Toydan sonra ərimə yaxınlıq vermədim – Bircənin Romanı

Toydan sonra ərimə yaxınlıq vermədim – Bircənin Romanı
5 iyul 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Dördüncü günün axşamı Hakim başılovlu özünü yetirdi Laləgilə:

- Həkimin zəng eləyib aləmi bir-birinə vurub, seanslara niyə getmirsən?

Lalə bığ yerimə baxıb udqundu, mən tez dilləndim:

- Yoruluram, daha bəsdi, istəmirəm.

Hakim yaxına gəlib mənlə diz-dizə oturdu:

- Niyə, bala, nədən yorulursan, Aqilin zəhmətini niyə yerə vurursan? Heç olmasa kursu tamamla, sonra yorul.

Qardaşım üzümə diqqətlə baxıb Laləyə sarı çevrildi:

- Sən də səsini çıxartmırsan, barı xəbər elə gəlim mən aparım-gətirim bunu.

Sonra mənə bir az da yaxınlaşıb dedi:

- Vallah bu qızın üzündə nəsə dəyişiklik var, amma tapa bilmirəm.

Yenə əlimi ağzıma aparıb kələm kimi ağarmış bığ yerimi gizlətdim, tez yerimdən qalxıb Hakimdən aralandım. Lalə mənə göz basıb:

- Əşi, nə dəyişiklik olacaq ey, - dedi, - şəhərin havası düşüb Bircəyə, bir az da ağarıb.

Uşaqların otağına keçib daldalandım. Bu ara Lalə Hakimə nə xısıldadısa qardaşım şaqqanaq çəkib:

- Həkiminin sözünə əməl elə, - dedi, - Güləsər xalanın qızı demiş, onsuz da namus-qeyrət çoxdan əldən gedib...

Güləsər xala Telli mamanın bacılığıydı, qızı üç ilin gəlini olmuşdu. Gəlinin əri bir gecə yuxuda qəfil keçinmişdi. Böyük şəhərdə təkbaşına qalan cavan, gözəl-göyçək gəlin üçcə ay keçmiş-keçməmiş ərinin yaxın dostuyla aranı sazlamışdı. Kürəkəninin ilinə gələn Güləsər xala yası yola verib geri qayıdanda qızını qabağına qoyub elə bizim yanımızdaca ona bolluca öyüd-nəsihət vermişdi:

- Bax, qızım, amanın günüdü, iki balan var, başını aşağı sal namus-qeyrətlə uşaqlarını böyüt.

Anasının öyüdlərini məsum-məsum dinləyən gəlin axırda məni qucaqlayıb qulağıma pıçıldamaqdan özünü saxlaya bilməmişdi:

- Yazıq arvadın xəbəri yoxdu ki, namus-qeyrət çoxdan əldən gedib, - deyib çılğıncasına gülmüşdü...

Hakimin danlağından iki gün sonra yenidən Ağabəy həkimin qəbuluna getdim. Özümə xeyli bəzək-düzək vurmuşdum, saçlarımı burub çiyinlərimə tökmüşdüm. Məni görcək həkim yerindən durub uşaq kimi üstümə qaçdı, qollarını elə açdı, elə bildim indicə qənşərimdə oynayacaq, gülə-gülə:

- Bax mən bu qadını görmək istəyirdim, - dedi, - bununla söhbətləşmək, bununla mübahisə eləmək istəyirdim. İndi buyur bəyəndiyin yerdən otur.

Bir an sonra nə fikirləşdisə:

- Yox, hələ oturma, gəl bura, - deyib əlimdən tutub məni enli pəncərənin qabağına apardı. - Burdan dənizin balaca bir parçası görünür. Sən o gözəlliyə bax, günəşə bax, küçədə qaynaşan adamlara bax, sonra yaşının gözəlliyinə bax. Unutma ki, hələ sənin yaşının əvvəlindən 3 rəqəmi silinməyib. Gözəl qardaşların, ağıllı oğlun var...

Həkim şirin ləhcəsiylə danışdıqca mən gözümü onun ağzına dirəyib bütün bunları nə məqsədlə sadaladığını anlamaq istəyirdim.

- ...Bir sözlə, sənin hər şeyin var. O gün yanıma gələn gəlini gördün? Evi yanıb, iki körpə balası da içində. Qadın havalanıb, əri də gedib başqasıyla evlənib.

- Bunları mənə niyə deyirsiz axı?

Ağabəy həkim əllərimdən tutub məni otaqdakı divanın həmişə oturduğum küncünə oturtdu, aciz, naçar bir görkəm alıb dedi:

- Sən öz xoşbəxtliyinin qədrini niyə bilmirsən? Mənim soruşub bilmək istədiyim budu. İstəyirsən səni özümlə tədbirlərə, görüşlərə aparım, ekrana çıxarım. Axı sən xəstə deyilsən.

İki əlimin ikisini də təslim bayrağı kimi qaldırıb dedim:

- Yox, yox, bunların heç birini istəmirəm.

O gün uzun söhbətdən sonra məni yola salanda həkim dedi:

- İndi get evə, dediklərim barədə yaxşı-yaxşı fikirləş. Özünə yazdığın məktublardan birini də mənə yaz. Üç gündən sonra səni burda gözləyirəm...

***

...Saçlarımdan, gözlərimdən nur yağa-yağa özümü şəhərin tünlüyünə vurdum, Dostum. Daim səbəbsiz bir qəzəblə, şübhəylə baxdığım insanların üzünə gülümsəyirdim, tanımadığım adamları doğmalarım kimi bağrıma basmaq istəyirdim. Artıq göy üzünə yox, yerə baxırdım, indi səadəti, xoşbəxtliyi göylərdən yox, yerdən umurdum. Əziz insanların arasında azad dolaşmaqdan misilsiz zövq alırdım. Bu səfər gözüm Səni yerdə axtarırdı.

Mənə elə gəlirdi arasında itdiyim bir şəhər adamın heç biri heç vaxt heç kəsə pislik eləməyib, elə bilirdim indi onlar da məni özlərinə doğma sanırlar. Özümü bu tünlükdə azdırıb yoxa çıxmaq istəyirdim. Yoxa çıxmaq o söz deyil – bu insan meşəsində ərimək, buxarlanmaq, sonra da yağış olub doğma, əziz adamların üstünə yağmaq istəyirdim; damla-damla bölünüb ürəklərə çilənmək, adamlara hopmaq istəyirdim.

Səsləri dinşəyirdim, deyirdim bəlkə yanımdan ötəndə yeli məni vuran, avtobusda çiyni çiynimə toxunan, metroda ayağımı basdalayan o adam Sənsən elə? Qarşıma çıxan hər reklam yazısını, qulağım çalan hər sözü Səndən gələn bir ismarış bilirdim – elə bil qulaq falına, göz falına çıxmışdım.

Dağılmış saçlarımı oynada-oynada boyalı dırnaqlarıma, rəngli donuma metronun qara aynasında gizli-gizli baxırdım. Sənin gözünlə baxırdım öz şəklimə, bu görkəmdə özümü Sənə göstərmək istəyirdim. Xəyallarımla oynaya-oynaya yorulub əldən düşürdüm, məyus olurdum. Axı Sən hələ məni dünyaya gətirməmişdin, Səni mən öz xəyalımdan doğmuşdum. Doğmuşdum ki, yollar pozan fələyin acımasız səltənətində üstümə yol uğradasan, cənnətə gedən yolda bələdçim olasan...

***

...Məktubumu oxuyandan sonra Ağabəy həkim yapışdı yaxamdan:

- Niyə yazmırsan, ay dəli? Özün də deyirsən kənddə yaşayıram, savadsızam, harda işləyim, nə bilim nə... Sənin diaqnozunu mən düzgün qoymuşam – tənbəl, müftəxor, ələbaxan. Ümmülbanunun “Qafqaz günləri” əsərini oxumusan?

- Oxumuşam.

- Onun cəsarətinin yarısı kaş səndə olaydı. Bəs Virciniya Vulfu necə?

- Adını ilk dəfədi eşidirəm.

- Doğmalarının zorladığı bu xəstə qızın əsərlərini bütün dünya oxuyur.

- Tapıb oxuyaram.

- Düzünü de, heç atan səni döyüb?

Tüklərim ürpəşdi, az qaldım həkimə üsyan eləyəm:

- Yox, yox, qətiyyən! Atam mənə bir dəfə də əl qaldırmayıb.

- Bəs qardaşlarını necə, onları da döyməyib?

- Dostunuz Aqilə bir çubuq, Hakim qardaşıma da bir qamçı çəkib. Bu iki hadisəni çıxmaqla atam övladlarına çırtma da vurmayıb.

Aqilə dəymiş çubuğun tarixçəsini bilirsən, Dostum, indi qoy atamın Hakimə şallaq çəkməyindən danışım...

Hər yay olduğu kimi yenə yaylağa çıxmışdıq. Aqillə Hakimin bir cüt dovşanı vardı, onları da özləriylə dağa aparmışdılar. Anam dovşan sidiyindən iyrənirdi deyə bu fağır heyvanları alaçığımıza yaxın buraxmırdı. Atam yurd yerinin yaxınlığında dovşanlara yuva qurmuşdu.

Bir gün Hakim dovşanları Sevillə Laləyə tapşırıb meşəyə oduna getdi. Atam soyuqlamışdı, yerdə yatırdı. Şər qarışanda Lalə başılovlu gəldi ki, dovşanın biri itib. Azarlı atam yatağından qalxıb arxacı ələk-vələk elədi, dovşanı gördüm deyən olmadı. Kişi bizi başına yığıb bərk-bərk tapşırdı:

- Hakim odundan qayıdıb yeməyini yeyənəcən dovşan barədə heç kim ona bir söz deməsin.

Anamla mən dovşanın itməyinə ürəkdən sevinirdik, o birilər vəlvələyə düşmüşdülər.

Axşam Hakim meşədən gəldi, atın yükünü aldı, əllərini yuyub çadıra girəndə Sevildən soruşdu:

- Dovşanlar yerindədi?

Sevil atamın üzünə baxa-baxa başını tərpədəndə Lalə dili tökülməmiş:

- Yox, erkək dovşan itib, - dedi.

Anadan səbirsiz, davakar olmuş Hakim qaçıb dovşanların yuvasına dörd gözlə baxandan sonra bağırmağa başladı:

- Məni oduna göndərib dovşanımı itə yedirtdiniz?!

Atam onu dilə tutmağa çalışdı:

- Gəl otur çörəyini ye, dincəl, dovşan hardasa buralardadı, bir azdan üzə çıxacaq.

Hakim ipə-sapa yatmadı, ayağına qaloş taxıb arxac aşağı qaçmağa başladı. Sevillə Lalə də onun dalınca yüyürdülər. Bu həngaməni görən atam yerindən sıçrayıb çəkməsini geydi, çadırın orta çubuğuna taxdığı şallağı qapıb qardaşımın dalınca qaçdı. Qızlar Hakimin ayaqlarına sarmaşıb onu yeriməyə qoymurdular, elə bilirdilər əziz-xələf qardaşları alaçıqdan uzaqlaşan kimi çoban itləri onu parçalayacaq.

Atam çatıb qızları Hakimdən araladı, onun qolundan tutub yenə yalvardı:

- Əgər dovşan tapılmasa əvəzində sənə beş dovşan alacam, - dedi, - yorğunsan, qayıt evə bir tikə çörək ye.

Hakim yenə tərslik eləyəndə kişi qamçını əlində bulayıb onun ayaqlarına çəkdi. Qardaşım atamdan bunu gözləmirdi – səsini içinə salıb kişiyə qəzəblə baxdı, ona suvaşan bacılarını qırağa itələyib çadırımıza qaçdı, ayaqlarını soyunub yerinə girib ac-susuz yatdı.

Səhəri erkək dovşanı yuvanın ağzında tapdıq – harda gizlənmişdisə yırtıcı dişinə keçməmişdi. Dovşan salamat gəldisə də Hakim bir ay atamı dindirmədi...

- Bəs anan necə, anan döyübmü səni?

- Analar hamısı qızlarını döyüb, necə deyərlər, qızını döyməyən dizini döyər.

- Sən də bu psixologiyayla yaşayırsan? Öz qızın olsaydı döyərdin onu?

- Heç vaxt! Onu gözümün üstündə saxlayardım.

Həkim güldü:

- Deyirsən də, bu xasiyyətlə sən bəlkə lap pis ana olardın.

- Mənim xasiyyətimi niyə bəyənmirsiz axı?

- Yaxşı, de görüm o məktubları hansı kişini nəzərdə tutub yazmısan?

- O kişini özümdən uydurmuşam. Elə biri rastıma çıxmayıb hələ, bəlkə də heç doğulmayıb.

- Hansısa filmdə gördüyün aktyora, hansısa müğənniyə, ya kəndinizdə yaşayan hansısa bir kişiyə bənzəyirmi xəyalındakı o qəhrəman?

- Yox, bənzəmir. Xəyalımdakını hər kişidən bir detal götürüb yaratmışam.

- Məsələn?

- Birinin saçlarını, birinin fizionomiyasını, birinin istedadını, birinin ağlını... Hərədən bir şey götürüb özümə ideal adam düzəltmişəm.

- Anladım səni, demək istəyirsən sənin arzuladığın insan tipini tapmaq çox çətindi. Pamela Anderson adlı amerikalı qadın var, bax onun bir fikri məni də heyrətləndirmişdi. Qadın demişdi ki, həyatımın kişisini tapmaqdan ötrü min kişiylə yatağa girdim...

