Erməni şair: “Oxucu ilə ünsiyyətimiz yoxdur“

Erməni şair: “Oxucu ilə ünsiyyətimiz yoxdur“
18 avqust 2011
# 14:00


Müasir erməni ədəbiyyatının tanınmış şairi Karen Antaşyanın Kulis.az-a yazılı müsahibəsini sizə təqdim edirik:

DOSYE: Erməni şair Karen Antaşyan 1983-cü ildə Yerevanda doğulub. 1999-2005-ci illərdə Ermənistan Dövlət Politexnik Universitetində təhsil alıb. 2003-cü ildə gənclərin hüquqlarının qorunması ilə bağlı “Gəncliyin səsi” adlı jurnal buraxıb.

2009-cu ildə erməni ədəbiyyatı və dilinin inkişaf etdirilməsi üçün yazıçı və tənqidçilərdən ibarət “Qraniş Ədəbi Klub”unu yaradıb.

“Sondan sonra, başlanğıcdan əvvəl” adlı ilk şeir kitabını 2004-cü ildə çıxarıb. İkinci kitabı “Anaşat” isə 2009-cu ildə işıq üzü görüb.





- Ermənistandakı ədəbi proses barədə nə deyə bilərsiz?

- Hazırkı mərhələdə mənim qeyd edə biləcəyim ən vacib proses, ədəbi material dövriyyəsinin təməlinin qurulmasıdır. Dövriyyənin yeni sisteminin qurulması ədəbiyyat bazarının formalaşması və onun möhkəmlənməsi deməkdir. Postsovet məkanında əsas problem, müəlliflə oxucunun bundan əvvəlki dönəmdə də olduğu kimi ünsiyyətinin olmamasıdır. İndi ən vacib məsələ əsərin əlyazma halından kitabxanalarda oxucuların ixtiyarına verilməsinə qədərki mərhələnin modernləşdirilməsidir. Gözlənilən əsas nəticə budur ki, özünü “Tanrının seçilmişi” zənn edən yazıçı da buna dolanışıq vasitəsi kimi baxmağa vərdiş etməlidir.


- Müasir erməni ədəbiyyatında “atalar və oğullar” problemi varmı?

- Ədəbiyyatda “Atalar və oğullar” problemi əbədi sual kimi, əlbəttə ki, indi də mövcuddur. Lakin yaşlı yazıçılarla gənclərin arasındakı konflikt daha çox diqqəti cəlb edir. Əlbəttə ki, bu konflikt qlobal-ultramüasirlik tərəfdarlarının mühafizəkarlarla konflikti kimi başa düşülməməlidir. Əksinə, gənc nəsilin yazıçıları milli ədəbiyyatla dərin keçmiş və mədəni köklərin üzə çıxarılmasının eyniləşdirilməsinin yeni konsepsiyasını tapmağa çalışırlar. Onlar yaşlı nəsil yazıçıların mövzu və üslubuna etiraz edirlər. Bununla da milli ədəbiyyatın yeni simasını yaratmağa çalışır, tapıntılarını üzə çıxarmağa cəhd göstərirlər. Bu, ədəbi dilin dərk edilməsi yolu ilə özünütəmizləmə və mədəniyyətin özününküləşməsi prosesidir.

- Erməni ədəbiyyatı sosrealizmdən nə qədər uzaq düşüb?

- Bütün sintetik “izm”lər kimi sosrealizmin də sağ qalmaq şansı yox idi. Sovet epoxasının keçmiş erməni ədəbiyyatı bu gün də aktual və maraqlı sayılır. Bu ədəbiyyat mədəni irsə də daxil olub. Ən yaxşı halda bu, sosrealizmin sistemli tələblərinə “kələk gəlinməsi” konteksti kimi təqdim edilir. İndisə, hətta ən adi sosial motiv daşıyıcısı olan ədəbi nümunə ikinci dərəcəli hesab edilir.

- Аzərbaycanda rusdilli ədəbiyyat kitab rəflərində böyük yer tutur. Bu mənada Ermənistanda vəziyyət necədir?

- Bizdə də elədir. Bunun da öz səbəbləri var – ruslar dünya ədəbiyyatında ən maraqlı sayılanları çox tez tərcümə edirlər. Bütün postsovet ölkələrində olduğu kimi, bizdə də rus dilini bilənlərin sayı digər xarici dili bilənlərin sayından əhəmiyyətli dərəcədə çoxdur. Amma qeyd etməliyəm ki, son illərdə dünya ədəbiyyatından xeyli nümunə erməni dilinə də tərcümə edilib. Bunun ən bariz nümunəsi - bu il Ceyms Coysun “Ulisis” romanının tərcüməsi və çox nəfis şəkildə nəşridir. Samvel Mkrtçyanın sayəsində bu il ermənicə işıq üzü görən dünya ədəbi irsinin bu abidəsi erməni tərcüməçilərin yüksəlişinin bir simvoludur.

- Аzərbaycanda poeziya ənənələri çox güclüdür, amma axır vaxtlar romanlar böyük vüsət alıb. Bəs Ermənistanda ən çox nə oxunur?

- Ermənistanda daha çox kiçik nəsr əsərlərini – hekayələri və esseləri oxuyurlar. Hərçənd mən şairəm, amma mənim müşahidələrimə görə ədəbi prosesin aparıcı qüvvəsi məhz romanlardır və onun yeri iqtisadiyyatda istehsalatın yeri qədər mühümdür. İctimai maraqların, müzakirələrin mövzusu olmayınca, romanlar yaranmayacaq, sağlam ədəbi proses getməyəcək. Bizdə əla romanlar yazılır, lakin onlar geniş oxucu kütləsinə çatmır. Bu da ona görədir ki, romanın populyarlaşdırılması çox aşağı səviyyədədir və təkcə internet burda acizdir.

- Ermənistanda ən çox oxunan kimdir? Ədəbi liderlərin adını çəkə bilərsiz?

- Əvvəla, erməni ədəbiyyatı yalnız Ermənistanın sərhədləri daxilində yaranan ədəbiyyat deyil. Argentinadan tutmuş Avstraliyaya qədər bizim çox güclü diasporamız var. Onların da hər bir regionda öz favoritləri var. Son illər Ermənistanda ən çox bu müasir yazıçıların adları səslənir: - Ovanes Qriqoryan, Qurqen Xancyan, Levon Xecoyan, Violet Qriqoryan, Marine Petrosyan, Tiqran Paskeviçyan, Akop Movses, Nerses Atabekyan, Vardan Akopyan. Gənc nəsildən – Racya Saribekyan, Karen Antaşyan, Aram Paçyan, Sarqis Ovsepyan, aşot Qabrielyan, Anna Davtyan, Ambarsum Ambarsumyan, Asmik Simonyan, Arut Kbeyan.

- Erməni müəlliflərin kitabları hansı tirajla çap olunur?

- Müasir ədəbiyyat əsasən 500-dən 3000 nüsxəyədək çap olunur. Çox nadir hallarda bir qədər artıq da ola bilər.

- Oxucular hansı mövzulara üstünlük verirlər?

- Bu sual daha çox ədəbi marketinqlə bağlıdır. Oxunan mövzuların reytinqə görə siyahısı tərtib olunarsa, bunlar incəsənət əsərindən çox ədəbi istehsalatı xatırladacaq. Hərçənd, demək olar ki, bütün dünya ədəbi bazarı indi bu cür əsərlərlə doludur. Bu da, özlüyündə ədəbiyyatın məğzinin dərkində bir qədər böhran doğurur. Amma bunun özü də normaldır, bunsuz mümkün deyil. Bu yaxınlarda “Qraniş Ədəbi Klubu”nun saytında bir sorğu keçirdik. Məlum oldu ki, bizim oxucular üçün ən maraqlısı fəlsəfi və psixoloji ədəbiyyat, o cümlədən də memuarlardır.

- Kitab satışında vəziyyət necədir?

- Pisdir. Ermənistanda kitab bazarı təzə-təzə inkişaf etməyə başlayır. Özlüyündə müsbət tendensiya olsa da, bazarın gələcəyi barədə nəsə demək çətindr.

- Erməni gəncləri ədəbiyyatla maraqlanırlarmı?

- Maraqlı faktdır – Ermənistanda mütaliə etmək və intellektli olmaq dəbdədir.

- Bu gün Ermənistanda hansı ədəbi nəşriyyatlar, eyni zamanda virtual yayımlar fəaliyyat göstərir?

- Ədəbi dərgilərdən - Qraniş, Qarun, İnkhaqir, Narsis, Baqin, Solker, qəzetlərdən Litqazeta, Qretert, Yeqisi Luqs və başqaları.

- Bəs ədəbi təşkilatlar?

- Ermənistan Yazıçılar Birliyi, Qraniş və İknaqir ədəbi klubları, eləcə də bir çox klublar, dərnəklər, qeyri-formal qruplar, bloqlar, müəyyən bir ədəbi ideya ətrafında xeyli insanı birləşdirən saytlar…

- Erməni yazıçıların son illərdə hansı azərbaycanlı yazıçılarla görüşmək imkanları olub?

- Belə bir görüş barədə mənim heç bir məlumatım yoxdur. Hərçənd ayrı-ayrılıqda belə görüşlərin ola biləcəyini də istisna etmirəm.

-Ədəbiyyata dövlət dəstəyi varmı?

- Mədəniyyət Nazirliyinin nəzdində kitabların nəşrinə dəstək olan bir agentlik var. Amma mənə elə gəlir ki, müasir ədəbiyyatın nəşri istisna hal kimi satışda maraqlı olan özəl nəşriyyatlara həvalə edilməlidir.

-YUNESKO 2012-ci ildə Yerevanı dünyanın kitab paytaxtı elan edib. Necə bilirsiz Qabriel Qarsia Markes erməni yazıçıların dəvətini qəbul edəcəkmi?

- Bu, əla olardı! Amma falçılıq etmək istəmirəm. İstənilən halda dünya ədəbiyyatının patriarxının Ermənistana təşrif buyurması üçün səbəbin olmasının özü də bir fəxarətdir. Onun gəlişi yüzlərlə gəncin ədəbiyyata vurgunluğunda, məktəblilərin sinifdənkənar mütaliəsində rol oynasaydı, mən çox sevinərdim.


Elmin HƏSƏNLİ
# 2353 dəfə oxunub

Oxşar xəbərlər

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
# # #