[b]İdarə rəisi: “Hər hansı gənc yazarın üç min kitabını alıb paylayacağıq”[/b]

[b]İdarə rəisi: “Hər hansı gənc yazarın üç min kitabını alıb paylayacağıq”[/b]
8 iyun 2016
# 12:45

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalovun APA-ya müsahibəsi

- Vüqar müəllim, bu ilin yanvarında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə rəis təyin olunmusunuz. Bu müddətdə hansı işlər görülüb və gələcək planlar nədən ibarətdir?

- Altı ay o qədər də böyük müddət deyil və deməzdim ki, bu aylarda çox böyük işlər görmüşük. Amma çalışmışıq, idarənin strukturuna daxil olan istər kitabxanalarda, istər muzey və mədəniyyət evlərində yeniliklər edək, işin müasir tələblərə cavab verməsini təmin edək. İlk növbədə çalışdım ki, müəssisə rəhbərləri ilə təkbətək görüşüm. Hansı müəssisədə nə kimi problemlər var, nələr baş verir bunları öyrənək. Məhz bu görüşlərdən sonra kiçik bir mənzərə aydın oldu: harada nələr, hansı problemlər var. Əlbəttə, problemlər çox idi. Şəbəkə böyükdür, beş mindən artıq əməkdaş, 180-dən artıq müəssisə var. Tanışlıq bu gün də davam edir, bir neçə kadr dəyişikliyi etmişik.

Biz işçini işdən kiminsə xoşuna gəlmir deyə çıxarmırıq. Hər kəsə işinə görə qiymət veririk. Hətta işdən azad etdiyimiz vəzifəli şəxsləri də birbaşa azad etmədik. Müddət verdik, yoxlamalar apardıq və nəticəyə əsasən bəzilərinə töhmət, şiddətli töhmət elan olundu, bəziləri isə vəzifədən azad edildilər. Mədəniyyət evlərinə gəlincə, onlar günün tələblərinə cavab verən səviyyədə işləməlidir. Çünki mədəniyyət evi industriya sayılır və həmin evlər yalnız dövlətdən aldığı vəsaitlə qane ola bilməzlər. Onlar özləri də insanlara göstərdikləri xidmət növləri ilə vəsait əldə edə bilərlər.

- Xüsusən indiki vaxtda bu daha aktualdır...

- Bəli. Əslində bu işləri görmək üçün mədəniyyət evlərinin şəraiti var.

- Şərait nədən ibarətdir?

- Əlbəttə, bir çox müəssisələrdə təmirə ehtiyac var. Amma elə müəssisələr də var ki, gözəl təmir olunub, hər bir şərait var, sadəcə, direktor işləməyi bacarmalıdır. Yəni direktor sözün əsl mənasında menecer olmağı bacarmalıdır. Müəssisə qəsəbə sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməlidir. Mədəniyyət evi bunu qura bilirsə, deməli, işləyəcək və xeyir də gətirəcək. Biz çalışdıq ki, rəhbərliyi dəyişdirilən müəssisələrə yeni şəxslər gətirək. Çünki əvvəlki rəhbərlik bu işləri bacarmırdı, qoyduğumuz tələbləri yerinə yetirmirdi, müasir şəraitlə ayaqlaşmırdı.

- Ayaqlaşa bilməyin birinci şərti yəqin ki, müasir texnologiyalardan istifadədir...

- Əlbəttə. Bu, ilkin şərtdir. Tutalım, müəssisəyə girirsən, Wi-Fi sistemi yoxdur. Bir müəssisədə internet yoxdursa, o rəhbərlə danışmağın, yeni nələrsə tələb etməyin mənası yoxdur. Onu da qeyd edim ki, kriminal əməllərlə məşğul olan müəssisələr var idi, onlar haqqında da ciddi tədbirlər görüldü. Mədəniyyət müəssisəsinin rəhbəri öz işi ilə yox, başqa işlə məşğul olursa, o, mütləq şəkildə cəzalandırılmalıdır. Get-gedə o adamların hamısı zərərsizləşdiriləcək və bu istiqamətdə addımlar davam edəcək. Çalışırıq, şəbəkəni tam sağlamlaşdıraq. Bunu bir-iki aya edə bilmərik, çünki şəbəkə çox böyükdür. Bizim qarşımıza rəhbərlik tərəfindən qoyulan tələb budur ki, sistemi tam olaraq sağlamlaşdırmaq, modernləşdirmək və s. Addım-addım bu məqsədə doğru gedirik.

- Bu sahədə sizi narahat edən ən ciddi problemlər hansılardır?

- Bilirsiniz, problemlər çoxdur. Şəbəkənin elə bir müəssisəsi var ki, onların iş şəraiti çətindir. Bunları demək lazımdır. Amma çalışırıq, şəraitsiz müəssisələrə də əl yetirək, kömək edək. Anlayırıq ki, hansısa müəssisədə istilik, soyutma sistemi yoxdur. Bunu mütləq şəkildə təmin etməliyik ki, sonra hər hansı iş tələb etməkdən söhbət getsin. Amma düşünürəm, bunlarla yanaşı insan potensialı bizim qarşımızda prioritet istiqamətdir. Mənim fikrimcə, rəhbər işçi işini vicdanla yerinə yetirəcəksə, o müəssisə işləyəcək. Çünki əməkdaşlar öz addımlarını məhz rəhbər işçiyə baxıb atır.

- İdarənin tərkibində hansı müəssisələr fəaliyyət göstərir?

- Biz sadəcə, mədəniyyət evlərindən danışdıq. Amma çox böyük kitabxana şəbəkəmiz var. Bizim çox gözəl təmir olunmuş, bütün şəraiti olan Heydər Əliyev mərkəzlərimiz var. Suraxanı, Yasamal, Qaradağ rayonlarında Heydər Əliyev mərkəzləri fəaliyyət göstərir. Onların hər biri memarlıq baxımından çox gözəl nümunələrdir. Sonuncu dəfə Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində oldum və sizə deyim, orda nəinki yerli, hətta beynəlxalq tədbirlərin keçirilməsi üçün şərait var. Eyni zamanda Heydər Əliyevin irsini öyrənmək üçün muzey fəaliyyət göstərir. Bunlar şəbəkəmizə daxil olan gözəl mərkəzlərdir. Bundan əlavə ev muzeylərimiz fəaliyyət göstərir. Məsələn, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, Nəriman Nərimanovun ev muzeyləri var. Bu ev muzeyləri bizim şəbəkənin qürurudur. Eyni zamanda qeyd etmək istərdim, Bakıda 38 musiqi məktəbi var. Musiqi məktəblərinə tamam ayrı baxışım var. Yəni bu məktəblər elitar, kübar olmalıdır. Təəssüf ki, insanlar bu gün musiqi məktəblərinə laqeydlik göstərirlər. Biz musiqi məktəblərində elə şərait yaratmalıyıq, o məktəblərə əvvəlki marağı yenidən qaytaraq. 38 musiqi məktəbindən əksəri tam təmirli vəziyyətdədir. Buna görə dövlətimizə təşəkkür edirik. Bu günlərdə bizim 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı açıq havada çox gözəl tədbirimiz keçirildi. Musiqi məktəblərinin şagirdlərinin ifasında konsert təqdim olundu və böyük maraqla qarşılandı. Çünki musiqi məktəblərində istedadlı uşaqlarımız çoxdur. Bu konsertlə nəinki uşaqlar gününü qeyd etdik, həm də bütün ölkəyə səs saldıq ki, Bakıda musiqi məktəbləri var, yaşayır və bundan sonra da yaşayacaq. Bundan başqa, rəsm əsərləri təqdim olundu, uşaqların əl işləri nümayiş etdirildi. Bizim qonaqlar, millət vəkilləri təəccüblə konserti dinlədilər, əl işlərinə, rəqslərə baxdılar və xoş təəssüratla ayrıldılar. Bu tədbirləri bundan sonra da davam etdirəcəyik. Çalışırıq ki, musiqi məktəblərində olan xoşagəlməz halların hər birini tam olaraq ləğv edək. Musiqi məktəbində ayrı bir şey yox, sırf təhsil olmalıdır.

- Musiqi məktəblərinə laqeydlikdən danışdınız. Statistika bu məktəblərdə təhsil alan şagirdlərin az olduğunu göstərir...

- Uşaqlar musiqi məktəblərinə daxil olur, amma sona qədər davam etmirlər. Bu, acınacaqlı haldır. Ona görə də çalışmalıyıq, musiqi sahəsinə uşaqların və valideynlərin diqqətini cəlb edə bilək. Bəlkə bundan sonra statistikanın enişini saxlaya bilərik. Düşünürəm ki, bunun qarşısını ala biləcəyik. Ola bilər, bu sahə düzgün “piar” olunmayan sahədir. Əslində açıq səma altında konsertlər həm də buna hesablanıb.

- Bakı Zooparkı idarənin tabeliyindədir. Vaxtaşırı Zooparkla bağlı müxtəlif fikirlər səslənir. Məsələn, heyvanların saxlanma vəziyyəti, yerləri, qidaları ilə bağlı tənqidlər eşidirəm. İndi orda vəziyyət necədir?

- Zoopark orqanizmdir, o, yaşayır. Nəzərə alaq ki, bizim zooparkımız tam şəkildə təmirə ehtiyacı olan yerə çevrilib. Mən Zooparkda şəraitlə tanış oldum və sizə deyim, zooparkın rəhbərliyi işini bilir və sevir. Gördüm ki, bu insan səhərdən axşama qədər yalnız öz işi ilə məşğul olur. Bizim zoopark rəhbərliyindən heç bir şikayətimiz yoxdur. Yəni tənqidlərin zooparkın işinə aidiyyəti yoxdur. Avropa zooparkları ilə müqayisə etsək, bizdə şərait o qədər də ürəkaçan deyil. Heyvanların saxlanıldığı yerlər çox kiçikdir, onların yeniləri ilə əvəzlənməsi lazımdır. Çünki hər şey illər əvvəl qurulub və oradakı şərait bugünkü günə cavab vermir. Əlbəttə, zooparka vəsait ayrılmalı, zoopark yenidən qurulmalıdır. Məhz bundan sonra deyilən tənqidi hallar aradan qaldırıla bilər.

- Zooparkın köçürülməsi məsələsi də var idi...

- Bizdə də belə bir məlumat var idi. Hələlik bu haqda dəqiq informasiya verə bilməyəcəyəm. Ümumi şəkildə deyim ki, zooparkın işi bizim digər sahələrimiz kimi vacib işlər sırasındadır. Mən orda olanda uşaqların nə qədər böyük sevgi və maraqla gəldiyini gördüm. Valideynlərə yaxınlaşıb soruşdum ki, zooparkın işindən razısınız, yoxsa yox? Bəziləri razılığını, bəziləri heyvanların saxlanıldığı yerlərlə bağlı narazılığını bildirdi. Qısa olaraq deyim ki, zoopark imkanlar daxilində işinə davam edir, xidmət edir. Bizim ölkəmiz bu gün Avropa ölkələrindən geri qalmır, əksinə üstələyir. Ona görə istərdik ki, Bakımızın gözəl zooparkı olsun.

- Ölkə başçısı Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin yaradılmağı haqda sərəncam imzalayıb. Baş idarə statusu nə vəd edir?

- Baş idarə bu gün tam olaraq qurulmaq üzrədir. İlin sonuna qədər bizim əsasnamələrimizdə böyük dəyişiklik olmalıdır. Mədəniyyət və Turizm Nazirliyitərəfindən bizə böyük etimad göstəriləcək, səlahiyyətlər veriləcək. O səlahiyyətlərə uyğun olaraq sistemdə olan çatışmazlıqları aradan qaldırmağı planlaşdırırıq. Pərakəndəlik maksimin yığışdırılmalı, şəbəkə çevik, dinamik şəbəkəyə çevrilməlidir. Məsələn, kitabxanalarda çalışanlar düşünməməlidir ki, səhər işə gəldim, axşam evə getdim. Yox, bu cür kitabxana olmur. Kitabxana sahəsində islahatlar keçirilə, bəziləri birləşdirilə bilər. Kitabxana modern olmalı, elektron kataloq fəaliyyət göstərməlidir.

- Turizmlə bağlı hansı işlər nəzərdə tutulur? Bu haqda danışmadıq...

- Baş idarə statusu veriləndən sonra turizm fəaliyyəti bizim prioritet sahələrdən biridir. Baş idarə olaraq, turizm sektorunun açılmasına nail olduq. Bu sektorun açılması bizim üçün vacibdir. Çünki ölkə rəhbərliyi vəMədəniyyət və Turizm Nazirliyi tərəfindən turizmə nə qədər böyük diqqət ayrıldığı göz qabağındadır. Bu sahədə bəzi layihələrimiz yekunlaşmaq üzrədir. Onu da nəzərinizə çatdırım ki, bizim idarə və Bakı Abadlıq Xidməti şəhərin mərkəzində informasiya mərkəzləri açılması layihəsi üzərində çalışır. İnformasiya nöqtələrində turistlərə həm məlumat veriləcək, həm bölgələrin reklamları olacaq, həm də Bakı və bölgələrin suvenirləri satılacaq. Hətta imkanlar olsa, bölgələrin şirniyyatlarına, mətbəxinə qədər nümunələr təqdim olunacaq.

- Vüqar müəllim, kitab çapı və satışı istiqamətində ciddi problemlər var. Rəhbərlik etdiyiniz idarə kitabların çapı, təbliğ olunması üçün hansı işləri görməyi planlaşdırır?

- Mən kitaba bağlı insanam. Vaxtilə “Akademiya” Kitab Mərkəzinin rəhbəri olmuşam. Ona görə də çəkinmədən deyə bilərəm ki, bu sahədə təcrübəm yetərlidir. Biz “ATV Kitab” layihəsinin və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu ilə çox gözəl layihəyə imza atmışıq. Təkcə “ATV Kitab” layihəsindən çap olunan kitabları alıb şəbəkədə olan kitabxanalara paylamayacağıq, eyni zamanda gənc və tanınmış müəlliflərlə görüş keçirəcəyik, tədbirlər təşkil edəcəyik. Sentyabrdan başlayaraq bu işlər davamlı şəkildə aparılacaq. Demək istəyirəm, gələcəkdə kitabla bağlı, gənc yazarlarla bağlı layihələrimiz çox olacaq. Məsələn, idarə hər hansı gənc yazarın üç min nüsxə kitabını alıb kitabxanalara paylaya bilər, yeni kitablar nəşr edə bilər və s.

- Son sual: yeni mədəniyyət müəssisələrinin yaradılmağı ilə bağlı planlar var?

- İlin sonuna qədər bir neçə müəssisənin yaradılmasını planlaşdırırıq. Detallı açıqlamaq istəmirəm, çünki hələlik dəqiqləşməsi vacib olan məsələlər var. Hər bir yeni yaradılacaq müəssisənin rəhbərinin qarşısında qoyulacaq vəzifələr olacaq: dinamiklik, modernləşmə. Bizim üçün vacib olan odur ki, sistemdə hamı çalışsın. Köhnə stereotiplər dağılmalıdır. Bu işdə mətbuatın dəstəyinə də ehtiyacımız böyükdür. Çalışırıq, mətbuatla dostluq, əməkdaşlıq əlaqələrimiz olsun. Mətbuata tam olaraq açıq insanlarıq. Mətbuat da sağ olsun ki, bizə diqqət göstərir.

# 1038 dəfə oxunub

Müəllifin son yazıları

# # #