı da nəfəsini tutub oğlanı müşahidə edirlər: “Görəsən, yeməyi necə yeyəcək, insan kimi, yoxsa heyvan kimi?”

Nəcib qadınlar kirpiklərini qırpa-qırpa izləyərlər. Elə bu dəm oğlan, heç kimə fikir vermədən yeməyə başlayar. Çörəyə, xəmir məmulatların əlini də vurmur. Çoxlu meyvə, göy-göyərti və çiy ət “vurur bədənə”.

Çəngəl-bıçaqdan istifadə etməyin qaydalarını bilmədən, əlləri ilə yeyir. Salfetin nə işə yaradığını bilmir, ağzını ovucları ilə silir.

O marçamarçla yedikcə masa arxasında oturan xanımlar yelpiklərinin arxasında gizlənirlər. Elə ordaca oğlana ad verirlər – Peter. “Vəhşi Peter” kimi tanınan Peter.

Düz bir il yazıq Peteri öyrətməyə, mədəniləşdirməyə, sosiallaşdırmağa çalışırlar. Bütün israr, tənbeh və cəzalara baxmayaraq, əhliləşdirmək mümkün olmur; çarpayıda yatmır, yerdə yatır. Nə yayda, nə də qışda balışdan, yorğandan istifadə etmir. Danışmağı heç vaxt öyrənə bilmir; hələ oxumağı, yazmağı heç yaxınına da buraxmır.

Kitablara, hərflərə qorxa-qorxa baxır, tanımadığı bu cisimləri dərk edə bilmir. Təkcə öz adını deyə bilir, vəssalam. Ona “Yaşasın kral!” deməyi öyrətmək üçün dəridən-qabıqdan çıxarlar, onu da fərli-başlı bacara bilmir. Sözlər onluq deyildi, onların heç birinə inana bilməzdi.

Qurd-uşağa gəzməyi, oturub-durmağı, salamlaşmağı, qısası, ictimai davranışı öyrətmək üçün müəllimlərin biri gedib, biri gəlir. Hamısı da dad edib, dalbadal qaçırlar.

Peter orada olan hamıya nifrət edirdi. Əlinə düşən ilk fürsətdəcə iki daban meşəyə, yəni aid olduğu yerə qaçır. Amma qoymurlar. Tapıb, geri gətirirlər “mədəniyyət” deyilən cəhənnəmə.

Bir dəfə onu Londona aparılar. Orda da, Almaniyadakı kimi, xalqın və krallığın marağına səbəb olur. İnsanlar sel kimi ona tamaşa etməyə gəlirlər. Qəfəsdə heyvan kimi nümayiş olunur. Zəngin və müqtədirlərin ətrafında dolaşan sırtıqlar, yaltaqlar bu gün olduğu kimi, onda da tullanıb-düşürdülər. Bu teatr səhnəsinin ortasına bomba kimi düşür Peter. Pul-para, şan-şöhrət, heç nə vecinə deyildi. Kralla da, xidmətçi ilə də eyni cür rəftar edirdi – təmənnasız-zadsız. İnsanlar arasında fərq qoymazdı, əslində, hər şeyin süni olduğu yerlərdə yeganə təbii olan o idi. Bu səbəbdən də zadəganlar ondan həm “iyrənər”, həm də onsuz yaşaya bilməzdilər. Necə ki, şahzadələrdən biri onu dekorativ bitki kimi sarayında saxlayırdı.

Bu zaman həm də ədəbiyyatçılar Peterlə tanış olmaq üçün növbəyə dururlar. Yazıçı Conatan Svift ondan ilhamlanır, hərəkətlərinə göz qoyur və sonralar bu müşahidələri “Qulliverin səyahətləri” əsərindəki obrazlarda yer alır. Həmçinin dünya ədəbiyyatının ən böyük qələm sahiblərindən biri olan Daniel Defo da Peter haqqında yazılar yazır. Oxucuların düşüncəsinə şübhə toxumları əkir: “Mədəniyyət nədir?”, “İnsanı heyvandan ayıran nədir?”, “Bizim mədəniyyətimizin nə qədəri yaxşı, nə qədəri isə xəbisdir?” Bütün bu sualların cavabları “Robinzon Kruzo”nun müəllifi üçün vacib idi.

Özünü insan hesab edənləri müzakirəyə çıxarır. Vicdansız ağıllılara nə deyəcəyik?
Belələrini “üstün” kimimi təqdim edəcəyik? Peter onlardan daha üstün deyilmi? Daha açıq, daha başa düşülən deyilmi?

Avropada elmin də savadın hakim olduğu bir zamanda “Qurd-oğlan” bütləri sındırır. Ziyalılar gecə-gündüz ondan danışarlar. Amma Peter çox tez unudulur. Başqa qalmaqallar, yeni tapıntılar axtarır millət – o, unutqanlıq xəstəliyinə mübtəla idi. Peter öz başına buraxılır. Çünki artıq meşələr aid deyildi, qayıda bilməzdi.

Camaatla da ulduzu barışmırdı. Sürüşkən və cüvəllağı bir şəkildə arada qalır: ətrafdakı kimi, heç bir yerə gedə bilmiz. Dərddən içməyə başlayır.

“Vəhşi uşaq Peter” böyüyüb içki düşkünü olmuşdu. Bir yerdə durmaz, getdiyi hər yerdə problem yaradır, ya da hərəkətləri səhv başa düşülürdü. Başı bəladan qurtarmır.

Barəsində axtarış qərarı çıxarılır. Bir ölkədən digərinə sürgün olunur, dayanmadan sürgün olunur. 72 yaşında son nəfəsini verir. Hələ də danışmağı öyrənməmişdi, heç bir yerə aid deyildi. Baş daşına belə yazılır: 1785. Vəhşi oğlan Peter.

“History Today” jurnalının son nömrəsində bu qeyri-adi, maraqlı rəvayətə ver verilib. Diqqətimi cəlb edən məqam rəvayətin özü qədər, bunu qələmə alan yazıçıya dediyi sözlər idi. Yazıçı özü də yarı-yarımçıq uşaqlıq keçirdiyi üçün Peterlə maraqlanmışdı.

Araşdırdığımız, bəhs etdiyimiz rəvayətlərin alt qatında hər zaman öz çatışmazlıqlarımıza rast gəlmirik ki?!


Tərcümə: Vüqar Qurdqanlı
# 1413 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #