Birinci və ikinci yazıları burdan oxuya bilərsiz
III yazı
Şahzadə Mustafa hələ Süleyman Manisa bəyi olarkən 1515-ci ildə doğulmuşdu və Süleymanın ikinci oğlu idi. (Süleymanın ilk oğlu Mahmud 32 yaşında çiçək xəstəliyindən ölmüşdü). İbrahim Paşa tərəfindən yetişdirilən Mustafa Süleymanın daim fəxr duyduğu şahzadəsi idi.
İtalyan elçisi Bernardo Navagero Venetsiyaya yolladığı məktubda yazırdı: «Sultan bizimlə görüşündə iki dəfə söylədi ki, ondan sonra Mustafanın taxta keçəcək…
…Şahzadə Mustafanı hər kəs çox sevir. Yeniçərilərin onun hökmdar olmasını ürəkdən istəyirlər. Şahzadə doğurdan bir qəhrəmandır. Xalqda onun taxta çıxmasını arzulayır...
…Görünən budur ki, Süleymandan sonra Avropanı qaranlıq günlər gözləyir».
Şahzadə Mustafanın taxta çıxa bilmə ehtimalı doğurdan da Avropa saraylarını ciddi narahat edir. Elçilərin Avropa saraylarına yolladıqları hesabatlarda Mustafanın artıq Romanı və bütün Avropanı işğal etmək üçün planlar qurduğu xüsusi qeyd edilirdi. Elçilər Mustafanı Sultan Səlimdən döyüşkən və uzaqgörən bir sərkərdə kimi bəhs edir, onu Fateh Sultan Məhmədə bənzədirlər. Avropadan gələn cavablarda isə Mustafanın taxta çıxmasının əngəllənməsinin vacibliyi vurğulanır. Bunun tək yolu isə Hürrəm Sultanla birlikdə hərəkət etmək idi.
Hürrəm və Rüstəm Paşanın intriqaları ilə ilk nəticə əldə olunur. 1541-ci ildə Şahzadə Mustafa vəliəhd şahzadələrin iqamətgahı olan Manisadan Amasiya sancaq bəyliyinə göndərilir. Bu qeyri-rəsmi olaraq Mustafanın vəliəhdlikdən alınması anlamına gəlsə də, Süleyman bunu rəsmən elan etmir və yenə də böyük oğlunu vəliəhd kimi tanıyır. Mustafanın yerinə Şahzadə Məhməd Manisaya yola düşür. Ancaq bir ildən sonra Məhməd çiçək xəstəliyindən 22 yaşında ölür. Buna baxmayaraq Hürrəm yenə də öz gücünü göstərir. Manisada Şahzadə Səlimə sancaq bəyi vəzifəsi verilir. Şahzadə Mustafa isə şərq sərhədlərini qorumaq üçün Konyaya yola düşür.
Mustafanın aradan götürülməsi üçün onun üsyan etməsi lazım idi. Hürrəm yaxşı başa düşür ki, başqa cür Mustafanı sıradan çıxarmaq mümkün olmayacaq. Lakin Manisadan və Amasiyadan faktiki olaraq qovulmasına və haqsızlıqla üzləşməsinə baxmayaraq Mustafa atasına qarşı çıxmır və səbirlə öz zamanını gözləyir. Bu, Hürrəmi özündən çıxarır. Mustafa onun düşmənlərindən daha ağıllıdır. O bilir ki, Hürrəmi bitirmək üçün tək yolu səbirlə atasının ölümünü gözləməkdir.
Mustafanın asi olduğunu sübut etməkdən savayı yolu yoxdur. Mustafanın sarayındakı casus şahzadənin möhürünün şəklini çəkib Hürrəmə yollayır. Rüstəm Paşa şahzadənin möhürünün eynisini düzəltdirir və bundan sonra Mustafanın adından Azərbaycan şahı Təhmasibə məktub göndərilir. Məktubda Mustafa, şahdan atasını devirmək üçün kömək istəyir. Köməyin müqabilində Mustafa, Təhmasibə sülh və Qaramana qədər olan əraziləri vəd edir. Eyni ipli məktublar Serbiya kralına da yazılır və məktublara saxta möhür vurulur.
1553-cü ildə Sultan Süleyman Azərbaycan üzərinə yeni səfərə hazırlaşır və yola çıxmaq ərəfəsində Rüstəm Paşa saxta məktubları hökmdara təqdim edir. Süleyman öncə inanmır. Amma məktubları «ələ keçirənlərin» hüzura gətirilməsindən sonra hökmdarın qəzəbi yerə-göyə sığmır. Məktubları “ələ keçirənlər” başlarından olurlar. Bu Hürrəmin və Rüstəm Paşanın işinə tam yarayır.
Ordusu ilə birlikdə Konyaya doğru irəliləyən Sultan Süleyman Mustafanı hüzura çağırır. Onun üçün hazırlanmış böyük tələdən xəbərsiz olan Mustafa atasının ordugahına gəlir. Sultanın çadırının önündə qaydalara zidd olaraq onun silahı alınır. Mustafa içəri keçir və atası ilə görüşür. Qısa görüşdən sonra atası ona “İstirahət et”-, deyir. Mustafa öz çadırına keçir.
Burda onu 7 dilsiz cəllad gözləyir. Cəlladlar onu boğmaq üçün üstünə atıldıqda silahsız Mustafa aslan kimi çarpışmağa başlayır. Cəlladları vurub yerə sərən Mustafa çadırdan çıxmaq istəyərkən uşaqlıq dostu Zal Mahmudla rastlaşır. Zal əlindəki balta ilə ona doğru gəlir və «ya Allah» deyərək şahzadəni vurur. Yerə sərilən Mustafanın üstünə cəlladlar tökülür və qanı axan şahzadəni boğurlar. Şahzadənin cəsədini çadırın qapısı önündən asırlar və bundan sonra bütün ordugah bir-birinə girir.
Avropanın qorxulu röyasına çevrilən Şahzadə Mustafa beləcə xaincəsinə qətlə yetirilir və 32 il əvvəl sadə bir keşiş qızı olaraq Osmanlı hərəminə girən xoxol qızı Anastasiya tarixi dəyişdirir. Mustafanın ölümü ilə Avropa doğurdan da xilas olur. 13 ildən sonra Sultan Süleymanın taxtına oturan və xalq içində «Səllim Məst» olaraq tanınan Sultan Səlim gününü içki məclislərində keçirir və əlində böyük resurslar olmasına baxmayaraq atasının fəthlərini davam etdirmək istəmir.
Tanrı Hürrəmi cəzalandırır
Şahzadə Mustafanın öldürüldüyü çadırda başqa bir faciə də baş verir. Mustafanı çox sevən və Ağabəyinin gəldiyini eşidən Hürrəmin oğlu Şahzadə Cahangir qardaşının çadırına gedir. Doğuşdan xəstə olan Cahangir qardaşının necə amansızlıqla öldürülməsinin şahidi olur və yaşadığı şokdan xəstə yatağına düşür və bir aydan sonra ölür.
İki oğlunu birdən itirən Sultan Süleyman darmadağın olur. Şahzadə Mustafanın ölümü orduda üsyana yol açır. Yeniçərilər şahzadənin ölümündə Rüstəm Paşanı günahkar bildiklərinə görə onun çadırına hücum edirlər. Lakin ehtiyatlı sədrəzəm hələ Mustafa öldürüldüyü zaman ordugahı tərk etdiyindən yeniçərilər onu tapa bilmir. Bundan sonra yeniçərilər Sultanın çadırın qarşısına gələrək ondan Rüstəm Paşanın başını tələb edirlər. Baş verənlərdən sınmış Süleyman Rüstəm Paşanı sədrəzəmlikdən uzaqlaşdırıldığını elan edir və Mustafanın ölümünün araşdırılacağına söz verir.
Buna baxmayaraq Sultan Süleyman Mustafanın uşaqlarının öldürülməsini əmr edir və cəlladlar onun 2 oğlunu - Şahzadə Məhmədi və Şahzadə Orxanı, iki qızını - Mehrişah Sultanı və Handə Sultanı boğaraq öldürdülər.
Mustafanın ölümü xalqı da ayağa qaldırır. Bir çox yerlərdə xalq üsyan edir. Şahzadə Mustafanın oxşarları ortaya çıxır və ordu toplayaraq Sultan Süleymanı devirmək istəyirlər.
Xalq ağılar deyir və Şahzadə Mustafa haqqında dastanlar qoşurlar. Şahzadə Mustafa haqqında deyilən mərsiyələr bu gün də Türkiyənin bəzi kəndlərində söylənməkdədir.
Şahzadə Mustafanın və övladlarının cəsədi anası Mahidevran Sultan tərəfindən Bursaya gətirilir. Şahzadələr ulu babalarının yanında dəfn edildilər.
Qardaşı Mustafanı çox sevən Şahzadə Səlim 1555-ci ildə qardaşının qəbri üstündə türbə tikdirmiş, 1558-ci ildə Hürrəm Sultan öldükdən sonra Mahidevranın bütün borclarını verərək ona maaş kəsmiş və Sultan olduqdan sonra isə Mahidevrana bir kənd bağışlamışdı. Bundan başqa qardaşı Mustafa üçün ehsan vermiş və türbənin yanında Şahzadə Mustafanın adına açdırdığı məktəbə 100 min dirhəm bağışlamışdı.
Mahidevran Sultan bütün ömrünü oğlunun qəbri yanında yaşadı və Sultan Səlimin ona ayırdığı maaşı xeyir işlərə sərf etdi. 1581-ci ildə 81 yaşında öldü və oğlunun yanına basdırıldı.
Hürrəm arzularını görmədən ölür
Şahzadə Mustafanın edamından sonra Hürrəm üçün bütün qapılar açıldı. Amma Mustafanın ölümü bütün Osmanlı xanədanında ciddi sarsıntılar yaratdı. Xalq içində və dövlət ərkanında böyük nüfuza sahib, Süleymanın əsl davamçısı sayılan Şahzadə Mustafanın xain planları qurbanı olması Sultanın ədaləti üzərinə ağır kölgə saldı.
Sultan Mustafanın ölümündən il yarım sonra hər kəsin nifrət etdiyi Rüstəm Paşanı Hürrəmin xahişi ilə yenidən sədrəzəm məqamına gətirdi. Süleymanın Hürrəmin təsiri altında idi, oğlunun xaincəsinə öldürülməsinə bais olanlara etimad göstərirdi. Sultan Süleyman həyatının ən böyük xəta etsə də peşman olduğu görünmürdü. Ona görə də Mustafaya qarşı xain təxribatı araşdırmaq belə istəmədi.
Sultanın süd qardaşı və bir çox dövlət adamları etimadsızlıqlarını açıq nümayiş etdirib saraydan uzaqlaşdılar. Süleyman onları edam etdirmədi. Çünki qəlbinin dərinliyində onların haqlı olduğunu bilirdi. Buna baxmayaraq artıq yaşlaşan Süleymanın Hürrəmə qarşı çıxmağa heç bir gücü yoxdu.
Mustafanın ölümündən sonra Hürrəm də böyük sarsıntı yaşadı. Sonbeşiyi Cahangirin ağabəyinin dəhşətli şəkildə öldürülməsinin şahidi olduqdan sonra keçirdiyi ağır psixoloji sarsıntıdan ölməsi Hürrəmi məhv edir. Xalq içində Cahangirin ölümü Tanrının Hürrəmdən aldığı qisas kimi yozulur. Və Hürrəm yozumlara inanır. Bundan sonra Hürrəm heç kimin ölümünü istəməyəcəkdi. Amma artıq öldürüləsi rəqib də qalmamışdı.
Cahangir uşaqları arasında ən çox sevdiyi idi. Həmişə xəstə olan Cahangirin üstündə yarpaq kimi əsirdi. Cahangir 23 yaşına dolduqdan sonra məhz anasının hazırladığı intriqanın məsum qurbanı olur. Bu qalan bütün ömrü boyu Hürrəmə ağır vicdan əzabı verir və Mustafanın qətlindən nə qədər sevinsə də, Cahangirin ölümündən sonra yatağa düşən Hürrəm tədricən ölməyə başlayır.
Buna baxmayaraq ucsuz-bucaqsız imperiyanı əlindən vermək istəmir. Süleymanın üzərində olan böyük təsirindən istifadə edən Hürrəm Rüstəm Paşanı yenidən mütləq Sultan hakimiyyətinin başına gətirir. Bu qərarın alınmasında Mehrimah Sultan da önəmli rol oynayır.
Yenidən Rüstəm Paşanı hakimiyyətin başına gətirən Hürrəm xarici siyasətə də nüfuz edir. Bu, Osmanlı tarixində görünməmiş bir işdi. Hətta yenicə taxta çıxmış Polşa kralına hədiyyələr belə göndərir.
Hakimiyyəti tam olaraq ələ keçirməsinə baxmayaraq Hürrəmin sağlamlığı günü-gündən pisləşir. Xalq içində Mustafanın intiqamını almaq istəyənlərin ona zəhər verməsi haqqında dedi-qodular dolaşır. Amma tarixçilər Hürrəmin qadın xəstəliyindən ölməsi haqqında versiyanı daha doğru sayırlar. Həkimlər hər nə qədər cəhd eləsələr də, Hürrəmin xəstəliyini tam olaraq çözə bilmirlər. Həyatının son günlərində həddindən artıq arıqlaması və dəhşətli ağrılar içində qıvrılması Hürrəmin qadın orqanlarında xərçəngdən ölməsi versiyasını daha da gücləndirir.
Ölümündən əvvəl Sultan Süleyman onu Ədirnəyə götürür. Bütün qışı birlikdə keçirirlər. Süleyman demək olar ki, Hürrəmin yatağından çəkilmir. Yaz gələndə Hürrəmin vəziyyətinin çox ağırlaşdığın görən Süleyman onu İstanbula gətirir. İstanbula çatar-çatmaz, aprelin 15-də Hürrəm canını tapşırır. Sultan Süleyman onu böyük dövlət mərasimi ilə Süleymaniyyə Camidə basdırır. Cənazə mərasimində böyük Sultan hər kəsin gözü qarşısında ağlayır.
Hürrəm əsl xəyalına çatmadan ölür. O, Validə Sultan kimi böyük imperiyanı yönəltmək istəyirdi. Ancaq Sultan Süleyman ondan 8 il sonra ölür və ölməmişdən əvvəl Hürrəmin daha bir oğlunun qətlinə fərman verir.
Hürrəmin oğlanlarının taxt qovğası
Şahzadə Mustafanın ölümünə bais olmaqla Hürrəm oğlanlarını qoca Osmanlı imperiyasının varisi etməyi bacardı. Cahangirin ölümündən sonra taxtın varisi kimi Hürrəmin iki oğlu qaldı. Hələ Hürrəmin ölümündən əvvəl oğlanları arasında taxt qovğası başlamışdı. Osmanlı xanədanın varisi kimi Səlimin elan olunması, Hürrəmin digər oğlu Bəyazidin xoşuna gəlməmişdi. Səlimin yumşaq təbiəti və içkiyə aludəçiliyindən isə Hürrəm xoşlanmırdı. Digər tərəfdən Mahidevran Sultanı öz çətiri altına alan Səlim hələ Hürrəm sağ ikən onun bütün xəyallarını dağıtmağa başlayır. Anasının heç bir sözünə qulaq verməyən Səlim Şahzadə Mustafanın ölümündə anasını günahkar sayır və bunu Hürrəmdən gizlətmir. Buna görə də Hürrəm ölməmişdən əvvəl Süleymandan Bəyazidi Rumelindən Qaramana gətirməsini xahiş edir.
Süleyman Hürrəmin sözünü yerə salmamış və Bəyazid Konyaya sancaqbəyi göndərmişdi. Hürrəm öldükdən sonra isə iki qardaş arasında taxt davası açıq müstəviyə keçir.
Bəyazid taxta daha layiq idi. Lakin Sultan Səlimdən fərqli olaraq döyüşkən və qətiyyətli Bəyazidin üsyankar təbiəti yaşlı Sultanın xoşuna gəlmirdi. Hürrəmin ölümü ilə Bəyazid əsas hamisini itirir. Atası Bəyazidi özünün əsas rəqibi olaraq görür. Bu, Bəyazidin Süleymana Azərbaycandan yazdığı məktubda da açıqca hiss olunur. Bağışlanmasını istəyən Bəyazid atasına üsyan etmədiyini, qardaşı Səlimə qarşı olduğunu və taxtın Səlimə verilməsi ilə özünə qarşı ədalətsizlik edildiyini yazır.
İki qardaş arasında davanın qızışdığını görən Süleyman Səlimi Manisadan Konyaya, Bəyazidi isə Amasiyaya yollayır. Eyni zamanda şahzadələrin oğlanlarının da sancaqları dəyişdirilir. Lakin iki qardaş arasında taxt davası getdikcə qızışır. Şahzadələr açıq şəkildə tərəfdarlarını ətraflarına toplamağa başlayırlar. Əslində yerdəyişmə ilə Süleyman seçimini Səlimdən yana etdiyini nümayiş etdirmişdi və buna görə Bəyazid atasından küsdürmüşdü.
Buna görə də Bəyazid Amasiyaya getməkdən imtina edir. Atasının israrlı tələblərindən sonra gəldiyi Kütahyadan ayrılıb Amasiyaya yola düşür. Çox yavaş hərəkət edən Bəyazidin qüvvələrinə yol boyunca yeni qüvvələr birləşir. Bu artıq üsyan anlamına gəlirdi və oğlunu son dəfə xəbərdar edən Süleyman orduları geri çəkməsini və Amasiyaya gedib vəzifəsinin başına keçməsini tələb edir. Bəyazid atasına təhdid dolu məktublar yazaraq Səlimdən imtina etməyi tələb edir və bununla da Sultan Süleyman Səlimi öz varisi seçir. Atasını son qərarını eşidən Bəyazid atasına açıq şəkildə etinasızlıq göstərib Səlimi öldürmək üçün yola çıxır. Bəyazid 20 minlik ordu ilə Konyaya doğru irəliləyir.
1559-cu ilin may ayında, Hürrəmin ölümündən bir il sonra iki qardaş Konya yaxınlığında üz-üzə gəlir. Savaşın ikinci günü Sultan Səlimin yanında yer alan Lələ Mustafanın savaşa qatılmasından sonra Bəyazidin qüvvələri dağıdılır. Məğlub olduqdan sonra Amasiyaya çəkilən Bəyazid atasına məktub yazaraq bağışlanması üçün yalvarır. Xahişi rədd olunduqda Bəyazid çarəni oğullarını da götürüb Azərbaycan sığınmaqda görür.
Şah Təhmasib tərəfindən yüksək səviyyədə qarşılanan Bəyazid bir daha atasından əfv olunmasını xahiş etsə də, Qəzvinə gələn elçilər Şah Təhmasibə Sultanı Süleymanın tələbini təqdim edirlər. Süleyman aralarında bağlanmış müqaviləni xatırladaraq, Şah Təhmasibdən yeni savaş üçün səbəb yaratmamağı və Bəyazidin boğularaq öldürülməsini, cəsədin isə elçilərlə ona göndərilməsini istəyir. Qızılbaş əmirləri Osmanlının iç işlərinə qarışmamağı doğru sayır və Sultan Süleymanı öz asi oğlunun kəlləsini istəməkdə haqlı bilirlər. Buna görə də qərara alınır ki, yeni savaş səbəbi yaratmadan Süleymanın dediyi kimi etsinlər.
1562-ci ildə Bəyazidi elçilərin gözü önündə Şah Təhmasibin hüzurunda boğurlar. Bəyaziddən sonra elçilər Bəyazidin oğullarının da qətlə yetirilməsini Sultan Süleyman adından tələb edirlər və onların tələbləri qəbul olunur. Bəyazidin dörd oğlu fərraşlar tərəfindən boğdurulur. Cənazələr Bursaya gətirildikdən sonra burda Bəyazidin 3 yaşlı oğlu Şahzadə Murad da öldürülərək atasının yanında dəfn edilir.
Möhtəşəm yüksəlişin sonu
Sultan Süleyman hakimiyyətinin 46-cı ilində 72 yaşında Macarıstana növbəti səfiri zamanı Sigetavr qalasının zəbt olunması ərəfəsində gecə qəflətən çadırında vəfat etdi. Bəzi məlumatlara görə, möhtəşəm Sultan infarkt keçirib. Onun dizenteriyadan ölməsi haqqında məlumatlar da var. Sultanın ölümü 48 gün müddətində ordudan gizli saxlanılır. Sigetavr qalası onun ölümündən bir gün sonra alınmışdı, orduda ruh yüksəkliyinin qorunub-saxlanılması üçün cahangirin ölümü barədə məlumat verilmir. Sultanın ürəyi və iç orqanları çıxarılaraq Sigetavr da basdırılır. Yalnız ordu macar torpaqlarından çıxdıqdan sonra Sultan Süleymanın ölümü elan olunur. Sultanın mumiyalanmış cənazəsini yeniçərilər çiyinlərində Belqraddan İstanbula gətirirlər. Hürrəm Sultanın yanında dəfn edirlər.
Qanuni ölərkən həmişə yanında gəzdirdiyi sandığın qəbrinə qoyulmasına vəsiyyət edir. Lakin şeyxülislam qəbirə cənazədən başqa bir şeyin qoyulmasının islama zidd olduğunu bildirərək vəsiyyətə əməl olunmasına qarşı çıxır. Bir müddət sonra şeyxülislamın hüzurunda hər kəsin marağına səbəb olan sandıq Sultan Səlim tərəfindən açılır. Sandıqdan sadəcə Süleymanın verdiyi qərarların dinə uyğun olması haqqında şeyxülislamdan aldığı fətvalar çıxır. Şeyxülislam ağlamağa başlayır: «Hey, böyük Sultan, sən Allah qatında özünü təmizə çıxardın. Bizi bu işin içindən necə çıxacağıq, o bəlli deyil».
Atası, Sultan I Səlimin dövründə sahəsi 6 557 000 km olan Osmanlı İmperiyası Süleymanın 46 illik hakimiyyəti dönəmində 14 893 000 km-ə (Avropada 1 998 000 km, Asiyada 4 169 000 km, Afrikada 8 726 000 km) çatmışdı. O, dönəminin ən böyük hökmdarı və fatehi olaraq tanınırdı. Hökmü Krım xanlığı vasitəsi ilə Sibir çöllərindən başlayaraq alman və fransız torpaqlarına qədər keçirdi.
Ondan sonra türk dünyası heç bir zaman onun kimi böyük xaqan yetirmədi. Onun ölümündən sonra islam dünyası durmadan geriləməyə, xristian dünyası isə inkişaf etməyə başladı. Hakimiyyət illəri Avropa intibahının birinci dövrünü əhatə edirdi. Onun hakimiyyəti bitdikdən sonra qaranlıq orta əsr dönəmini bitirən Avropa yeni mədəniyyət üfüqlərinə açıldı. Avropadan 200 il sonra orta əsrlər dönəmini bitirən islam Şərqi isə yeni Avropanın mədəni inkişafını rədd edərək öz içində gömüldü və hələ də bu günə qədər öz qılıfından çıxa bilmədən Avropanın arxasınca sürünməkdə davam edir.
Sultan Süleymandan sonra taxta keçən Sultan Səlim 8 illik sərxoş hakimiyyəti dönəmində atalarının başlatdığı möhtəşəm yüksəlişi durduracaq, imperiyanın Avropanın içərilərinə doğru böyüməsinə birdəfəlik son veriləcək və Avropa dövlətləri 300 il sonra Osmanlı imperiyasının şərq torpaqlarını bölüşdürmək üstündə Birinci dünya savaşını başlayacaqdı.