Kulis.Az Bircənin “Cəhənnəmdən keçmiş mələk” adlı avtobioqrafik romanından növbəti parçanı təqdim edir.
Günlərim bu minvalla keçərkən başıma bir fəlakət də gəldi. Bir səhər oyananda üst-başımı qan içində gördüm. Uzun müddət yatağımdan qalxmayıb, başıma nə gəldiyini anlamağa çalışdım. Nənəmə “xəstələnmişəm, dərsə gedə bilməyəcəm” dedim. Bu dəm xəbər çıxdı ki, kənddə ölən var. Xəbər məni çox sevindirdi. Nənəm olan-olmazdan süfrəyə düzəndən sonra kəlağayısını başına atıb yasa getdi. Mən fürsətdən yararlanıb tez ayağa qalxdım, bulaşıq paltarlarımı götürüb evimizin arxasındakı həmin o arxın üstünə qaçdım. Arxın qırağına düzülmüş tısbağalara bu dəfə ikrahla baxıb özümü suya atdım.
Mayın əvvəlləriydi, su soyuq idi, ancaq mən soyuq-filan vecimə almadım. Qatil öldürdüyü adamın qanını üstündən necə ikrahla, necə tələm-tələsik yuyarsa, mən də üst-başımın qanını eləcə yudum. Nənəm gələnə qədər döşəyimin üzünü, mələfəmi evdəki təmiz paltarlara qatıb yudum ki, heç kimdə şübhə doğurmasın. Bulaşıqları yuduqca düşünürdüm ki, yəqin bu, bir qəzadı, tezliklə keçib gedər...
Tumanımı soyuq suda yuyub yaş-yaş əynimə geydim. Bundan sonra rahatlaşıb oturdum. İçimdən sanki ilıq bir çay axırdı, çox pis haldaydım. Bilmirdim bunun qarşısını nəylə alım, hara qaçım, dərdimi kimə deyim. Qalmışdım arxla ev arasında, yarım saatdan bir arxın üstünə qaçıb qanlı paltarımı yuyur, eləcə yaş-yaş əynimə geyinirdim. Nənəm həmişə mənə oğlanlardan uzaq durmağı, onlarla təmasdan qaçmağı bərk-bərk tapşırırdı deyə elə düşünməyə başladım ki, yəqin mənə hansısa erkəyin əli dəyib, hər nədisə bu, tısbağalıq deyil.
O yaşıma qədər mən azı iki yüz kitab oxumuşdum: “Qulliverin səyahəti”, “Kapitan Qrantın uşaqları”, “46 bənövşə”, “Yeddi ulduzlu səma”, “Söyüdlü arx”... Ancaq oxuduğum kitabların heç birində qəhrəmanların başına belə bir iş gəlməmişdi. Bəs Yaradan məni niyə belə cəzalandırırdı?
O gecə ilan vuran yatdı, mən yatmadım. Bilmədim necə uzanım ki, yorğan-döşəyi bulaşdırmayım. Səhəri yatağımda oturulu açdım. İlan quyruğu boyda balaca ilıq bir çay içimdən eləcə axırdı. Gecənin az qala yarısını həmişə tək getməyə qorxduğum ayaqyolunda keçirdim. Kağızla özümü o qədər silmişdim ki, səhərə budlarımın arasında açıq yara əmələ gəlmişdi.
Yenə dərsə gedə bilmədim. Anam yerindən qalxar-qalxmaz hökmlə məndən bir işin qulpundan yapışmağı tələb elədi. Mənsə gəzə bilmirdim, ayaqlarımı yenicə sünnət olunmuş oğlan kimi atırdım. Hakim qardaşım bu səfər də işə qarışdı, niyə belə yeriyirəm deyə üstümə hücum çəkdi. Əvvəllər o, mənə cumanda dil altında qalmazdım, heyim tükənənə qədər vuruşar, ona gücüm çatmasa da, bir yerini ağzıma yığıb dişləyərdim. İndisə əsla müqavimət göstərmək iqtidarında deyildim, razıydım ki, lap məni vurub öldürsün, canım qurtarsın bu işgəncədən. Belə sakit, susqun qalmağım Hakimi daha da hiddətləndirirdi. Axşama kimi qardaşım məni vurdu, incitdi, üstümə su tökdü, məni cürbəcür işlər görməyə məcbur elədi... Axırda da gözləri kəlləsinə çıxmış anamın üstünə cumdu ki, qızına nəsə olub.
Mən yenə öz aləmimdəydim, dünyaya elə bil pərdə arxasından baxırdım. Yalnız ölüb bu işgəncədən qurtulmağı arzulayırdım.
İçimdən axan ilanquyruğu çay axşama doğru dayandı. İki günlük gərginlikdən sonra “Robinzon Kruzonun macəraları”nı oxuya-oxuya ölüm yuxusuna getdim. Səhəri bir az rahat oyandım, qalan çirk-pasaqdan təmizlənib məktəbə getdim. Dərsdən sonra anam ev işlərini yenə mənə gördürürdü: paltar yuyurdum, xörək bişirirdim, evdəki bir yığın kişiyə qulluq eləyirdim. Amma fikir içimi yeyirdi; düşünürdum, görəsən mənim başıma gələn nəydi belə? O hadisədən sonra çibanlarım da deyəsən bir az böyümüş, ağrısı azalmışdı. İçimə-çölümə bir sakitlik çökmüşdü. Sevinirdim ki, nə yaxşı başıma gələnlərdən kimsə xəbər tutmadı.
***
Beləcə, həftələr keçdi. Hər səhər yuxudan ayılan kimi yatağıma, əyin-başıma qorxa-qorxa baxırdım. Başıma gələnləri təzə-təzə unutmağa başlamışdım ki, yenidən qanıma qəltan oldum. Bu dəfə içim tamam söndü, bütün ümidlərimin üstündən qara qələm çəkildi. Düşündüm ki, bunda nəsə pis bir əlamət var. Amma kimə deyəydim dərdimi? Anam həmişəkitək öz aləmindəydi, mən ona yalnız qulluqçu kimi gərək idim. Ayaqlarım məni gəzdirə bilmirdi, evdə xəyal kimi dolaşırdım. Yenə əllərim soyuq sularda qaldı. Tumanımı yaş-yaş geyməkdən xəstələndim. Özümü öldürməyin asan yollarını aramağa başladım. Tay-tuşum qızların üzünə diqqətlə baxırdım ki, görüm onların da belə bir dərdi varmı; görürdüm, yox, onlar məndən fərqli olaraq özlərini xoşbəxt hiss eləyirlər.
Bu müddətdə nənəm də çox düşmüşdü, daha mənə əvvəlki kimi nəzarət eləyə bilmirdi. Sovet hökuməti qurulandan sonra nənəmin atasını, qardaşlarını kulak kimi damğalayıb tutmuşdular. Qapıya yeriyən bolşevik dəstəsi yeniyetmə qardaşlarını atdöşü eləyəndə nənəm dözməyib özünü qabağa vermişdi. Bu zaman dəstə üzvlərindən birinin qamçısı nənəmin budunu tutmuşdu. İllər keçdikcə o qamçının yeri arvadın budunda bərkiyib daşa dönmüşdü. Nənəmin ömrünün son illərində isə qamçı yarası elə bil qövr eləmişdi, onun əti tökulmüş budunda daha aydın görünən o kirs ölənə yaxın nənəmi çox incitdi. Beləliklə, nənəm öz hayındaydı, anam öz hayında, mən də öz hayımda.
İlanquyruğu çay bu dəfə üç gün axdı içimdən. Qanlı paltarlarımı ovxalamaqdan əllərim açıldı, qəzetlə silinməkdən ayaqlarımın arası qıpqırmızı yara bağladı. Yaş tuman geyməkdən yenə azarladım, sinəmdən güclü bir öskürək tutdu. İçimdən gələn çaysa hələ də axırdı. Üçüncü günə adlayanda daha bu qanın dayanacağına umudum qalmamışdı.
Həyətimizdən az aralıda, erməni kəndinə səmt olan yerdə qardaşlarım çimmək üçün dərin bir xəndək qazdırıb arxın suyunu ora döndərmişdilər. Arada fürsət tapıb o xəndəyə də baxdım ki, görüm özümü bura atsam, ölə bilərəmmi. Arxın o tayında ot biçən əmim oğlu məni xəndəyin qırağında görüb həm təəccüb, həm də təhdidlə bağırdı:
- Nə gəzirsən orda?!
Mən dönüb güllə kimi evə sarı götürüldüm. Həyətimizin arxa doqqazına çatanda ayaqlarım aşağı axan qanın qaloşumu doldurduğunu görüb özümü tələsik ayaqyoluna atdım.
