Cəlil Cavanşirin bayraq sonluğu

Cəlil Cavanşirin bayraq sonluğu
29 noyabr 2013
# 12:44

Gəlin Çinar

Birdən Orxanın yadına düşdü ki, son günlər televizorda tez-tez “Dövlət Bayrağı meydanını” göstərirlər. Bu meydanın tikintisi vaxtı tez-tez prezident bu meydana işlə tanış olmağa gələr, dövlət televiziyası da prezidentin bu gəlişini “Xəbərlər” proqramında xüsusi blok şəklində nümayiş etdirərdi. Açılış günü prezident bayraq haqqında, milli-mənəvi dəyərlər haqqında çıxış etmişdi.

Orxan hətta onu da bilirdi ki, bu meydandakı bayraq dirəyi hündürlüyünə görə Ginnesin rekordları kitabına da düşüb. Bayraq gününə sayılı günlər qalırdı...

...Ağlına gələn parlaq fikir özünə də xoş gəldi. O tərəf-bu tərəfə nəzər saldı, divarından asılmış güzgüdə özünə göz vurub qımışa-qımışa evdən çıxdı.

Orxan kəndin toz-torpaqlı, çala-çuxurlu yollarında dolaşır, ideyasını həyata keçirmək üçün ona dəstək verəcək dostlarını axtarırdı. Görəcəyi işin təhlükəli tərəfi onu daha da həvəsləndirirdi. Aytənin Gəlin Çinarını qorumaq üçün o hər şeyə hazır idi. Nəhayət ki, ürək qızdırdığı sinif yoldaşlarından birini tapıb planını danışdı. Sinif yoldaşı bir az nəm-nüm eləsə də, Gəlin Çinarın kəsilməməyi üçün, Orxanla razılaşdı.

...Ay işığında iki balaca kölgə çinarın ətrafında vurnuxurdu. Uzaqdan hiss olunurdu ki, kölgələrdən biri çinarın qalın və sıx budaqlarının arası ilə inadla yuxarı dırmaşır...

...Səhər tezdən bütün kənd Gəlin Çinarın başına yığışmışdı. Adamlar təəccüblə bir-birinə baxır, öz aralarında pıçıltıyla danışır, nə baş verdiyini bir-birlərinə izah etməyə çalışırdılar. Kişilər təmkinlə, ağır-ağır məsələnin “yuxarıdan” həll olunduğunu deyir, ehtimallarını bir-birinin sözünü kəsə-kəsə isbat etməyə çalışırdılar.

Orxangilin qonşusu Süsən xala arvadları başına yığıb, dil-boğaza qoymurdu: “Qadasın alaram hökumətin, görürsünüz bu quldurun başına nə oyun açdı? İndi hünərin var, çinarın bircə yarpağına toxun”.

Həsən kişi pərtliyini gizlətməsə də, çinarın kəsilməyəcəyi ürəyindən idi. Hərdən əlini gözünün üstünə qoyub çinara boylanır, gülə-gülə başını bulayırdı.

...Qəfildən kənd yolunda tozu dumana qatan KaMAZ-ın nəriltisi eşidildi. Sanki qurbağa gölünə daş atdılar. Çinarın ətrafına toplaşmış kənd camaatı pıçıltını kəsib, maşının yaxınlaşmağını gözlədi. Maşın çinarın qənşərinə çatıb dayandı. Biznesmen maşından düşüb, arxayın-arxayın kuzovdakı fəhlələrə əmr elədi:

- Tökülüşün.

Əmr nə qədər hökmlü səslənsə də, fəhlələr yerindən qımıldanmadı. Biznesmen narahatlıqla yerində qurcuxdu. Fəhlələri hələm-hələm onun bir sözünü iki eləməzdi. Qəfildən gözü ağacın ən yuxarı budaqlarına sataşdı.

Əsəbi şəkildə Həsən kişiyə tərəf baxıb nə isə demək istəyirdi ki, Orxanın işarəsini gözləyən “altıncılar” “Azərbaycan himn”ini oxumağa başladı.

Kəndin tozanaqlı yolları ilə bir KaMAZ uzaqlaşırdı...

Gəlin Çinarın budaqları arasından Azərbaycan bayrağı günəşə boy verib, sakit-sakit dalğalanırdı.

Bircə Orxan bilirdi ki, Gəlin Çinarın ən hündür yerinə bərkitdiyi bayraqdan “hökumət”in xəbəri yoxdur....

# 1639 dəfə oxunub

Müəllifin son yazıları

# # #