Həqiqi qapıçı

Həqiqi qapıçı
22 noyabr 2013
# 15:04

Cumpa Lahiri – benqal əsilli ABŞ yazarı, Nilanyana Sudesnanın (Nilanjana Sudeshna) özünə seçdiyi ədəbi imzadır. 11 iyul 1967-ci ildə anadan olub. Hindistan vətəndaşı olan valideynləri ilə birlikdə sonralar ABŞ-a köçüb, Nyu-Yorkdakı Bernard-Kollecdə və Boston Universitetində təhsil alıb.

Debüt kitabı - "Xəstəliklərin izahlı lüğəti" adlanan hekayələr toplusudur, bir neçə mükafata, o cümlədən Pulitser ödülünə layiq görülüb. 2003-cü ildə tamamladığı "Adaş" romanı "Nyu-York Tayms" qəzetinin bestsellerlər siyahısına düşüb, 2007-ci ildə rejissor Mira Nair tərəfindən ekranlaşdırılıb.

Onun 2008-ci ildə işıq üzü görən "Alışılmamış dünya" hekayələr toplusu da görünməmiş oxucu rəğbətiylə qarşılanıb. C.Lahirinin əsərləri bu günə kimi benqal, alman, fransız, ispan, portuqal, bolqar və rus dillərinə çevrilib.

2005-ci ildən o, ABŞ Pen-Mərkəzinin vitse-prezidentidir. 2010-cu ilin fevralında ABŞ prezidenti yanında İncəsənət və Humanitar Elmlər Komitəsinə üzv seçilib.

2013-cü ildə C.Lahiri öz həmyerlisi, məşhur nasir Salman Rüşdini geridə qoyaraq, Buker Man ödülünə əsas namizədlərdən biri olub.

Bu hekayə yazarın Azərbaycan dilinə çevrilən ilk əsəridir.

Həqiqi qapıçı

Pilləkəni süpürən Buri Ma son iki gecəni rahat yatmamışdı. Barı üçüncü gecə rahat yuxulasın deyə, yatdığı küncdəki həşəratları əvvəlcədən təmizləmək qərarına gəldi. Bu künc qapıçısı işlədiyi binanın poçt qutularının altındakı boşluq idi. Yorğanını əvvəlcə burada, sonra isə küçədə çırpdı. Onun bu hərəkəti küçəyə atılan tərəvəz qabıqlarını dimdikləyən qarğaların ora-bura qaçmasıyla nəticələndi. Dama qədər uzanan dörd mərtəbəni çıxmağa təzəcə başlamışdı ki, qəfildən əlini hər dəfə yağış yağmazdan öncə şişməyə başlayan dizinin üstünə qoydu. Dizində sezilən şiş onu öz yorğanını, vedrəsini, süpürgə dəstəyi kimi yararlandığı çur-çubuğu bu ara tək əliylə daşımağa məcbur edəcəkdi. Onsuz da son vaxtlar pillələrlə qalxmaq daha çətin gəlirdi.

Onun nəzərində bu pilləkənlə çıxmaq daşınan nərdivanla qalxmağa bərabər idi. Altmış dörd yaşına dolsa da, saçını qoz boyda bir top şəklində yığmışdı. İstər qabaqdan, istərsə yandan baxanda arıq bədəninin eni bir-birindən fərqlənmirdi.

Əslinə qalanda, Buri Manın malik olduğu yeganə üçölçülü şey – səsi idi. Dərd-sərdən kövrəkləşən bu səs kokos meyvəsini parçalayacaq qədər incəydi. Hər gün iki kərə, həm də pilləkənləri yuyarkən o, bu səslə keçmiş taleyini, ölkəsi iki yerə bölünəndən sonra Kəlküttədən qovulandan bəri başına gələn məşəqqətlərdən söz açırdı. Vətənində baş verən daxili qarışıqlıq onu ərindən, dörd qızından, ikimərtəbəli, iri evindən, qızılgül kolundan hazırlanmış almarisinə və açarlarını hələ də gəzdirdiyi ziynət mücrüsünə həsrət qoymuşdu. Mücrülərin açarlarını o, adətən topladığı pullarla birlikdə sarisinin ucuna vurduğu düyünün içində saxlayardı.

Hazırda ora-bura qaçmaqla keçən günlərini unutmaqdan ötrü rahatlıq içində yaşadığı əyyamlarından söz etməyi sevirdi. Məsələn, ikinci mərtəbənin pilləkən meydançasına çatanda o, bütün bina sakinlərinə özünün üçüncü qızının toy menyusundan bəhs etməyə başlayırdı adətən: “Onu bir məktəb müdirinə ərə verdik. Toyda plovu gülabla bişirmişdik. Şəhər meri də toyda iştirak edirdi. Qonaqlar əllərini gümüş kasalarda yumuşdular”. Bir anlığa nəfəsini dərən qadın qoltuğuna vurduğu əşyaları düzəldəndən sonra plintusun altından çıxan tarakanı qovalayaraq sözünün ardını gətirirdi: “Xardallı krevetlər (xırda dəniz xərçəngi – A.Y.) banan yağında qaynarlanmışdı. Paraya-pula heç qızırqanmamışdıq, çünki həmişə elə o cür, yəni gen-bol yaşamışdıq, həftədə iki kərə keçi əti yeyirdik. Bağçamızda da içində balıqlar qaynaşan bir nohur var idi”.

Damdan pilləkənə süzülən işıq zolağı diqqətini çəkdi. Hələ səhər saat səkkiz olmasa da, günəş şüaları beton pillələri isidəcək dərəcədə qızmar idi. Bina köhnə idi, sakinlər yuyunmaqdan ötrü vedrələrə doldurmaqla, su tədarükü görməyə məcbur idilər. Pəncərələr şüşəsiz idi, binadan kənardakı tualet isə kərpicdən hörülmüşdü.

“Xurmaları ağaclardan yığmağa bir adamı, gülxətmiləri budamaq üçün isə başqa birisini tutmuşduq. Orada ikən ağız dadıyla yaşayırdım, burada isə yemək yediyim qab da yalağa bənzəyir”. Bu ara Buri Manın qulaqları istiləndi, şişən dizindəki ağrı qəfil artdı. “Qolumda vur-tut bir cüt bilərziklə sərhədi keçdiyimdən əvvəlləri sizə bəhs etmişdimmı? Keçmişdə ayaqlarım sadəcə mərmər döşəməylə təmas edərdi. İnanıb-inanmamaq sizin biləcəyiniz işdir, ancaq bir vaxtlar mənim yaşamım yuxunuzda görməyəcəyiniz qədər rahat idi”.

Əlbəttə, Buri Manın danışdıqlarının nə dərəcədə doğru olduğunu heç kəs bilmirdi. Üstəlik, onun keçmış sərvətinin və mücrülərdə qoyub gəldiyi zinətlərin sayı da günbəgün artırdı. Düzünə qalanda, məcburi köçkün olduğundan heç kəs bu deyilənlərə şübhə bəsləmirdi. Qadının Benqal şivəsi də bunun aşkar sübutuydu. Bununla belə, sözünü etdiyi keçmiş var-dövlətindənsə, onun Qərbi Benqal sərhədini minlərcə həmyerlisi kimi yük maşınının kuzovunda, kiş (kətan – A.Y.) çuvalları arasında keçmə ehtimalını bina sakinləri daha inandırıcı sayırdılar. Bəzən də Buri Ma vaxtilə Kəlküttədən bir öküz arabasıyla gəldiyini dönə-dönə təkrarlayıb, dururdu.

Ara küçədə oynamağa yollanan uşaqlar bəzən ondan soruşardılar: “Hə, nə ilə gəlmişdin buraya? Yük maşnıyla, yoxsa öküz arabasıyla?” Sarisinin ucundakı düyündə gizlətdiyi mücrü açarlarını cingildədən Buri Ma da cavab əvəzinə deyərdi: “Bu təfərrüatların sizin üçün nə fərqi varmış görəsən? Niyə köhnə palan içi tökürsünüz? İnansanız da, inanmasanız da, mənim həyatım ağlınıza da gətirməyəcəyiniz əzablar içində keçib”.

Bəzən hadisələrin ardıcıllığını pozur, bəzi məqamlar bir-birinə uyğun gəlmir, hər şeyi şişirdirdi adətən. Ancaq adi şeyləri şişirtməsi söhbətlərinə necə inandırıcılıq və rəngarənglik qatırdısa həmsöhbətləri istər-istəməz onu böyük diqqətlə dinləyirdilər.

“Pilləkənin süpürülməsinə axı, kim etiraz eləmişdi?” Hər gün işə gedib-gələrkən Buri Ma ilə rastlaşan cənab Dalal özünə bu sualı verirdi. Bu kişinin işi-gücü Kollec-stritdə rezin kamerlər, borular və cürbəcür ventillər satılan bir topdansatış dükanında qəbzləri bir qovluğa yığmaqdan ibarət idi.

Ahıl yaşdakı cənab Çatterci deyirdi: “Bu Buri Ma elə hey hapa-gopa basır. Ancaq biz onu da nəzərə almalıyıq ki, o - dəyişən zəmanənin məsum qurbanlarındandır”. Ölkənin müstəqilliyi elan olunandan bəri cənab Çatterci nə evdən bayıra ayaq qoymuşdu, nə də bir qəzetə göz atmışdı. Bəlkə də məhz elə bu səbəbdən bina sakinləri onun fikirlərinə dərin etimadla yanaşırdılar.

Buri Manın vaxtilə Şərqə dönən zamindara (ahıl bir varlıya – A.Y.) səyahət zamanı xidmətçi kimi tutulduğunu hamı bilirdi. Qadının zənginliklə bağlı hər xırda məqamdan agah olmasını da çoxları bununla izah edirdi. Onun xırda-para goplarının heç kəsə bir zərəri yox idi, əksinə, bu sayədə hamı gen-bol əylənirdi. Həm də pilləkəni təmizlədiyinə görə poçt qutularının altındakı küncdə yatmasına kimsə bir söz demirdi. Gecələr giriş qapısının ardında yatan, özləriylə dış aləm arasında bir sipər, qoruyucu rolu oynayan Buri Manı binanın bütün sakinləri sevirdi.

Bu qəribə binada heç kəsin oğurlanası artıq bir şeyi yox idi. Mənzilində telefon olan yeganə sakin ikinci mərtəbədə yaşayan dul qadın xanım Mistra idi. Binanı kənar müdaxilələrdən qoruduğu, qapı-qapı gəzib, daraq və ya parça satan səyyar satıcıları içəri buraxmadığı üçün, binanın həndəvərinə işəyən, tüpürən və ya dava-şava salan kəsləri öz süpürgəsiylə qovduğu üçün sakinlər Buri Maya minnətdar idilər.

Sözün qısası, illər keçəndən sonra Buri Manın bu binada gördüyü işlər həqiqi qapıçının, yəni konsiyerjin öhdəliklərinə bənzəməyə başlamışdı. Belə götürəndə, bu iş qadınlara uyğun bir iş-güc sayılmazdı, buna rəğmən, qadın üzərinə düşən işləri cani-dildən görürdü, az qala Lover Circular Road, Jodhpur Park və bunlar kimi varlı məhəllələrdəki binaların qapı gözətçisi kimi növbə çəkirdi.

Dama çıxan Buri Ma yorğanlarını zivədən asdı. İp məhəccərin bir küncündən digərinə çəkildiyi üçün qarşı tərəfdə görünən mənzərəni – çanaq antenləri, reklam lövhələrini və Hovrah körpüsünün aşırımlarını iki yerə bölməkdəydi. Bir müddət bu mənzərəyə göz qoyan qadın sərnicin altındakı kranı açıb, əl-üzünü və ayaqlarını yudu, barmaqlarıyla dişlərini sürtdü. Sonra yorğanın hər iki üzünü süpürgəsiylə döyəclədi, sanki bu yolla o, yuxusuz gecələrinin baisini cəzalandıracağını umurdu. Fikri-zikri bu işə kökləndiyindən üçüncü mərtəbədə yaşayan Dalal xanımın nə vaxt gəldiyini sezmədi: o, duz səpilmiş limon qabıqlarını günəş şüaları altda qurutrmaqdan ötrü dama qalxmışdı

- Bu yorğanın içində nə olduğunu bilmirəm, ancaq nədənsə gecələr yuxuma haram qatır. Çırparkən içindən bir şey qaçıb-çıxsa, onu mənə də göstərin də, yaxşı?

Dalal xanım Buri Maya rəğbətlə yanaşardı, hərdənbir bişirdiyi xörəkləri dada-tama gətirsin deyə, ona üyüdülmüş zəncəfil də verərdi. İşıldayan göz qapaqları və üzüklərlə dolu, zərif, uzun barmaqları olan bu xanım:

- Şəxsən mən heç nə görmürəm, - dedi.

- Yəqin onun qanadları var.

Süpürgəsini yerə atıb, göydə yallı gedən buludlara göz qoydu.

- Onları yaxalayıb, əzişdirməmə macal vermədən uçub-gedirlər. Kürəyimə baxsanız, onların dişlədikləri yerlərin gömgöy olduğunu aşkar görərsiniz.

Dalal xanım Buri Manın ucuz parçadan tikilən, mavi-bəyaz zolaqlı sarisinin bir ucunu qaldırdı. Köhnədəbli köynəyinin üstündə əllərini gəzdirdi.

- Buri Ma, mən biləni, səni qara basır.

- Yox, o böcəklər məni dirigözlü yeyirlər.

- Buri Ma, bəlkə bu, səpkidir?

Sarisinin ucundakı düyünü yelləyən Buri Ma açarlarını şaqqıldatdı.

- Yox, mən səpkinin nə olduğunu yaxşı bilirəm. Bu – səpki deyil. Son üç, bəlkə də dörd günü yata bilmirəm, ancaq bu kimin nə vecinədir?! Keçmiş əyyamlarda tər-təmiz yataqlarda yatardım, pambıqdan mələfələrimiz vardı bizim. İnanıb-inamamaq sizin işinizdir, ancaq ipək qədər incə torlar vurardıq pəncərələrimizə, milçəklərə qarşı. O cür rahatlığı siz yatıb, heç yuxunuzda da görə bilməzsiniz.

Dalal xanım təkrarladı:

- Hə-ə, o cür rahatlığı mən yatıb, heç yuxumda da görə bilmərəm, - gözlərini yuman qadın köksünü ötürdü. – Heç yuxumda da görə bilmərəm, Buri Ma. Çünki mən – yuyunma məmulatları satan bir kişinin arvadıyam.

Sonra geri qanrılan Dalal xanım yorğanları süzdü və barmaqlarını tikişlərin üstündə gəzdirərək soruşdu:

- Buri Ma, nə vaxtdan bunlarla yatırsan?

Bunu xatırlamadığını dilə gətirməzdən əvvəl Buri Ma bir ara fikrə getdi.

- Niyə bu günə qədər bu barədə heç söz salmadın? Yoxsa elə sanırsan ki, sənə təzə adyal və ya qaşıntılarını kəsəcək bir müşəmbə almağa da imkanımız yetməz?

Bunları deyərkən Dalal xanımın səsindəki inciklik aşkar sezilirdi. Buri Ma dilləndi:

- Buna nə gərək var?! Onsuz da hamısını süpürgəylə çırpıb, təmizlədim.

- Gəl, söz güləşdirmə. Sənin təzə yatağa ehtiyacın var. Sənə əvvəlcə yastıqla yorğan, qış qapını kəsdirmədən isə bir adyal alacağıq.

Damın o biri başındakı kömür qalağından bir vedrə kömür götürən Buri Ma:

- Bayram günlərində yoxsullar qarınlarını doyurmaq üçün bizim qapıya düzülürdülər, - dedi.

Pilləkənlə enən Dalal xanım dilləndi:

- Dalal bəy işdən gələn kimi onunla bu barədə danışacağam. Axşam bizə gəl, kürəyinə vurman üçün sənə pudra və turşu verim.

- Dalal xanım, ancaq bu səpki deyil, axı.

Onun dediyi səpki yağışlı havalarda tez-tez baş verirdi. Buri Ma isə onu narahat edən, yuxusuz qoyan, üç-beş dənə saçı qalan başını və bədənini yaxıb-yandıran şeyin xeyli sadə bir dərd olduğuna özünü inandırmışdı. Rütubətli havalarda adətən qadın pilləkənləri üst mərtəbələrdən başlayıb, aşağıya doğru süpürərdi. İndi də qəfil başlayan yağış həm Dalal xanımın dama sərdiyi limon qabıqlarını, həm də küçədə gedən insanlara çətirlərini açma imkanı tanımadan onların yaxalarını, ciblərini və çəkmələrini islatmışdı.

Qonşu binalarda olduğu kimi, bu binada da cırıldayan pancurlar pəncərələrə vurulan məhəccərlərə kombinezon ipləriylə bağlanmışdı. Bu vaxt Buri Ma ikinci mərtəbənin pilləkən meydançasını süpürürdü. Bu pillələr adi nərdivanın pillələrindən əsla fərqlənmirdi. Yağışın səsi əsəblərinə toxunurdu. Yorğanlarının indi yağışın altında yuxa kimi islandığını düşündü və Dalal xanımla aralarında gedən söhbət gəldi xatirinə. İşinə davam etdi, alt qatdakı poçt qutularına çatana qədər gözünə dəyən tozu sildi, siqaret kötüklərini və konfet kağızlarını süpürdü. Yel çəkməsin deyə, öz səbətini eşələyib, qəzet axtardı, tapdığı qəzet kağızlarını giriş qapısındakı çarpaz vurulan dəmirlərin aralarına dürtüşdürdü. Sonra vedrədəki kömürü yandırdı, palma yarpağından hörülən yelpicinin köməyi ilə alovu şölələndirərək, yemək bişirməyə girişdi. Günortadan sonra adəti üzrə saçlarını yığdı. Sarisinə vurduğu düyünü açdı və orada topladığı pulları saydı. Qəzet kağızlarından düzəltdiyi yataqda cəmi iyirmi dəqiqə yuxulamışdı. Yağış kəsmişdi və manqo ağaclarından vuran turş qoxu hər tərəfə yayılmışdı. Bəzən, axşamüstülər Buri Ma qonşulara baş çəkirdi. Belə, qapı-qapı dolaşmaqdan xoşu gəlirdi. Onun bu ziyarətlərindən bina sakinləri narahatlıq duymazdılar. Onlar yalnız gecədən-gecəyə qapılarının ardındakı sürgünü çəkəndən sonra öz həyatlarına davam edirdilər: Uşaqlarını tənbeh edir, xərclənən pulları hesablayır, düyü arıtlayırdılar. Bəzən Buri Manı bir fincan çaya və keksə qonaq edirdilər. Buri Ma da uşaqlarla oyun oynayır, kreslolarda oturmağı özünə layiq bilmədiyindən adətən ya kandarda, ya da dəhlizdə çömbəlib oturar, tanımadığı bir şəhərin həyatını izləyən gəlmə adam kimi həmin ailədə olub-bitənlərə göz qoyurdu.

Həmin axşam o, Dalal xanımın dəvətini qəbul eləmək qərarına gəldi. Qəzetlərin üstündə bir az mürgüləsə də, belinin ağrısı hələ də keçməmişdi. Odur ki, naəlac qalıb, səpkiyə qarşı pudra istəməyə yollandı. Süpürgəsini də götürdü, çünki onsuz özündə bir əskiklik hiss edirdi. Yuxarı mərtəbəyə qalxmağa hazırlaşanda bir əl arabasının giriş qapısının önündə durduğunu gördü. Gələn Dalal bəy idi. İllər uzunu qəbzləri qovluqlara tikməkdən gözlərinin altında gömgöy torbalar yaranmışdı. Ancaq bu gün gözləri işıldayırdı və dilini dişlərinin üzərində gəzdirirdi. Qucağında bir cüt keramik əlüzyuyan tutmuşdu.

- Buri Ma, bu, elə sırf sənin görəcəyin bir işdir. Haydı, əlüzyuyanları yuxarıya daşımaqda mənə kömək elə.

Cibindən çıxartdığı ütülü dəsmalıyla alnını, boynunu silən kişi əl arabasının sahibinə pul uzatdı. Buri Ma ilə birlikdə əlüzyuyanları üçüncü mərtəbəyə qaldırdılar. Mənzilinin qapısına çatan Dalal bəy Dalal xanıma, Buri Maya və nə baş verdiyini öyrənmək üçün buraya toplaşan qonşulara müjdə verdi: sən demə, sabahdan etibarən, o, ventil ləvazimatlarını, plastik tüpləri və boruları topdan satan adamın qəbzlərini qovluqlara tikməyəcəkmiş. Son bir ildə gəliri iki dəfə artan və təmiz havaya ehtiyac duyan müdiri Burdvanda firmanın yeni şöbəsini açırmış. Uzun illər yanında dürüstcə çalışan Dalal bəyi də çəkdiyi zəhmətin mükafatı kimi, Kollec Stritdəki şöbəyə müdir təyin edibmiş. O da sevincək evə dönərkən, yolda bir cüt əlüzyuyan alıbmış.

Dalal xanım:

- Bu ikiotaqlı mənzildə bir cüt əlüzyuyan nəyə gərək idi? – deyə soruşdu.

Onsuz da dama sərdiyi limon qabıqlarının yağışda islanması qanını yamanca qaraltmışdı.

- Bənzər şeyə harada rastlanar görəsən? Hələ də qaz sobasında yemək bişirməyə məcburam, evə telefon çəkdirmirsən, hələ evlənərkən söz verdiyin soyuducunu da almamısan. Yoxsa elə bilirsən bir cüt əlüzyuyan bütün bunları mənə unutduracaq?!

Poçt qutularının yanından da eşidiləcək qədər hay-küyə səbəb olan bu dilləşmə hava qaralana və təkrar yağış çisələyənə qədər uzandı, getdi. Ərlə arvad necə uca səslə dilləşirdisə, bu, həmin gün üst mərtəbələrdən aşağıya doğru pilləkənləri ikinci dəfə süpürən Buri Manın da diqqətini çəkmişdi. Buna görə də o, nə həmin günün başağrısından şikayətləndi, nə də keçmiş əyyamların tərifini göylərə qaldırdı, eləcə gedib, qəzetlərdən düzəltdiyi yatağında həmin gecəni birtəhər yola verdi.

Səhəri gün fəhlələr əlüzyuyanı yerinə taxmağa gələndə də cənab və xanım Dalalların dava-şavası təxminən elə eyni şiddətlə sürməkdəydi.

Dilləşmə ilə müşayiət olunan gecənin sabahı cənab Dalal aldığı əlüzyuyanlardan birini öz mənzilinə, digərini isə birinci mərtəbədəki pilləkən qəfəsinə quraşdırmaq qərarına gəlmişdi. O, qapı-qapı dolaşıb, həmin əlüzyuyandan hamının yararlana biləcəyini izah elədi, çünki bina sakinləri illər uzunu dişlərini stəkanlarda götürdükləri su ilə fırçalamağa adət etmişdilər.

Bu vaxt Dalal xanımı fikir götürmüşdü. Girişdə qoyulacaq o əlüzyuyanın binaya gəlib-gedən kənar adamların da diqqətini çəkəcəyi şübhəsiz idi. Artıq əri müdir vəzifəsinə keçmişdi, ancaq o cür vəzifə sahibinin belə bir binada yaşadığına görəsən kim inanardı?

Fəhlələr saatlarca əlləşib-vuruşdular, üst və alt mərtəbələrə qalxıb-endilər, pilləkən məhəccərinin yanında çömbələrək, gündüz yeməklərini yedilər. Çığır-bağırla işlədilər, söyüşdülər, dilləşdilər, tərlərini boyunlarına atdıqları tənziflə sildilər. Qopan bu hay-küy üzündən Buri Ma həmin gün pilləkəni heç süpürə bilmədi, vaxt ötsün deyə, dama qalxdı, oradakı məhəccərlər boyu yeridi, çevrədəki mənzərələri süzdü. Qəzetlərin üstündə yatmaqdan yanbızları ağrıyırdı. Yorğanından kəsdiyi uzun əskilərlə yaxın günlərdə məhəccər başlıqlarını silib-parlatmağa qərarlıydı. Axşam düşəndə binanın bütün sakinləri görülən işlərlə tanışlıq məqsədiylə alt mərtəbəyə yığılmışdı. Hətta Buri Manın da axar suyun altında əllərini yumasını xahiş elədilər. O isə yenə hava atdı: “Evimizdəki hamam gül ətri verirdi, buna inanıb-inanmamaq sizin işinizdir, ancaq mən xəyalınızda belə canlanmayacaq bir lüks şəraitdə yaşamışam”.

Hamı toplaşandan sonra cənab Dalal əlüzyuyanın imkanlarını izah elədi, göstərdi. Hər iki kranı təkbətək tamamilə açıb, bağladı. Suyun təzyiqini göstərməkdən ötrü isə kranların ikisini birdən açdı. Çanağı su ilə doldurmaq üçün isə əlüzyuyanın kiçik bir tıxacı da var idi. Cənab Dalal öz təqdimatını: “Bu, zərifliyin ən son həddidir” sözləriylə bitirdi.

Balkondan boylanan cənab Çatterci isə əlavə elədi: “Dəyişməkdə olan zamanın simvoludur”.

Aradan bir neçə gün keçincə, bina qadınlarında bir əsəbilik özünü göstərməyə başladı: hər səhər növbəyə durmaq, hər istifadədən sonra kranları silib parlatmaq məcburiyyəti, şəxsi diş məcunlarını və sabunlarını əlüzyuyanın kənarında unutmamaq kimi məqamlar onları əsəbiləşdirirdi. Əgər Dalal ailəsinin indiyədək öz əlüzyuyanı var idisə, onda niyə təzə əlüzyuyanın yalnız birini qonşularla paylaşmışdılar?

Axırda bir səhər bina sakinlərindən biri özünü saxlamayıb, dilləndi:

“Bəs biz niyə mənzilimizə əlüzyuyan almayaq, axı?”

Başqa birisi sual elədi:

- Bəyəm bu binadakı şəraiti təkcə Dalal ailəsi yaxşılaşdıra bilər?

Bunun ardınca bəzi dedi-qodular başını alıb, getdi. İlk gecədəki dilləşmədən sonra arvadının könlünü almağa çalışan cənab Dalal evə iki kilo xardal yağı, bir dənə Kəşmir şalı və on-on beş dənə sandallı sabun almış, Rabitə qovşağına baş çəkmişdi. O arada xanım Dalal günboyu əllərini təzə əlüzyuyanda yumaqdan heç doymurmuş. Bütün bunlar yetmirmiş kimi, hələ bir də sonrakı gün “Hourah” dayanacağından gələn və binanın önündə duran bir taksi Dalallar ailəsini on günlük istirahət üçün Simlaya apardı.

Taksinin pəncərəsindən xanım Dalal Buri Maya səsləndi:

- Elə bilmə ki, unutmuşam. Geri dönəndə sənin üçün yun adyal alıb gətirəcəyik.

Qadının dizləri üstə Buri Manın sarisindəki firuzəyi xətlər rəngdə bir pulqabı vardı.

Arvadının böyründə oturan cənab Dalal öz pulqabısının üstündə olub-olmadığını əllərini ciblərinə vuraraq yoxlayandan sonra Buri Maya vəd elədi:

- Sənin üçün iki adyal gətirəcəyik.

Həm də onları yola salmağa bina sakinlərindən təkcə Buri Ma çıxmışdı. Dalallar yola çıxdığı andan bina qadınları həyata keçiriləcək yenilikləri planlaşdırmağa başlamışdılar Onlardan biri toyunda ona bağışlanan bilərzikləri satmaqla, divarları əhənglə ağartdırmağa niyyətliydi. Öz tikiş maşınını girov qoymağı düşünən başqa bir xanım sanepidemstansiyaya zəng elədi. Digər bir qadın isə gümüş şirniyyat qablarını zərgərə satıb, bunların puluna binanın bütün pancurlarını sarı rəngə boyatdırmağa niyyətlənmişdi.

Artıq fəhlələr bu binada gecə-gündüz demədən işləyirdilər. Bu qatmaqarışıqlıqdan qaçmağı uman Buri Ma da öz yorğanlarını dama daşımışdı. Binaya fasiləsiz şəkildə kimlərsə girib-çıxır və hərəkətə mane olurdu. Binada ayaq dəyməyən bir künc-bucaq qalmamışdı.

Bir neçə gündən sonra Buri Ma xörək bişirdiyi vedrəni və səbətlərini də dama daşıdı. Girişdəki əlüzyuyandan yararlanmağa gərək duymurdu və elə əvvəllərdəki kimi, sərnicə yığdığı suyu işlədirdi. Yorğanından kəsib düzəltdiyi əskilərlə məhəccərlərin başlıqlarını silib, parlatmaq barədə düşünürdü. Sonrakı günlərdə qəzetlərin üstündə yatmağına davam elədi. Yağışlar get-gedə güclənirdi. Altına sığındığı çadırdan damdığından başının üstündə qəzet tutmağa məcbur idi. İpin üstüylə tək sırayla yeriyən və ağızlarında yemək daşıyan qarışqalara çömbəlmiş halda göz qoymaqda idi. Külək belinin ağrısını qismən azaldırdı. İşlətdiyi qəzetlər isə getdikcə qıtlaşmaqdaydı.

Artıq səhərlər ona uzun, gecələr isə daha uzun gəlirdi. Son dəfə nə vaxt bir fincan çay içdiyini də xatırlamırdı. Nə indiki sıxıntılar, nə də keçmiş əyyamları barədə düşünürdü. Onu maraqlandıran tək məsələ - Dalal ailəsinin nə vaxt geri dönəcəyi və ona təzə adyal gətirəcəyi idi.

Damda qalandan elə bir iş-zad görmürdü. Sonradan bir az idman eləmək məqsədiylə şəhərin kənar məhəllələrini piyada dolaşmağa başladı. Bunun ardınca süpürgəsi əlində üzərinə mürəkkəb ləkəsi düşən sarisi əynində dükan-bazarı gəzməyə həvəs saldı, o arada xırda-xuruş əşyalara indiyədək topladığı pulu xərcləməyindən də qalmadı: bir gün bir paket düyü, sonrakı gün bir az badam, ondan sonrakı gün isə şəkər çuğundurundan çəkilmiş bir fincan şirə aldı. Bir gün Kollec-stritdəki köhnə kitab dükanlarına qədər piyada getdi. Sabahısı gün bir az da uzağa, Bou bazarında ağartı məhsulları satılan dükanlara qədər yol aldı. Ancaq elə orada, bir piştaxta önündə xurma seçəndə qəfildən sarisinin ətəyinin dartılıdığını sezdi. Yığdığı pulun qalan qismi və açarları onda oğurlanmışdı.

Həmin axşam evə dönəndə bina sakinlərinin giriş qapısında onu gözlədiyini gördü. Onların nifrət dolu çığır-bağırları pilləkən qəfəsində əks-səda verirdi. Həm də hamısı eyni şeyi deyib, dururdu: “Əlüzyuyan oğurlanıb”. Əhənglə ağardılan divarda açılan iri bir dəlikdən sallanan borular, yerdə isə suvaq parçaları gözə dəyirdi. Süpürgəsini köksünə sıxan Buri Ma ağzına su alıb, susdu.

Sakinlərdən biri Buri Manı göstərib: “Bunun tək təqsirkarı, hər şeyin baisi baxın, odur!” – dedi. – “Qapını qorumaq əvəzinə gedib, oğrularla əlbir olub”. Bir başqası: “Günlərdən bəri küçələrdə veyillənir, yad adamlarla söhbətləşir” – dedi.

- Ona kömürümüzdən verdiyimiz, yatmağa yer ayırdığımız halda, görəsən o, bizə xəyanət etməyə necə qıyar?! Onların heç birisi üzünü Buri Maya tutub, danışmasa da, qadın ittihamlara cavab verməyə gərək duydu.

- İnanın mənə, oğrularla əlbir-filan deyiləm.

- İllərcə sənin yalanlarına qulaq asdıq, yenə də sənə inanmamızı umursan?

İttihamların ard-arası kəsilmədi. Bu olayı Dalal ailəsinə necə xəbər verəcəkdilər? Ən nəhayət, bununla bağlı cənab Çattercinin fikrini öyrənmək gəldi ağıllarına. Mənzilinə getdikləri vaxt o, balkonda dayanıb, küçədəki tıxacı seyr eləyirdi.

İkinci mərtəbədə yaşayan sakinlərdən biri başlarına gələn hal-qəziyyəni ona belə izah elədi: “Buri Ma binamızın hüzuruna haram qatıb. Hamının evində qiymətli əşyaları var. Təkcə dul qadın Mistra tək-tənha yaşayır və dünyada telefonundan başqa heç nəyi yoxdur. Siz bilən, neyləməliyik?” Cənab Çatterci danışılanlar barədə bir ara düşündü. Çiyninə atdığı şalı səliqəyə saldı, balkonunun ətrafındakı inşaat ayaqaltılarını süzdü. Buraya köçdüyü vaxt baxımsız görünən pancurlar artıq sarı rəngə boyanmışdı. Ən nəhayət, dilləndi:

- Bu Buri Manın həmişə öz keçmişiylə bağlı hapa-gopa basdığı şeylər bizim gözümüzdə yeni bir şey sayılmaz. Yeni olan - binamızın indiki, gözoxşayan görkəmidir. Bu cür binaya biz artıq həqiqi bir qapıçı axtarıb tapmalıyıq.

Bina sakinləri əvvəlcə vedrələrini, səbətlərini, cırıq-mırıq paltarlarını və süpürgəsini pilləkənlərdən sürüdüb, qapıdan bayıra atdılar. Ardınca isə Buri Manın özünü. Çünki həqiqi qapıcı tapmaq üçün yamanca səbirsiz görünürdülər.

Buri Ma əşyalarının içindən təkcə süpürgəsini özüylə götürdü. Üzüsulu binadan aralanarkən bir daha:

- Mənə inanın, rica edirəm, mənə inanın, - dedi.

Sarisinin ucunu yellətdiyi vaxt artıq oradan hər hansı cingilti səsi gəlmirdi.

https://www.facebook.com/azadyasharofficial

# 5117 dəfə oxunub

Müəllifin son yazıları

# # #