Soyuq yanvar ayı, kənd yeri, yenicə ana olmuşam... – Bircə yazır

Soyuq yanvar ayı, kənd yeri, yenicə ana olmuşam... – Bircə yazır
4 iyun 2021
# 09:01

Kulis.az Bircənin “Türk dostuma rəngli məktublar” silsiləsini təqdim edir.

Giriş yerinə

İkinci Qarabağ savaşının şıdırğı yerində korona mənim də yaxamı əlinə keçirdi. İlk günlər hələ gülürdüm, qorxulu xəstəlik beləmi olur deyib evimdə təmizlik işləri aparır, virusun - çağırılmamış qonağımın ayağının altını süpürürdüm.

Xəstəliyin üçüncü günü qara qızdırma məni atdan saldı. Bütün hazırlığımı görüb, gözümü dikdim Əzrayıl əfəndinin yoluna.

Oğlum, bacı-qardaşım evimin ətrafında halay vurub səfərbər oldular. Gücü çatan, əli yetən qapımı döyüb, qolundan qopanı içəri atıb qaçırdı. Dörd divar arasında tək-tənha səhəri axşama zülümlə calayırdım.

Elə həmin günlərdə feysbuk hücrəmdən tanıdığım abxaz kökənli türk xanım təkidlə məndən rənglər haqqında ona nəsə yazmağımı istəyirdi. Nazan Tüzünlə iki ildir dostluq eləyirik. Həyatda görüşməsək də, daim hovuma çatıb, burda tapa bilmədiyim dərmanları hava, quru yollarıyla, onlara əli yetməyəndə TIR sürücüləriylə mənə göndərib. Nəcib, kübar xanıma yox deməyə üzüm gəlmirdi.

Nazan abla bir sıra dövlət işlərində çalışmış, dünya ədəbiyyatını oxumuş müdrik xanımdı. Yumşaq qəlbli qayğıkeş ablam dünya çaplı xəstəliyi mənim gözümdən salmağa çalışırdı:

- Sən mənə hər gün bir rəngdə məktub yazacaqsan, - deyirdi, - yazmasan, sənin dostluğundan çıxacam.

Görüntülü yığıb özümü göstərdim ki, bəlkə, halımı görüb inana. Bu da keçmədi, Nazan xanım Fəzilət adlı rəfiqəsini mənə minnətçi saldı:

- Bircəciyim, yazacağın məktublar mənim qızımın həyatını qurtaracaq.

Bu sözdən sonra necə geri durasan?

Beləcə, o davalı, koronalı günlərdə yox yerdən rəngbərəng məktublar doğuldu.

Sonra bildim ki, rəfiqələr mənim düşdüyüm quyuya ip sallamaq məqsədilə belə bir oyun qurublar.

Gerçəkdən də məktublar dünya çaplı xəstəliyimi gözümdən saldı. Birini yazıb göndərəndən sonra qızdırmadan yanan gözlərimdə aləm növbəti məktubun rənginə bələnirdi.

Məktubları yazıb bitirəndə artıq sağalmışdım...

No description available.

Yaşıl məktub

Sevimli ablalarım, siz məndən yaşıl rəngin həyatımdakı rolu haqqında yazmağımı istədiniz. Canımdakı ağrıları yaşıl ipəyə büküb nənəmin sandığına atıram, xatirələrə gedən cığırı kol-kosdan arıtlayıram.

Soyuq yanvar ayı, kənd yeri. Yenicə ana olmuşam, qışın qış günü dünya gözümdə yaşıl cənnətə dönüb. Hələ imperiyanın caynağından qopmamışıq, hələ dava qızışmayıb, yurd-yuvamız hələ bayquş cənnətinə dönməyib.

Odun sobası evin ortasında gurhagur yanır. Sobanın üstünə qozdan, almadan düzmüşəm. Qarşıda uzun bir qış gecəsi var. Qaynatam oğlumun beşiyini yanına çəkib:

- Ay dovşan, qalx bir şirin şey bişir, - deyir, - bu axşam türk qızı Moskvada dünya gözəlləriylə yarışacaq.

Kişinin sözünü yerə salmayıb almalı piroq bişirirəm, dünyanı evimizə daşıyan televizorun başına yığılırıq.

O gecəyə qədər belə bir yarışmanın varlığından xəbərim olmamışdı. Sovetlər yurdumuzu işğal edəndə qaynatamın iki dayısı Türkiyəyə sığınmışdı. Yazıq kişi türk adı gələndə ləlik olurdu. İndi də ekrandan yaşıl əlbisəli türk qızını gördükcə Hitlerin ardınca Berlinə kimi getmiş, neçə-neçə əzizi, dostu-yarı qucağında keçinmiş qoca uşaq kimi əsirdi. Həyəcanına su səpmək üçün onunla öcəşirdim:

- Ay Mahmud əmi, türk qızından sizə nə? İcazə verin, şübhələnim, deyəsən, xanımın gözəlliyi müdrik ağlı yerindən oynadıb.

- Necə yəni mənə nə? Kim bilir, bəlkə bu qız elə mənim Səməd dayımın, Əhəd dayımın törəmələrindəndi?

- Boyunun ucalığından sizə bənzəyir.

Qaynatam yaşılbaş sonanı çox öydü o gecə:

- Türklər ağıllıdırlar, qızı qəsdən o rəngdə geyindiriblər.

- Niyə qəsdən, nə deyir axı yaşıl rəng?

- Yaşıl rəng müsəlmanlığın, cənnətin rəmzidi.

Yaşıl geyimli, uca boylu, qara saçlı, ağ dişli, canalan gülüşlü Məltəm Haqqarar səhnəyə çıxdı. Mahmud əmi əllərini göyə açdı:

- Allahım, bu gecə o qərib qızı gavur yuvasında köməksiz qoyma!

Münsiflər qalın buz kimi ağaran ekranda yaşıl yarpaqtək əsən qıza baxa-baxa öz aralarında xeyli pıçıldaşdılar. Axırı bir sürü dünya gözəlinin arasında tacı Məltəmin başına qoydular.

Qaynatamın sevinci bu gün də üzümə işıq saçır:

- İndi bütün dünyanın ekranlarında türkün bayrağı dalğalanır, başa düşürsən?!

Nə gizlədim, başa düşə bilmirdim, ancaq fürsəti fövtə vermədim:

- Ay Mahmud əmi, bayaqdan mən də dua eləyirdim ki, qohumun türk qızı birinci olsun. Mənim piroqumun da bu işdə kəraməti var, indi nəmərimi istəyirəm.

Qaynatam mənə aylı-ulduzlu gözəl bir kolye bağışladı.

Bir türk gözəli soyuq Moskva gecəsindən qopub, yaşıl ulduz kimi ölkəmin bütün evlərini yaşıl işığa tutdu, hamını yaşıla yoluxdurdu. O gecədən mən də yaşıl sevdalısı oldum.

Ondan sonra hansı evə getsəydin, Məltəmin şəklini görərdin – heç kimdən təbəssümünü əsirgəmirdi, divarlardan hər kəsə eyni şəfqətlə, eyni doğmalıqla baxırdı.

Gəlin köçən qızlarımız saçlarını Məltəmin saçı kimi daradırdılar. Hətta, mənim bibim də onun vurğunuydu, dünya gözəlinin şəkli bu gün də Telli mamanın kərpic evinin divarından asılı durur. Hər gedəndə bibimi cırnadırdım:

- Bu qızın şəklini qoparıb atacam burdan, əvvəlki gözəlliyi qalmayıb.

- Elə demə, ay Bircə, gör nə qəşəng gülür. Nə qədər bikef olsam, onun üzünə baxanda canım isinir, qışın qış günü elə bilirəm ağaclar yarpaqlayır, otlar göyərir.

Bir dəfə Məltəmin sonrakı vaxtlarının şəklini bibimə göstərmək istədim. Arvad gözlərini yumub üsyan elədi:

- Baxa bilmərəm, qoy elə şəkildəki kimi qalsın yadımda.

Bibim artıq rəngsiz dünyada yaşayır, o şəkilsə yenə yaşıl təbəssümlə gülümsəyir.

Ablam, o şəklə hər baxanda elə bilirdim, bizi yetmiş ilin boyunduruğundan, kommunizmin caynağından yaşıl əlbisəli türk qızı xilas elədi. Elə bilirdim, sovetlər deyilən şər imperiyasını o qızın gözəlliyi yıxdı.

Bu kiçik məktubu səkkiz saata yazdım. Hərflər gözlərimin önündə yaşıl halqalara dönüb boynuma dolanır. Korona deyilən iblis dizlərimin üstündə oturub mənə diş qıcayır.

Allah sizi bəlalardan hifz eləsin!

27.10.2020

# 3333 dəfə oxunub

Müəllifin son yazıları

# # #