Yaxud akademik tələ...
Böyük yazıçımız İsa Hüseynovun dəfninə filosof dostum Rahid Ulusel və tənqidçi dostum Tehran Əlişanoğlu ilə birgə getməliydik. Lakin xəbər gəldi ki, onlar Akademiyada “çox mühüm” bir tədbirdəymişlər və bir qədər gecikməli olacaqlar. Nəymiş bu tədbir? Bir neçə ədəbiyyat admıyla əlaqə saxladım və “Azdrama”da vida törənində olanlardan da soruşdum, o “mühüm tədbir”in nə olduğunu bilən olmadı. Əcəba, bu nə tədbir idi ki, İsa Hüseynovun dəfn törənindən vacib idi?
Nəhayət, dostlarım özlərini Fəxri Xiyabana çatdırdılar və məlum oldu ki, Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ədəbi proses – 2013: yekunlar və vəzifələr” mövzusunda yaradıcılıq müşavirəsi keçirilirmiş. Yarızarafat, yarıgerçək arada mənə söz də atdılar: “Sənin də adın bir neçə dəfə məruzələrdə hallandırıldı.”
Açığı, mən bu müşavirələrdən bir şey gözləməsəm də, marağımı boğa bilmədim: “Nəsri hansınız məruzə etdiniz?” Məlum oldu ki, Rahid tənqidin tənqidi haqda məruzə edib, nəsri isə bir xanım təhlilə çəkib. Əcəba kimmiş o xanım? İki professor dostum nə qədər çalışsalar da, o xanımın adını dürüst xatırlaya bilmədilər.(?)
Və ortada bu boyda ədəbi hadisə - İsa Hüseynovun dəfni ola-ola (bəlkə bu da tarixin ironiyası id?) Akademiyadakı adının belə xatırlanmadığı bir tənqidçinin bədii nəsrimizdən nə danışacağı əhəmiyyət kəsb etmirdi.
***
Bu günlərdə internetdə neçə illərdən bəri əlimə almadığım “525-ci qəzet”də həmin müşavirənin materiallarının dərc olunduğu haqda xəbər oxudum. Az keçmədi, həmin materialın birinci hissəsi – “Azərbaycan bədii nəsri 2013-cü ildə” başlığıyla filologiya elmləri doktoru, AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Salidə Şərifova imzasıyla saytlarda da yayımlandı. And olsun KİTABA ki, bu yazını adicə maraq xatirinə gözdən keçirdim və inanın ki, dəhşətə gəldim! Ay aman, bizim bədii nəsrimiz doğrudanmı bu səviyyədədir? Ya bu “akademik” təhlilin göstəricisidir? Yadıma illər öncə Akademiyadakı akademiklərin nəsrimizə münasibəti düşdü. “Kür qırağının meşələri”ni bir akademik yerdən-yerə vurmuşdu. Amma Əkrəm Əylisli qələminin incisi olan bu əsər yenə həmin bədii nəsrimizin bu gün də nadir nümunəsi olaraq qalır (Zira yandırılan kitablarda o əsər də var – 50 il sonra həmin əsərin digər yandırılanlarla birgə böyük tirajlarla yenidən çap olunacağına əminəm.) “Yanar ürək” əsəri haqqında bizim “akademiklər” akademik ifşa yolu ilə sübut etmişdilər ki, həmin əsər antisovet romandır və bu günlərdə torpağa tapşırılan İsa Hüseynov qələminin möcüzələrindən olan həmin əsər bir çox akademiklərin qələminin quru budaq kimi cücərmədiyinə şahidlik eləmiş oldu. Eyni sözləri böyük nasirimiz Sabir Əhmədlinin “Dünyanın arşını” romanı haqqında da deyə bilərəm. Bu böyük sənətkarın da əsəri akademik səviyyədə çuğullanaraq Mərkəzi Komitəyə və Milli Təhlükəsizlik Komitəsinə ötürülmüş, əsərin kitab halında nəşri qadağan edilmişdi. Bu gün də Sabir Əhmədli yaradıcılığı Azərbaycan bədii nəsrinin aparıcı qanadlarındandır.
Qayıdaq Salidə Şərifovanın məruzəsinə. (Bu məruzə neçə dəfə senzuraya məruz qalıb bilmirəm, amma “525-ci qəzet”in bu yazını mütləq öz arşını ilə dərc etdiyi düşüncəsindəyəm.) Bəri başdan deyim ki, mən də dostlarım kimi bu elmlər doktoru xanımı tanımıram və heç imzasına da rast gəlməmişəm. İndiyəcən qəzetlərdə və saytlarda fəal tənqidi yazılarıyla görünməyən bir filoloq xanıma bu boyda “ədəbi zırıltı”nı niyə etibar ediblər, bax bunu anlamadım. Anladığım bu ki, yəqin bu məruzəyə yiyə duran olmayıb, zor-xoş onu bu xanımın boynuna qoyublar. Niyə belə düşünürəm? Ondan ki, son bir neçə ilin mənzərəsi götrərir ki, Azərbaycan ədəbiyyatının ən fəal qolu məhz bədii nəsrdir və bu gün ədəbiyyatımızın mənzərəsi buradan daha aydın görünür. Deməli, nəsrimiz həm də elə bugünkü Azərbaycanın bədii mənzərəsidir. Bu bədii mənzərənin təhlilinə girişən adam həm realist nəsrin, həm psixoloji nəsrin, həm də postmodern nəsrin imkanlarından xəbərdar adam olmalıdır. Müasir Azərbaycan hekayəsinin və romanının imkanları və son dövrlərdə Azərbaycan ədəbiyyatında bədii nəsrin heç vaxt olmadığı səviyyədə inkişafı da (buna kimi “roman bumu”, kimi “hekayə axını”, kimi də bu kimi lazımsız ifadələrlə yanıt versə də, mən şəxsən bu fikirləri bölüşmürəm) bura əlavə edildikdə mənzərə aydın görünər. Bu ağır prosesi təhlil və tənqidə çəkən adam böyük ədəbi istedada malik, esseistikadan başı çıxan, xüsusən də müasir dünya nəsrindən xəbərdar birisi olmalıdır.
Nə yazıqlar ki, mən bu məqalədə (yəqin ki, həm də məruzədə) o parametrləri görə bilmədim. Əvəzində nə gördüm? “Hekayə məzmunun bir problemə həsr olunması, bədii “vaxt – məkan”ın qısalığı ilə səciyyələnir. Azərbaycan ədəbiyyatında 2013-cü ildə çap olunmuş hekayələr bu janr xüsusiyyətlərini nəzərə almışdır. Ötən ildə yayılmış hekayələrin problematikası arasında müharibə mövzusu və ictimai şüurun durumu xüsusi yer tutur.” Bu gətirdiyim nümunə indiki nəsrimizi təhlilə girişən müəllifin ilk cümlələridir. Bu cür bəsit girişdən sonra sanballı müəlliflərin sanballı əsərləri təhlilə çəkilsəydi, yenə dərd yarı idi. İş orasındadır ki, “əsərləri” təhlilə çəkilən müəlliflərin yarıdan çoxu ədəbi cameədə tanınmayanlardır. Və bəla burasındadır ki, onların başında deputat-nasir Hüseynbala Mirələmov gəlir!
İndi isə mən məruzə-məqalədə adı çəkilən nasirlərin bir çoxunun siyahısını sizlərə təqdim edirəm və bununla da, əslində təhlildən çox, təhrif adlanası yazıyla işimizi bitmiş saya bilərik: Vüqar Ziferoğlu, Bayram İsgəndərli, Fərəc Fərəcov, Teymur Rəhimov, Əli Mehdi, Həsən Quliyev, Nəriman Mahmud... Əgər müəllifin mövzusu “Yeni imzalar” olsaydı, elə bilirəm ki, yenə nəsə bir şey düşünmək olardı. Fəqət... Düzdür, burada Elçin Hüseynbəyli də var, Anar da, Zəka Vilayətoğlu da...
Amma olmayan şey Azərbaycan bədii nəsrinin mənzərəsidir. Müəllifi qınamıram, ona bu mövzunu verməklə, əslində tələ qurublar – akademik tələ.