Əmisinin öldürmək istədiyi homoseksual

Əmisinin öldürmək istədiyi homoseksual
22 yanvar 2015
# 18:17

İnanın sözümə, bizim insanlar içlərində yığılmış nifrəti, kini, nifrini qusmağa fürsət axtarır. Bunu anlamaq üçün dahi olmaq lazım deyil, sadəcə ətrafınıza nəzər salın. Öz həyatlarındakı uğursuzluğun qisasını başqasından almağa çalışan qəzəbli insancıqlar çox təhlükəlidir. Nifrət, kin və qəzəblə silahlanmış insan məntiqi düşüncədən, analiz etmək qabiliyyətindən məhrumdur. Ömründə bir kitab oxumayan, bir filmə baxmayan, teatra getməyən, gözlərini yumub bir musiqi dinləməyən Azərbaycan insanı sənə düşüncənə, əqidənə, seçiminə, hətta hislərinə görə də nifrət edə bilər. O bu yolla qisas alır. Öz uğursuzluğunun, istedadsızlığının, faciəsinin, qarşılıqsız sevgisinin və hətta təmin olunmamış seksual fantaziyalarının, doyurulmayan libidosunun qisasını alır mental düşüncəli vətən övladı. Əziz oxucu, sənə heç bir səbəbi və əsası olmadan nifrət edənləri görəndə anlayacaqsan nə demək istədiyimi. Bunu hər addımda görmək, hiss etmək mümkündür. Sosial şəbəkələr, kiçik çevrələrdə gedən söhbətlər gec-tez gəlib qulağına çatacaq və heç bir səbəbsiz sənə nifrət edənlərin tanıyanda əminəm ki, şoka düşəcəksən. Ölkəmizin reallığı bu qədər acı, bu qədər ağır və bu qədər təhlükəlidir.

Yenə öz həyatımdan bir misal çəkəcəm. Uzun illərdir məni tanıyan, görüşəndə irişərək ehtiramla mənə salam verən, sənət aləmi ilə az-çox əlaqəsi olan, amma özünü heç cür təsdiq edə bilməyən bir tanışım mənə səmimi-qəlbdən nifrət edir. Heç vaxt heç bir müstəvidə problemimiz olmayıb. Necə deyərlər, “toyuğuna kiş deməmişəm”. Dəqiq bilirəm ki, mənə nifrət etmək üçün heç bir səbəbi yoxdur. Amma o səbəbsiz-zadsız mənə nifrət edir. Sosial şəbəkələrdəki müxtəlif səhifələrdə əleyhimə həvəslə, qürurla, fəxrlə “döşəyir”. Hərdən dostlar onun yazdıqlarını göndərirlər məni uyarmaq üçün. Gülürəm. Səbəbini anlamadığım, məğzini bilmədiyim bu sonsuz nifrətə, bitib-tükənməyən aqressiyaya və kinə gülməkdən başqa heç nə gəlmir əlimdən.

Eyni coğrafiyada doğulduğum, eyni havanı udduğun insanların içindəki bu nifrətə heyrət edə-edə gülürəm...

...Nədənsə bu gün bir il öncə intihar etmiş İsa Şahmarlını xatırladım. Homoseksual olduğu üçün sıxışdırılan, intihar həddinə çatdırılan, ömrünün baharında həyata faciəli şəkildə vida deyən İsa Şahmarlını. Dəfnində hətta ailəsi belə öz aqressiyasını, cahilliyini, nifrətini gizlədə bilməmişdi. Dəfnində əmisi fotoqraf Abbas Atilaya deyirmiş ki, “Heyif, biz gecikdik, gərək onu biz özümüz körpüdən atardıq, təmizləyərdik bu ləkəni".

"Requiem aeternam dona eis, Domine"

Bu gün, intiharının ildönümündə İsa yenidən gündəmə gəlib. “Oda” teatrının aktyorları İsanın xatirəsinə video hazırlayıb. İçi nifrətlə dolu insanlar bu videonu paylaşıb “meydan sulayır”: “Belələri ölsə yaxşıdır”, “əxlaqımızı pozurlar”, “Cəmiyyət hara gedir?”

Homoseksualizmi əxlaqsızlıq hesab edənlərin əllərinə düşən ilk fürsətdə necə əxlaqsızlıqlar etdiyini isə, yazmağıma ehtiyac yoxdur. Məhz boğazınacan əxlaqsızlığın içində olanların nifrəti məni qorxudur, narahat edir.

Bu nə nifrət, bu nə qəzəb, bu nə aqressiya?

Siz hamınız məsumsunuzmu?

Nifrətlə silahlanmış bu nadan kütləyə necə izah edəsən insanları irqinə, dininə, cinsinə, seçiminə, düşüncəsinə görə ittiham etməyin səhv olduğunu? Necə izah edəsən ki, sizin nifrətiniz İsanı və onun kimi yüzlərlə insanı intihara sürükləyib...

İsanın ölümü ilə bağlı yazdığım şeiri sosial şəbəkələrdə paylaşdığım günü xatırlayıram. Özümü spartalılara xəyanət edib İran qoşununa yol göstərən qozbel kimi hiss edirdim. Söyüş, təhqir, təhdid...

Hələ də üz –üzə gələndə zarafata salıb, “sən özünü asan o petuxa şeir yazmışdın” deyənlər var, təsəvvür edirsiniz?

Nə deyim? Nə yazım?

Çalışın gözəl hislərlə, gözəl duyğularla yaşayın ki, ölkəmiz də, dünyamız da gözəl olsun!

Unutmayın, nifrət öldürür!

# 819 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #