Aqrar istedad, yarımçıq intellekt

Aqrar istedad, yarımçıq intellekt
18 oktyabr 2013
# 10:17

Polemikaya davam

Kamal Abdullanın müsahibəsiylə başlayan literaturşina müzakirəsi davam edir.

Kulis.Az Cavid Zeynallının məqaləsini təqdim edir.

Polemikanın digər yazıları

Kamal Abdulla: “Mən öz İtaka adama hökmən qayıdacağam” MÜSAHİBƏ

Şərif Ağayar: Kamal Abdulla ilə kənd söhbəti

Kənan Hacı: Kamal Abdulla öz sirrini açmır...

Cəlil Cavanşir: “Kitabdangələn”lərin ədəbiyyata dəxli varmı?

Mo Yan nə deyir?

Yazıçı Kamal Abdulla Kulis.az-a müsahibə verib. Xeyli dəyərli fikirlərin yer aldığı müsahibədə razılaşdığım və razılaşmadığım məqamlar var ki, münasibət bildirməyə ehtiyac hiss etdim. Kim istəsə, müsahibədəki razılaşmadığım fikirləri “qəti qəbul etmədiyim” şəklində də anlaya bilər. Niyəsini sizə də, Kamal Abdullaya da sonra deyəcəm. Davam edək...

Yazıçının “kitabdan gəlmə ədəbiyyat” kimi qondarma bölgü haqqında dediklərini bölüşürəm. Yəni bizim kimi bixəbər ölkələrin özündən müştəbeh “ədəbiyyatşünaslar”ı (oxu: həm də yazıçıları) ədəbi nəzəriyyədən, elmi izahdan uzaq olan kitabdan və həyatdan gəlmə kimi qondarma anlayışlar icad ediblər. Bu “elmi nəzəriyyə”ni incələmək həvəsim yoxdu, kim istəsə, müsahibəni bir də oxusun. Bir-iki kəlmə ilə desək, ürəkdən, içdən gələn səmimi ədəbiyyatla beyindən və kitabdan gələn qeyri-səmimi ədəbiyyat qarşı-qarşıya qoyulur. Və düzünü deyim, müsahibəni oxumayana qədər bu xəstə bölgünün simptomlarının Litinstitutdan gəlməsindən xəbərsizdim. Literaturşinanın amansız əleyhdarlarının ağlına görə, yazıçı ancaq kənddə böyüməlidir, qarğı at sürməlidir, samanlıqdan oğurladığı yumurtanın pulu ilə sevgilisinə “broşka” almalıdır, ilk cinsi həvəsini ala gözlü eşşəkdə öldürməlidir, sütül keçiyə tamah salmalıdır, örüşdən qoyun qaytarmalıdır, noxud alağı eləməlidir və s. Kamal Abdullanın təbirincə desək: “Sən demə, Tanrı şəhərə heç tüpürmək də istəmir, onun yeganə işıq və ilham bəxş etdiyi məkan kənd və onun sakinləridir. Bilərəkdən, yaxud bilməyərəkdən bir məsələ unudulur. Nolsun ki, bu əsl ədəbiyyatı "yaradanlar" kitab çox oxumayıblar, intellekt səviyyələri ala-yarımçıqdır, əvəzində onlar səmimidilər, duyğuludurlar, onlar ürəkləri ilə yazırlar...”

Gəlin, vərdişkar olmadığım və yaşımdan müdrik məsləhət verim, aramızda qalsın: aqrar istedad, alayarımçıq intellekt adamı mənzil başına çatdırmaq nədir, iraq olsun, lap taleyi gətirməyən təlxək vəziyyətinə də salır!

“Nədən yazmaq yox, necə yazmaq şərtdir” – görünür, dildə gəzən bu nimdaş həqiqəti hələ çox xatırlamalı olacağıq. Adam dəvə yağışı nədir, çəyirtkə leysanından da yaza bilər, yetər ki, istedadı axsamasın. Bu belə...

Vədə çatdı Kamal müəllimin fikirlərindəki razılaşmadığım məqamlara. Oxuyuruq: “Mən hadisənin özünü, çılpaqlığını yazmağa çalışıram. Mənim üslubuma, cümlələrimin daxili düzümünə, bəzən sintaktik xarakirini xatırladan daxili partlayışına fikir vermək lazım deyil. Cümlənin düzümünü, sözləri unudub, onları qapı kimi açıb içəri, həyatın içinə girməyi bacarmaq lazımdır. Mənim çox zaman cilalamağa vaxtım, daha doğrusu, həvəsim olmur, mən əhvalatı deyil, "olmuş"u təsvir etməyə, yox, təsvir etməyə yox, verməyə (!) tələsirəm, "cila" işə düşsə, o baş vermiş nəsə itəcək, artıq ilkin bakirəliyində olmayacaq. Sən əgər mənim cümləmin, yaxud cümlələr birliyimin ( sənin üçün hələ yad, yeni, tanış olmayan biçimdə olsa belə) arxasındakı "olmuş"u görmürsənsə, bax, o zaman, məhz o zaman tənqidçi olan bəndənin deməyə haqqı var ki, dil ilə bağlı burada qüsur var”.

Təbii, hər yazıçının öz yazı mətbəxi, ədəbiyyatla baş-başa qaldığı “intim” halı var. Və mənim düşüncəmə görə, bu halın hansı “poza”da olmağından asılı olmayaraq, söhbət ciddi ədəbiyyatdan gedirsə, Kamal Abdullanı hədəf seçənlərin dedikləri sözbazlıq, savadsız mühakimədir, vəssalam! Yox, ortalıqda məqsədli yazıçı oyunbazlığı varsa, demək, söhbət özünə bəraət qazandırmaqdan gedir. Deyək, bir yazıçı dili cilalamağa vaxt tapmırsa, buna ən yaxşı halda bəhanə deyə bilərik, bəs həvəssizliyi hara yozaq? Axı, söhbət gənc və çap olunmağa tələsən yazıçıdan yox, Nobelə iddialı yazardan gedir. Və əslində, belə görünür ki, Kamal müəllimin romanlarının dili ilə bağlı formalaşan stereotipin haqlı tərəfləri var. Yəni yazıçı məqsədli-məqsədsiz özü oyun qurur, tənqid olunanda isə adamları dar düşünməkdə, Azərbaycan dilindən xəbərsizlikdə ittiham edir. Məsələ orasındadır ki, “Sehrbazlar dərəsi” romanındakı dillə Kamal Abdulla müsahibəsində qəsdən formalaşdırdığı “nəzəriyyə”sini və özü-özünü praktik şəkildə təkzib edir. “Sehrbazlar dərəsi”nin ön sözündə Aydın Talıbzadənin belə bir cümləsi var: “Romanın dili sufilərin virdi kimidir: təlqinlər səni ritmə salır və sehrə doğru aparır”.

Müsahibədə ikinci və mübahisə doğuran məsələ Kamal Abdullanın adını sadaladığı imzalarla bağlıdır - Salam Qədirzadəni, Novruz Gəncəlini, Atif Zeynallını, Əhəd Muxtarı oxuyub bu gün Folkneri, Coysu, Borxesi, Bulqakovu oxumaq olmaz. Bu mübahisəli fikirlə razılaşmaq qəti mümkün deyil. Mütaliə zövq məsələsidir və belə çıxır, adı çəkilən imzaları oxuyan minlərlə adam Folknerin kandarından uzaq gəzməlidir?

Sitat: “… "cila" işə düşsə, o baş vermiş nəsə itəcək, artıq ilkin bakirəliyində olmayacaq” Bu məsələnin üstündən isə, kədərli sükutla keçirəm. Yoxsa, necə deyərlər, bu xəmir çox su aparacaq!

# 2301 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #