Vera xalanın keçmişi

Vera xalanın keçmişi
23 iyun 2015
# 20:00

Kulis Cavid Zeynallının “Vera xalanın keçmişi” yazısını təqdim edir.

- Vera xalanın iti öldü...

Qonşunun uşağıdır, mağazadan çıxhaçıxda qabağımı kəsir.

- Necə yəni öldü?

- Öldü də, öldü. Qonşular səsini eşidiblər, iti qucaqlayıb çığırırmış.

- Nə vaxt?

- Sən işə getdin ha, mən səni pəncərədən görürdüm, bir az keçdi, bir də gördük hamı Vera xalagilə qaçır.

***

Vera qonşumuzdur. Lap başdakı blokda, ikinci mərtəbədə tək yaşayır. Fevral soyuqları keçdimi, Vera xala itini blokun ağzındakı skamyaya bağlayıb yekə əndamıyla oturacağa yayxanar, təkliyin uzun-uzadı əzabını çəkərdi. Səhər işə tələsəndə, axşam yorğun qayıdanda bu zavallı qadına rast düşməsəydim, elə bilərdim, nəsə çatmır, kimsə əskikdi. Gedəndə, “sabahınız xeyir” deyib keçəndə, mütləq əlimdəki zibil torbalarına işarə edərdi ki, quru çörək, sür-sümük varsa, atma, ver mənə. Bir də gördün, itini də götürüb düşdü yanımca, havadan-sudan, işıq pulundan, bələdiyyədən, qonşulardan boş-boş danışmağa başladı, ta avtobus gələnəcən susmadı, hüdüləyib tökdü. Sözü yarımçıq qalanda adama elə gəlirdi ki, Vera iti minib avtobusun arxasınca düşəcək, nəfəsi çatana qədər danışıb rahatlaşacaqdı.

Bir dəfə gülümsəyib dedi ki, səni televizorda gördüm, deməli, jurnalistsən. Boyun tutmadım, istəmirəm camaatın artıq sorğu-sualı ilə üz-üzə qalım. Məsələn: “JEK”dən yaza bilərsən ki, zibili vaxtı-vaxtında atmırlar? Özümü “Vətəndaş və məmur” qəzetinin bölgə müxbiri kimi hiss edirəm. “Harda işləyirsən?” sualının isə cavabları çoxdur: “Kolbasa sexində fəhlə, restoranda anbardar, nəşriyyatda mexanik”.

Vera xala cibindən şüşə konfet çıxarıb mənə uzatdı:

- Yalan danışma, əynində də bu köynək idi.

Yenə boyun tutmadım. Arvad telefonunu çıxarıb məni yaxına çağırdı: sən deyilsən?

Ərinməyib şəklimi çəkmişdi. Toba. Mıqq eləməyə yerim yox idi.

- “Xəzər”də çatdıra bilmədim, ANS-də çəkdim.

- ...

- Vaxtın olanda gəl bizə, rusca çoxlu danışaq, dilin bir az açılışsın. Sənə lazımdır...

Əslində, yaxşı təklif idi, lap ürəyimcə olmuşdu. Amma arvadımın qorxusundan Veragilə gedə bilmədim. Zarafat edirəm, Veranın üst-başından gələn dəhşətli iy ürəyimi bulandırdı və özümə söz verdim ki, hər gün itin ora-burasını əlləşdirən bu qadınla bir də üz-üzə gəlməyim.

Biz o məhəlləyə təzəcə köçmüşdük və səhər çıxıb axşam gələn adam hardan bilərdi ki, qonşular da Veradan mümkün qədər uzaq durmağa çalışır, uşaqları ona yaxın getməyə qoymurlar.

Sonra eşitdim ki, Vera xala cavanlığında, hələ bədəninin, ehtirasının salamat vaxtında bu məhəllədə az kişini yoldan çıxarmayıb. O qədər qadını küsdürüb dədə evinə göndərib ki...

***

Avtobus dayanacağına yaxın Hidayət kişinin balaca məhəllə mağazası var. Hər dəfə Vera xala məni “yola salanda” kişi şüşənin arxasından bic-bic gülümsəyirmiş. Bunu mənə lap sonralar, aramız açılanda dedi. Hidayət kişi Veranı lap cavanlığından tanıyır. Əri ilə bir-birini sevib-evləniblər. Vera gül mağazasında satıcı işləyir, əri tramvay sürürmüş. Uşaq doğub beş-altı yaşına çatdırandan sonra ev-eşiyə yığışmayıb, iş yerini də hansısa “Qonaq evi”nə dəyişib. Ərinin baş götürüb evdən getməyi lap əla olub: Veranın əl-qolu bir az da açılıb və ömrünü beləcə yad çarpayılarda, sifarişli taksilərdə, kəmşirin məclislərdə keçirib. Əlinin altında “can bazarı” - ürəyin hansını istəyir, göndərsin. Dəfələrlə məhəllədən onu qovmağa çalışsalar da, nə xeyri? Veraya hamının işi düşürdü.

Oğlu iki dəfə tutulub, üçüncü dəfə oğurluq edib qaçanda Suraxanıda maşın vurub öldürüb. Oğlundan sonra Vera sarsılıb, möhkəm sarsılıb. Vaxtilə ətrafında olan insanlar da ondan uzaqlaşıb. Nə yaş o yaşdı, nə bədən o bədən. Nə də ehtiras həmənki! İndi zavallı Veranın bədəni yad çarpayılara, sifarişli taksilərə, özü kəmşirin məclislərə lazım deyildi.

Qalmışdı təmtək. Hardansa azıb gələn küçüyü götürüb böyütmüşdü. Olmuşdular həm ər-arvad, həm də ana-bala. Bircə it danışa bilsəydi, Vera xalanın başqa dərdi olmazdı.

Hidayət kişidən soruşuram ki, cavan vaxtı sənin aran necə olub Vera ilə:

- Day gecdi, - bic-bic qımışır, - Bundan sonra gələn olmaz, dur kömək elə, o xiyar-pomidor yeşiyini içəri qoyaq...

***

- Vera xala iti oğlunun yanında basdırmaq istəyirmiş, tutublar.

# 1264 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #