“Kitabdangələn”lərin ədəbiyyata dəxli varmı?

“Kitabdangələn”lərin ədəbiyyata dəxli varmı?
17 oktyabr 2013
# 09:59

Kamal Abdulla müsahibəsi ilə bağlı polemika davam edir. Bu gün Cəlil Cavanşirin məqaləsini təqdim edirik. Polemikanın sonunda Kamal Abdulla da polemikaya qoşulacaq.

Polemikanın digər yazıları

Kamal Abdulla: “Mən öz İtaka adama hökmən qayıdacağam” MÜSAHİBƏ

Şərif Ağayar: Kamal Abdulla ilə kənd söhbəti

Kənan Hacı: Kamal Abdulla öz sirrini açmır...

İki intellektual qələm adamının – Kamal Abdulla və Qan Turalının Kulis.az-da dərc olunan söhbətini maraqla və diqqətlə oxudum. Kamal Abdulla Azərbaycan ədəbiyyatında öz yeri olan, intellektuallığı ilə fərqlənən, ədəbiyyat haqqında düşüncələrinə böyük önəm verdiyim və hörmət etdiyim yazıçıdır.

Ədəbi mühitdə, tənqidçilər və yazarlar arasında Kamal Abdullaya münasibət birmənalı deyil. Kamal Abdulla özü də bu münasibəti çox gözəl bilir və haqqında danışdığımız müsahibəsində də bu məqamlara münasibət bildirir: “Bəzən mənim mətnimə intellektual mətn deyirlər və bunu kimsə bəyənir. Bəzən mətnimdə dil xətaları tapırlar, kimsə bunu bəyənmir. Bəzən açıqca böhtan atırlar, bu isə artıq "ağıllılıq" pərdəsinə bürünmüş qeyri-peşəkarlıqdan irəli gəlir və daş qayadan nə aparırsa aparır.”

Yazılan və oxucunun ixtiyarına verilən istənilən mətn, yazıçının məhsulu olsa da, hökm vermək ixtiyarı oxucudadır. Amma bəzən oxucular, kifayət qədər ədəbi zövqü olan tənqidçilər və yazarlar da mətnə haqqında çox ədalətsiz hökm verirlər. Bu ədalətsizlik Kamal Abdullanın mətnlərindən də yan keçməyib. Məsələn, Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları, eləcə də ümumi şəkildə yaradıcılığı haqqında onlarla fərqli mövqeyi olan yazı oxumuşam.

Onu bəzən yersiz və savadsız şəkildə tənqid edir, bəzən Ekoyla, bəzən də Borxeslə müqayisə edirlər. Bütün təzadlı fikirlərə baxmayaraq Kamal Abdulla intellektualllıq və təfəkkür baxımından ədəbiyyatımızda xüsusi çəkiyə malik, sanballı qələm adamıdır.

Düşünürəm ki, yazıçının müxtəlif mövzular barədə fikirlərini ortaya qoymasında böyük fayda var. Məhz bu baxımdan Kamal Abdullanın müsahibəsi mənim üçün olduqca maraqlı idi. Ona görə də K. Abdullanın polemikaya yol açan müsahibəsinin üstündən sakit keçə bilmədim.

Müsahibəsinin əvvəlində Kamal Abdulla şeir yaradıcılığı ilə bağlı danışarkən, bir məqama toxunur:

“Mən birinci kursa daxil olanda filfakın 5-ci kurs tələbələri artıq şeir oylağında at oynadırdı. Ramiz Rövşən var idi, Sabir Rüstəmxanlı var idi. Yunan mifologiyasındakı Afina silahlı, əlbisəli bir biçimdə atası Zevsin başından doğulan kimi onlar da, elə bil, birdən-birə şair doğulmuşdular, birdən-birə ancaq yaxşı şeirlər yazmağa başlamışdılar. Bu filfak şairləri artıq qeyri-rəsmi ədəbi mühitdə tanınırdılar, öz məşhurluq yollarını rahat getmələri üçün onların öz "svita"sı var idi, onlara can fəda edənlər var idi.

... Qərəz, mən filfakın birinci kursunda peyda olanda pyedestalda yerlər tutulmuşdu”

Azərbaycan şeirində uzun müddətdir ki, “Ramiz Rövşən xofu”, “Ramiz Rövşən təsiri” hökm sürür. Maraqlıdır ki, yaradıcılığına şeirlə başlamış Kamal Abdulla da bunu etiraf edir.

İllərdir Azərbaycan şairlərinin böyük bir dəstəsi məhz Ramiz Rövşən kimi yazmağa, onu yamsılamağa cəhd edir.

Hətta onu inkar edənlər də, onun təsirindən xilas ola bilmir. Artıq köhnəlmiş estetika, dövrünü başa vurmuş üslübu bu gün də ciddi-cəhdlə yaşatmağa çalışanlar var. Təbii ki, istisnalar var və bu istisnaları sadalamağa ehtiyac görmürəm.

Kamal Abdullanın “yolunu kəsən” “Ramiz Rövşən faktoru” çoxlarını ümumiyyətlə ədəbiyyatdan biryolluq uzaqlaşdırıb. Sözsüz ki, Kamal Abdulla bu məqamda gileylənmir və sadəcə öz ədəbi taleyindən danışır. Hesab edirəm ki, Kamal Abdulla “konkurentədözümlü” şeirlərini yazana qədər bu təsirdən qaçmağa çalışıb. Amma vurğulanan bu məqam da üzərindənkeçiləcək məqam deyil.

Müsahibədə olduqca diqqət çəkən məqamlardan biri və ən vacibi “literaturşina” məsələsidir. Bu gün tez-tez bu söhbətləri eşidirk: “filankəs kitabdan gəlib”, “filankəs həyatdan gəlib”.

Sözsüz ki, bu söhbətlər qüsurludur və ümumiyyətlə yaradıcılığa, ədəbiyyata faydası olmayan söhbətlərdir. Bu baxımdan Kamal Abdullanın “literaturşina” ilə bağlı dedikləri ilə razıyam.

Ümid edirəm ki, bu tendensiya biryolluq həll olunacaq, bu söhbətlər gündəmi tərk edəcək.

Qəribədir ki, “Kitabdangəlmə”liyi ilə öyünənlər də var. Bəs bu cür “gəlmə”lərin ədəbiyyata dəxli varmı? Hətta bədii əsərlərində belə sitatçılıqdan, əzbərçilikdən, oxuduqlarının təsirindən qaça bilməyənlər də özlərinə “kitabdangəlmə” deyir və sağda-solda bununla öyünürlər. Ayaqları yerdən üzülənlər unudurlar ki, ədəbiyyat toplumun özünü ifadə vasitəsidir.

Məncə bu cəhdlər, oxşarlıqlar, sitat yığınları, çırpışdırmalar olsa-olsa gündəmə işləyən gələn “gözəl yazılar”dır. Məhşur imzaların, dünya ədəbiyyatının arxasına qısılıb, dahilik iddiasında olmaq və sonra “kitabdangəlmə” intellektual obrazı yaratmaq cəhdləri də boş şeylərdir.

Və ya yaradıcılığında bol-bol qoyun-quzu, şehli çiçəklər, qarlı dağlar, baltagirməz ormanlar, yemlik, turşəng, quzuqulağı, torpaq, təzək qoxusu, qoyun qığı, çoban yapıncısı, ferma həyatı təsvir edən yazıçının verdiyi mesaj nə ola bilər?

“Mən “həyatdangəlmə” yazıçıyam, kənd (şəhər) estetikasını bilərəm” deyib, meydan sulamaq da yersizdir.

Ədəbiyyata bütöv yanaşmaq lazımdır.

Ədəbiyyat yalnız xoş duyğular oyatmaq, kövrəltmək, sentimentallaşdırmaq, ağlatmaq, təsirləndirmək üçün deyil. Ədəbiyyatın başqa missiyaları da var.

Öncə qeyd etdiyim kimi, yazıçının müxtəlif mövzularda nə düşündüyünü bilmək oxucu üçün maraqlıdır və bu düşüncələri ortaya qoymaq lazımdır.

...Müsahibədə sosrealizm, dil və üslüb, ədəbiyyatşünaslıq və vurğuladığımız məqamlarla bağlı Kamal Abdullanın zəngin düşüncələri və fikirləri olduqca maraqlıdır.

Cəlil Cavanşir

# 2101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #