Sümüyümə düşən hava

Sümüyümə düşən hava
3 iyul 2013
# 10:03

Bu yaxınlarda “Oyun havası” povestini oxudum və əmin oldum ki, Məmməd Oruc da Azərbaycan ədəbiyyatında oxunması vacib, araşdırılmalı, yaradıcılığı təbliğ edilməli müəlliflərdəndir. “Oyun havası” povesti mübaliğəsiz olaraq Azərbaycan ədəbiyyatının qiymətli nümunələrindən biridir. Çox təəssüf edirəm ki, belə bir qiymətli əsərlə çox gec tanış olmuşam. Bəlkə də bunun səbəbi Məmməd Oruc kimi qiymətli bir yazıçının gözdən-könüldən uzaq, bir kənara çəkilib, necə deyərlər “başını aşağı salıb” yaradıcılığı ilə məşğul olmağıdır. Qəribədir ki, belə maraqlı və zəngin alt qatı olan, ədəbi baxımdan uğurlu bir əsər yazan müəllif illərlə ədəbi prosesdən, müzakirələrdən kənarda qalıb. Amma istedadı, həqiqi ədəbiyyatı uzun müddət sıxışdırıb kənarda saxlamaq, gündəmdən uzaq tutmaq qeyri-mümkündür.

***

“Oyun havası” povestindən əvvəl Məmməd Orucun Kulis.Az saytında çap olunmuş “Akvariumda farel ovu”, “Testeron” və “Güman” hekayələrini oxumuşdum. Amma Məmməd Orucu bir yazıçı kimi “Oyun havası”ndan sonra kəşf etdim. Necə deyərlər “Oyun havası” “sümüyümə düşdü”.

Povestin əsas qəhrəmanı qoluzorlu, asıb-kəsən, bütün kəndi qorxu altında saxlayan, qolunun gücünə güvənən keçmiş qəssab Əlizamandır. O elə kəndin gözü önündə “güclənib”. Yəni onun qorxulu bir varlığa çevrilməsinin səbəbkarı kənd camaatının özüdür. Əlinə düşən bütün fürsətlərdə həmyerlilərinə, yaxınlarına qolunun zorunu göstərən Əlizaman kənd-kəsəkdə, rayonda əməlli başlı qorxu mühiti yarada bilib. Hamı ondan çəkinir. Amma o təkcə qoluzorlu Əlizaman deyil. Onun “işbazlığı” sayəsində neçə-neçə həmkəndlisi ali məktəblərdə təhsil alıb kəndə qayıdıb. Cəmi bir il həbsdə olduğu müddətdə isə heç bir həmkəndlisi ali məktəbə qəbul oluna bilmir. Bəli, Əlizaman nə qədər qorxunc olsa da, həm də lazımlı, vazkeçilməz adamdır.

***

“Oyun havası” Azərbaycanın kiçik bir kəndində baş verən əhvalatları, hadisələri əhatə etməsinə baxmayaq mahiyyət etibarı ilə qlobal, dünyəvi əsərdir. Əlizamanın əsgərlikdən yenicə gəlmiş Məti tərəfindən öldürülməsi, meyitinə heç kəsin yiyə durmamağı, uzun müddət elin-obanın “tük saldığı” “Qorxu”nun cəsədinin iylənməsi, nə mollanın, nə mürdəşirin, nə də kənd camaatının onun dəfninə gəlməməyi, cəsədi dəfn edilməmiş qonşunun toy çaldırması və hamının Əlizamanın havasına - “Sarıköynəyə” qol qaldırıb oynaması mənə dünya tarixinin talesiz diktatorlarını xatırlatdı. Xüsusilə Qəddafinin taleyi gözlərimin önündə canlandı. Yavaş-yavaş güclənməsi, xalqın gözündə böyüməsi, xalq üçün həm faydalı, həm də qəddar olması və aqibəti...

Eyni zamanda taleyi Əlizamanın taleyinə bənzəyən onlarla diktatoru xatırladım...

***

Əsərin bəşəri mahiyyəti, zora, gücə, diktaturaya, avtoritarizmə münasibəti olduqca maraqlıdır. Nədənsə məndə belə təəssürat yarandı ki, “Oyun havası” diktatura əleyhinə yazılmış bir əsərdir. Əlizaman qorxunun simvoludur. Xalq Əlizamanı sevmir, bütün diktatorlar kimi ondan qorxur. Ancaq qorxuya, zora qarşı üsyan, etiraz mütləqdir. Əlizamanın simasında qəddarlığın, harınlığın labüd sonu çox maraqlı və çox dəqiq təsvir olunub. Qəddarlıq hörmət və sayğı yox, qorxu yaradır. Hərdən işlərinə yarasa da, onsuz işləri keçməsə də kənd camaatı Əlizamanı sevmir. Meyiti ortada qalır. Nə erməni sevgilisi Anuş, nə doğma qardaşı Heydər onun cənazəsini dəfn etməyi boynuna çəkir. Həyat yoldaşı isə saatlarla tərəddüd içində çırpınır. Son anda Əlizamanın iylənməkdə olan cəsədinə əyri yollarla qazandığı pullar və qadının artıq məhv olmuş sevgi hissləri kömək olur.

Amma təcili yardım maşının sürücüsü də, qəbrini qazan traktorçu da etdiklərini pulun müqabilində edir.

***

Müəyyən məqamlarda müəllif mentallıqdan qaça bilmir. Yəni bəşəri dəyərlərin fonunda məhəlli ideyalar da “gözə dəyir”. Məsələn kəndin dəlisi Məmmədağanın toya yox, Əlizamanın dəfninə gəlməyi, həyat yoldaşının son anda Əlizamana sahib çıxması və s.

Uzun illər Əlizamanın eyş-işrət, qumar məclislərində oyun havası olan “Sarıköynək” havasının onun öldürüldüyü gün qonşu toyunda səslənməsi, Əlizamanın oyun havasına bütün kənd camaatının qol-qaldırıb oynaması qorxunun məğlubiyyətini göstərən bir detaldır. Bütün qorxulara qarşı üsyan labüddür və bütün qoluzorluların, diktatorların bir sözlə əlizamanların sonu bəllidir...

# 1677 dəfə oxunub

Müəllifin son yazıları

# # #