Əmim oğlu qapımıza mənlə dabanbasma çatmışdı, bağıra-bağıra, söyə-söyə nənəmdən, anamdan mənim oğlanların çimdiyi yerə niyə gəldiyimi soruşurdu. İndi hamı mənim üzə çıxıb izahat verməmi gözləyirdi. Mən də bu vaxt ayaqyoluda balaca aftafadakı azacıq suyla ayaqlarımın qanını yuyurdum.
Görünən yerlərimi yuyub təmizləyib handan-hana bayıra çıxdım. Hakimin əlinə yağlı bir fürsət düşmüşdü. Ortalığa çıxar-çıxmaz neçə yerdən təpəmə qapaz yağdı. Mən dinməzcə durub baxırdım, başıma dəyən qapazların ağrısını belə hiss eləmirdim. Qardaşım yenə and-aman elədi ki, mən ora ya çimməyə, ya da çimən oğlanlara baxmağa getmişəm. Hərə mənə bir daş atdı, məni pozğun elan elədilər. Bütün günahlar yenə nənəmin üstündə qaldı, yenə məni sürüyüb nənəmin dizinin dibinə atıb getdilər. Nənəm yenə qəlyan damağında işığı azalmış gözləriylə məni süzüb:
- O əzrayıllara özünü niyə döydürdün? – dedi. – Sənin bu cəhənnəmdən çıxmağının bircə yolu var. Tez böyüyüb ərə getsən, bu oğraşlardan üzün qurtarar.
İstədim qışqıram ki, ay nənə, mən artıq bədbəxt olmuşam, heç kəs məni almayacaq. Susdum, deyə bilmədim. Anamın bütün olanları bir yad kimi, yağı kimi laqeydcəsinə müşahidə eləməsi məni hər şərdən-böhtandan, hər tənədən-qınaqdan çox ağrıtdı.
***
O günləri də ölmə-diril yola verdim. İçimi yarıya bölən o çay dayanandan sonra bir az dinclik tapdım. Qəlbimi də, cismimi də qana bulayan bu hadisə bitən kimi sanki bir boy artırdım, dərim hamarlaşır, yumşalırdı, saçım gözəlləşirdi, içimdə güclü utanc hissi baş qaldırırdı. Bu proses fizionomiyamı təzələyir, psixologiyamı isə xəncərləyirdi.
İkinci menstruasiyam başa çatandan sonra bir gecə səhərə kimi qaşındım, gözümə yuxu getmədi. Səhər nənəm kürəklərimə baxdı: əynimdəki paltarları, saçlarımı başdan-başa bit basmışdı. Canımda bu qədər qorxu, təlaş varkən bircə bitim çatmırdı.
Anam yenə əzizlərini yığıb yaylağa hazırlaşırdı. Canımı bit-birə basması onun heç tükünü də tərpətməmişdi. Nənəm həyəcan keçirir, qardaşlarım bitli başıma lağ eləyir, mənimsə içimdə qara yellər əsirdi. Özümü birtəhər toparlayıb yerə baxa-baxa sakitcə anama dedim ki, bəs başıma belə bir iş gəlib. Elə bilirdim anam indicə saçlarımı çəngələyib yolacaq, al yanaqlarımı cırıb al qanıma boyayacaq, üstümə benzin töküb məni odlayacaq. Hamısına razıydım, təki dərdimə bir əlac tapılaydı.
Ancaq bu dediklərimin heç biri olmadı, anam məni qanlı-qanlı süzüb, darvazanın ağzında onu gözləyən qardaşının maşınına doğru yelli-yelli addımladı. Bircə dəfə geri qanrılıb:
- Ərik yetişən kimi mürəbbə bişirərsən. Yumşaqlarını cem eləyərsən, bir az kallarından kompot bağlayarsan. Axıra qalanlarını da qurudarsan, - dedi.
Göstərişlərini verəndən sonra məni çəkilməz dərdlərimlə baş-başa, bir qarının, bir də canımda yuva bağlamış bitlərin umuduna qoyub üzü dağlara yol aldı. Sonralar öyrəndim: sən demə, tumanımı tez-tez yuyub yaş-yaş geydiyimə görə həm nəmişlikdən, həm də büküşlərimdəki tüklərin qızışmasından canıma bit daraşıb...
Dediklərimə anamın əhəmiyyət verməməsi məni mat qoymuşdu. Aranın qızmar yayında, böyük ev-eşikdə, geniş həyət-bacada, düşkün nənəmin dizinin dibində tapdığım müvəqqəti azadlıqdan bilmərrə zövq ala bilmirdim. Başıma gələn qanlı müsibət məni həyatın gözünün içinə dik baxmağa qoymurdu.
İsti iyul günlərinin birində qonşu kənddə yaşayan sevimli bibim – dörd qardaşın tək bacısı, anasının tək qızı Telli mama (bizlərdə bibiyə belə deyərlər) nənəmə dəyməyə gəldi. Onu da deyim ki, nənəmin üç əri olmuşdu. Bu üç kişidən onun dörd oğlu, bir də qızı dünyaya gəlmişdi. Görünür, həm gözəl, həm də ağıllı olduğuna görəydi ki, üç ərinin üçü də nənəmlə subay-subay evlənmişdi. Hakim qardaşım həmişə çox ərə getdiyinə görə nənəmi töhmətləndirir, üç kişinin arvadı olmasını onun başına qaxırdı. Nənəm də söz altında qalmırdı:
- Ərə getməsəydim, ya dəyirmana gedəndə, ya həyət-bacanı suvarmaq üçün dəhnə basmağa gedəndə hansısa oğraş alığımı aşıracaqdı. Mən də bunun qorxusundan dərdimdən ölən subay oğlanların biriylə ailə qurdum. Həm namusumu sığortaladım, həm də balalarımı böyütdüm, - deyirdi.
Bibimlə kiçik əmimin atasını, nənəm demiş, Hitler öldürmüşdü. Atamın atasını Stalin kulak adıyla güllələtmişdi. Nənəmin birinci əri – Musa əmimlə Rəhman əmimin atası isə öz əcəliylə ölmüşdü. Nənəm ayrı-ayrı kişilərdən olan balaları arasında çox güclü bağlar yarada bilmişdi. Telli mamanı da, demək olar, elə atam böyütmüşdü. Biçinə, xırmana gedəndə nənəm bibimi gündə ancaq bircə dəfə əmizdirə bilirmiş. Qalan vaxtı bacısı ağladıqca atam onu diliylə əmizdirib sakitləşdirərmiş. Bəlkə elə buna görə atamla bibim arasında möcüzəli bir bağlılıq yaranmışdı, Telli mama bizi – atamın balalarını öz balalarından da çox istəyirdi...
Bibim gələndə mən yenə də bir ucuz ölüm arzusuyla yatağıma sərilib qalmışdım. Telli mama çarpayımın önündə diz çöküb mənə yalvarırdı:
- De görüm, axı sənə nə olub?
- Bədbəxt olmuşam, - dedim. - Atam, qardaşlarım başıma gələni bilsələr, məni doğrayacaqlar!
Bibim həyəcandan güclə nəfəs alırdı:
- Qurbanın olum, kim sənə neyləyib, hamısını danış!
Mən ağladıqca o da mənə qoşulub ağlayırdı. Bu neçə həftədə çəkdiklərimi qorxa-qorxa bibimə danışıb bitirəndə necə həyəcanlandımsa, burnumdan qan fışqırdı. Telli mama burnumun qanına əhəmiyyət vermədən məni qucaqlayıb öpürdü, qışqırırdı, gülürdü. Bir anlıq elə bildim qorxudan bibim də havalandı. Az keçmiş o, sakitləşib məni başa saldı ki, bu, bütün qızların başına gələn bir işdi. Hələ üstəlik, məni təbrik elədi, öpdü, oxşadı.
Doğrusu, siftə-siftə bibimə inanmadım. O gecə sübhə qədər bibim mənə böyük bir dərs keçdi, başıma gələnin baş verdiyinə çox sevindi; deməyəsən, mənim gələcək analıq yolum burdan başlanırmış.
Beləcə, Telli mama içimin qanayan yaralarını sağaldıb getdi. Ancaq o gündən başqa bir mərəzə mübtəla oldum: indi də burnumdan qan açılmağa başladı - oynayanda, güləndə, lap ağlayanda belə. Hərçənd əvvəlki qorxularımın yanında bu, bir heç idi. Axır ki, dinclik, rahatlıq tapmışdım. Bütün gün alt-üst evimizi yuyub təmizləyir, anamın göstərişlərini canla-başla yerinə yetirirdim. Çibanlarımın da ağrısı azalmışdı. Tez-tez güzgüyə baxırdım, baxdıqca özümü bəyənirdim. Həyat gözəlləşirdi. Burnumsa yenə də qanamağındaydı...
ardı var