İsa Şahmarlı üçün şeir

İsa Şahmarlı üçün şeir
28 yanvar 2014
# 10:56

Göy qurşağı

(İsa Şahmarlı üçün)

səni söyənlərin hamısı öldü

küçə davalarında,

həbsxana künclərində

çoxusu da rənglərini gizlədib

sirr apardı içlərində…

"Requiem aeternam dona eis, Domine"

biz

sovetlərdə seksin olmadığı vaxtlarda

dünyaya gəlmişik.

bizi leyləklər gətirib dimdiklərində

uzaq ölkələrdən

kələm ləklərində tapıblar bizi.

biz

yaradılışı belə bilmişik.

atamla anamın sevişdiyini biləndə

nifrət eləmişdim

ikisinə də

atamdan zəhləm getmişdi

bilmirəm,

deyəsən

zəhləm gedir hələ də…

biz cinsimizin “kişi” olmasıyla öyündük,

“yaxşı oğlana”

“pis oğlana”

bölündük…

"Requiem aeternam dona eis, Domine"

bıçaq da çıxardıq küçə davalarında

qızlara söz atdıq bulvarda

dalanlarda…

“Elşad Xose yek”

“İ love break”

yazdıq divarlarda…

“mavi”lərə, “şampunçiklərə” ilişdik,

“şöbəyə” düşdük

“kazbek” də eşdik.

bircə adam ola bilmədik, qardaşım.

neçə uşaqlıq dostumu itirdim

“Ana-bacı” söhbətində

əlimdə təsbehim, dayanmışam

Sənin intihar etdiyin evin tinində…

"Requiem aeternam dona eis, Domine"

ilk dəfə mənə yazılmayan bir məktub,

mənim ünvanıma gəlib.

“gedirəm,

haqqınızı halal edin.

bu ölkə, bu dünya mənə görə deyil.”

ilahi, necə ağırdı

“anama deyərsiniz ki,

Onu çox sevirəm…

mən xoşbəxt olmağa gedirəm…”

İlahi dəhşətə gəlirəm!!!

səni sevənlərin hamısı hüznlü

hamıya əzab qoyub getmisən, ömürlük…

“bu dünya mənim rənglərimi daşıyacaq qədər deyil rəngli…”

bir az əsəb,

bir az narahatlıqla baxıram yazdıqlarına.

tanrının belə ehtiyacı var

sənin məsum dualarına…

son sözün: “əlvida!”

"Requiem aeternam dona eis, Domine"

arxanca söyənlərin, söyənlərin hamısı öldü

elə gözümün qabağında

qapqara oldu üzləri

amma başları üstündə ağlayan oğlan uşaqlarının

maviyə çalırdı gözləri…

ölkə “yaxşı oğlana”

“pis oğlana” bölündü.

sevinən oldu ölümünə,

hərə bir maska keçirdi üzünə

hamı büründü cəhalətin rənginə…

sənin günahın nəydi ki?

ömründə bircə dəfə heç kəsə

bıçaq çıxarmamışdın,

dayanıb küçədə

qızlara söz atmamışdın,

tum qabığı tüpürməmişdin

heç kəsin üzünə…

unutma,

fürsət düşəndə tanrıya

pıçılda

rənglərin göy qurşağıydı

səni gizlində ən çox ağlayan

rənglərini gizlədən

dostlarını daşa basan

məhlə uşağınıydı…

"Requiem aeternam dona eis, Domine"

# 5678 dəfə oxunub

Müəllifin son yazıları

# # #