Professor bunları sakitcə danışırdı, mənimsə ödüm ağzıma gəlirdi, tüklərim qabarırdı. Min kişinin arasına düşmüş çılpaq qadını xəyalımda canlandırdıqca öyümək istəyirdim.

- Yenidən ailə qurmaq ürəyindən keçmir?

- Yox, qətiyyən!

- Niyə axı, səbəb nədi?

- Mən o ailə deyilən kolxozda bir kərə yaşadım, azacıq ağlı olan qadın ikinci dəfə özünü o bataqlığa salmaz. Sizə bir sirrimi açım: toyum oldu, bir həftə mən qanuni ərimə yaxınlıq vermədim.

- Niyə?

- Bir az sevgisizlik, bir az savadsızlıq, bir az köhnəliyə bağlılıq, bir az da mənim dirənişim. Bizdən bir pərdə o tərəfdə el ağsaqqalı qaynatam, ağbirçək qaynanam, qaynım yatırdı. Bir otaqdakı pıçıltını bütün ev adamı eşidirdi. İş belə olanda qaynanam bilirsiz neylədi?

- Deyərsən bilərəm.

- Həkim bacılığını evə gətirib məni yoxlatdı.

- Elə bilirmiş qız deyilsən, eləmi?

- Bəli.

- Hmmm, mən buna ad verə bilmirəm. Yaxşı, bəs sənin cavabın nə oldu?

- Heç nə. Nə cavab verə bilərdim?

- Sənə bu necə təsir elədi?

- Sinirlərim qırıq-qırıq oldu. Beynimə elə bir xəncər batırdılar ki, şüurumun dibinəcən işlədi. O yaram hələ də qaysaq bağlamayıb, tərpədən kimi qanı axır. O gündən özümü o yuvada köçəri quştək hiss elədim, gözlərim yolda qaldı. Elə bilirdim kimsə dalımca gələcək, məni qanadının altına çəkib zalımlardan qoruyacaq, mənə təskinlik verəcək, yaralarıma məlhəm qoyacaq. Dirəşməyimin bir səbəbi də... bir səbəbi yox, əslində ən birinci səbəbi buydu ki, mən özümü Ona saxlamışdım.

- Kimə?

- Ona. Hamı evdən çıxandan sonra işimi-gücümü görüb qurtarıb otururdum pilləkəndə, gözümü darvazaya zilləyib saatlarla gözləyirdim. Qapı hər şaqqıldayanda elə bilirdim Odu, məni aparmağa gəlib... Bilmirəm, bəlkə havalı olmuşam, özümü yalana-əfsanəyə inandırmışam?

- Gəldi də, bəyəm görmədin ki, gəldi?

- Gəldi, gəldi. Həm də yorulub yolda qaldığım bir məqamda, gözləmədiyim, gözləməkdən usandığım, gözləməyi unutduğum bir vaxtda gəldi.

- Çox sevindin O gələndə?

- İçim çölümdən çox sevindi, sevincimi kimsəyə göstərə bilmədim... Qaynanamın o müdaxiləsi məni hələ qadın olmamış qadınlıqdan küsdürdü, iyrəndirdi. İndi elə bilirəm yenidən ailə qursam Xilaskarım mənə daha betər cəza kəsər. Bir dəfə buna cəhd göstərdim – yetim, sınıq bir oğlana getmək istədim. Ancaq O, imkan vermədi, hazır işi pozub alt-üst elədi. Böyük bir bəladan, doğmaların-yadların töhmətindən qurtardım – üstündən bir il keçməmiş polad kimi adam əridi getdi.

- Bunları danışmısan. Buna təsadüf də, zərurət də demək olar. Əgər belə düşünmək sənə kömək eləyirsə olsun, mən bir söz demirəm.

- Bütün bunlardan sonra siz yenə mənə ailə qurmağı tövsiyə eləyəcəksiz?

- Niyə bir də ana olmayasan axı? Özün də çoxuşaqlı ailədə böyümüsən.

- Yenə ana olmaqdan ötrü içim göynəyir. Hərdən deyirəm kaş mən bir fransız, lap elə rus kimi doğulaydım.

- Aha, onda nə dəyişəcəkdi?

- Onda arzularım arzu kimi qalmayacaqdı.

- Heyif ki, sənin istədiyin baş tutan deyil. Yenidən ana olmaq üçün ərə getməlisən.

- Ayrı-ayrı kişilərin uşaqlarından bütöv ailə düzəldə bilmərəm. Oğlum çox ərköyündü, atalıq onu yola verməz. Balama əl qaldıran kişini mən göz qırpmadan öldürərəm. Sonra da doğmalarım türməyə çörək daşımağa məcbur olarlar, hələ bunun rüsvayçılığını demirəm. Kim bilir, bəlkə də utandıqlarından heç dalımca gəlməzlər, ya qəzəblənib məndən üz döndərərlər... Atamın bir sözü hələ də qulağımdan getmir: deyir müharibə uşağı oldum, aclıq çəkdim, ayağıma geyməyə çarıq tapmadım, məktəb üzü görmədim, amma bunların hamısını unutdum; bircə atalıq qapazının ağrısını unuda bilmədim. Bax o qapazın birini də ailə adıyla fələk mənim başıma vurub, ağrısı ölənəcən canımda qalacaq.

- Onda get monastıra, rahibə ol.

- Monastırdan qıraqda yaşamaq olmaz bəyəm?

- Sənin qarşında yaşanası uzun illər var, sən bir ömrü tək-tənha başa vura bilməzsən axı.

- Tənha niyə oluram, oğlum var, onun xoşbəxtliyi uğrunda mübarizə aparacam.

- Bunun da bir sonu var, oğlun evlənən kimi sən artıq yükə çevriləcəksən, əl-ayağa dolaşacaqsan. De görüm ən çox nədi səni qorxudan? Atalıq məsələsini anladım – biri bu. Bəs qalanı?

- Mənlə evlənmək istəyən kişilərin çoxu arvadından uşağı olmayanlardı. Məndən uşaq umurlar. Mən kiməsə uşaq doğsam oğlum ikinci plana keçəcək, qalacam iki övladın arasında. Mən balamın qəlbinə belə zədə vura bilmərəm. Həm də daha kiminsə yolunda canımı fəda eləmək istəmirəm.

- Çünki yekəxanasan, eqoistsən. Hər şeyin yaxşısını istəyirsən. Sənə məktub yaza biləsi real adamları bir kənara atıb özündən kişi uydurursan. Bilirsən niyə? Çünki ona öz istədiyin, məhz öz istədiyin məktubları yazdıra bilirsən. Üstəlik də heç kimin əziyyətini çəkmək istəmirsən.

Dinmədim, istədim həkim diaqnozumu axıracan üzümə oxusun.

- Bir sualıma doğru cavab versən səndən əl çəkərəm.

- Buyurun.

- Ərin öləndə sevindin?

Saçlarımı əllərimlə çəngələyib boynumun ardında saxladım; gah gözümü Ağabəy həkimin gözlərinə zillədim, gah da baxışlarımı yayındırıb göz var-gəli elədim. Saçımı arxaya doğru elə dartıb yolurdum, bunu başqası eləsəydi çığırtıma bütün şəhər yığışardı.

- Yoooxx, sevinmədim!

- Burda ikimizdən, bir də başımızın üstündəki Allahdan başqa heç kəs yoxdu. Mən səni onsuz da kitab kimi oxuyuram, düzünü de.

Çantamdan saç bağımı çıxardım, yoluqlayıb ənsəmə yığdığım saçlarımı rezinlə bərk-bərk bağlayıb ayağa durdum. Kişi mənim tərs-avand olduğumu görüb dedi:

- Cəsarətin çatırsa etiraf elə, düzünü danış. Səhv deyirəmsə səhvimi sübuta yetir.

Çantamı qapıb qapıdan güllə kimi çıxdım. Arxadan həkimin səsi gəlirdi:

- Qorxaqlar həqiqətin üzünə baxa bilməzlər, çətinə düşəndə aradan çıxarlar. Sabah səni gözləyirəm.

İti addımlarla küçədən-küçəyə adlaya-adlaya özümü dəniz qırağına çatdırdım. Gəzə-gəzə gəlib Xuraman müəllimənin Kukla Teatrına baxan balkonunun altında dayandım. Qalxıb qapını döyməyə heyim çatmadı, həm də qısqanc bacısının üzünü görmək istəmirdim. İndi əziz müəllimimə əvvəlkindən çox ehtiyacım vardı – axı mən o qadına Ağabəy həkimi maraqlandıran bütün məsələlərin açıqlamasını vermişdim. Həkimin üzümə tapança kimi tuşladığı sualları bir zaman onunla birgə zərrəbinlə gözdən keçirib cavablarını ürəyimizin divarına hörmüşdük.

ardı var

# 8018 dəfə oxunub

Müəllifin son yazıları

# # #