Miskin Abdal, Nuridə Atəşi, beçə balı, samovar çayı

Miskin Abdal, Nuridə Atəşi, beçə balı, samovar çayı
12 avqust 2011
# 11:32
Kamyu ilə yolçuluq


Bakının dözülməz istilərindən bir-neçə günlük xilas olub, azacıq da olsa istirahətin vacib olduğunu dərk edəndə istirahət üçün yer seçməkdə çətinlik çəkmədim.

Səfər çantamı hazırlayıb birbaşa doğulduğum kəndə, Oğuz rayonun Xaçmaz kəndinə yollandım.

Bakıdan kəndimizə cəmi 4 saatlıq yoldur.

Avtobusa əyləşən kimi çantamdan Albert Kamyunun “Yad” povestini çıxardım və yol boyu bir daha əmin oldum ki, ən yaxşı yol yoldaşı kitabdır.

Yavaş-yavaş oxuyuram ki, bu 136 səhifəlik kitabı tez bitirməyim.

Şamaxıya çatanda hiss edirəm ki, artıq 100 səhifəni oxuyub bitirmişəm.

Şamaxıda düşüb dalbadal siqaret çəkirəm, telefonla Facebook-a girib bir az vaxt keçirirəm.

İsmayıllıya qədər kitabı açmadan yaşıllıqları, təbiəti seyr edirəm.

Amma maraq yenə məni kitaba doğru çəkir.

İsmayıllı meşələrinə narın yağış yağır və mən Bakının dəhşətli istilərini xatırlayıram.

Hərdən yanımda əyləşən qoca kişi mənə konfet təklif eləyir.

Qəbələ meşələri başlayanda artıq kitabı bitirib çantama qoyuram və yolun qalan hissəsini də əsərin qəhrəmanını düşünməyə başlayıram.

Qəbələ istirahət guşələri ilə zəngin olduğundan hərdən dəbdəbəli istirahət edə bilənlər haqqında da düşünürəm. Saat 12:00-da Kamyu ilə başladığım yolçuluq bitir və mən kəndimizə çatıram.



Tarixin bir parçası – Xaçmaz kəndi



Kəndimizdə sonuncu dəfə mart ayında olmuşam. Onda hələ torpağın üstündə bəmbəyaz qar var idi. İndi isə hər tərəf yamyaşıldır. Otların, çiçəklərin, meyvələrin qoxusu adamı məst eləyir. Ailə üzvlərimlə görüşüb uzanıb dincəlmək istəsəm də, məndən iki gün qabaq babasına qonaq gələn oğlum Ayhan imkan vermir:

- Ata, yatma, gedək gəzək...

Onun gəzmək istəyinə qarşı gələ bilmirəm. Ayhanın əlindən tutub müxtəlif meyvə ağacları ilə zəngin bağımıza yollanıram. Hər tərəfdən uşaqlığım boylanır. Əkdiyim ağacların üstündə yetişməkdə olan meyvələri görəndə qürurlanıram. Düşünürəm ki, mənim də bu bağ-bağatda müəyyən zəhmətim var.


***

Kəndimiz Böyük Qafqazın ətəklərində yerləşir. Tarixi Albaniya ilə bağlıdır. Tarix kitablarında “Alban keçidi” deyə xatırlanan kəndimiz Oğuzun ən səfalı kəndidir. Dağ çayları və əsrarəngiz təbiət, füsunkar mənzərələr və qonaqpərvər insanlar bu yerin zənginliyinə əlavə çalarlar qatır.

Mən uşaq olanda keçilməz olan, sıxlığı insanı vahiməyə salan meşələri demək olar ki, qırıb qurtarıb. Burda insanlar təbiətin ən qəddar düşmənidir. XXI əsrin başlanğıcında, insanların kosmosa ekskursiya təşkil etdiyi texnika əsrində kəndimizə hələ də qaz çəkilməyib. Evlərdə hələ də odun sobaları yanır. Üstəlik, meşələrdəki ağaclar ən yaxşı tikinti materialıdır. Yollar elə bərbaddır ki, kəndin ayağından başına yarım saata güclə çatmaq olur. Kəndimizdə üç məktəb, üç uşaq bağçası, bir xəstəxana var. Dükanların, marketlərin sayı hesabı yoxdur. Əsrin əvvəllərində kəndimizdə 29 məscid olsa da, indi cəmi 3 məscid var və bunun ikisi fəaliyyət göstərir.

Sovet vaxtı üç kitabxana olsa da, bu gün Xaçmazda kitabxanaların yalnız adı qalıb. Hind kinofilmlərinə baxıb ağladığımız klublar indi yarıtmaz vəziyyətdədir və qapılarından qıfıl asılıb.

Müxtəlif məhəllələr və hər məhəllənin də qəribə adı var. Kənd şərti olaraq üç yerə bölünür: “Aşağı baş” - Kəndin girişindəki aşağı məhəllə, “Orta bazar yeri” - orta məhəllə, “Yuxarı baş” - yuxarı məhəllə. Bundan əlavə, Zarandıq, Ding başı, Çayqıraq adlı məhəllələr də var.

Kənddə 20-yə yaxın övliya qəbri var. Bunlardan ən məşhuru Miskin Abdalın soyundan gələn Sarı Abdal və Hacı Mustafa Əfəndinin məzarlarıdır. Xüsusi günlərdə bu məzarlar ziyarət olunur.

Kəndin yaxınlığından axan və mənbəyini böyük Qafqazdan götürən iki çay: Qalaçay və Nazar çayı kəndin su təminatını demək olar ki ödəyir. Əhali maldarlıq, əkinçilik, arıçılıq və son illər də kömürçülük və odunçuluqla məşğul olur. Bəzən kömür quyularından yüksələn dəm qazı və karbon havanı dözülməz eləsə də, hava çox təmiz olur. Qışı soyuq, yayı sərin, payızı və yazı isə yağışlı olur. Yağıntılar başlayanda kəndin dözülməz günləri başlayır. Palçıq, dağılmış və təmirsiz küçələrdə yerimək əsil katorqa əzabını xatırladır. Payızda meyvə yığımı başlayanda kənd xeyli canlanır.


Kəndimizin tamadası, müğənnisi və şairləri


İldə 30-40 nəfər, bəzən daha çox şagird ali məktəbə qəbul olunur, digərləri isə çalışmaq üçün Rusiyaya və paytaxta üz tutur. Kənddə şadlıq sarayı olsa da, hələ də həyətində çadır toyu edənlər var.

Kənd toylarının özünün ştatlı tamadası, musiqi qrupu, müğənnisi var. Çox nadir hallarda imkanlı adamlar kənardan müğənni və ya musiqiçi dəvət edir. Kəndimizdə kitabı çap olunmuş, ədəbi mühitlə müəyyən əlaqəsi olan iki şair var. Kitab çap elətdirməsə də şair kimi tanınan digər üç nəfəri də nəzərə alsaq Xaçmaz kəndinin beş şairi var. Kənddə ən populyar şəxs Almaniyada yaşayan şairə Nuridə Atəşidir. Yüzlərlə ziyalının içərisində ən çox məşhur olanı odur.

Camaat öz məhsulunu ya qapıda, ya da Qəbələnin məşhur “Nic bazırında” satır. Kəndin özünün dini icması fəaliyyət göstərir. Son illər İslama meyl edənlər kəskin surətdə çoxalsa da, çox nadir hallarda içkisiz toy məclisləri keçirilir.

İnsanların boş vaxtını səmərəli keçirə biləcəyi yeganə yer çayxanadır.

Gənc oğlanlar hələ də qız bəyənmək üçün ya toylara üz tutur, ya da toyların video kasetlərindən istifadə edir.

Nişanlı və ya sevgili olan gənclərin görüş yeri hələ də bulaq başıdır.



Əfsanələr diyarı


Əhalisi Albaniya dövründə xristianlığı qəbul etməyən kəndin adı da bu hadisəylə bağlıdır. “Xaçmaz” sözü qədim alban dilində “Xaç matak – xaçı qəbul etməyənlər” anlamına gəlir. Yerli əfsanələrdə deyildiyinə görə, kəndin “Böyük daş” adlanan yerində, Dağıstana yaxın ərazidə Xəlifə Əli ilə yerli sərkərdə Qəzənfərin döyüşü olub və Xəlifə Əli Qəzənfəri məhz burda məğlub edib. Çox az xatırlansa da, yaşlı və dünyagörmüş qocaların yaddaşında bu əfsanə hələ də qorunur.

Şirvanşah İbrahimdən Nadir şahacan bir çox hökmdarın bu yerlərdə izi var.
Şirvanşahların, Quba xanının və Qarabağ xanın nəslinə mənsub olan, əsilzadə nəsilləri yerli camaata qaynayıb-qarışsa öz varlıqlarını qoruyurlar.

Gavur qala və Surxay qalası kəndin tarixinin qədimliyinin isbatı kimi qorunur.

Müasirliyin və qədimliyin qovuşduğu bu ecazkar məkan haqqında bəlkə də saatlarla danışmaq, uzun-uzun yazmaq olar.

Ən yaxşısı isə heç olmasa bircə dəfə bu məkana üz tutub, buranı görmək və burda istirahət eləməkdir.


Arıçılar, samovar çayı və beçə balı


Kəndə gəldiyimin ikinci günü atamın yük maşınında oğlum Ayhanla bərabər ailəmizin arı təsərrüfatının saxlandığı Filfilli kəndinə yollanıram. Dağ döşündə yerləşən bu kəndin əhalisi ləzgilərdən ibarətdir. Biz arıçıların yanına çatanda narın yağış yağmasına baxmayaraq, atamın arıçı həmkarları tez-bazar samovar yandırıb çay dəmləyirlər. Arıçıların təbiət qoynunda çadır qurub yaşasalar da, ətrafın təmizliyi adamı heyran edir. Meşədə, təbiət qoynunda yaşasalar da, arıçılar siqareti çəkib ancaq külqabıda söndürürlər.

Bir tərəfdən Qalaçayın şırıltısı, bir tərəfdən dağlardan əsən sərin meh insanı başqa aləmə alıb aparır. Ciyər dolusu təmiz hava udub, beçə balı ilə kəklikotu çayını nuş edirəm.

Əsəblərim olduqca sakit, düşüncələrim dupdurudur.

Paytaxtın zəhlətökən istisini qətiyyən xatırlamaq istəmirəm.

Atamın gödəkcəsinə bürünüb ətirli samovar çayı içirəm.

Bir neçə saat ərzində cəmi bir siqaret yandırsam da onu da yarımçıq ocağa atıram. Siqaretin tüstüsü bu təmiz havada qurğuşun kimi çökür ciyərlərimə.

Atamın 20 ilə yaxındır ki, arıya baxsa da, son 5-6 ili bu işlə peşəkar məşğul olur və istehsal elədiyi məhsulu bazara çıxarır.

Təbiət nemətlərinin bol olduğu bu ecazkar məkanda arıçılar balın tərkibinin təmizliyindən qürurla danışırlar. Arıçılar balın təmizliyi ilə həm öyünür həm də bununla nüfuzlarını artırırlar. Minlərlə çiçəkdən çəkilən balın ətri uzaqdan hiss olunur. Arıçılar deyir ki, bu balın tərkibi təmiz olduğu üçün qiyməti də bahadır. Təmiz balın kənddə də müştərisi olmağına baxmayaraq, əsas alıcılar əcnəbilər və imkanlı şəhərlilərdir. Orta statistik kəndlinin ildə cəmi iki kiloqram bal almağa imkanı çatır, şəhərdəki daimi müştərilər isə ildə 5-8 kiloqrama qədər bal sifariş verirlər.

İlin üç ayını çadırda yaşayan, tez-tez müxtəlif yerlərə köçən arıçılar təbiətin şıltaqlıqlarından şikayətçi olsalar da, peşələrindən məmnundurlar.

“Günümüz yeyib-içməklə keçir. İşimiz ağır olsa da özümüzə yaxşı qulluq edirik. İçkimiz, yeyib içməyimiz həmişə var. Əziyyət çəkdiyimiz üçün özümüzə də yaxşı qulluq edirik”.

İlin on bir ayını içki içən atamın arıçı həmkarları nə qədər qəribə olsa da, Ramazan ayında qətiyyən içki içmirlər.

Atam deyir ki, kənddə son illər Ramazan ayında içki içilmir.

Oğlum isə uzun müddət məni görmədiyi üçün qucağımdan düşmür, gördüyü bütün qəribə şeylər haqqında sual verir.

Arıçıların yanında ləzzətli samovar çayından içə-içə düşünürəm ki, bu dağlar qoynunda içkisiz də sərxoş olmaq olar, təki zövq almağı bacarasan.


***

Axşam evə qayıdanda nənəmin və anamın etirazına baxmayıb içmək istəyirəm. Bayırda yaman soyuq var. Anamın dəmlədiyi plovun yanında təmiz tut arağı iştahaaçan mənzərə yaradır. Oğlumu yedirib, özüm də ləzzətli plovdan nuş eləyirəm. Bir-iki qədəh təmiz tut arağından içəndən sonra otağıma çəkilib kompüteri işə salıram.

Belə şəraitdə yazmağa nə var ki...


Cəlil CAVANŞIR
# 1843 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #