"İşgəncələrdən sonra ifadəsini dəyişdi" - Süleyman Rüstəmin bada verdiyi tənqidçi

"İşgəncələrdən sonra ifadəsini dəyişdi" - Süleyman Rüstəmin bada verdiyi tənqidçi
24 noyabr 2023
# 14:00

Bu gün tənqidçi, ədəbiyyatşünas Əli Nazimin doğum günüdür.

Kulis.az bu münasibətlə Cəlil Cavanşirin "Süleyman Rüstəmin bada verdiyi tənqidçi" adlı yazısını təqdim edir.

“12493 nömrəli istintaq işi”

1937-ci il martın 17-də Azərbaycan SSR XDİK idarəsi rəisinə dilçilik və Ədəbiyyat institutunun elmi işçisi Əli Nazim Mahmud oğlu Mahmudzadə haqqında arayış təqdim edilmişdi. Arayışda yazılırdı:

“12493 nömrəli istintaq işi üzrə mühakimə olunan müttəhimlərin ifadələrindən aydın olmuşdur ki, Əli Nazim Bakı şəhərindəki əksinqilabi millətçi təşkilatın üzvüdür. Göstərilənlərə əsasən Əli Nazim həbs olunmalı və Azərbaycan SSR CM-nin 72/73-cü maddələri üzrə cinayət məsuliyyətinə alınmalıdır”.

1937-ci il martın 18-də Tənqidçi və ədəbiyyatşünas, AYB-nin üzvü Əli Nazim həbs olunur: “Verdiyi ifadələrdə o, əksinqilabi, pantürkist, millətçi mövqedə durduğunu boynuna almışdır.”

Bəs “12493 nömrəli istintaq işi”nin güdazına gedən Əli Nazim kim idi?

Əli Nazim 1906-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub.
1925-ci ildə Bakıda Pedaqoji Texnikumu bitirib Leninqrad İnstitutuna daxil olur. Moskva Kommunist Akademiyasında aspirant, elmi işçi, SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi, Azərbaycan Elmi-Tədqiqat İnstitutu Ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb. Orta məktəbin yuxarı sinif şagirdləri üçün ədəbiyyat müntəxəbatının ilk müəlliflərindəndir.

Repressiyadan əvvəl “Ədəbiyyat ensiklopediyası”nın redaktoru, Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və əbədi mətbuat orqanı redaksiya heyətinin üzvü olub.

“Əksinqilabçı”

“Pantürkist”

“Millətçi”

Digər repressiya qurbanları kimi, Əli Nazimin də faciəsi həbsindən çox-çox əvvəl başlayıb. Cavidləri, cavadları, müşfiqləri güdaza verən Yazıçılar İttifaqı Əli Nazimi də hədəf seçmişdi.

“Kommunist” qəzetinin 12 sentyabr 1936-cı il tarixli sayında Ş.Abasov (?) “Yazıçıların sıralarını saflaşdıralım” adlı məqaləsində yazırdı:

“Əli Nazim Azərbaycanda özünün 10 illik “ədəbi fəaliyyəti” müddətində saysız-hesabsız səhvlər buraxmışdır. O, Türkiyədə “Türk yurdu” jurnalında pantürkist, kontrrevolyusion məqalə çap etdirmiş, ədəbi tənqid silahına sarılaraq, istədiyi hədəfi nişan almışdır. Dəfələrlə tövbə etmiş və səhvlərini düzəltməyə söz vermişdirsə də, lakin bir nəticə çıxarmamışdır.”

Məqalə çap olunandan üç gün sonra AYİ iclası keçirilir. İclasda Beriyanın “Sosializm düşmənlərinin külünü göyə sovurmalı” adlı məqaləsi müzakirə edilir və qərara alınır ki, xəyanətkar yazıçılara qarşı tədbirlər görülsün. 1937-ci ildə güllələnən Hənəfi Zeynallı və Əli Nazim Yazıçılar ittifaqından xaric olunur. “Kommunist” qəzetinin yazdıqlarına inansaq, həmin iclasda sonradan repressiyaya məruz qalan Məmməd Kazım Ələkbərli, Ruhulla Axundov, Seyfulla Şamilov və repressiya dalğasından xilas olmağı bacaran Səməd Vurğun və Süleyman Rüstəm Əli Nazimin əleyhinə çıxış edib.

16 istintaq

“Üç nömrəli metod” və Əli Nazimin etirafları

Əli Nazim ilk dörd istintaqda səbr və mətanət göstərərək özünü müdafiə etməyə, haqlı olduğunu sübut etməyə çalışır. Bunu ilk istintaqa verdiyi ifadədən də hiss etmək mümkündür.

“Müstəntiq: 1927-ci ildə İstanbulda pantürkist “Türk yurdu” jurnalında bir sıra antisovet məzmunlu məqalə çap etdirmisiniz. Bunu etiraf edirsinizmi?

Əli Nazim: Məqalə Azərbaycan ədəbiyyatının ümumi türk ədəbiyyatı qollarından biri olmasının təsdiqi ilə başlayır. Mənim yazımda ədəbiyyat tarixi sinfi mübarizədən ayrı verilir. Ümumiyyətlə, bu, antimarksist məqalədir. 1918-ci ilin mart hadisələri qara qüvvələr tərəfindən təşkil olunmuş erməni-türk qırğını kimi səciyyələndirilmişdir. Bu – Azərbaycanda birinci sosialist inqilabının ünvanına böhtandır. 1927-ci ilədək mənim pantürkist görüşlərim var idi”.

Əli Nazim ciddi-cəhdlə heç kəsi satmamağa çalışır. Maraqlıdır ki, Yazıçılar İttifaqında onun əleyhinə çıxış edən Ruhulla Axundovu da müdafiə edir. İkinci istintaqda müstəntiqin Ruhulla Axundovla bağlı verdiyi suala cavabı çox konkret olur. “Nüfuzlu adam kimi Ruhulla Axundovla hesablaşırdım...”

Dördüncü istintaqdan sonra Əli Nazimə “üç nömrəli metod” (müxtəlif işgəncələr) tətbiq edilir. Növbəti istintaqlarda Əli Nazim işgəncələrə dözmədiyi üçün ifadəsini dəyişir. İradəsi sındırılan Əli Nazim Ruhulla Axundov, Hənəfi Zeynallı və Bəkir Çobanzadənin əleyhinə ifadələr verir.

Ziya Bünyadov yazır: “Adətən, 12493 nömrəli istintaq işi üzrə ittiham olunan müttəhimlər altı-səkkiz, ən çox on dəfə dindirilirdilər. Lakin Əli Nazim Mahmudzadə on altı dəfə dindirilmişdir. Görünür, Əli Nazim istintaqda “daha üzüyola” olmuşdur, çünki “üç nömrəli metod”un tətbiqindən sonra o, davam gətirə bilməmişdir”.

1937-ci il avqust ayının 28-də həbsdə olan Əli Nazimin kitabxanası müsadirə edilir və yandırılır. 1937-ci il oktyabrın 12-də SSRİ Ali Soveti Hərbi Kollegiyası Səyyar Sessiyasının hazırlıq iclasının protokolu tərtib edilir və Əli Nazimin işinə müdafiəçisiz, ittihamçısız və şahidlərsiz baxılmasına qərar verilir.
Və oktyabrın 13-də cəmi 15 dəqiqə çəkən iclasda (iclas 13:25-də başlayıb, 13:40-da başa çatıb) Əli Nazim Mahmudzadə 10 il müddətinə həbs cəzasına məhkum edilir.

Bəraət

21 may 1956-cı ildə Mehdi Hüseyn, Süleyman Rəhimov, Süleyman Rüstəm, Məmməd Arif, Mir Cəlal Paşayev, Əli Vəliyev, İlyas Əfəndiyev və Bəxtiyar Vahabzadə tənqidçi haqqında xasiyyətnamə imzalayır. Qeyd edim ki, Süleyman Rüstəm 1936-cı ildə Əli Nazimin əleyhinə çıxış edib.
Əli Nazimin oğlu Ramin Mahmudzadə SSRİ DTK-nə ərizə yazır, atasının işinə yenidən baxılmasını xahiş edir.

SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının 19 sentyabr 1957-ci il tarixli qərarına əsasən SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 1937-ci il oktyabrın 13-də çıxardığı hökm ləğv olunur və Əli Nazimin cinayət işi xətm olunur.

Amma Əli Nazim artıq həyatda deyildi. O, 1941-ci il avqustun 23-də həbsxanada vəfat etmişdi.

# 5789 dəfə oxunub

Müəllifin son yazıları

# # #