Kitab çıxartmaq axmaqlıqdırmı? – Yazarlar arasında qalmaqal

Yazarlar

Yazarlar

7 yanvar 2022
# 15:09

Yazar Vüqar Babazadənin kitab çapı ilə bağlı yazısı polemika yaradıb. O, tənqidi yazısında kitab çıxarmağın lazımsız olduğunu vurğulayıb.

Kulis.az son vaxtlar kitabları çap olunan, kitab çap etmək ərəfəsində olan yazarların məsələ ilə bağlı fikrini öyrənib. Cavabları təqdim edirik.

Azər Qismət

Kitab çıxarmağa tam axmaqlıq deməzdim. Amma bu günün oxucusu üçün lazımsızdır. Çünki bu günün 90 faiz oxucusu xarici müəllifləri oxuyurlar. Çox az sayda adam yerli müəlliflərə üstünlük verir. Yerli yazıçılar bir-birinin əsərini tam oxumurlar. Az sayda adam tam ürəklə bunu edir. O da kimsə dirəşib oxutdurmaq istəyəndə. Çoxu səhv axtarmaq arzusu ilə oxuyur ki, sabah məclisdə-zadda qabırğasına döşəsin. Xarici müəllifləri də ona görə oxuyurlar ki, görüm onlar necə yazıblar ki, lauereat adına layiq görülüblər. Söhbət çoxundan gedir. Bəziləri də sosial şəbəkədə reklam xatirinə edir ki, bunları oxuyuram. Kitab industriyası inkişaf etmir. Yaxın 10 ildə də gözləmirəm. Şəxsən mən ona görə yazıram ki, nəsə iz qalsın. Dost-tanışın evində kitabım olsun ki, bəlkə övladları əlini atıb oxusunlar. Bəzi kitab nəşriyyatları isə gizli iş görürlər. Kitabını 200 tirajla dərc etdirirsən, onun çoxu təqdimatda satılır. Baxırsan ki, illər keçir, hələ də kitab orda satılır. Və müəllifdən gizlin ikinci dəfə nəşr etməyə dair şübhə yaranır, müəllifə xəbər edilmədən. Kitab mağazalarına isə kitablarımı vermirəm. Çünki 40 faizi özlərinə istəyirlər, o da sərf etmir. Kimə lazımdırsa, əlbəəl verirəm.

Kənan Hacı

Vüqar Babazadənin yazısını oxudum. Biz illərdir kitab sənayesinin formalaşması üçün çarpışırıq, yazılar yazırıq. Vəziyyət isə dəyişmir. Məncə, nəşriyyat rəhbərləri və yazıçılar bir yerə toplaşıb bu vəziyyətdən necə çıxmağın yollarını müzakirə etməlidirlər. Bu müzakirələr mütəmadi keçirilməlidir. Çıxış yolu mütləq olmalıdır. Əks təqdirdə yazıçı həmişə Vüqarın təbirincə desək, axmaq vəziyyətə düşəcək. Gənc yazıçının narahatlığını başa düşürəm. Amma yazmaqla heç nə dəyişmir, konkret addımlar atılmalıdır.

Fəridə

Vüqarın "Kitab çıxartmaq axmaqlıqdır" adlı yazısını oxudum. Başdan sona qədər bütün fikirləri ilə razıyam. 2012-ci ildən bəri bu mühitin içindəyəm. Bir şeir, bir roman kitabım nəşr olunub. Amma uzun illərdir kitab nəşr etdirə bilmirəm. Məhz, yazıda deyilən səbəblər ucbatından. Nəşriyyat sistemi yoxdur, müəllif özü bütün işlərin ardınca qaçmalı, qovmalı və az qala qapı-qapı düşüb kitabını satmalıdır. Bu durumda olan müəllifə isə heç bir oxucu ciddi yanaşmır. Oxucu bu işlərin "ekran arxası"ndan xəbərsizdir. Və orta statistik oxucu yazıçını yellənən stulda oturub siqar çəkərkən, əlində kitab və ya içki stəkanı tutmuş şəkildə xəyal edir. Hər gün feysbukda "filan küçənin tinində olacam, kitablarımı satıram, almaq istəyən yaxınlaşsın" - deyə status yazan yazıçı oxucunun gözündə nə qədər acı səslənsə də "səfil" kimi görünür. Öz kitablarını satan yazıçı dostlara heç bir iradım yoxdur, heç kim kefindən yolda, parkda oturub oxucu yolu gözləməz, amma öz təcrübə və müşahidələrimə əsasən deyirəm ki, küçədə kitabını satan yazıçılardan kitab alanlar oxumaqdan çox dəstək olmaq məqsədi ilə yaxınlaşır. Kitabı alır ya evə atır, ya lazımsız aksesuar kimi rəflərdən birinə. Kitab satılır, yazıçı xoşbəxtdir, amma kitab oxucuya çatmır. Mən də bu problemləri düşünüb uzun illərdir kitab nəşr etdirmək fikrindən yayınıram. Və açığı, iki yüz və ya üç yüz tirajla kitab çap etdirə bilmək üçün xərcləməli olduğum ən azı min manat mənə hazırki durumumda çox böyük məbləğ kimi gəlir. Mən kitab nəşr etdirmək axmaqlıqdır demək istəmirəm, amma kitab nəşr etdirdikdən sonra qəfildən bir həftəyə, bir aya tanınanacağına ümid etmək və ya qoyduğun pulu geri qazana biləcəyini düşünmək, hə, axmaqlıqdır. Qazancınız xəyal qırıqlığı olacaq. Bir də evin küncündə, dükanların anbarında onun-bunun əl ayağına dolaşan bir yığın sata bilmədiyiniz kitablar...

Eminquey

Bu yazı o qədər çeynənmiş, öz aramızda üzü yuxarı, üzü aşağı minilmiş fikirlərlə doludur ki, bunu yalnız Vüqarın elə özü də qeyd etdiyi kimi "təzə"liyinə keçmək olar. Kitablarımız satılmır, kitab sektoru yoxdur, bazar ölüb, istedadlı gənc qələm yoldaşları və s. Mücərrəd deyingənliklər və bilinən şeylər. Ayxan Ayvazda bunun az-maz dolğun variantını oxumuşam. Ki, bu mənada da Vüqarın "təzə"liyini nəzər alıram. Bu yazının indiki zamanda heç bir tənqidi yükü yoxdur. Durum haqqında ad çəkmədən ümumi var-gəl etmək, əsl hədəf qala-qala kitab çıxartdıranlara ilişmək... Vüqar bu yazıda yeni heç nə deməyib. "Kitab yazmaqdan da mənalı, dərin işlə məşğul olmaq istəyən" Vüqar məncə yeni bir şey yazmayacaqsa, doğrudan da özünə mənalı və dərin iş tapsa yaxşıdır. Hə, ən əsası, bu yazını yazmaq axmaqlıqdır.

Sara İbrahim

Yazının başlığı çox sərtdir, kimsə ilk dəfə kitab çap etməyə hazırlaşırsa, bu başlığı oxuyanda ruhdan düşə bilər. Razılaşdığım məqamlar çoxdur: Vüqar reallığı yazıb. Kitabı yazmaq nə qədər əziyyətli işdirsə, onu çap etmək ikiqat çətindir. Satış məsələsi yazarların ən yaralı yeridir. Kitabın çapı üçün lazım olan məbləği özün ödəməlisən. Ölkədə hələ elə bir nəşriyyat tanımıram ki, bir-iki tanınmış yazıçı istisna olmaqla, kiminsə kitabını nəşriyyat hesabına çap etmək istəsin. Reklam yoxdur, çap olunan kitabların üstünü mağazada illərlə toz basır. Sonda nəşriyyat həmin kitabları bir-iki manata təklif edir. Bu da yazarları həvəsdən salır. Bizdə, bəlkə də, tanınmamış imzaların çox maraqlı əsərləri var, amma onlar reklam olmadığından öz oxucusunu tapa bilmir. Sizə bir misal deyim: mən romanımı nə vaxt instaqramda, feysbukda pulla reklam etsəm, satış faizi hiss olunacaq dərəcədə yüksəlir. Mağazadan bildirirlər ki, reklam gedən günlərdə kitabla bağlı çoxlu sifarişlər alırıq. Yazıda faydalı məsləhətlər də vardı, bu təcrübəsi olmayanlara kömək edə bilər. Hər nə qədər çətinlik olsa da, belə pessimist yazıların yazılmasını istəməzdim. Vüqar baltanı necə deyərlər, lap kökündən vurub.

Nihat Pir

Vüqarın yazısını oxudum, yadıma faciəvi bir hadisə düşdü; Nigar Köçərli verilişlərin birində üzünü Azərbaycan yazıçılarına tutub demişdi ki, gəlin açıq danışaq, uzağa getməyə ehtiyac yoxdur, Qaraqan kimi satılmırsızsa, demək, yaza bilmirsiz, vəssalam.

Maraqlısı odur ki, bizdə kitabı çox satılanlar yaxşı yazır deyə satılmır, əslində. Olar bilər ki, o, yaxşı yazıçıdır və yaxşı da yazır, amma sırf çox satılmasının səbəbi mətni deyil. Məsələn, Kəramət sosial şəbəkələrdə elə bir fenomenal fiqura çevrilib ki, onun kitabını alan “Kəraməti oxuyum” deyə almır, “Gedim Kəramətdən kitab alım” deyə alır. İki fikir arasında çox böyük ziddiyyət və fərq var. Eləcə də Qaraqan...

Xülasə, Vüqarın fikirləri zaman-zaman deyilən, deyə bilmədikdə isə içimizi didib-dağıdan problemlərə güzgü tutur, amma bu problemdən çıxış yolu bizim heç birimizin səlahiyyət və imkanları çərçivəsində deyil. Mövcud yoxluğa protesto eləmək, kitab çıxarmaqdan imtina eləmək isə, mənə görə, absurddur. Vüqar özü də bilir ki, dəm-dəstgahla bəhs elədiyi nəşriyyat sistemi anlayışının bizim ölkədə qurulmasına rahat 30-40 il lazımdır. Buna isə nə yazıçı nəslinin səbri var, nə də ki nəşriyyatların marağı. Odur ki salamatı elə özünün də dediyi kimi 200 tirajla yetinib Allaha şükür eləməkdir.

Yəni loru dillə desək, yazıçı hazırladığı məhsulu “word” proqramının yaddaşında saxlamaq üçün hazırlamır, elə, ya belə, onu bazara çıxarmalıdır. Onu bazara çıxaracaq sistem bizdə yoxdursa, o demək deyil ki, məhsulun “anbar”da xarab olmasına göz yummalıdır. Yazıçı məhsulunu, heç olmasa, mayasını çıxarsın deyə əldən çıxarmalıdır...

Amma bir şeyi də qeyd edim ki, pandemiyadan sonrakı dönəm şəxsən mənim fikirlərimi dəyişə bildi. Ardıcıl təşkil olunan sərgilər, kitab adına olan canlanma, prosesdəki müsbət gedişat məndə əməlli başlı həvəs yaradıb. Yəni heç olmasa, axşamlar yatanda öz-özümə “Bəlkə, kitab çıxarım?” – deyə sual verirəm. Bu da yuxarıda dediyim 30-40 il məsələsinin artıq başlanması deməkdir, fikrimcə.

Ələsgər Əhməd

Vüqar, düz danışırsan, amma...

Nə edək, dərdimizi kimə deyək? Biz də heç nədən kostyumlarına heyran olduğumuzun qalstuku ilə göz yaşımızı silək? Yazıçı evindən yazıb, 10 imzanın haqqı olan pulu yeyək? De, ona görə vicdanımıza bir abzas seçək. Başqa nə bacarıq var ki, biz fəqirlərdə. O qədər bədbəxtik ki, haradasa ofisiant işləsək, hansısa masadan kimsə deyəcək ki, "mən səni oxuyuram". Servisə qədər siz idin. Gəl, qoşul mənə, sən də yeni kitabı hamıya pulsuz et. Axır-əvvəl bu, dağılmışda açıb içini oxuyan olacaq.

Bəzən bütün istəklərim alt-üst olur, oxuyan-oxumayan hər kəsə çəmkirmək istəyirəm, 3-4 dəfə status yazıb silirəm. Sonda bilirəm ki, "big bro bizi izləyir". Gileylənək deyə edirlər. Bu ölkədə kitab sərgisi voleybol meydançasında keçirilir, bunu nəzərə alaq. Hər şey istədikləri kimidir. Arada bir öz qullarına tapşırıq verirlər, tapşırıq alanlar da öz övladlarına ata nəvazişiylə diplomlar tərtib etdirir. Onlar adətən gənc olurlar, eynəkdən gülümsəyən aktyorlar. Onların nə dərdinə düşüb kitab, sənət. İntellektual görünüb, qadınlar üçün profil romantikliyi edirlər də. Kobud səslənsə də; "başlarını burax". Sən kitabını yaz, mən oxuyacağam.

# 9311 dəfə oxunub

Oxşar xəbərlər

Yeni "Harri Potter"in Dambldoru məlum oldu

Yeni "Harri Potter"in Dambldoru məlum oldu

15:29 12 noyabr 2024
“İqlim dəyişikliyi” mövzusunda elektron məlumat bazasının təqdimatı oldu

“İqlim dəyişikliyi” mövzusunda elektron məlumat bazasının təqdimatı oldu

14:30 11 noyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Heç bir mesajı yoxdur, ortabab mətndir..." - Hekayə müzakirəsi

"Heç bir mesajı yoxdur, ortabab mətndir..." - Hekayə müzakirəsi

15:00 11 sentyabr 2024
Müəllif "qızları ərə verməyə tələsməyin"  demək istəyir? - Hekayə müzakirəsi

Müəllif "qızları ərə verməyə tələsməyin" demək istəyir? - Hekayə müzakirəsi

09:00 16 iyul 2024
# # #