Kulis.az yazar Cəlil Cavanşir yeni şeirlərini təqdim edir.
İntihar
soyuq divara söykəyib kürəyimi
göy üzünə baxdım
səma soyuq və qaranlıqdı
quşlar azad və qayğısız
göylərdə salamatçılıqdı.
əlimdə tutub ürəyimi
qonşu qızın balkondan uçuşuna baxdım
asfalt kirli və bulaşıqdı
bir də qan ləkələri
uçuş bir anlıqdı...
Sən getsən
məsələn, sən çıxıb getsən
darıxmayacağam.
şeir yazacağam gedişinə dair,
bir az içəcəyəm
ağlayacağam
uzağı bir ay saqqal saxlayacağam.
rəsmlərinə baxacağam gecələr
günümə iki-üç qutu siqaret
bir də hüznlü mahnılar
bəs edər...
bir də qoxun gələcək burnuma
içimdə bir şey qırılacaq
sən gedəcəksən
əllərim darıxacaq...
dodaqlarım darıxacaq,
gözlərim darıxacaq
amma yox, sən çıxıb getsən
mən darıxmayacağam...
mütləq bir nəfər tapıb
ona səndən danışacağam.
sonra bir gün
unudacağam...