Bu günlərdə Haynrix Böllün “Katerina Blumun tapdalanmış şərəfi” adlı romanını oxudum və heyrətə gəldim.
Şəxsi toxunulmazlığı ayaqlar altına atılan, ictimaiyyət qarşısında müdafiəsiz qalan Katerina Blumun yeganə günahı hərbi hissədən qaçmış bir anarxistin sevgilisi olmaqdır.
Mətbuatın tədricən əxlaqsız və qalmaqal arxasınca qaçan bir jurnalistin qatilinə çevirdiyi Katerina Blum cəmiyyət qarşısında müdafiəsiz və təkdir. “Zeitung” qəzeti az qala hər nömrəsində onun haqqında ağlagəlməz xəbərlər yayır, onunla yanaşı günahsız adamları ləkələyir və əsl günahkarları təmizə çıxarır. Bütün bunların qarşısında zavallı Katerina sadəcə heyrət içərisindədir.
“Katerinaya görə günahsız insanların şərəfini və adını ləkələmək, sağlamlığını təhlükəyə atmaq bəlkə də bu cür jurnalistlərin vəzifəsidir”
...Mətbuat çox təsirli vasitədir. İstənilən adamı bir anda fenomenə çevirib, ictimailəşdirə, istənilən adamı ləkələyə, nüfuzuna ləkə vurub gözdən sala bilər. Hər gün saytlardan, televiziyalardan, qəzetlərdən üstümüzə axışan xəbərlər ovqatımızı korlamağı, üzümüzdə təbəssüm yaratmağı, depressiyaya salmağı, emosiyalarımızı qızışdırmağı bacarır. Artıq müasir mətbuat həyatımızın ayrılmaz hissəsidir.
Son illər mətbuat öz təsir gücünü o qədər gücləndirib ki, fərdi toxunulmazlıqdan, şəxsi sirlərdən, gizli işlərdən söhbət belə gedə bilməz.
...Mətbuat mənə qocalmış, gəlib keçənin arxasınca qeybət edən, qonşunun qapısını pusan yaşlı, deyingən kənd qadınlarını xatırladır.
Mətbuatdan heç nəyi gizlətmək mümkün deyil...
Bəlkə də bu zamanın tələbi, elmi-texniki tərəqqinin nəticəsi, kapitalizmin iyrənc simasıdır. Sözün düzü bunu şərh etməkdən, mətbuatın ziyanlı tərəflərini sadalamaqdan uzağam. Hər şey hamımızın gözləri qarşısında baş verir. Saytlara nəzər salıb, qəzetləri vərəqləyib, kanalları dəyişib son günlərin trendlərini xatırlamağa çalışın.
Evdən qaçan gəlin, bacısını bıçaqlayan qardaş, soyunan sənətçi, evini əxlaqsızlıq yuvasına çevirən müğənni, həbsxanada atasız övlad dünyaya gətirən qadın və s...
Bu xəbərləri yazan jurnalistləri “qəhrəman”larının sonrakı taleyi maraqlandırmır. Onları tiraj, İP, reytinq maraqlandırır. Biz sadəcə onların böyük maraqlarının kiçik qurbanlarıyıq.
Mətbuat bizim qürurumuzu tapdamaqdan, namusumuzu, şərəfimizi ləkələməkdən çəkinmir.
Hamımız mətbuatın potensial qurbanlarıyıq...
...Haynrix Böll “Katerina Blumun tapdalanmış şərəfi”ndə tənqid etdiyi jurnalistlər bir neçə dəfə dindirilmə üçün polisə çağırılan zavallı Katerinanı, “doğru xəbər yaymaq”, “oxuculara doğru xəbər vermək” adıyla necə ləkələyirsə, müasir mətbuatımız da şəxsi həyatlara, ailə sirlərinə məhz bu cür, qeyri-peşəkar formada “burun soxur”.
Məndən bu qədər...
İmkanınız olsa Haynrix Böll “Katerina Blumun tapdalanmış şərəfi” romanını oxuyun, bəyənəcəksiniz.