Hamının sevəcəyi Leyla ROMAN TƏNQİDİ

Hamının sevəcəyi Leyla ROMAN TƏNQİDİ
18 sentyabr 2013
# 12:05

Cavid Zeynallının “Azərbaycan” jurnalının 6-cı və 7-ci nömrələrində çap olunan “Leyla” romanı birinci cümləsindən, sonuncu cümləsinə qədər oxucunu gərginlikdə saxlamağı bacaran, gözəl və axıcı dildə qələmə alınmış müasir romandır. Oxucu girişə göz atan kimi, roman onu öz ağuşuna alır. Müəllif elə ilk fəsildəncə oxucusuna vəd verir: “Sizi qarşıda çox maraqlı, əlinizdən yerə qoymaq istəməyəcəyiniz roman gözləyir”. Müəllif bilərəkdən oxucunun təfəkkür imkanını, intellektini çətinə salmır. Hadisələr, süjet, obrazlar oxucunun gündəlik həyatı ilə romandakı əhvalatların sərhədlərini darmadağın edir. Oxucu mütaliə prosesində gündəlik həyatdan qopmur. Peşəkarlıq, yazıçının üslüb və dil oyunları ikinci plandadır. Zatən bu cür gedişlər orta statistik oxucunu az maraqlandırır. Mistika, ironiya, dilin geniş imkanlarından geninə-boluna istifadə yalnız təhlil zamanı diqqət çəkir. Məncə Cavid düşünərək bu taktikanı seçib. Oxucu ilə səmimi, rahat ünsiyyət qurmaq, oxucuyala anladığı dildə danışmaq, bir sözlə “oxucunun ayağına getmək” bu tip romanlarda qəbul ediləndir.

Sadə görünən çətin mövzu

Mövzu sadə göründüyü qədər də, çətindir. Bu fikri söz xatirinə demirəm. Çünki Cavid kimi sadə həyat tərzi sürən gənc yazıçının “şou-biznes bataqlığı”ndan tam məlumatlı olması mümkünsüzdür. Göz qamaşdıran, qlamur və dəbdəbəli həyat tərzinin bizlər üçün əlçatmaz olması heç kəsə sirr deyil. Bu baxımdan müəllif çiyinlərini doğurdan da ağır yükün altına verib və şəxsən mən hesab edirəm ki, işin öhdəsindən gələ bilib. Ancaq belə bir romanı ərsəyə gətirmək üçün, şou gündəmini izləmək də vacibdir. Yazının bu məqamında Cavidin acgözlüklə şou-biznes gündəmini izləməyini düşünürəm və istər-istəməz gülümsünürəm. Doğurdan da çətin məsələdir.

İncəsənətimizin faciəsi

Roman Leyla adlı bir müğənninin həyatından bəhs edir. Kasıb və sadə, bir az da bohem həyat tərzi sürən Rəcəb adlı jurnalist təsadüfən məşhur müğənni xanımla tanış olur. Bu tanışlıq Rəcəbin həyatını alt-üst etsə də, Rəcəb qarşısına qoyduğu məqsəddən, “Leyla” romanını yazmaqdan, şou-biznesin görünməyən tərəflərini araşdırmaq arzusundan vaz keçmir. Müəllif Leylanın faciəsi fonunda Azərbaycan incəsənətinin, şou-biznes adlı əlçatmaz görünən məkandakı insanların faciəsini açmağa çalışır. Düşünürəm ki, Cavid müəyyən mənada buna nail ola bilib.

Macərapərəst jurnalist

Rəcəb isə müəyyən qədər ədəbi mühitin, gənc qələm adamlarının ümumiləşmiş obrazıdır. Eyni zamanda ictimai münasibətlər, şou-biznesdəki monopolya, sosial çətinliklər, sadə insanların səfil həyatı, əxlaqi aşınma da kifayət qədər ustalıqla işlənilib. Jurnalistika özünəməxsus romantikası, başqa peşə sahələrindən ciddi şəkildə fərqlənən sahədir. Yaxşı jurnalist isə müəyyən qədər macərapərəstdir. Rəcəb obrazı həm də ölkəmizdəki jurnalistlərin necə çətin şərtlər altında işləməsini göstərir. Sifarişli yazılar, kimlərinsə xətrinə dəyən yazıya görə işdən qovulma, gerçəkləşməyən xəyallar, işsizlik və s.

Uğursuzluq, intihar cəhdi, unudulmaq

Romanda dramatizm Leyla obrazının faciələri və uğursuzluğu üzərində qurulub. Bir zamanlar efirləri zəbt etmiş, gündəmin bir nömrəli ulduzu sayılan Leylaya qarşı münasibət qəfildən dəyişir. Onun parladığı günlərdə ətrafında dolanan adamlar onu meydanda tək qoyur. Qəzetlərdə şəninə tərif yağdırılan Leyla tənqid hədəfinə çevrilir. Rəcəb onun intihar edəcəyini düşünüb, onu bu fikrindən daşındırmağa çalışır. İntihar mövzusu, intihar haqqında düşünən çirklənmiş insanın cəsarətsizliyi romanın psixoloji qatını formalaşdırır. Nədənsə bu məqam, Leylanın tərəddüdlərinin ciddi şəkildə açılmaması məni bir o qədər qane etmədi. Görünür Cavid bu məqamı çox da ciddiyə almayıb.

Seksual istəklərin fonunda qəhrəmanlıq

Leylanı müvəqqəti də olsa qorumaq, Rəcəbin ona olan seksual istəklərinin fonunda qəhrəmanlıq, humanizm olmaqdan çıxır. Bu məqamda müəllif cahil fədakarlıqlara yüngülvari gülümsəyib, ironiya edib keçir. İntihar cəhdi alınmayan Leyla, Rəcəbi özündən uzaq tutmağa çalışsa da, macərapərəst Rəcəb hər şeyi gözə alıb, çalışdığı qəzetdə Leylanın müdafiəsinə qalxır. Hər şey məhz bu hadisədən sonra dəyişir. Leylanın bədxahları Rəcəbin işdən qovulmasına nail olur. Bütün təhdidlərə baxmayaraq, Rəcəb yolundan dönmür. Hətta sevgilisi, “bədxah taleyinin mükafatı“ hesab etdiyi Əsmərdən ayrılsa da, Leyla ilə münasibətlərini pozmur. Təhdidlər, təzyiqlər onu qorxutmur. Bütün gücünü səfərbər edib, roman yazmağa girişir. Romanın pozitiv sonluqla yekunlaşır. Roman yazılır, Leylaya mane olan adamlar ifşa olunur və Rəcəb sevgilisi ilə barışır.

Öz ənənəsinə sadiqlik

Obrazların hər birinin maraqlı, düşündürücü tərəfləri var. Leylanın bəstəkar sevgilisi Vüqar, ilk sevgilisi Mehrab, Rəcəbin nakam sevgisi Humay, xeyirxahı Nəbi müəllim, General qızı Klara kifayət qədər yaddaqalan obrazlardır. Amma mənim üçün ən yaddaqalan obraz Rəcəbin yaşadığı məhəllədə keşikçilik edən İsmayıl kişi oldu. Nədənsə onun yaşantılarını içimdən keçirdim, romanı oxuya-oxuya onun taleyini sanki yaşadım və bərk təsirləndim.

Üslüb və texnika baxımından “Leyla” bizə yabançı deyil. Obrazların açılmasında, daxili dünyalarına ekskurs etməkdə Cavid “Günəşi gözləyənlər”dəki texnikasını, ənənəsini davam etdirir. Romanın dili də Cavidin öz ənənəsinə sadiqliyini göstərir. Romanın ruhuna uyğun, çərçivəni və əndazəni aşmayan vulqarizm, ikrah yaratmayan açıq-saçıqlıq itələyici deyil. Cavid təhkiyənin verdiyi imkanlardan da lazımınca istifadə edib və oxucu ilə kontaktı normal alınıb.

Və sonda...

Roman haqqında kifayət qədər xoş sözlər demək, təriflər səsləndirmək olar. Eyni zamanda tamam başqa gözlə baxıb “Leyla”nı tənqid etmək də mümkündür. Yəni yazını şaxələndirmək, genişləndirmək, obrazlar ətrafında səhifə-səhifə təhlillər aparmaq olar. Çünki “Leyla” tənqidçi üçün kifayət qədər matereal verən əsərdir. Mən bunu vicdanlı tənqidçilərin ixtiyarına buraxıram. Qoy tənqdçilər bu əsəri daha peşəkar şəkildə araşdırsınlar. Çünki, buna dəyər.

Oxuculara isə “Leyla”nı oxumağı ürəklə tövsiyə edirəm. Əminəm ki, roman üçün itirəcəyiniz vaxta heyfiniz gəlməyəcək.

# 2934 dəfə oxunub

Müəllifin son yazıları

# # #