Bizim ayrı ataya ehtiyacımız yoxdu – Bircənin Romanı

Bizim ayrı ataya ehtiyacımız yoxdu – <span style="color:red;">Bircənin Romanı
15 iyun 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Üstündən üç gün ötmüş Əlinin anası həminki oğluyla birgə yenə darvazamızı kəsdirdi. Canıma vicvicə doldu. Özüm üzə çıxmadım, Maralı verdim qabağa, tapşırdım onlara desin ki, inəklə bağlı nə sözləri-istəkləri varsa əmim oğlunu görsünlər. Arvad da inad eləmədi, dinməzcə qapıdan qayıdıb getdi.

Bir neçə gün işə də çıxmadım. Özümü heç nəylə ovuda bilmirdim, hamıdan qaçırdım, qaynanamın buyruqlarını candərdi yola verib yuxulu ayı kimi kahama çəkilirdim. Əlinin anası gəlişiylə bu evdəki bir içim, bircə qurtum rahatlığıma bir bulanıq arx calayıb getmişdi. Yenidən yaman dillərə düşməkdən qorxurdum, ayağımı darvazadan eşiyə qoymaq istəmirdim. Həyətdə özümə cürbəcür işlər tapıb başımı qatırdım – qurumuş ağacların qol-budağını budayırdım, qaynanamın köhnə torbalara yığdığı qaz tükünü yuyub yastıq düzəldirdim, bir sözlə, özümü bu evə yenidən hörüb toxuyurdum.

Arada lap Zöhrə xalaya yaltaqlanırdım, onun təzəcə yuduğum saçlarını açıb bir də yuyurdum, hələ uzanmamış dırnaqlarını lap kökündən tuturdum. İstəyirdim xəbər elə yayılanda hamı görsün ki, mənim bu evin çəpərindən qırağa sıçrayan bir fikrim-xəyalım yoxdu. O söhbətin tüstüsü er-gec çıxacaqdı, el ağzı – çuval ağzı, büzsən də büzülməz. Dərin kökü, möhkəm bünövrəsi olmayan mənasız söz-söhbət qoz qabığı kimi diş qıracaqdı, quşqun olub quyruğa keçəcəkdi, yüyən olub ağızlarda çeynənəcəkdi. Sonra da sorğu-sual, məhkəmələr... Bunları düşünəndə ürəyim sərçə ürəyi kimi əsirdi.

Bir gün yenə Bəhruz yanımda işdən qayıdırdım, böyrümüzdə bir maşın dayandı. Yarıyacan açılmış qapının arasından Əlinin anasının başını görəndə uşağın əlindən bərk-bərk tutub yerişimi yeyinlətdim, az qala yüyürməyə başladım. Arvad geridən həyəcanla səsləndi:

- Bircə, ayaq saxla, sənə sözüm var.

Mən dayanmadan qanrılıb arvada çəmkirdim:

- Daha inəyi satası olmadıq, ayrı söz eşitmək də istəmirəm.

Arvad qaçaraq bizə çatıb əlimdən tutdu:

- Uşaqlıq yeri deyil, inad, hikkə ikinizi də bədbəxt elədi. Daşı tök ətəyindən, çıx get atan evinə, biz də işimizi bilək.

Həmişə mənə sayğı-sevgiylə yanaşmış bu göyçək qadına yenə bozardım:

- Evimizə getsəm nolacaq, nə dəyişəcək?!

- Sən get, gerisi bizlikdi. İnşallah hamının razılığıyla bu işi düzüb-qoşaram, evlənərsiz. Əli sənin oğluna da öz uşağı kimi baxacaq.

Bəhruz yanımda olmasaydı ürəkdən bir şaqqanaq çəkib yolu əlimə alardım. İndi mən arvada yox, körpə, titrək əlləriylə əlimi bərk-bərk sıxan balaca dostuma baxırdım: Bəhruzum qapqara gözlərini altdan-yuxarı üzümə zilləyib həyəcanla mənim nə deyəcəyimi gözləyirdi, baxışlarıyla məndən kömək, hov-haray istəyirdi.

Gözümü qaynım balasından çəkib arvadın üzünə zillədim:

- Əli qapılara saldığı uşaqlarına atalıq eləsin, bizim ayrı ataya ehtiyacımız yoxdu, - deyib ayaqlarıma dolaşmış Bəhruzu qucaqladım.

Arvad mənə doğru bir addım da atanda əlimi qabağa verib onu saxladım:

- Sizə yalvarıram, bir də mənim qarşıma çıxmayın, məni elin dilinə dolamayın. Əli Emindən çox-çox əvvəl ölüb mənim üçün.

Arvad yerindəcə quruyub qaldı, gözündə bir dəstə sual maddım-maddım üzümə baxdı. Axır cümləmi yaxamı ondan qurtarmaq üçün demişdimsə də yalan deyildi; həmişə mənə elə gəlirdi Əli o vaxtlar mənim uğrumda sonacan mübarizə aparmadı. Hələ üstəlik, mənim “qırxım” çıxmamış özünə yeni sevgili də gözaltılamışdı – bir zaman eşidib inanmadığım bu xəbər sonradan təsdiqini tapmışdı, Əli elə həmin qızla da evlənmişdi.

Dönüb yola düzəlməmiş arvada sonuncu xəbərdarlığımı elədim:

- Bir də belə təkliflə yolumu kəssəniz sizi hörmətsiz eləyəcəm!

Söz ağzımdan çıxar-çıxmaz Bəhruz toppuş əlini əlimdən sıyırıb yerdən bir kötür daş qapdı. Daşı atmamışdan qayıdıb bir də üzümə baxdı.

- Tulla yerə, - dedim, - ayıbdı, o bizim qohumdu.

Uşaq daşı yerə atıb balaca əlini yenə ovcuma dürtdü, ikimiz də yeyin-yeyin arvaddan aralandıq. Yolboyu Bəhruz dodağının altında donquldandı:

- Yalan deyirsən, o arvad bizim qohum-zad deyil!

Xəcalətimdən uşağa cavab verə bilmədim.

***

O gündən qaynımın balaları məndən gen dolanmağa başladılar. Bizim toplaşmaq üçün xüsusi işarələrimiz vardı: məsələn, evdə sakitlik olanda mən cırıq paltarlı keçəl kuklamı asırdım seyvandakı ipdən, ya da dibçək güllərimdən birini qoyurdum pilləkənə; bu, o demək idi ki, evdə heç kim yoxdu, mən sizi gözləyirəm. O hadisədən sonra bütün parollarımı işə salsam da balaca dostlarım həndəvərimə üzükmürdülər, eləcə uzaqdan baxıb daldaya çəkilirdilər. Ürək də qulaq deyil axı barmağını salıb qurdalayasan – uşaqların bu soyuqluğu ürəyimi cızıldadırdı.

Bir belə, beş belə, axırda dizlərimə güc verib özümü sürüyüb saldım qaynımgilə. Məni görəndə uşaqlar Cavidi aralığa alıb soyuq-soyuq üzümə baxdılar. Maral cücə yolurdu, əlini işdən aralayıb gülə-gülə pilləkənin başına çıxdı:

- Qalx yuxarı, orda dayanma.

Bəhruz üzümə də baxmadan cumub Cavidi qucaqladı:

- Qalxmasın, o bizi atıb gedəcək, gedib Cavidə ögey ata alacaq, o ata da Göyçək Fatmanın anası kimi bu uşağı öldürəcək, - deyib qışqırdı, Cavidi sinəsinə bərk-bərk sıxıb yana-yana ağlamağa başladı.

O biri uşaqlar da Bəhruza qoşuldular. Ayaqlarım yerə yapışdı; balacalara sevə-sevə oxuduğum, bəzən əzbər danışdığım nağılın içinə düşmüşdüm! Usta oxçunun illərlə atıcılıq öyrətdiyi şəyirdi indi öz müəllimini gözündən nişan almışdı, əlim də qalxmırdı ki, gözümü qoruyam. Heç vaxt bu qədər xəcalətli, bu qədər baballı olmamışdım, bir-birinə sarmaşıb ağlaşan körpələrə yaxın dura bilmirdim. Suyum süzülə-süzülə qayıtmaq istəyəndə Maral əl atıb biləyimdən tutdu:

- Getmə, otur görüm bu nə məsələdi.

Sonra çönüb uşaqlara çəmkirdi:

- Keçin içəri, eşitdikləriniz hamısı yalan-palandı.

Uşaqlar evə girdilər, mənim də səsim batdı, qulaqlarım tıxandı. Maralın ağzının açılıb-yumulmasından bilirdim ki, danışır, amma nə danışdığını anışdıra bilmirdim. Düşünürdüm ona nə deyim, necə deyim ki, məni elçiləyirlər. Qorxurdum Maral da uşaqlar kimi məndən üz çevirə, qalam bu xarabada bayquş kimi ulaya-ulaya. Elə bilirdim ağzımı açıb olanları danışsam, əlində hikkəylə təmizləyib doğradığı cücə kimi Maral məni də tikə-parça eləyər.

Eltim işini bitirib qazanın qapağını şaqqıltıyla ağzına qoyanda qulaqlarım açıldı, bayaqdan abır-həyamın başından basdığı səsim boğazımdan sivişib özünü çölə atdı:

- Vallah mən oturmuşam evimdə-eşiyimdə, heç kimlə işim yoxdu, amma yenə məni qır qazanına atırlar...

Nəsə danışırdım, ancaq nə danışdığımı da bilmirdim. Maral məni təmkinlə dinləyib dedi:

- Sənin burda evin oldu ki? Fələk elə don biçdi sənə, işığı ərşə yayıldı. Ağlama, ürəkli ol, bundan sonrakı taleyin bəlkə də öz əlindədi. Bu ocaqda ayaqların isinmədi, nə bilmək olar, bəlkə ayrı ocaqda qızacaq? Hələ sənə kəmənd atan çox olacaq. Amma indi burda sənin kiməsə razılıq verməyin Zöhrə xalanın başını kəsmək deməkdi. Onun gözü baxa-baxa bu qapıya kiminsə elçi gəlməyi onu diri-diri oğlunun yanına gömmək kimi bir şeydi.

Mən and-aman eləyib belə bir fikrimin, arzumun olmadığına Maralı inandırmağa çalışdım, taleyindən yarımayan qadınlara nənəmin dediyi bir sözü ona misal çəkdim:

“Baxtın yatdı, sən də yat, qış günü əl isitməz”.

Maral mənim fikrimi, niyyətimi dönə-dönə süzgəcdən keçirdi, axırda guya mənə inandığını göstərmək üçün, əslində isə məni sonacan sınamaq məqsədilə dedi:

- İndi sən icazə verərsənmi o arvad bir də bizim qapıya gələndə mən özüm onu qarşılayım yola salım?

Mən canla-başla razılaşdım. Onda Maral mənə ondan heç gözləmədiyim bir etiraf elədi:

- Bircə, mən Zöhrə xalanı nə qədər incitsəm də, acılasam da, qulluğunda durmasam da ürəyimdə ona hörmət bəsləyirəm. Mahmud əmi bu boyda mahalın qızları içindən onu sevib-seçib, o kişinin yadigarıdı Zöhrə xala. Sonradan ulduzları barışmasa da bir dam altda yaşayıblar. Qaynanamız haqda nə istəsən deyə bilərlər, ancaq o, əxlaqına, namusuna toz qondurmayıb, kəbininə haram qatmayıb, bizim dilimizi, ərlərimizin, uşaqlarımızın dilini el içində gödək eləməyib. Bax buna görə ona mənim bir ayrı sayğım, istəyim var.

Maral bərəlmiş gözlərimə baxıb ara verdi, sonra sözünün gerisini gətirdi:

- Həm də bu arvad Emin kimi oğul itirib, indi sənin Cavidin əlindən tutub bir özgə ərə getməyin ona oğul itkisindən betər olar...

Maral dediyi kimi də elədi, Əlinin anasıgil neçə dəfə bizim qapıya gəldilərsə hamısında özü çıxdı qarşılarına, məni onlara göstərmədi; üstəlik, müştəriləri üzə salıb inəyimizin birini baha qiymətə sırıdı onlara, mənim də canımı artıq sözdən-söhbətdən qurtardı.

Ancaq Əligilin məni razı salmaq cəhdi burda bitmədi, qarşıda məni yeni həmlələr gözləyirdi...

***

O yaz Bəhruz məni qabağına qatıb təzə məhləmizdə – Eminin sağlığında bünövrəsi tökülmüş evimizin həyətində çoxlu ağac əkdirdi. Mən onun göstərişlərinə dinməz-söyləməz əməl eləyirdim, eləməsəydim uşağın ürəyi yara bağlardı. Bəhruz saf uşaq ağlıyla elə başa düşürdü ki, əkdirdiyi hər ağacla mənim özümü də bu həyətə, bu evə, bu nəsilə biryolluq əkir. Mənim arzu-xəyalımın qapısı ağzında hörümçək yuva bağlayıb tor qurmuşdusa da, onun danışdığı şirin nağıllara qulaq asmaqdan zövq alırdım. Biz işlədikcə Bəhruz işimizin böyür-başını gözəl xəyallarla bəzəyirdi:

- Bax sən nə vaxt desən, atam burda sizə ev tikəcək. Cavid də bizlə bir məktəbdə oxuyacaq. O yekəlib instituta girəndə mən evlənmiş olacam. Cavid qayıdana qədər mənim arvadım sənin yanında qalacaq. Donun cırılanda Maralla (analarını adıyla çağırırdılar) bazara gedib təzəsini alacaqsan...

Bəhruzun dilindən həyat ilıq yaz yeli kimi axıb adamın canına dolurdu. Onun arzularının qanadında bir ömür uf demədən yaşayardım. Tez-tez bu uşağın xəyallarına bürünüb şirin yuxular görürdüm, onun mənə bağışladığı arzuları pərqu yastıq kimi başımın altına qoyub bu ölü evdə korşalmış hisslərimi xəyallarımın dalınca göndərirdim.

***

Yaz çıxmamış atamgil Laləni köçürdülər. Kiçik bacımın da sevgidə baxtı gətirməmişdi, oxu daşa dəymişdi. Qardaşım Aqilin uzun illərdən bəri ailəvi dostluq elədiyi Yasin adlı tələbə yoldaşının qardaşıyla Lalə istəkliydilər. Oğlanın anası bu izdivaca canla-başla razıydı, atam çəm-xəm eləsə də içinin dərinliyində o da Lalənin seçiminə qarşı deyildi.

Bacım üçüncü kursu bitirib tətilə gələndə qapı qonşumuz Məhər kişinin savadsız, həm də qanmaz oğlu evlənmək niyyətiylə Laləni qaçırmışdı. Qızı xoşluqla geri ala bilməyəcəyini görən atam Musa əmimlə köməkli Məhərin arvadını, bir cüt nişanlı qızını zorla evindən çıxarıb gətirib qapımızda zəncirə vurmuşdu. Əlacsız qalan Məhər Lalənin yerini qardaşlarıma nişan vermişdi. Sürütmə aparıldığı evdə Laləyə güclü xəsarət yetirmişdilər, oğlan tutulmasın deyə qızı könüllü gəldiyini deməyə məcbur eləmək istəmişdilər. Lalə təslim olmaq istəmədikcə ona olmazın işgəncə vermişdilər.

Səməndərlə Kamil Laləni evimizə gətirəndə qızın canında tutalğa qalmamışdı. Musa əmim qızın halını belə görəndə bütün gücünü səfərbər eləyib Məhərin oğlunu tutdurdu. Bir də Lalə ərə gedəndən sonra atamın razılığıyla oğlanı qazamatdan buraxdılar.

Bu hadisə Məhərin külfətinə baha başa gəldi – qızlarının nişanı qayıtdı, onlardan kiçik iki qızının da adını heç vaxt tutan olmadı. Dörd qızın dördü də bu günəcən ata ocağına keşik çəkir.

Nənəm həmişə bizə Məhərgillərdən gen gəzməyi tapşırardı; dediyinə görə, Stalinin kəshakəs vaxtında ata babamın güllələnməyinə Məhərin atasının ondan çuğulluq eləməsi səbəb olmuşdu. İndi atamın onun oğluna qız verməyəcəyini bilən Məhər bu yola əl atmışdı.

Lalə tətildən qayıdanda bir qrupda oxuduğu istəklisinə bunları danışar. Onu dəlicəsinə sevən oğlan səbirlə bacıma qulaq asar, uzun-uzadı susar, sonra birdən ayağa qalxıb gücü gəldikcə qaçmağa başlayar. Bacımın deməsinə görə, oğlan elə yanıqlı-yanıqlı qaçırmış ki, dabanları yanbızına dəyirmiş. Söz düşəndə Lalə bu gün də deyir ki, yuxularımda, xəyallarımda ilk məhəbbətimi eləcə arxasına baxmadan at kimi qaçan görürəm, deyir onun üzündən çox yanbızına dəydikcə qığılcım qoparan dabanları yadımda qalıb...

Laləni qonşu kənddən özündən xeyli böyük bir oğlana verdilər. Bundan irəli dediyim kimi, oğlanın qardaşı bacımla bir idarədə işləyirdi, atamgil bu çoxuşaqlı ailəni yaxşı tanıyırdılar. Sevildən fərqli olaraq Laləni atam çox urvatlı tutdu, ona bolluca cehiz verdi, təmtəraqlı toy çaldırdı, bir sözünü iki eləmədi. Toyun dumanı dağılandan, toy qazanları soyuyandan sonra təzə bəy-gəlin Bakıya yola düşdü.

Üstündən iki həftə keçməmiş ermənilər kəndimizə ağır zərbə vurdular. Camaat evindən didərgin düşdü, hərə başını götürüb bir küncdə daldalandı. Aqil gəlib anamı, Kamilin ailəsini Bakıya apardı. İki gün düşmən əlində qalan kəndimizi bizimkilər geri aldılar. Kəndin bütün başıpapaqlıları kimi atamla Kamil də evimizdən, yurd-yuvamızdan çıxmadılar.

ardı var

# 2682 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #