Qadın zorlayanlar nədən qorxurlar?

Qadın zorlayanlar nədən qorxurlar?
11 noyabr 2013
# 17:41

Sevil Atasoy 1949-cu ildə doğulub. Ata-anası professor olan Sevil xanım İstanbul Universiteti kimya fakültəsinin məzunudur.

1980-93- illərdə Türkiyə Ədliyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Baş İdarəsində Kimyəvi Təhlillər İdarəsinin müdiri vəzifəsini icra edib. 1988-2005-ci illərdə İstanbul Universiteti nəzdindəki Məhkəmə Tibbi Ekspertiza İnstitutuna rəhbərlik edib.

2005-2010-cu illərdə BMT nəzdindəki Narkotik Yetişdirilməsinin Proqnozlaşdırılması daimi komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2010-cu ildə Narkotik Maddələrə Nəzarət üzrə Beynəlxalq Qurumun sədri seçilib.

Beş kitabın müəllifidir.

Məşhur aktyor Okan Bayülgənlə birlikdə apardığı «Muhabbet kralı» adlı tok-şou böyük tamaşaçı rəğbəti qazandığı üçün ona İsmayıl Cem adına media mükafatı verilib.

2010-cu ildə Kanal D- yayımlanan «Kanıt» detektiv araşdırma serialının konsepsiyası məsləhətçisi olub.

DNT təhlilləri kriminal laboratoriyaların inkişafındakı xidmətlərinə görə «İlin elm adamı» mükafatına layiq görülüb.

Kulis.Az Sevil Atasoyun «Hürriyyət» qəzetinə verdiyi müsahibəni təqdim edir.

- Ədliyyə tibbində çox böyük inkişaf nəzərə çarpır. Keçmiş zamanlara nisbətən indi qatillər daha asan yaxalanır. Bu o mənaya gəlmir ki, qüsursuz cinayət dövrü artıq bitmək üzrədir?

- Qüsursuz cinayət dövrü heç vaxt bitən deyil, çünki insan öz düşmənini qətlə yetirmək üçün daim fərqli yollar axtarıb tapacaq, bunun üzərində baş sındıracaqdır. Ümumiyyətlə götürəndə, biz – yəni ədliyyə işçiləri, "yeraltı dünya"nın (mafiya, qatillər, hər cür cinayətkarların ümumiləşdirilmiş adı – A.Y.) "yerüstü dünya"dan, yəni sivil cəmiyyətdən daha çox inkişaf etdiyi qənaətindəyik. Çünki orada ciddi irəliləyişlər var. Buna görə də onlarla mübarizə təkcə DNT (dezoksirobonuklein turşusu – A.Y.) səviyyəsində aparılmır, araşdırmalarda fizikanın, riyaziyyatın, geologiyanın, biologiyanın ən son nailiyyətlərindən də istifadə olunur.

- Vaxtilə "məhkəmə tibbi ekspertizası" deyərkən adamın ağlına ilk növbədə ölüləri yaran həkim gəlirdi. Ekspertiza mütəxəssisləri öz ixtisas təhsillərini harada alırlar? Bunlar daha çox həkimdirlər, yoxsa başqa isə?

- İngiliscə "forensic sciences" adlanan ixtisas bir çox sahələri təmsil edən mütəxəssislərin – fiziklərin, kimyaçıların, bioloqların ciddi qatqıları sayəsində formalaşıb. Ölülərin yarılması bunlarla müqayisədə xeyli bəsit bir prosesdir. Hazırda qətl hadisələriylə yanaşı, yaralama, bıçaqlama, oğurluq, soyğun və sair cinayətlərin də üstünün isti izlərlə açılması işinə də eyni vaxtda bir neçə elm sahəsini təmsil edən mütəxəssislər cəlb olunur.

- Ekspertiza işçisi əsasən harada çalışır? Morqda, yoxsa ofisdə?

- Bunu dəqiq söyləmək üçün ciddi bir fərqləndirmə aparmaq lazımdır. Həkimlər məhkəmə tibbi ekspertizanın yalnız bir təbəqəsini təşkil edirlər, çünki bu ixtisas sahəsində digər mütəxəssislərin də danılmaz rolu var. Filmlərdə, seriallarda gördüyümüz faktların böyük qismini məhz ixtisasca həkim olmayanlar ortaya qoyur. Bu sahədə aparıcı mütəxəssislər isə polis təşkilatları nəzdindəki kimya laboratoriyalarının işçiləridir və bunların arasında həkimlərə əsla rastlanmır, çünki orada ölü yarmağa gərək qalmır.

- Cinayət məkanını araşdıran mütəxəssis hər şeydən əvvəl nəyə diqqət yetirir? Cəsədə? Yəni, eynilə təyyarə pilotları kimi, onların da riayət etməli olduğu bəlli işləmlər siyahısı varmı?

- Əlbəttə ki, var. Ən önəmli məqam – hadisə yerinin araşdırılmasıdır. İşlənən cinayətin üstünün açılıb-açılmama ehtimalı həmişə bu prosedurdan birbaşa asılı olur. Bundan ötrü hadisə yerindəki dəlilləri götürüb qoruyan, hifz eləyən mütəxəssislər var. Cinayət yerinə gedən kimi dəlilləri toplayan bu şəxslər adətən bir neçə nəfər olur, çünki bu – bir qrup, komanda işidir və onu yönləndirən bir lideri var. Baş verən olayın xüsusiyyətlərindən asılı olaraq, bu komandaya ən müxtəlif ixtisas sahibləri cəlb oluna bilir.

- Bəs onların öncəlik tanıdığı məqamlar hansılardır?

- Həmin komandanın getdiyi ərazidə və ya məkanda ümumiyyətlə cəsəd tapılmaya da bilər. Ola bilsin, qatil meyidi özüylə aparıb, izi azdırmaqdan ötrü tamamilə ağlagəlməz bir yerə atıb. Qapalı məkanda heç bir iz, dəlil tapmayanda fərqinə varırsınız ki, döşəməyə sərilən xalının bəlli bir qismi yuyucu toz qoxusu verir, yəni təzəcə yuyulubdu.

- Yuyucu tozun məsələyə dəxli var?

- Əgər xalının bir hissəsi yuyucu toz ilə təmizlənibsə, bu o deməkdir ki, bir müddət əvvəl oradakı maddi dəlil və ya izi itirmək istəyiblər. Bunu təyin etmək üçün detektivin xüsusi təhsil almasına gərək yoxdur və güclü intuisiya sahibi olması yetərlidir.

- Qatil bütün dəlilləri yox edə bilərmi?

- Təbii ki, edə bilər. Üstü açılmamış o qədər qətl var ki! Bunun müqabilində günahsız olduğu halda, türmələr küncündə çürüyənlər də az deyildir.

- Üstü açılmamış qətllərin faizi yüksəkdir?

- Son vaxtlar azalmağa doğru gedir. Bunun səbəbləri arasında həlledici məqamlar - ictimaiyyətin getdikcə daha çox maariflənməsi, medianın bu cür olayları hərtərəfli və ləngimədən işıqlandırması, insanların həqiqi qatilin axtarışlarına könüllü şəkildə qoşulmasıdır.

- Türk qatillər cinayət yerində ən çox hansı dəlilləri qoyurlar? Yəni onların daha çox yol verdikləri yanlış nədir?

- Hələ də barmaq izidir bu.

- Yəni türk qatillər bu qədər ağıldan dayazdırlar ki? Kinolarda bununla bağlı minlərlə səhnəni seyr edən bu qatillər onlardan heç dərs almırlar?

- Bir misal çəkim. Deyək ki, bir evə girmisiniz. Əlinizdə əlcək var. Cinayəti işləyəndən sonra tualetə getmək istəyirsiniz və «iş başında» olduğunuzu unudaraq, ani əlcəyi soyunursunuz.

- Bəs türk qatillər ən çox hansı dəlili yox etməyə səy göstərirlər?

- Silahı. Çünki silah yox olmasıyla ən qiymətli dəlil ortadan qalxır. Halbuki xarici filmlərdəki qatillər daha çox cəsədi yox etməyə, gizlətməyə can atırlar və adətən meyidi xalçaya büküb, gölə atmağı uyğun görürlər.

Bənzər belə variantlara Türkiyədə də rastlanır. Dünyanın ən müxtəlif guşələrində bir-birindən fərqli cinayətlər işlənir. Ancaq "cinayət" deyərkən sadəcə qətllər nəzərdə tutulmur. Namusa sataşma, zorlama hadisələri, narkotik maddələrlə bağlı olaylar da çoxdur. Ancaq bütün bunlarla müqayisədə qətllər adi insanlara daha cazibədar və maraqlı gəlir.

- Bəs Türkiyədə niyə silsilə qətllər törədənlər yoxdur?

- Niyə yoxdur ki?! Vaxtilə DNT testi aparılmadığından ayrı-ayrı cinayətlər arasında bağlantı qurmaq imkansız görünürdü. Hazırda DNT bankları, arxivləri mövcuddur, bu isə imkan verir ki, əvvəllər işlənən qətllər arasında da müəyyən əlaqələr qurulsun və onlara, gec də olsa, aydınlıq gətirilsin. Üstü açılmamış ayrı-ayrı qətllər arasında silsilə xarakterli qətllərin də olma ehtimalı yüksəkdir.

- Adətən film romanlarda silsilə qətlləri törədənlərin bəlli bir dəsti-xətti, icra tərzi ya motivi göstərilir. Məsələn, kişi qatil hələ uşaq ikən aldığı mənəvi travmaya görə qadın cinsinin amansız düşməninə, qəniminə çevrilir, onlara müharibə elan edir. Bunlar dərəcədə həqiqətə uyğundur?

- Belə şeylər olur, ancaq həmişə deyil. Əgər bütün silsilə qətllərin ardında belə bir faktor dayansaydı, onların üstünü açmaq xeyli asanlaşardı. Halbuki belçikalı Mark Dyutru əsasən qız uşaqlarını zorlayan qatil kimi tanınsa da, əvvəlcə bir, sonra isə ikinci ahıl kişinin də canına qıymışdı.

- Sizcə, bu niyə baş vermişdi?

- Görünür, bunlar qətllərin şahidi imişlər, ona görə də qatil onları da ortadan qaldırmağa məcbur imiş. Bir başqa cinayətdə isə o, ana və qızı qətlə yetirmişdi. Eyni gündə öldürülsələr də, cəsədlər şəhərin ayrı-ayrı səmtlərində tapılmışdı. Bir sözlə, silsilə qətllərin də hamısının eyni xüsusiyyətlər daşıması şərt deyil.

- Növbəti cinayət işini qapayanda hansı hisslər keçir içinizdən? Rahatlıq hüzur duyursunuzmu?

- Bugünkü gün əlimizin altındakı ən güvənli dəlil – DNT testləridir. Əgər DNT dəlilini götürdüyünüz material təzə qan nümunəsi deyil, deyək ki, 30-40 il əvvələ aid bir sümükdürsə, o halda alacağınız nəticə heç vaxt 99,999… faiz olmur. Mütləq bir xəta, yanılma payı qalır.

- Belə anladım ki, DNT-nin aciz sayıldığı olaylara rastlanır?

- Əlbəttə ki. Əgər DNT-si araşdırılan şəxs qohumlararası nikahda doğulubsa və ya əkizlərin bir tayıdırsa, onda dəqiq qərar verməniz imkansızlaşır, mütləq yanılırsınız. Çünki əkizləri bir-birindən ayırmaqda, fərqləndirməkdə DNT testi də aciz qalır.

- Deməli, tək yumurtadan törəyən əkizlər cinayət işləsələr, bunu onlardan hansının işlədiyini söyləmək imkansızdır?

- O halda əkizlərin barmaq izlərindəki fərq köməyimizə yetişir. Çünki tək yumurtadan törəyən əkizlərin də barmaq izləri bir-birindən fərqlənir. Onları ayırd etmək üçün əlimizdə başqa heç bir üsul yoxdur.

- Yetərli dəlil tapmayanda heç qüssələnirsinizmi?

- Əlbəttə. Adi barmaq izinə görə onun sahibinin DNT analizini apararkən biz hətta o adamın qidalanma tərzini də dəqiqləşdirə bilirik.

- Ancaq yenə autopsiya (ölü yarmaA.Y) öz əhəmiyyətini qoruyur?

- Bəli, autopsiya hələ də önəmlidir.

- Bunu təsdiqləyən hər hansı bir misal gətirə bilərsinizmi?

- Vaxtilə Londonun içiylə axan Temza çayından 6-7 yaşlı bir uşaq cəsədi çıxarılmışdı. Nə başı vardı, nə qolları, nə də ayaqları. Sadəcə gövdəsi idi araşdırma obyekti. Onun kimliyi heç bilirsiniz necə təyin edildi?

- Autopsiya yoluyla?

- Yox, çünki cəsədin yarılması heç bir nəticə vermədi. Sümüklərində toplanan stronsium maddəsinin analizi göstərdi ki, bu uşaq əslən Qərbi Afrikadan imiş. Yəni oradan Londona köçüb gələn miqrant ailənin övladı imiş. Ağciyərlərində və mədəsində tapılan bitki mənşəli tozcuqlar sayəsində onun Londonda son aylarda məskunlaşdığı meydana çıxdı. Bu fakta əsaslanan detektivlər Qərbi Afrikadan İngiltərəyə insan miqrasiyası ilə məşğul olan bir mafiyanın izinə düşdülər… Hazırda bir insanla bağlı bilgiləri ekspertiz mütəxəssisləri mərhumun bədən qalıntılarından, saçından, sümüyündən, dırnağından və iliyindən əldə edirlər. Həm də məsələ onun necə öldürülməsiylə bitmir. Heç şübhəsiz, başı və qolları kəsilən insanın ölümü qaçılmazdır, lakin bizi maraqlandıran məqam – bunu kimin etdiyini öyrənməkdir.

- Yerə, döşəməyə ya bədən üzərinə düşən qan quruduğu, laxtalandığı zaman onun qrupunun təyini doğrudanmı çətinləşir?

- Bəli, çox böyük problemlər yaranır. Son onilliyə qədərki dövrdə hadisə yerindəki qanın sadəcə kimə və hansı qrupa aid olduğunu araşdıraraq, cinayətkarı, qatili təyin edərkən nə qədər məsum insan barədə yanlış hökmlər çıxarıldığını, onların qatil damğasıyla cəza çəkdiyini təsəvvürümə gətirəndə, düzü, sarsılıram.

- Bəs atanın təyini testləri?

- O testlərdə də böyük yanlışlara yol verildiyi şübhəsizdir.

- DNT testi (analizi) çoxmu bahalıdır?

- Kriminal məqsədlər üçün analizlər nisbətən ucuzdur. Xərc tələb edən əsas maddə – dəqiq ölçü cihazlarıdır. Full (tamamilə – A.Y.) avtomatik cihazlar var ki, insan onların hər hansı düyməsinə toxunmasa da, öz işini görür. Bunlar eyni vaxtda 90-dan çox təhlil apara bilirlər. Ancaq ilkin mərhələdə insanın qatılımını tələb edən araşdırmalar aparılır. Məsələn, sadəcə qan təhlili 10-12 dollara başa gəlir. Yox, əgər araşdırma obyekti tər, sperma, kəpək, saç teli və ya vaginadan (qadın rəhmindən – A.Y.) alınmış spermadırsa, onda təhlil xeyli bahalaşır, daha çox insan əməyi, həm də sırf zehni əmək tələb edir.

- Zorlama hadisələrində sperma nümunəsinə görə cinayətkarı təyin etmək olurmu?

- Əvvəla, hər zorlama olayında dəlil kimi sperma tapmaq müşkül məsələdir. Hətta son dövrdə bu cür əməlləri törədənlər kondomdan da yararlanmağa başlayıblar, çünki zorlamağa təşəbbüs etsələr də, QİÇS-ə yoluxmaqdan qorxurlar.

- Belə çıxır ki, başqasının namus şərəfini alçaldan birisi öz sağlamlığının qeydinə qalacaq qədər alçaqdır, eləmi?

- Əlbəttə. Sperma olmadığı hallarda başqa sübut və dəlillər axtarmaq lazım gəlir. Təcavüzkar hadisə yerində təsadüfən kondomunu atıb gedərsə, onun kimliyini təyin edib, yaxalamaq bir elə çətin olmur.

- Cinayət yerinə yollanan detektivə nələri tövsiyə edərdiniz?

- Ölünün bulunduğu yerə qədəm basarkən o, bunları düşünməlidir: "İndi burada bir cəsəd var, ancaq bəlkə də o, heç burada öldürülməyib. Öləndən sonra buraya atılıb". Əgər məsələyə bu rakursdan yanaşarsa, detektiv ölənin paltarına da, ayaqqabısına da, bütün qalan detallara da böyük diqqətlə yanaşmağa məcbur olacaq. Yəni araşdırma mərhələsində ilk müddəa bu olmalıdır: "Bəlkə o, heç burada qətlə yetirilməyibdir".

- İstintaq əsnasında hansı elm daha həlledici yerə malikdir?

- Hamısı. Cinayətlər fərqli olduğu üçün həlledici sayılacaq elm sahəsi də dəyişə bilir. Bəzən bir topoqrafın, bəzən isə bir hidrometeoroloqun köməyinə gərək duyulur, çünki ovlanması yasaqlanan heyvanlarla, Çindən idxal olunan dərman preparatlarıyla bağlı cinayətlərə də rastlanır. Məsələn, cinayət aləti hər hansı filin dişidirsə, onda hər şeydən əvvəl bu filin və ya dişin dünyanın hansı guşəsinə aid olduğu dəqiqləşdirilir. Ona görə də heç kəs: "Mən bu işin hər cikinə-bikinə bələdəm, cinayətin üstünü təkbaşına açaram" deyə bilməz. Bu işdə vacib məqam – ayrı-ayrı sahələri təmsil edən mütəxəssislərdən ibarət professional bir komanda qurmaqdır.

- İlk dəfə morqa girəndə insan hansı hissləri keçirir? Siz özünüz heç morqa girmisinizmi?

- Əlbəttə ki, girmişəm. Bütün uşaqlıq dövrüm Sultanəhməddəki Tibb Morqunun içində keçib. Canlı bir insan kimi mənim ölülərə yanaşmam, baxın, bu kağıza və ya bilgisayara olan münasibətimdən zərrəcə fərqlənməyib. Hətta uşaq yaşlarımdan bəri bu hissi özümə aşılamışam. Odur ki, özümü xeyli bəxtəvər və həyatdan həzz almağı bacaran biri sayıram.

- Seçdiyiniz bu sənətə maraq duyurdunuzmu heç?

- Xeyr, duymurdum. Atam morqda çalışırdı, mən isə dərsdən çıxınca getməyə yer tapmadığımdan günümü orada keçirməyə məcbur idim.

- Hansı qətl daha asan açılır: bıçaqla, yoxsa odlu silahla işlənən? Zəhərlənmə, boğma, yoxsa başın daşla əzilməsimi? Bunlardan hansı barədə daha tez nəticə çıxarmaq mümkündür ya belə bir üsul varmı?

- Yox, belə üsul yoxdur və düzü, buna heç diqqət də yetirməmişəm. Onsuz da qarşınızdakı cəsədin necə qətlə yetirildiyini vizual cəhətdən təyin eləmək bir elə çətin olmur. Cinayət alətinin nə ola biləcəyinə qərar verəndən sonra bunun bir intihar, təsadüf, yoxsa qətl olduğunu araşdırırsınız. Əsas məsələ – bu insanı kimin və niyə öldürə biləcəyi ehtimalıdır. Hətta böyürdən birisi çıxıb: "Onu mən öldürmüşəm" desə belə, buna əsaslanaraq, istintaqı yekunlaşdırmaq olmaz. Hətta bir şahidin: "Mərhumu bu adamın öldürdüyünü öz gözlərimlə gördüm" deməsi də heç nə ifadə eləməz.

- Yəni, sizcə, hal şahidlərinə ciddi əhəmiyyət verilmir?

- Hadisəni görən birisinin olması arzuolunan haldır. Buna rəğmən, mütləq ciddi dəlillər də tapmalısınız. Şahid ifadələri çox vaxt istintaqı yanlış, çıxılmaz dalanlara aparıb çıxarır. Odur ki, bu ifadələrin neçə faizinə inanıb-inanmamaq müstəntiqdən asılıdır. Vaşinqtonda snayper cinayəti baş verəndə xeyli şahid var idi. Onların bir qismi caninin ağdərili, digər qismi tək, başqaları isə 45 yaşlarında olduğunu iddia eləsə də, ifadələrin hamısı yalan çıxdı. Məlum oldu ki, qətli törədən bir cüt cavan zənci imiş.

- Silsilə qətllər törədən hər caninin öz imzası, avtoqrafı varmı?

- Elmi dildə buna "Modus operandi" deyirlər. Yəni birisinin canına qıyan qatil pomada ilə güzgüyə müəyyən sözlər yazmağa, hadisə yerində hansısa iz buraxmağa gərək duyur. Ya da özünə aid bir əşya atıb, aradan çıxır. Kriminalistlər buna "Qatilin imzası" deyirlər.

- Buna niyə ehtiyac duyurlar ki?

- Bu yolla cani zəka cəhətdən özünün kriminalistlərdən daha üstün olduğunu göstərməyə çalışır. "Baxın, mən bu həngaməni çıxartdım, üstəlik, izimi, avtoqrafımı da qoyuram, bacarırsınızsa, gəlin məni yaxalayın" deyir.

- Bir mənada sizinlə "Siçan-pişik oyunu" oynayır, detektitvlərə meydan oxuyur.

- Hər halda. Ancaq məsələnin bu tərəfini araşdırmaq bizim yox, psixiatların işidir.

- Ruh çağırmaqla (spiritualist seanslar yoluylaA.Y.), telepatiya digər parapsixoloji üsullarla cinayətin üstünü açmaq, sizcə, dərəcədə mümkündür?

- Cinayətlərin araşdırılmasında ən müxtəlif üsullardan istifadə olunur. Məncə, fövqəltəbii qüvvələrdən bu xüsusda hər hansı mədəd ummaq çox da ağlabatan deyildir.

Dilimizə çevirdiAzad YAŞAR

https://www.facebook.com/azadyasharofficial

# 9583 dəfə oxunub

Müəllifin son yazıları

# # #