Layihə - DÜNYANI DƏYİŞDİRƏN ŞƏXSİYYƏTLƏR
Birinci yazı
Suzdan ayrılan İsgəndər Daranın taxt-tac şəhəri Persepola doğru yönəldi. Şəhər öncə müqavimət göstərmək istəsə də, sonradan İsgəndərin qapılarını cahangirin qarşısında açdı. Makedoniya ordusu Persepolda 3 ay dincəldikdən sonra yenidən şərqə doğru yönəldi. İsgəndər şəhəri tərk edərkən Daranın sarayını yandırdı. O, Daranı təqib etməkdə davam edirdi. Baktriyaya daxil olan Daranın ölüm xəbərini aldı. Daranı öldürən Baktriya satrapı İsgəndərdən ənam gözləsə də, İsgəndər öz hökmdarının qanını axıdan satrapı edam etdirdi.
Artıq İsgəndər hədəfinə çatmışdı. Yunanıstanın və Makedoniyanın qorxulu röyası İran imperiyası darmadağın edilmiş, Dara öldürülmüş və kiçik Makedoniya çarı Fillipin oğlu İsgəndər Asiya şahənşahı olmuşdu. Sərkərdəsindən əsgərinə qədər hər kəs artıq evə dönməkdən danışır və Yunanıstanda rahat və əyləncəli həyatını təsəvvür edirdi. Amma İsgəndər evə dönməyi düşünmürdü. Onun beyni dünyanı işğal etmək planları ilə məşğul idi.
Hələ uşaq ikən Aristotel xəritədə ona ucsuz-bucaqsız skif çöllərindən, aşılmaz Hindistan və Çin dağlarından bəhs etmişdi. İsgəndər bu ölkələri fəth etmədən geri dönmək istəmirdi.
İsgəndərin Orta Asiyaya yürüşü; Fatehin ilk məğlubiyyəti
Daranı təqib edən cahangir Əfqanıstan dağlarına dirəndi. İsgəndərin ordusu açıq meydan savaşları üçün hazırlanmışdı. Ona görə də İsgəndər şimala doğru istiqamətlənib hər zaman türklərin yurdu olan Böyük Çölə doğru yönəldi.
Birdən-birə öz torpaqlarında yadelli ordu ilə üzləşən köçəri türk tayfaları İsgəndərin şöhrətini duymuşdular. Onun döyüş taktikası haqqında da bilgilərə malik idilər.
Böyük Çöldə öncə İsgəndər çox rahat idi. Hər tərəf sonsuz yaşıl düzənliklərdən ibarət idi. Hətta kifayət qədər su da vardı. Amu-dərya və Sırdərya çayları arasında irəliləyən cahangir o yerləri döyüşsüz və asanlıqla fəth etdiyinə inana bilmirdi. Amma az sonra cahangirin bütün rahatlığı yoxa çıxdı, hətta yuxusu belə ərşə çəkildi. İsgəndərin qarşısında düşmən yox idi. İsgəndər hətta türk hökmdarının adını belə öyrənə bilmədi. Sadəcə, gecələr çöldən atlı dəstələr peyda olur, ellin ordusuna zərbə endirib yoxa çıxırdı. İsgəndər düşməni təqib etməyə çalışsa da, heç bir zaman düşmənini görə bilmədi və anladı ki, bir qədər də irəli gedərsə, düşmənlə savaşda ordusunu tamamilə məhv edəcək. Ona görə də cahangir geri döndü.
Yunan tarixçiləri onun bu biabırçı məğlubiyyəti haqqında susdular. Amma Çin salnamələrində İsgəndərə qalib gələn türk bəyinin adı keçdi. O zaman belə Sarı çay vadisi ilə Ötükən düzənliyi arasında oturan və Böyük Çölün bütün idarəsini əlində saxlayan Böyük Hun Xaqanı İsgəndərin adını belə duymadı.
Çin salnamələrində İsgəndərə qalib gələn türk-skif bəyinin adı Şu xan olaraq keçir. Onun haqqında başqa heç bir yerdə məlumat yoxdur. Çin salnəmələri bir daha İsgəndəri xatırlamır. Əfsanələrdə sadəcə, İsgəndərin ölümsüzlük qazanmaq üçün şimala üz tutduğu və həyat suyunu bulamadan böyük əziyyətlə geriyə döndüyü bildirilir.
Bu əfsanə qırmızı xəttlə «Şahnamə»dən keçir. Bütün məsələ ondaydı ki, qatı fars millətçisi olan Firdovsi persləri bir həmlə ilə məğlub edən İsgəndərin perslərin əbədi düşməni olan türklərin kiçik bir qolu tərəfindən məğlub edilməsini həzm edə bilmir və həyat suyu haqqında əfsanəni uydurur.
Hindistan səfəri
Böyük Çöldən geri döndükdən sonra İsgəndərin silahdaşları və sıravi Makedoniya və yunan əsgərləri açıq şəkildə narazılıqlarını dilə gətirdilər. Onlar evə dönmək istəyirdilər. Dünyanı fəth etmək adıyla tanımadıqları çöldə ölümə doğru yürümək onlara gərək deyildi. Əsas nəticə əldə olunmuşdu. Dara öldürülmüş, Persiya fəth olunaraq Yunanıstan təhlükədən qurtulmuşdu. Baktriyaya döndükdən sonra evə dönmək istəyən bir neçə sıravi əsgər İsgəndəri öldürmək istədilər. İsgəndər sui-qəsdçiləri şaqqalatdırdı və onlarla bərabər bir neçə sərkərdəni də edam etdirdi. İsgəndər həmçinin ona acı həcv deyən filosof Kallisfeni öldürdü. Kallisfen İsgəndərin yaxın dostu idi və Kallisfenin ölümündən sonra İsgəndərin despotizmi hər kəsi susmağa vadar etdi. Narazıları susduran İsgəndər Hindistana doğru irəliləməyi əmr etdi.
326-cı ilin baharında İsgəndər Haybər keçidindən hind torpaqlarına girdi. Bərəkətli Pəncəb torpaqlarında indiki İslamabad yaxınlığında Makedoniya ordusu hind ordusu ilə çarpışdı. Hind knyazlarından biri ilə ittifaqa girən İsgəndər Pəncəb knyazını döyüşdə əsir aldı. Lakin gözlənilmədən Pəncəbə vali olaraq öz müttəfiqini deyil, əsir aldığı knyaz Poru qoydu. Bununla da İsgəndər göstərdi ki, o, arxasında hər zaman ona borclu olan adamı hakim görmək istəyir. İsgəndər öz müttəfiqi Taksili isə edam etdirdi.
Pəncəb savaşından sonra İsgəndərə aydın oldu ki, Hindistanın içərilərinə doğru irəliləyə bilməyəcək. Onun qarşısını yüksək hind dağları kəsmişdi. Üstəlik Por bildirdi ki, dağların arxasında minlərlə filin üstündə vuruşan böyük bir ordu var. Yorğun ordusunu dağlardan aşıra bilməyəcəyini görən İsgəndər geri döndü. Yalnız ondan 1700 il sonra aşılmaz dağlardan əsgərlərini kəndirlə aşıran Əmir Teymur Hindistanın iç torpaqlarını işğal etdi. Avopa isə 2200 ildən sonra Hindistana girə bildi.
Evinə dön, «mələk»
Son işğal siyasətlərinin iflasa uğraması İsgəndərin ordu içindəki müxalifətlərini gücləndirir və onun avtoritetini öldürürdü. Qürur və lovğalığını sərxoşluqla yenməyə çalışan İsgəndər geri dönməyə qərar verir. Lakin geri dönərkən yeni torpaqlar işğal olunacaqdı. İsgəndərin ən böyük arzusu Aristotelin ona zamanında göstərdiyi Böyük Okeana çıxmaqdı. İsgəndər cənuba doğru enməyə qərar verir. Əgər Şərqdəki Böyük Okeana çıxa bilmirsə, o zaman cənuba doğru enəcək və atını okean suları ilə doyuracaq. Amma İsgəndər cənubda nə qədər çox tayfanı qırıb çatırsa da onları özünə təslim etdirə bilmir. Yenə də qarşıda aşılmaz dağlar var. Tibeti aşmaq heç kimin qüdrəti daxilində deyil. Ordu özünü xilas etmək üçün yenidən səhraya yönəlir. Hədəf Persiyaya dönmək və ordan evə dönməkdir. On il sürən sərgərdan işğallara son vermək və ordunu geri qaytarmaq lazım idi. Persiyaya dönən yolda Makedoniya ordusunun yarısından çoxu səhrada susuzluqdan və ağlıqdan ölür. Böyük fəthləri gerçəkləşdirən İsgəndər və onun ordusu tamamilə yorulub. İsgəndər və ordusu ümidsizlik içində bir şeyi anlayırdılar: işğal etdiyi torpaqları idarə etmək, onların gücü xaricindədir. İsgəndər yol boyu təyin etdiyi satrapları edam etsə də, geri döndüyü zaman arxasında buraxdığı torpaqların heç biri artıq onun deyildi.
Gözlənilməz ölüm
323-cü ildə Babilə qayıdan İsgəndər Ərəb Yarımadasını işğal etmək, ordan Afrikaya keçərək Karfagendə öz hakimiyyətini təmin edərək sonra Misirdən gəmilərə minib evə dönməyi planlaşdırmışdı.
Babildə İsgəndər yeni donanmanın hazırlanması üçün əmr verir. Donanma hazırlandığı zamanda İsgəndər özünün yeni ordusunu hazırlamağı düşünür. Eyni zamanda bir çox yerlərdən gələn elçiləri qəbul edir. Onun imperiyası nə qədər zəif olsa da, İsgəndər hər kəs üçün qorxulu röyadır. Heç kim onunla açıq meydan savaşında döyüşməyi düşünmür.
Artıq 33 yaşına dolan İsgəndər Ərəb Yarımadasına səfərə çıxmağa hazırlaşarkən qəfildən ağır qızdırma ilə yatağa yıxılır. 10 gün sürən xəstəlikdən sonra cahangirin fani olduğu hər kəsə bəlli olur. İsgəndər güclü qızdırma içində ölür.
İsgəndər ölərkən gəncliyinin çiçəklənmə dövründəydi. O, həddindən artıq sağlam və gümrah idi. Bir çox tarixçilər onun malyariyadan öldüyünü, bəziləri isə tifdən tələf olduğunu isbat etməyə çalışıblar. Bəziləri isə israr edirlər ki, Makedoniyalı fateh həddindən artıq çox spirtli içki içdiyi üçün onda qaraciyərin serrozu baş verib. Bəziləri isə iddia edirlər ki, kef məclislərinə həddindən artıq aludə olan İsgəndər kütləvi vakxanilizmin qurbanı olub.
Tarixi faktları populyarlaşdırmaqla ad çıxaran Qrehem Fillips isə iddia edir ki, İsgəndəri ən sevimli qadını Roksana zəhərləyib. Fillips «Böyük İsgəndər. Babildə qətl» əsərində sübut etməyə çalışır ki, qısqanclıq içində yanan Roksana cahangiri zəhərləyib. Belə ki, Roksana İsgəndəri heç də qadın rəqiblərinə qısqanmayıb. Cahangirin kişi cinsindən olan sevgilisi Hefestion Roksanada o qədər qısqanclıq yaradıb ki, nəhayət Roksana hər ikisini zəhərləməyə qərar verib. Fillipsə görə Roksana İsgəndərə və onun sevimlisinə «strixinin» zəhəri verib. Ölümlərindən əvvəl, istər İsgəndər, istərsə də, Hefestion şiddətli ağrı və qızdırma içində qıvrılıblar.
Tarixin axarı necə dəyişdi?
İsgəndərin fəthləri ona görə böyükdü ki, bu Avropanın Şərqə yönəlmiş ilk işğalı idi. Qəribədir ki, İsgəndərdən sonra heç bir Avropa fatehi onun fəthlərini təkrarlaya bilmədi. Amma İsgəndərdən sonra çox qəribə bir şey baş verdi. İsgəndərə qədər onlarla imperiyaya sahib olan Asiya Ellin ideologiyasının təsiri altına düşdü. Ellin mədəniyyəti İsgəndərin fəthləriylə Asiyanı işğal etməyə başladı. Və bu işğal 2300 ildir ki, davamlı olaraq sürdürülür. O zaman İsgəndərin işğallarının və Aristotelin Şərq strategiyasının sirr nəydi?
Qədim Yunanıstan ərazisi nə qədər kiçik olsa da, müxtəlif məktəblərə və fəlsəfi sektalara aid olan yüzlərlə filosof yeni dünya yaratmaq ideyasını irəli sürürdülər. Həmin filosofların əksəriyyəti bu gün də tanınırlar. Məsələ orasındadır ki, onların bir çoxunun elmi kəşfləri və fəlsəfi baxışları bu gün də aktualdır. Artıq 2000 ildən artıqdır ki, Homeri, Hppokratı, Pifaqoru, Arximedi, Herakliti, Demokriti, Evklidi, Epikürü, Sokratı, Platonu, Aristoteli və onlarla digər yunan mütəfəkkirini dünyada hər kəs tanıyır. Bu günkü dünya mədəniyyəti də, məhz yunan mütəfəkkirlərinin çiyinləri üzərində yüksəlməkdədir.
Məhz qədim Elladanın elmi-fəlsəfi gücü Makedoniyalı İsgəndərə dünya miqyaslı bir imperiya yaratmaq imkanı verdi. İsgəndərin gücü və Elladanın imkanları bu imperiyanı idarə etməyə yetməsə belə, kiçik Makedoniyadan qalxaraq dünyanın üçdə bir hissəsini işğal edən İsgəndər bütün hallarda bir dünya hadisəsi idi, amma bütün hallarda Ellada mədəniyyəti və avanqard elmi-fəlsəfi cərəyanları olmasaydı, bu dünya hadisəsinin baş verməsi imkansızdı.
Gənc İsgəndərin hərbi və siyasi dühası hər nə qədər mükəmməl olsa da əsl qələbəni Ellin mədəniyyəti qazanmışdı. Ellada bu qələbəni neçə yüzillərdi, hətta yunan gəmiləri Troya şəhərinin divarları önündə durduğu zamandan bir xeyli əvvəldən gözləyirdi.
Ellada yıpranmış və sadəcə, əyyaşlıqla əxlaqsızlıq arasında köçünü sürüyən qədim İran mədəniyyətini bir həmlədə məğlub etdi. Sonra üzünü Qədim Misir mədəniyyətinə doğru yönəltdi. Qoca və yorğun Misir mədəniyyəti müdafiə olunmaq iqtidarında belə deyildi. Ona görə də qısa bir zaman kəsiyi içində mumiyalanaraq piramidaların içinə gömüldü. Qürurlu və qüdrətli fironların ölkəsində Ellin mədəniyyəti hökm etməyə başladı. 300 il sonra Roma fatehi Sezar Misirə gəldiyi zaman Ellin mədəniyyəti Qədim Misir fironlarının taxtında çürüyürdü. Sezarın üfürməsi ilə Qədim Misir toz oldu.
Qədim yunanlar dünyada ilk dəfə tarixi öz siyasi maraqlarına tabe etmişdilər. Yəni Troya qətliamı zamanı əl atdıqları siyasi ikiüzlülük və avantürist siyasət qədim yunan ruhunun açıq mənzərəsi idi ki, həmin mənzərə bu gün Qərb mədəniyyətində açıqca görünməkdədir.
Yalanı ən həyasız bir tərzdə həqiqət kimi təqdim etmək yunanların siyasi məziyyəti idi. Göbbelsin təbiri ilə deyilərsə, yunanlardan başlayan Avropa Ellin mədəniyyəti yalanı o qədər böyük və möhtəşəm təqdim edir ki, onun həqiqət olmadığını güman etmək imkansızlıq həddindədir. Nəyə görə? Çünki digər xalqlara nisbətən daha çox maariflənmiş və elmin beşiyi olaraq qəbul edilən qədim Elladada, bu yalan söylənilirsə, onu yalan olaraq təsəvvür etmək bu günün insanı üçün belə çətin və hətta mümkünsüzdür.
Ən kiçik şəhər-dövlətlər belə tarixi hadisələri öz siyasi çıxarlarına görə yazır, ya da uydururdular. «Tarixin atası» titulunu alan Heredotun «Tarix» əsəri və başqa digər yunan tarixçilərinin əsərləri buna bariz nümunədir. Elladanın təməlləri üzərində təşəkkül tapan Qərb mədəniyyəti artıq intibah dövründən başlayaraq bu tarixləri əsas götürərək dünyanın böyük və aparıcı xalqlarının tarixlərini görməməzlikdən gəlir və bununla da özlərinin imperialist maraqlarını təmin etməyə çalışırlar. Yəni bütün dünya tarixini kiçildir və Herodotun “Tarixi”ni əllərində yelləyərək, tarix budur, sizinkilər tarix deyil, deyirdilər. Ən acınacaqlısı isə odur ki, onlar bunu bacardılar və hələ də bacarırlar.
Bu gün, ya da dünən Altayda, Sibirdə, Tibetdə, Çində, Azərbaycanda, İranda, Mərkəzi Asiyada, ya da qədim mədəniyyətin beşiklərindən hesab olunan İraqda tapılan bir daş abidə çox əhəmiyyətsizdir, amma 2500 il əvvəl Yunanıstandan kənara çıxmayan və ordan-burdan eşitdiklərini qələmə alan Herodotun hər bir cümləsi fövqəladə dürüst tarixdir?!
Qədim Elladanın şəhər-dövlətlərinin əsas özəllikləri cəmiyyətin inkişafına hesablanan dövlətçilik ənənələrinə sahib çıxmaları idi. Amma o da faktdır ki, ilk şəhər-respublikalar Yunanıstandan çox-çox əvvəl Qədim Şumerdə, Altayda və Hindistanda mövcuddur. Yəni ikiüzlü və yalançı yunanlar hər şeyi özəlləşdirməyi bacarmışdılar. Amma yunanlarda Asiyada olmayan fərqli bir şey də vardı.
Elladada elm, fəlsəfə, ədəbiyyat, musiqi və hər cür yaradıcılıq sərbəst şəkildə inkişaf edirdi. Pifaqor, Demokrit və Sokrata qədər və onlardan sonra elm və fəlsəfənin inkişafı Qədim Yunanıstanın əsas gücünə çevrilmişdi. Və məhz bu güc qədim Ellada mədəniyyətini günümüzdə hakim vəziyyətə gətirib çıxarıb.
İsgəndərin fəthləri ona görə tarixin unudulmaz səhifələri kimi yadda qaldı ki, İsgəndər özü ilə Asiyaya yeni ideya daşıdı. Asiyaya qalib gələn və Asiyanı işğal edən Böyük İsgəndərin qılıncı olmadı. Asiya Ellin fəlsəfə məktəblərinə yenildi. Amma o da faktdır ki, İsgəndərin fəthləri olmasaydı, bu günkü Qərb sivilizasiyası da olmazdı. İsgəndərin qılıncı sadəcə, Avropanı doğurdu. Sonradan Avropa İsa Məsihin ideologiyasına tapınmasaydı, yəqin ki, Asiya onu sadəcə, beşiyində boğacaqdı…
İsgəndəri ən sevimli qadını zəhərləmişdi
5 oktyabr 2012
07:00
8235 dəfə oxunub